"Bəzən elə musiqi eşidirəm
ki, məəttəl qalıram"
AZƏRBAYCAN
MİLLİ KONSERVATORİYASININ REKTORU SİYAVUŞ
KƏRİMİ: "BU GÜN CƏMİYYƏTİN
MUSİQİ ZÖVQÜNÜ TELEVİZİYA VƏ
SOSİAL ŞƏBƏKƏLƏR FORMALAŞDIRIR"
Dəqiq yadımdadır, 1994-cü ilin mart ayının
əvvəli idi. Dövlət televiziyasında
çalışdığım redaksiyada növbəti
verilişimin hazırlığına
başlamışdım. Kimlərlə
görüşüb söhbət edəcəyim artıq bəlli
idi və onların arasında Xalq artisti mərhum Rafiq Babayev də
vardı. Çəkiliş günü
yükümüzü götürüb kinostudiyaya onunla
görüşməyə getdik. İndiyə
kimi yadımdadır, əsl yaradıcılıq məkanına
düşdük. Sənətkar bizi
çox səmimi qarşıladı. Çəkilişimizi
etdik, müsahibəmizi aldıq və verilişin
gününü, saatını ona deyib oradan ayrıldıq.
Lakin fələk çox amansız bir oyun
oynadı. Verilişin efirə getməyinə cəmi bir
neçə gün qalmış metronun 20 Yanvar
stansiyasında martın 19-da dəhşətli faciə baş
verdi və təəssüf ki, həlak
olanların içində canlı olaraq ilk və son
gördüyüm Rafiq Babayev də vardı. Böyük
həvəslə hazırladığım verilişə
ürək ağrısı ilə kiçik də olsa,
acı bir mətn əlavə etməli oldum, çünki biz
bir sənətkar itirmişdik o faciədə.
Söhbəti elə-belədən salmadım,
çünki bu dəfə oxuculara təqdim etdiyim müsahibi
ilk dəfə o çəkilişdə
görmüşdüm. Və bu gün yaradıcılığına hörmət
bəsləyib, maraq göstərdiyim bəstəkar,
respublikanın Xalq artisti, professor, Azərbaycan Milli
Konservatoriyasının rektoru Siyavuş Kəriminin sadə və
olduqca rahat iş otağında onunla üzbəüz əyləşib
söhbət edəndə gördüm ki, dəyişən
heç nə yoxdur, sadəcə zaman bir balaca öz
sığalını çəkə bilib, vəssalam.
-
60-cı illərdə Bakının 159 saylı orta məktəbində
təhsil alan balaca bir oğlanın yolu
sonra Bülbül adına Orta İxtisas Məktəbinə
düşdü...
- İkinci sinfə keçəndə atam əlimdən
tutub məni musiqi məktəbinə gətirdi və orada
bildim ki, tar bölməsində dərs alacağam. Musiqi məktəbi beş illik olduğundan altıncı sinifdə
oxuyarkən tar dərslərim bitdi. Yeddinci sinifdə
isə mən əlavə olaraq müəllim yanında musiqi
dərslərimi davam etdim. Lakin artıq səkkizinci
sinifdən orta məktəbdən ayrılaraq, sırf musiqi
sahəsinə üz tutdum və Bülbül adına
Orta İxtisas Məktəbinə gəldim. O zaman həmin məktəbə
qəbul olunmaq heç də asan deyildi. O illərdə məktəbin
direktoru olan Nazim Əliverdibəyov məni dinləyəndən
sonra bildirdi ki, burada təhsil almağa layiqəm. Ustad sənətkar Əhsən Dadaşovdan dərs
almaq mənə nəsib olub. Etiraf edirəm
ki, orta məktəbdə mən əlaçı şagird
idim. Lakin Bülbül adına məktəbə
gələndən sonra əsas diqqətimi ixtisas fənlərinə
yönəltdiyimdən digər dərslərdən bir qədər
problemim olsa da, onları da qaydasına sala bildim. İxtisas məktəbini
bitirəndən sonra Ü.Hacıbəyli adına
Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı
Musiqi Akademiyası) daxil oldum. Ali təhsili
başa vurandan bu günə qədər Azərbaycan mədəniyyətinə
xidmət edirəm və bundan həm zövq alıram, həm
də qürur duyuram.
