Rəqqas
Hekayə
Elmirin də, mənim də sevincimiz yerə-göyə
sığmırdı. İkimiz də Təhsil Nazirliyinin təşkil
etdiyi xüsusi imtahandan uğurla keçmişdik.
Yüksək bal toplayıb, universitetə
qəbul olunmuşduq. Özü də məktəbdə hələ
tədris ili bitmədən.
Qoltuqlarımızın altı şişmişdi. Fərz edirdik
ki, həyatımızdakı ən vacib nailiyyəti
qazanmışıq. Bir şagird ki, gecəsini-gündüzünə
qatdısa, ağır zəhmətə sinə gərdisə
və sonda arzuladığı ixtisas üzrə ali məktəbə girdisə, deməli, həyatın
bütün işıqlı qapıları onun üzünə
taybatay açılacaq, qismətinə neçə-neçə
müvəffəqiyyətlər qızıl hərflərlə
yazılacaqdı.
Bu qənaətə gəlməyi özümüz
ağıl eləməmişdik. Müəllimlərimiz,
valideynlərimiz, qohum-əqraba bizdə bu təəssüratı
yaratmışdı. "Oxu, oxu! Yaxşı universitetə girmədinsə,
kitabın bağlandı" - deyə bizə dönə-dönə
xəbərdarlıq etmişdilər, təhsilin həyatdakı
yeganə uğur düsturu olduğunu demişdilər. Biz də bu hikmətə min könüldən bel
bağlamışdıq.
Elmirlə yollarımız elə imtahanda kəsişmişdi. Sonradan xəbər
tutduq ki, ikimiz də Moskvada xüsusi sahələr üzrə
ixtisaslaşmış ayrı-ayrı akademiyalarda
oxuyacağıq. Təhsilimiz çox
keyfiyyətli olacaqdı. Odur ki, kefimiz doxsan doqquz vurur,
burnumuz göylə gedirdi...
lll
Yay bitincə Moskvaya yollandıq. Tezliklə dərslər
başlandı. Bir-birimizdən uzaqda
yaşasaq da, Elmirlə tez-tez görüşür,
Moskvanı birlikdə kəşf eləyirdik.
Gəlişimizdən təxminən bir ay sonra onunla mərkəzi
prospektdə gəzirdik. Dağ kimi əzəmətli binaların
ehtişamlı görkəmi bizi heyrətləndirirdi. "Görəsən, bu nə binasıdır?
Burada nə var?" - deyə
bir-birimizə sual edir, tikililərin üzərindəki məlumat
lövhələrini maraqla oxuyurduq.
Ətrafı seyr etdiyimiz bu məqamda qəribə bir
restoran gözümüzə sataşdı. Onun
qabağına yekə çəllək, taxta araba, saman,
çır-çırpı yığını
qoyulmuşdu. Qapısının çərçivəsinə
nal mıxlanmışdı. Divardan zəncirli
iri buynuz qədəh asılmışdı. Vətəndə əyalət yerlərində rast gəldiyimiz
bu ləvazimatların bəzilərini görəndə maraq
bizi bürüdü. Yaxınlaşıb
qapıdakı lövhəni oxuduq. Buranın
gürcü restoranı olduğunu öyrəndik.
Marağımız daha da artdı. Qapını
itələyib, içəri girdik. Gözlərimiz
qarşısında canlanan mənzərə bizi ovsunlandı.
Bir yanda tavanacan uzanan şərab rəfləri,
o biri tərəfdə əllərində qədəh tutan
adamların təsvir edildiyi ziyafət rəsmləri, ətrafı
bəzəyən mis səhənglər, sinilər,
naxışlı xalçalar, nəşə ilə söhbətləşən,
iştahla yeyən müştərilər... və ən əhəmiyyətlisi,
isti kabab qoxusu. Ətin iyi elə kəskin,
elə təravətli idi ki, elə bil, manqal başında
dayanmışdıq, yel tüstünü üzümüzə
üfürürdü. Necə də xoş, tanış, məhrəm yer idi! Gürcülərlə qonşu xalq
olmağımız bariz görünürdü.
- Xoş
gəlmisiniz. Buyurun! - yaxınlaşan
gülərüz ofisiant gürcü ləhcəsiylə dedi.
Elmirlə anidən bir-birimizə baxdıq. Heyrətdən
özümüzü itirmişdik. Ofisiantın
müraciəti bizi ayıltmışdı.
Nə deyəcəyimizi bilmirdik. Burnum kabab ətrini
alandan qarnım quruldamağa başlamışdı. Amma Elmirlə yaxşı başa
düşürdük ki, bu restoran xeyli bahalı yerə
oxşayır.
