Ənvər Rza ilə Kəlbəcərə gedən yolda atüstü görüş...  

 

 

İTV-nin "Ozan məclisi" proqramının aparıcısı, saz-söz sənətimizin mahir bilicisi və təbliğatçısı Qorxmaz Tofiqoğlu ilə unudulmaz Xalq şairimiz Osman Sarıvəlli haqqında hazırlayacağımız verilişi müzakirə edərkən Ənvər Rzanın da adını və şeirini xatırladıq:

 

Kəndin hər nemətdən yenə var payı -

Qayanın kəkotu, dağın qar payı...

Uzanıb yatdığım çəmən çarpayı,

Nə yaxşı görüşdük, nə yaxşı yenə!..

 

 

Mənə elə gəlir ki, bu xatırlama - ədəbiyyatımızın fərqli zamanlarında yazıb-yaratmış şairlərin xəyali görüşü bir təsadüf deyildi: Osman Sarıvəllinin yaradıcılığı ilə Ənvər Rzanın poetik dünyası arasındakı simsarlıqdan, doğmalıqdan gəlirdi.

Ənvər Rzanın şeirləri ilə Osman Sarıvəlli yaradıcılığı arasında əlaqə axtarmaq ədəbiyyat tariximizə bələd olan oxucuya bəlkə də ilk baxışda qəribə görünə bilər. Osman Sarıvəlli yaşına və ədəbi təcrübəsinə görə Azərbaycan Sovet ədəbiyyatını yaradan, onun önündə gələn nəsli təmsil edib və həmin nəslin şairləri arasında daha çox mühafizəkarlığı, kökə, ənənəyə bağlılığı ilə tanınıb. Buna görə onu təqdir edənlər də olub, ona tənə vuranlar da...

İlk şeiri mətbuatda 1962-ci ildə nəşr edilmiş Ənvər Rzanın ədəbiyyata gəldiyi dövrdə isə indi ədəbiyyatşünaslığın daha çox "altmışıncılar" kimi xatırladığı nəslin sözü daha keçərli idi, ədəbiyyat yeni estetik hava ilə nəfəs alırdı. Bu nəsil ədəbiyyatı mühafizəkarlıq buxovlarından qurtarmağa, xüsusilə Azərbaycan ədəbiyyatını əyalətçilik çərçivələrindən xilas etməyə, Azərbaycan ədəbiyyatı ilə dünya ədəbiyyatı arasında yeni körpü salmağa can atırdı. Təbii ki, burada da kobud sapmalar, sürüşmələr, büdrəmələr, axsamalar olurdu: bu təmayülün də öz əyalətçiliyi vardı...

Həmin dövrdə Azərbaycan ədəbiyyatı ilə dünya ədəbiyyatı arasında dialoq qurmağa daha böyük imkanı olan şairlərin birincisi, yəqin ki, Ənvər Rza idi. Sazın, sözün beşiyi Kəlbəcərdə doğulub böyüyən Ənvər Rzanın təhsili, ixtisası ona ədəbi üfüqlərə qlobal səviyyədə baxmağa, daha uzaqları, daha ənginlikləri görməyə imkan verirdi. O, ingilis dilini mükəmməl bilən alim idi, ingilisdilli ədəbiyyatın nümunələrini dilimizə orijinaldan tərcümə edirdi. V.Şekspirin sonetləri, "Bülbüllə söhbət"i, "Təmiz ad"ı, "Məhəbbətin fəlsəfəsi", C.Bayronun şeirləri, "Şilyon məhbusu" və "Mazepa" poemaları, R.Şellinin "Gecən xeyrə qalsın", "Şivən", "Solmuş bənövşə", "Yay və qış" şeirləri, "Anarxiya maskaradı" poeması, Henri Lonqfellonun və Robert Bernsin yaradıcılığı ilə Azərbaycan oxucusu Ənvər Rzanın tərcüməsində tanış oldu. Həmin tərcümələr həm dəqiqliyinə, orijinala sədaqətinə, həm də orijinaldakı poeziyanı, şeiriyyəti yeni dil mühitinin iqliminə uyğunlaşdırmağına görə qiymətlidir və bugünkü tərcümə təcrübələri üçün də öyrənilməyə, davam etdrilməyə layiq ciddi örnəklərdir.