-
Böyüdüyünüz ailədən danışaq...
- Mən
çox sadə aildə böyümüşəm. Atam neftçi olub. Dolanışığımıza
yardımçı olmaq üçün anam da işləməyə
başlayıb. O zaman mikrorayonda indi də
"xruşovka" adlanan binada iki otaqlı kiçik mənzildə
yaşayırdıq və anam da evə yaxın olduğundan
kinostudiyada işə düzəldi. Valideynlərimin
hər ikisi musiqiyə, mədəniyyətə yüksək
dəyər verən insanlar olub. Dərsdən
sonra çox vaxt anamın yanına gələrdim və
kiçik yaşlarımdan ünsiyyətdə olduğum
mühit deyərdim ki, mənim üçün bir zəmin
olub. Mən orada korifey sənətkarları
görürdüm və demək olar ki, kinostudiyanın bir
üzvünə çevrilmişdim. Uşaq
marağı məni heç nədən
yayındırmırdı, dublyajlara qədər hər
şeyi izləyirdim. Artıq o qədər
məni görməyə vərdiş etmişdilər ki,
uşaq rolu lazım gəldikdə kənara
çıxmırdılar, elə məni çəkirdilər.
Mən bunun elə-belədən olduğunu
düşünmürəm. Bu,
Tanrının mənim üçün gələcəyimə
açdığı yolun başlanğıcı idi.
- Amma yol
musiqidən başladı...
- Rəhmətlik
atam 1946-cı ildə İrandan gələn siyasi mühacir
idi, onlara demokrat deyirdilər. Atam İranda təhsil
almışdı, gözəl səsi vardı, yüksək
səviyyədə muğam ifa edirdi, lakin ailəmizin daxilində.
Poeziyaya böyük məhəbbəti
vardı. Sədini, Hafizi, Firdovsini əzbər bilirdi. Bakıya gələndən sonra da bu sevgi, maraq onu tərk
etmədi. Atamın əski əlifba ilə
olan Füzulinin, Vahidin kitablarını dəyərli bir
yadigar kimi indiyədək qoruyub saxlamışam. Və dediyiniz musiqidən başlayan yola gəlməyim
də atamın istəyi ilə olub. Yaşıdlarımdan
heç nə ilə fərqlənməmişəm,
bütün oğlan uşaqları kimi futbol oynamağı
sevirdim və həyətdə həvəslə oyuna
qoşulurdum. Lakin düşünürəm
ki, atamın məni musiqiyə yönəltməyi həm
övladını bu sahədə görmək arzusundan irəli
gəlib, həm də başımı qataraq kənar yollardan
uzaqlaşdırmaq istəyindən. Və
məni musiqi dünyasına bağladıqları
üçün valideynlərimin ruhuna hər zaman
duaçıyam. Musiqi ilə
tanındım, fəxri ad qazandım və bu gün də sevə-sevə
yolumu davam etdirirəm.
- Amma
istedadı da unutmaq olmaz...
- Təbii
ki... Amma bu, artıq Allahın bəxş etdiyi
lütfüdür. Baxmayaraq ki,
konservatoriyada xalq çalğı alətlərində təhsil
alırdım, musiqinin mövcud olan bütün sahələri
ilə maraqlanırdım. Maraqlanmaqdan
savayı, onları icra da edirdim. Düzdür,
bəzən dərslərdən yayınsam da, o dövrün
maraqlı kollektivlərində çalışırdım.
Bu kollektivlərdə musiqini sevən, onu dərindən
duyan insanlarla ünsiyyətdə olurdum, tanışlıqlar
yaranırdı və eyni yolda yürümək deyərdim ki,
inkişaf üçün yaxşı başlanğıc
ıdı. Mən bir şeyi xüsusi
vurğulamaq istəyirəm. İnsan
saysız kitablar oxuya bilər, bütün ömrü boyu
mütaliədən qalmaya bilər. Lakin əgər
öyrənib bildiklərinlə yanaşı, təcrübən
yoxdusa, oxuduqların hamısı hədərdir. Kitablardan beyninə həkk olanları təcrübədən
keçirə-keçirə insan müəyyən bir qənaətə
gələ bilir. Və hələ tələbə ikən
maraqlı musiqiçilərlə, şəxsiyyətlərlə ünsiyyətlərdən mən
çox şey öyrənə bildim. Özümü
Allahın sevimli bəndələrindən hesab edirəm ki, Rəşid
Behbudov, Fikrət Əmirov, Müslüm Maqomayev, Rafiq Babayev
kimi dahilərlə görüşüb işləmək mənə
nəsib olub. Sovetlər birliyində Rusiyanın
məşhur ulduzları ilə yaradıcılıq fəaliyyətində
olmuşam, eyni səhnəni bölüşmüşük.