- Menyuya
baxa bilərikmi? - Elmir sükutu
pozaraq ofisiantdan xahiş elədi. Yaxşı
ağıl eləmişdi. Qoy, qiymətlərə
bir göz gəzdirək. Xörəklərin
nə olduğunu, onsuz da, təxmini bilirdik.
Ofisiant kənardakı masadan menyuları
götürüb, bizə uzatdı. Səhifələri
aramla vərəqləməyə başladıq. Tanış təamların şəkilləri
menyunu zinətləndirmişdi. Onlara
baxdıqca iştaham daha da açılırdı.
Yeməklər nə qədər möhtəşəm
görünsə də, qiymətlər də bir o qədər
göz qamaşdırırdı. Elmirlə
görüşlərimizdə qarnımızı adətən
qənaətcil fastfud kafelərdə doyururduq. Xərcimiz adambaşına təxminən 100 rubl (o
vaxt 5 ABŞ dollara yaxın) olurdu. Burada isə
bir dəfə oturub doyunca yemək üçün adama 3-4 dəfə
daha artıq pul xərcləməli idik. Əlamətdar
bir səbəb olmadan belə israfçılığa meyl
göstərmirdik. Aldığımız təqaüd
onsuz da az idi. Cibxərcliyimizi
daha çox atalarımız verirdi. Onları
da artıq zəhmətə salmaq istəmirdik.
Elmirlə baxışdıq. Gözlərimiz səssizcə
dialoq qurdu və razılaşıb həmrəy oldular. Menyuları ofisianta qaytardıq. Nəzakətlə
təşəkkür edib, restorandan çıxdıq.
- Əcəb
restoran idi! - Elmir içini çəkdi.
- Elədir...
Bayramda-filan gəlmək olar.
- Düz
deyirsən. Yeni ildə mütləq baş
çəkərik.
Təsdiq mənasında başımı yellədim. Qabağımıza
çıxacaq ilk münasib kafedə nahar eləməyi qərarlaşdırdıq.
Yolumuza davam etdik. Prospektin bir
hissəsində küncdən burulub, özümüzü dar
küçədə tapdıq. Azacıq
yerimişdik ki, səkiyə yaxın kiçik parkda bir
yığın insanın toplaşıb, hay-küylə nəyəsə
baxdıqları diqqətimizi cəlb elədi. Maraq eləyib onlara yaxınlaşdıq.
İzdihamın
qarşısında orta yaşlı bir kişi
çöməlmişdi. Qabağında qəhvəyi
qutu vardı. Onun üstündə isə tərs
çevrilmiş üç ağ bardaq
qoyulmuşdu. Kişi bardaqları növbə ilə
qaldırıb, içlərinin boş olduğunu ətrafdakılara
göstərdi. Sonuncu bardaq əlində
olarkən cibindən kiçik tüklü qırmızı
top çıxarıb, bardağın içinə saldı.
Bu bardağı da tərs çevirib, digərlərinin
yanında yerləşdirdi. Sonra əllərini
havaya qaldırıb, boş olduqlarını kütləyə
nümayiş etdirdi. Hamı onun iddiası
ilə razılaşdı. Ardınca əllərini
bardaqlara yaxınlaşdırdı. Qısa
ətalətdən sonra anidən zirək hərəkətlərlə
bardaqların yerini sürətlə dəyişdirməyə
başladı. Gah sol bardağı ortaya
çəkirdi, gah ortadakını sağa itələyirdi,
gah sağdakını sola aparırdı və ilaxır.
- Diqqətlə
baxın, diqqətlə! Qırmızı top
haradadır? Tapdınsa, sən qazandın,
tapmadınsa, mən. Bu gün uduzan yoxdur.
Yalnız qazananlar var!
Kişi bardaqları hərəkət etdirdikcə
dayanmadan bu cür şərhlər verirdi. Ətrafda onun
sözlərinə atmaca atanlar da oldu. Bəziləri
isə bu şərhlərə əhəmiyyət verməyib,
qıyılmış gözlərini kişinin əllərinə
dikmişdilər.
Bu məşhur fokusu dərhal xatırladım, neçə
dəfə televizorda görmüşdüm. Yəqin ki, kişi
hoqqabaz idi və öz məharətini sıravi insanlarla
sınağa çəkib, pul qazanmağı arzu edirdi.
Tezliklə, oyunun şərtlərinə də bələd
olduq. İştirak haqqı 200 rubl imiş. Əgər topun harada olduğunu tapsan, 600 rubl
qazanırdın, tapmadınsa, puluna əlvida deyirdin. Qoyduğun məbləğdən üç dəfə
çox udmaq adamı şirnikləndirirdi.
