Necə sevməli, necə ayrılmalı?
Esse
Dünyanın ən gözəl
və ən çox oxunan sevgi romanlarından biri, şübhəsiz ki, Orhan Pamukun
"Məsumiyyət muzeyi"dir.
Sevgi romanı olmaqla bərabər, bu mətn həm
də səksəninci
illərin İstanbuluna
aydın bir güzgü tuta bilib. O dövrdə qlamur ailələr hansı yeməkləri yeyirdi, hansı siqareti çəkirdi, hansı maşınları
sürürdü, biznes
necə qurulurdu, sahillər necə idi, İstanbulda yaşamaq nə demək idi, avropalılar Türkiyədə
nələri dəyişirdi,
hansı klubların liqada vəziyyəti necə idi, təbəqələrarası seçim
və imkanlar nəyə yol açırdı - hər
şey haqqında danışılır. Beyoğlunda
yazıçının təşəbbüsü
ilə qurulan və həmin sevgi əhvalatını canlı saxlayan muzeyi ziyarət edəndə, təxminən,
beş-altı il qabaq oxuduğum o müthiş
roman yenidən məni
sentimentallaşdırdı. "Məsumiyyət muzeyi"ni oxuyanda on səkkiz yaşım yenicə tamam olmuşdu. Romantik, hər şeyə
ümidlə baxan, hələ kirlənməmiş
bir uşaq idim. Sevgi haqqında düşüncələrim
də saf idi. Elə bilirdim, bir adam ömrünün
axırına kimi özünü belə təmiz saxlaya bilər. Böyüdükcə səndən böyüklərin
danışdıqları qaranlıq
yalanların içinə
düşürsən. O vaxt başa düşdüm ki, kim üçün,
nə üçün
yaşamağın önəmi
o şeylər, o kəslər
üçün içində
böyütdüyün hörmət
və minnət hissi qədər olur. Sevgi isə bu iki hissin heç
birinə bənzəmirdi.
Dinlədiyim mahnılarda, oxuduğum
şeirlərdə, romanlarda
sevgiyə əngəl
olacaq çoxlu söz-söhbətlər var
idi.
Böyük şairimiz Vaqif Bayatlının da məşhur şeirini o vaxtlar əzbərləmişdim.
"Səni niyə belə sevdim...
Belə istədim, niyə?"
Necə ağır sualdı, hə? Həm sual verən
üçün, həm
də cavab verməli olan üçün. Sonra
dostlarımla tez-tez replikalarını paylaşdığım
bir serial ortaya çıxdı: Onur Ünlünün möhürünü
vurduğu "Leyla ilə Məcnun". Eyni sualın neqativ xarakterli əkizini tapdım o serialda:
"Məni niyə
sevmədin?"
"Məsumiyyət muzeyi"ni gəzəndə bu iki sual
ağlımı qurcalayıb
durdu. Romanın baş qəhrəmanı
Kamal Füsunu hansı sualın fonunda sevmişdi? Ya da roman Füsun obrazının dilindən
yazılsaydı, bizə
yenə vəfalı olmağın ağırlığını
hiss etdirə biləcəkdimi?
Kamal Füsunu
dünyanın hər
şeyi ilə bərabər sevdi. Çəkdiyi siqaretlərin kötüklərini,
içdiyi qazlı suların şüşələrini,
yediyi smitlərin qırıntılarını, yandırdığı
şamların ərimiş
parafinlərini, çəkdirdikləri
şəkilləri toplaya-toplaya
sevdi və sona qədər o əşyalara sadiq qaldı. Bəlkə də yalan idi hamısı. Bəlkə də o hekayələr də Pamukun uydurmasında başqa bir şey deyildi.
Amma gözəl idi.
"Bəzən onu itirməmək üçün
yalanlar danışırsan"
O yalanların hamısı Füsunu yaşatdı. Taaa... günümüzə qədər.
O cür sevib, o cür ayrılmaq dünyanın ən ağır müharibələrindən
daha çox yara, travma qoyub
gedir. Freyd yazırdı ki,
bir kişinin həyatında iki qadın olur, digərləri ya cinsi istəyin, ya da ağır
depressiyanın qurbanlarıdır.
O iki qadından biri mütləq səndən hər şeyini alıb aparır. İkinci isə səndən
heç nə almadan, sənə heç nə vermədən axıra kimi sənə bezdirici bir sədaqət
sərgiləyir. Füsun Kamal
üçün həm
birinci, həm də ikinci qadın idi.
Özünü təslim edəcəyin qədər sevməlisən. Eqonu əzib keçən qadına əsir düşmüş əsgər kimi tabe olursan. İndi iqtidar ondadır. Sənin iqtidarın onun müxalifliyinin gücü qədər olur. Sən istəsən də, istəməsən də, səni dəyişdirir o qadın. Bir də görürsən ki, hər gün eyni yerə gedib, eyni masada oturursan. Bir də görürsən ki, saçını-saqqalını onun istədiyi kimi sevirsən. Sonra ayrılırsan və heç nə dəyişmir. Hər şey olduğu kimi davam edir. Ramil Əhmədin o misrasındakı kimi: bircə "O" hərfi çatışmır, qalan hər şey eləcə davam edir. Və özüylə gətirdiyi duyğu selində səni boğa-boğa.
Kamalla Füsun arasındakı məsafə çox uzaq idi. Bu dünyadan o dünyaya qədər. Bu qədər böyük, eyni zamanda kiçik məsafəni qət etmək üçün yaşayıb yorulmalı idi Kamal. Yaşayır, yorulur, evinin sonuncu mərtəbəsində çarpayısına uzanıb sakitcə ölür.
Məsafələr öldürür, amma yox etmir, demək. Sevmək və ayrılmaq arasında toplanan xırda bir keçmiş bəzən hər şeyi alt-üst edir. O keçmiş tarixdə bəzilərini şair elədi, bəzilərini diktator, bəzilərini cinayətkar, bəzilərini də beləcə ölümsüz bir romanın qəhrəmanı.
Nəyə inanır aşiq? Kimə inanır aşiq? Sufilər eşqin mövlaya uzanan yol olduğundan bəhs edirlər. Hansıdır o yol? Kamalın yolu o yol idimi? Modernistlər sevgi hissinin tibbi tərəflərini üzümüzə şapalaq kimi çəkib bu hissin təpədən-dırnağa mənasızlığı haqqında nə qədər modern nağıllar qoşurlar. Kimə inanaq? İçimizdəki bitməyən sevgi və ayrılıq nişanlarının səbəbini nə ilə müqayisə edək ki, içimiz soyusun, təskinlik tapaq?
"Məsumiyyət muzeyi" romanını ilk dəfə tələbə vaxtı sevdiyimi güc-bəla ilə etiraf etdiyim bir qıza hədiyyə olaraq almışdım. Qız romanı oxuyub mənə qaytarmışdı. Qaytaranda da beləcə demişdi:
"Belə sevəssənsə, lazım deyil. Sağ ol!"
İndi gülümsəyib
xatırladığım bu xatirə
yazdığım mövzuya tam uyğun cavab idi. Kamal
kimi sevmək qadınları xoşbəxt
edə bilmirsə, Füsunun
sentimentallığına, soyuq nəzərlərindəki
tərəddüdə nə deməli, bilmirəm. Sədaqət
və vəfa bu qədərmi
darıxdırıcıdır? Deyəsən, hə: "Bezdirdim mən səni sədaqətimlə..."
Rəvan
CAVİD
525-ci qəzet.- 2023- 14 yanvar.- S.19.