Mən səyahət etməyi çox sevən
biriyəm, dünyanı təqribən yarısına qədər
dolaşmışam. Tur Heyerdalla
görüşmüşəm, onunla dostluğumuz olub.
İnsanın dünyagörüşü, dünyaya
baxışı nə qədər geniş olarsa, sabah nəvələrinə gördükləri,
müşahidə etdikləri barədə
danışmağa sözü də olar. Bu, mənim
düşüncəmdir.
- Bəstəkar
Siyavuş Kərimini eşidək...
- Gəlin
açıq danışaq. Mənim bəstəkarlıq
təhsilim yoxdur. Lakin bizim nə qədər
bu təhsil olmadan belə, gözəl əsərlər
yaradan görkəmli, məşhur musiqiçilərimiz var
ki, onların bəstələri daha tez-tez səslənir, nəinki
peşəkar bəstəkarların. Maestro Niyazinin,
Müslüm Maqomayevin, Rafiq Babayevin, heç uzağa getməyək
Ələkbər Tağıyevin bəstəkarlıq təhsili
olmayıb. Amma onların yaratdıqları daima
sevilə-sevilə bu gün də dinlənilir. Yəqin ki, daxilimdə özümün hiss etdiyim
musiqinin hamının eşitməyini istəmək arzusundan
kiçik həcmli əsərlər yaranmağa
başladı. Bir rejissor
yaxınlaşdı ki, nə yaxşı musiqidir, çəkdiyim
cizgi filminə mahnı bəstələyə bilərsən?
Yazdım və alındı. Sonra filmdən, daha sonra teatrdan təklif gəldi və
belə-belə say artmağa başladı. Bu gün 12-dən artıq bədii filmə, 30-dan
yuxarı tamaşaya musiqi bəstələmişəm. Xeyli mahnılarım var. Musiqi bəstələmək
heç vaxt israrlı bir məqsəd olmayıb
qarşımda. Bu, daha çox içimdən
gələn bir tələbatdır ki, üzə
çıxmaq istəyir. Heç bir
çətinlik çəkmədən musiqilərimi nota da
salıram. İstər vətənimdə,
istər xaricdə əsərlərim səslənir və bu,
mənə çox xoşdur.
- Bizim bir
konservatoriyamız var idi, lakin Milli Konservatoriya adlı biri də
yarandı...
- Bəli,
zamanında dahi Üzeyir bəyin yaratdığı və bu
gün Bakı Musiqi Akademiyası adlanan bir konservatoriyamız
var idi. Azərbaycan Milli Konservatoriyasının
yaradılması ideyası Ulu öndərə məxsusdur.
Bizim milli musiqi adlı xəzinəmiz Dövlət
Konservatoriyasında bir kafedra daxilində fəaliyyət
göstərirdi - tar, kamança və xanəndə. Bununla da hər şey bitirdi. Lakin
Heydər Əliyev bu ocağı yaradanda milli musiqi mədəniyyətinin
həm tədrisi, həm təbliği, həm tədqiqatı,
həm ona baxış kimi sahələrin vacibliyini və
bundan doğan zərurəti düşünmüşdü.