Uzun palto
geyinmiş orta yaşlı hündürboy kişi
oynamaq istədiyini dilə gətirib, ifaçıya pul
uzatdı. Hoqqabaz isə pulu tezcə
qamarlayıb, cibinə soxdu. Ardınca bayaq
nümayiş etdirdiyi hərəkətləri icra etməyə,
bənzər şərhləri səsləndirməyə
başladı. Bardaqlar sufi rəqsi
ifa edərcəsinə dərvişlər kimi dönə-dönə
qutu üstündə rəqs edirdilər. Onları
seyr etmək o qədər həzverici idi ki, hətta oyunu
unudub, elə bu bardaqlara boş-boş baxmaq istəyirdim.
Rəqqas bardaqlara tamaşa edərkən anidən topun
cüzi hissəsini izlədiyim bardağın altında
gördüm.
Əmin oldum ki, hələ də hədəfi
itirməmişəm, nəzərim doğru bardaqdadır.
Bir neçə saniyədən sonra top yenə
göründü. Topun qırmızılığı qəhvəyi
qutu ilə ağ bardaqların yanında kəskin
təzad yaradırdı və peyda olan kimi gözə
sataşırdı.
Yanımda dayanan Elmir məni yavaşca dümsüklədi. Ona baxdım.
Gözü ilə qutuya tərəf işarət
elədi. O da topu görmüşdü. Deyəsən,
dayandığımız yer bardaqları seyr etmək
üçün mükəmməl mövqe idi.
Hoqqabaz rəqsi dayandıran kimi bardaqlar cəld yerlərinə
çəkildilər. O, başını qaldırıb, gözlərini
paltolu kişiyə zillədi.
- Sən
diqqətli adama oxşayırsan. Yəqin
tapacaqsan. De görək, hansındadır?
Topun ən soldakı bardağın altında
olmasından əmindim. Hətta Elmir də mən tərəfə
çönüb, o bardağı nişan
verdi. Ona razılıq mənasında göz
vurdum.
Paltolu kişinin nə söyləyəcəyini həyəcanla
gözlədik. O, əlini ağzına aparıb, çənəsini
sığalladı və fikrə daldı. Bir az
keçmiş şəhadət barmağını
ortadakı bardağa tuşladı. İfaçı
cavabı eşitcək ovcunu o bardağın üstünə
apardı.
- Əminsənmi? - deyə soruşdu.
-
Şübhəsiz! - paltolu kişi qətiyyətlə
cavab verdi.
İfaçı bardağı yavaşca
qaldırdı. Top orada yox idi.
-
Olmadı, dostum! - hoqqabaz sevinclə bəyan
edib, yüngülcə dişlərini ağartdı. Ardınca topu soldakı bardağın altından
çıxardı.
- Lənət
olsun! - paltolu kişi üzünü
turşutdu. Pərt-pərt bardaqlara baxdı.
Dodağı altında donquldayaraq kütlədən
ayrılıb getdi.
Həvəslənən bir neçə nəfər
bir-birlərini itələyərək əllərindəki
pulu təkidlə ifaçıya uzatdılar. Kişi istəklilərin
belə şövqlü olmasını görüb
qımışdı, başını məmnunluqla
yırğaladı. Sonda toxuma papaq
geyinmiş yaşlı qadının pulunu aldı. Qadın əlindəki torbanı yerə qoydu. Onun açılan ağzından kartof, soğan,
göyərti görünürdü. Deyəsən,
qadın bazarlıq edib, evinə qayıdarkən bizim kimi
izdihama rast gəlmişdi.
Çox keçməmiş oyun başladı. Biz yenə
topun harada olduğunu hərdənbir görə bilirdik.
Bardaqlar növbəti rəqsi yekunlaşdırdıqdan sonra
ifaçı sual elədi:
- Xala, bəxtini
yoxla! İstəyirəm, sən udasan.
Topun ortada olduğunu görmüşdüm. Elmirlə də
üz-göz hərəkəti ilə həmrəy
olduğumuzu müəyyən etdim. Qadın
bardaqlara uzun-uzun baxdı, amma elə tərəddüdlü
idi ki, susub dayanmışdı.
-
Şahmat oynamırsan ha, tez elə! - ifaçı
gülümsəyərək dedi. Kütlədən
də zarafatyana atmacalar eşidildi.
Qadın ciddiyyətini pozmadı. Qaşlarını
düyünləyib, fikirli-fikirli bardaqlara baxdı. Bir
neçə saniyə keçmiş axır ki dilləndi:
- Ya
ortadadır... ya da sağda.