Bakı Musiqi Akademiyası mənə çox
doğma məkandır, Üzeyir bəyin yaratdığı
bir ocaqdır. Şopeni burada da
çalırlar, dünyanın istənilən nöqtəsində
də. Amma muğam yalnız Azərbaycanda
ifa olunur. Bu gün biz dünyanın
marağında olan təhsil mərkəziyik. Burada təhsil alan
tələbə milli musiqi və milli mədəniyyət
üzərində köklənərək bu yolda
yürüyür. Hazırda dünyanın hər yerindən
bizim konservatoriyaya müraciət edirlər və Azərbaycanın
milli musiqi mədəniyyətini öyrənməyə can
atırlar. Ulu öndərin müdrik bir kəlamını mən
tez-tez nümunə gətirirəm: "Əgər hər
hansı bir millətin mənəviyyatını bilmək istəyirsinizsə,
onun mədəniyyətinə baxın". Bizim
mədəniyyətimizin kökü aşıq musiqisindən,
muğamdan qaynaqlanır. Məhz bu
sütunların üzərində Azərbaycan mədəniyyəti
qurulub, yerini möhkəmlədib və dünyaya səsini
yaya bilib. Mən inanıram ki, zamanında Üzeyir
Hacıbəyli daha çox özünün milli
konservatoriyasını yaratmaq istəyində olub. Lakin
yaşadığı sovet dövründə millət
sözünə böyük qadağa var idi, çünki on
beş respublikada yalnız
"qardaşlar" yaşayırdı. Bu
gün milli mədəniyyətimizin inkişafı
üçün yaradılan bu şərait bir millət olaraq
dünyaya tanınmağımız üçün gözəl
imkandır. Biz dünya bəstəkarlarının
əsərlərini də ifa edirik, rəssamlıqla da məşğul
oluruq. Amma bizim milli mədəniyyətimiz var,
muğamlarımız var, aşıq musiqimiz var ki, bunlardan dünyanın
heç yerində yoxdur. Bizim elə bir hiyləgər,
bədnam qonşularımız var ki, illərlə
oğrun-oğrun bizim mədəniyyətimizi öz
adlarına çıxararaq dünyaya yayıblar. Və biz ölkədən kənarda bir xalq
mahnısı ifa edəndə bizə deyirdilər ki, erməni
mahnısı niyə çalırsız? Bax, bu, əsl faciə idi. Və
Ulu öndərin Milli Konservatoriyanın yaradılması təşəbbüsü
Azərbaycan milli mədəniyyətinin bir növ təməl
daşını qoydu. Onun davamçısı ölkə
başçımız, Birinci vitse-prezident, H.Əliyev Fondu bu
təşəbbüsü layiqincə davam etdirərək,
milli musiqimizin inkişafı üçün bu möhtəşəm
binanı ixtiyarımıza verdi. Bu gün bu ocaqda milli musiqisini ürəkdən sevən
xalq artistləri sənətin bütün incəliklərini
ürəklə yetişməkdə olan nəslə öyrədir
və mən böyük fəxrlə, inamla deyirəm ki, bu
divarlar arasında yetişən gənclərə milli
musiqimizi etibar etmək olar. O qədər istedadlı
uşaqlar görürəm ki, onların ifalarına heyran
qalıram. Özüm tar ifaçısı olsam da,
bugünkü tarçalanlara baxanda yaxşı mənada
onlara həsəd aparıram. Mən bu gün bu
gənclərlə fəxr edirəm və çox
şanslıyam ki, mənim üçün müqəddəs
olan bu ocaqda varam.
- Azərbaycan musiqisi bu gün...
- Azərbaycan
musiqisi məni hər zaman qane edib. Biz elə bir
zamanda təhsil almışıq ki, aşımıza nə
tökürdülərsə, qaşığımıza o da
çıxırdı. Bizdə sadiqlik
hissi çox güclü idi, çünki dövr bizi belə
yetişdirmişdi. Amma bu gün biz
texnologiya, informatika dövrünə gəlib
çatmışıq və bu zamanın tələbləri
tamam başqadır. Əgər o zaman
okeanın o tayı bizə xəyal kimi belə görünə
bilmirdisə, indi Amerika hər birimizin əlində tutduğu
telefonun içindədir. Kəskin zaman fərqi
yaşayırıq. Bəzən elə
musiqi eşidirəm ki, məəttəl qalıram. Deyirəm, görəsən, bu hardan gəlib bizə
çıxıb. Bəzən isə
könül oxşayan musiqidən xoşhal oluram. Bu gün cəmiyyətin musiqi zövqünü
formalaşdıran televiziya və sosial şəbəkələrdir
və biz bunun qarşısını almaq gücündə
deyilik. Lakin bunun fonunda biz öz mədəniyyətimizi
qoruyub saxlamağa borcluyuq və onun bütün mədəniyyətlərdən
üstün olduğunu sübut etməyi bacarmalıyıq.