-
Axşama qədər vaxtımız yoxdur...
Qadın halını dəyişmədən bardaqlara
baxmağa davam elədi. Hamı səbrsizliklə onun qərarını
gözlədi. Bir qədər sonra nəhayət:
-
Sağdadır. - dedi.
Gözləməkdən usanmış ifaçı həmin
bardağı çevik hərəkətlə
qaldırdı. Top gözə dəymədi. Ardınca
yalançı üzüntü ilə qadının məğlub
olduğunu elan elədi.
Qadın uduzduğunu bilincə bərk məyus oldu. Anidən
gözləri sulandı. Az qala,
hönkürüb ağlayacaqdı. Çəpər
yaratmış insanları yara-yara basırıqdan
uzaqlaşdı. Sonra bir nəfər səsləndi
ki, xala, torbanı unutmusan. Başqa bir nəfər
də torbanı götürdü, qadına uzatdı. Qadın elə incik idi ki, təşəkkür belə
etmədən yeyin addımlarla kütləni tərk elədi.
- Biz də
oynayaq? - Elmir məndən soruşdu.
Nə cavab verəcəyimi bilmədim. Tərəddüdlə
ona baxdım. O, mənim qərarsızlığımı
görüb:
- Gəl,
yarıbayarı atışaq. - dedi - Udsaq,
600 rublumuz olacaq. Bayaqkı restorana gedərik.
Heç olmasa, hərəyə bir şiş lülə kabab
yeyərik! Bayrama qədər gözləyən
kimdir?!
Dərhal manqaldan təzəcə
çıxmış, cızz-cızz cızıldayan,
buğ-buğ buğuldayan yağlı qiyməni dişlərim
arasında hiss elədim. Tamı dilimə, qoxusu burnuma
yayıldı.
- Oynayaq!
- deyib yumruğu sıxdım - amma yerimizdən
uzaqlaşmayaq!
Biz hay eləyib tərpənənədək
başında iri qulaqlıqlar olan yeniyetmə oğlan oyuna
başladı.
Yenə topun hərəkətini güdə
bildik. Lakin bu dəfə oyunda bir ilk
yaşandı. Yeniyetmə topun yerini nəhayət
ki, düz tapdı. Hoqqabaz bu vəziyyəti
görüb, əvvəl mırıldandı, mükafatı
ona vermək istəmədi.
- Gəl,
bir tur da oyna! - deyib, oğlanı razı
salmağa çalışdı.
Oğlan isə qəti etiraz elədi.
- Yox, yox,
işim var, gözləyirlər. Pulu alıb getməliyəm
- dedi.
İfaçı narazı baxışlarla oğlana
baxdı, amma görünür, bu qədər izdihamın
qarşısında israr etməkdən çəkinirdi. Sonda pulu ona
uzadıb, oğlanı dilucu təbrik elədi. Yeniyetmənin pulu qapması ilə gözdən qeyb
olması bir oldu.
Bu qələbə bizi yaman şirnikləndirdi. Elmir
yanındakıları itələyə-itələyə irəli
atıldı və pulu ifaçıya uzatdı. Kişi bizim birlikdə olduğumuzun fərqinə
varmışdı. Pulu aldıqdan sonra bərk-bərk xəbərdarlıq
elədi:
-
Yalnız biriniz oynayacaq ha. Cığallıq eləmək
olmaz!
Razılıq mənasında başımızı tərpətdik. Ardınca oyun
başladı. Top bardağa salındı, bardaq tərsinə
çevrildi, qutuya qoyuldu. Bardaqlar canlanıb,
ifaçının müşayiəti ilə rəqs eləməyə
başladılar. Sağa-sola, sola-sağa, sağa-sola... İfaçı yenə də səsli şərhlər
verməyə başlamışdı, amma qulaqlarım söz
dinləmirdi. Bütün diqqətim
bardaqlarda idi. Ara-sıra yenə qırmızı top mənə
yaylıq göstərir, göz vururdu. Sanki onu
gözdən itirməməyimizi tələb edir,
tapılmasını arzulayırdı. Topa
baxdıqca könlüm şadlanırdı. Bunun bir ilahi işarət olduğunu
düşünür, Tanrının bizi mükafatlandırmaq
istədiyinə inanırdım.
Tezliklə rəqsə xitam verildi. Bardaqlar yerlərinə
qayıtdılar. Topun sol bardağın
içində olduğunu hesab edirdim. Sağ olsun, top,
onsuz da, özü mənə hər cür him-cim eləmişdi.
Ümid edirdim ki, Elmirin də ehtimalı eyni
olar.
İfaçı
başını qaldırıb, Elmirdən soruşdu:
- Top
haradadır, cavan oğlan?
- Solda. - kişinin sözü bitər-bitməz Elmir əminliklə
dedi.
Razılıqla gülümsədim. İfaçı
isə şübhəli nəzərlərlə Elmirə
baxdı. Sonra yavaş-yavaş əlini
uzadıb, soldakı bardağın üstünə qoydu.
Onu ehmalca qaldırmağa başladı. Bardaq qalxdıqca onun altındakı
qırmızı topun parıltısını görəcəyimizi,
pulu alıb cibimizə qoyacağımızı, yüyrək
addımlarla restorana tələsəcəyimizi xəyal
edirdim. Amma di gəl ki, bardaq qalxdı, qalxdı, amma top
görsənmədi ki, görsənmədi.
-
Çox təəssüf! - ifaçı
üzünü bürüşdürüb, kədərli
halda dedi.
Çənəm yerindən düşdü. Çaşbaş
qaldım. Elmirdə cəld dönüb mənə
baxdı, mən də ona.
-
Soldaydı - dedim.
O,
gözlərimin içinə baxıb, heç nə demədi.
Üzünü kişiyə çevirib soruşdu:
- Bəs
top haradadır?
Hoqqabaz əl atıb, ortadakı bardağı qaldırdı: top orada yox idi. Bir anlıq zənn elədim ki, nəsə xəta baş verib, top, yəqin, rəqs zamanı yerə düşüb. Amma ifaçı sağdakı bardağı qaldıranda topun orada gizləndiyini gördüm...
Bu, mümkün deyildi! Necə ola bilər ki, bundan əvvəlki üç oyunda hər şeyi düzgün görmüşdük, indi isə səhv alınmışdı? Özü də mən də, Elmir də topu eyni yerdə zənn edirdik, amma ikimiz də birdən yanılmışdıq?..
Acıqla topa baxdım. "Xəyanətkar!" - deyə içimdə səsləndim. Ətrafdakı adamlar anidən irəli şığıdılar, pulları ifaçıya uzatdılar. Biz onların təzyiqilə yavaş-yavaş geri çəkildik. Kütlənin arxasında səkidə dayanıb, təəccüblə bir-birimizə baxdıq.
- Axı, necə ola bilər? - deyə yenə
soruşdum. Elmir susmuşdu. Cavab tapa bilmirdik.
Bu vaxt
üzümüzə sarı gələn və bizi seyr etdiyi
bəlli olan yaşlı bir kişi
yanımızdan keçərkən ayaq saxlamadan:
- Hamı
oyunun bir parçasıdır. - dedi və yeriyib
uzaqlaşdı.
Onun nə dediyini əvvəl başa düşmədik. Dönüb
arxasınca baxdıq. Kişi arxaya
çevrilmədən, sürətini dəyişmədən
öz yolu ilə gedirdi. Məəttəl
qalmışdıq. Elmirlə
göz-gözə gəldik. Başımızı
çevirib, kütləyə nəzər saldıq.
Paltolu kişi də, torbalı qadın da,
qulaqlıqlı oğlan da hələ də izdihamın
içərisində idilər. Oyun bitərkən
kobudluqla bir-birlərini itələyir, təkidlə əllərindəki
pulu ifaçıya uzadır və ilk dəfə oyuna daxil
olacaqlarmış kimi özlərini sədalövh
aparırdılar.
Məsələnin nə yerdə olduğunu başa düşüb pərt olduq. Təfərrüatları çox yaxşı düşünülmüş, teatr tamaşası kimi incə ssenari ilə qurulmuş kiçik bir fırıldağın qurbanı olmuşduq. Xəcalətdən üzümüz qızardı. İstədik ki, gedib etiraz edək, hay-küy salaq. Amma bu qədər adamın öhdəsindən gələ bilməyəcəyimizi başa düşdük. Məyus halda oradan uzaqlaşdıq.
Qarşımıza çıxan ilk dükandan peraşki aldıq. Skamyada oturub, sakitcə yeməyə başladıq. Onda Elmirlə anladıq ki, təhsil-filan yaxşı şeydir, faydalıdır, amma həyatda uğurlu olmaq üçün hələ bilmədiyimiz çox incə məsələlər də var.
Bütün bunları fikirləşə-fikirləşə
hiss elədik ki, qoltuqlarımızın altı daha dolu deyil.
Qollarımız yanımıza düşmüşdü.
Burnumuz sallanırdı...
Səməd
SƏFƏROV
525-ci qəzet.- 2023- 14 yanvar.- S.20;21.