Mən bu gün təəssüf edirəm ki,
bizim teleməkanlarda təbliğ olunan mədəniyyətimizin
səviyyəsi çox acınacaqlı vəziyyətdədir.
Ulu öndərin məşhur bir kəlamı var: "Mən
fəxr edirəm ki, azərbaycanlıyam". Düşünürəm
ki, azərbaycanlı adını daşıyan hər kəs ən
əvvəl mədəniyyətinin səviyyəsini uca
tutmalıdır. Mütləq şəkildə
dövlətin televiziya və sosial şəbəkələrə
nəzarəti olmalıdır. Çünki
mədəniyyət ən birinci güc silahıdır.
- İndi yaxşısı da pisinə qatılan sovet
dövründə Bədii Şura adlı bir qurum vardı.
- Bəli, var idi və bu şura indi də lazımdır. Lakin bu qurumda çox obyektiv, təmiz, tərəfkeşlik ambisiyasından uzaq insanlar təmsil olunmalıdır. Sayın fərqi yoxdur, əsas odur ki, Azərbaycan musiqisini, mədəniyyətini ürəkdən sevən, onu dəyərləndirən insanlar olsun. Zamanında bu qurumun Tofiq Quliyev, Cahangir Cahangirov kimi üzvləri hansısa məşhur bir bəstəkarın mahnısını buraxmayıb deyə bilirdi ki, get, mahnıda bu sözü dəyiş, sonra təqdim et. Çünki onlar cəmiyyəti, televiziyanın saflığını qorumağı özlərinə borc bilirdilər. Mən bunu dəfələrlə demişəm və üstündə də dururam - demokratiya və mədəniyyət heç vaxt yanaşı addımlaya bilməz, çünki bu yolun sonu mədəniyyətsizliyə gətirib çıxaracaq.
- Siyavuş Kərimi və onun məşhur Azərbaycan-Norveç, Azərbaycan-Cənubi Amerika layihələri...
- Azərbaycan musiqisinin təbliğatında hər iki layihəni uğurlu addım kimi qiymətləndirmək olar. Bizim mədəniyyətimizə bədnam qonşular o qədər müdaxilə edib ki, saya gəlməz. Mədəniyyətimizin müdafiəsi üçün bizim bir yolumuz vardı - güclü təbliğat, çünki bu yolla biz mədəniyyətimizi kənar əllərdən qoruya bilərdik. Və istiqamətdə hər iki layihə bizim üçün vacib və əhəmiyyətli idi. Hər hansı bir Avropa, Amerika və ya Afrika dinləyicisi ona tanış olmayan Azərbaycan musiqisinə qulaq asanda xoşuna gəlməyə, başa düşməyə bilər və rahatlıqla deyə bilər ki, bu nədir, mən cəngəllik musiqisini istəyirəm. Həmin musiqini həvəslə dinləyərkən birdən Azərbaycan musiqisi eşidilir və bu, onda bir yenilik kimi maraq yaradır. Mən də o tamaşaçının diqqətini, marağını bu təbliğat yolu ilə öz musiqimizə yönəltməyə çalışmışam
- Ömrümüzdən keçən 44 gün...
- Bu, mütləq olmalı idi, çünki dənizdən dənizə xülyası ilə yaşayan erməni heç vaxt öz xoşu ilə torpağı qaytarmaq kimi bir fikirdə ola bilməzdi. Biz ya ölməliydik, ya da qələbə qazanmalıydıq. Ali Baş Komandan bu qələbəni bizə yaşatdı, çünki özünün dediyi kimi, nəyi nə zaman, necə etmək lazım olduğunu təkcə o bilirdi. Amma mən bununla kifayətlənmək istəmirəm. Mən Yeni ili, Novruz bayramını İrəvanda, Təbrizdə keçirmək istəyirəm. Bizim buna haqqımız var və Allahdan diləyirəm ki, bunları görməyi mənə nəsib etsin. Məncə, gözəl arzudur, təki ömür vəfa eləsin.
Tamilla M-zadə
525-ci qəzet.- 2023- 14 yanvar.- S.18;19.