Ənvər Rzanın ingilis ədəbiyyatından romantizm cərəyanına mənsub şairlərin yaradıcılığına daha çox üstünlük verməsinin isə iki başlıca səbəbi olduğunu düşünürəm. Birincisi, romantik poeziya şairin öz şeir dünyasına, yaradıcılıq zövqünə və üslubuna daha uyğun idi. İkinci və mühüm səbəb də Azərbaycan bədii düşüncəsinin Avropa romantizmini 1960-cı illərdə daha dərindən mənimsəyə bilməsi və ona maraq göstərməsi idi. Tarixi müqayisə aparsaq, XX əsrin əvvəllərində Azərbaycan romantizmi ilə Avropa romantizmi arasında Osmanlı ədəbiyyatının təcrübəsinin dayandığını görürük. Bu isə Avropa romantizmi üçün vacib olan ən başlıca keyfiyyətlərdən birinin - xəlqiliyin, xalqın dilinə və ruhuna yaxınlığın şeirə gələn yolunun qarşısını kəsimişdi...

Bəs romantik Ənvər Rzanı mühafizəkar Osman Sarıvəlli yaradıcılığına bağlayan nə idi?

Osman Sarıvəllinin 1943-cü ildə - Yer kürəsinin üstündə qanlı müharibə getdiyi dövrdə qələmə aldığı "Gətir, oğlum, gətir!" romantik poeması ədəbi yaddaşımızın ən möhtəşəm abidələrindəndir və zaman keçdikcə bu əsərin rəngləri daha da dolğunlaşır. Zamanın yetişdirdiyi narahatlığı ifadə edən, müharibə sarsıntıları yaşayan yeni nəsli mənəvi köklərdən qopmamağa, öz yaddaşına sədaqətli olmağa çağıran, əslə-kökə yadlaşma təhlükəsinə qarşı həyəcan harayı salan poemanın dəyəri bunlarla məhdudlaşmır. Bu əsər öz məzmunu ilə bərabər, şeirimizə yeni bir poetik enerji gətirmiş, mətn-oxucu dialoqunun fərqli səviyyəsini müəyənləşdirmişdi.

Poema dialoq üzərində qurulub: şairin şəhərdən kəndə, ata yurduna qonaq getmiş oğlu Babəkə (professor Babək Qurbanov ömrünü sənətin fəlsəfəsinin tədqiqinə həsr elədi) müraciətlə yazılıb:

 

 

Gətir ildırımın məğrur səsini,

Qumru bulaqların zümzüməsini...

Özünlə çiçəkli, güllü yaz gətir,

Bir aşıq mahnısı, bir də saz gətir!  

 

1940-cı illərdə "Gətir, oğlum, gətir!" poemasının qurduğu söhbəti Babəklə yaşıd olan Ənvər Rza 1960-cı illərdə davam etdirdi. Yaddaşın kənddən şəhərə nəyi gətirə bildiyi, nəyi gətirə bilmədiyi Ənvər Rzanın şeirlərində daha aydın, daha qabarıq görünür. Onun şeirlərindəki poetik enerjinin mənbəyi isə içindəki saf uşağın dünyası, uşaqlıq xatirələridir. Ənvər Rza qoyub gəldiyi kəndə qayıdanda yalını, yamacını yarpız ətri bürüyən dağların qoynunda qarşısına çıxan, onu qarşılayan da elə həmin uşaq idi:

 

 

Ay quzu otaran balaca Ənvər,

Nə yaxşı görüşdük, nə yaxşı yenə!

 

 

 

Məkan və zaman parametrlərinin üzvi bütövlüyü Ənvər Rzanın şeirlərini, hansı mövzuda yazılmasından asılı olmayaraq, uşaqlıq yaddaşından qopmağa qoymur. Yaddaşın məkanı, ilkin xatirələr, unudulmaz uşaqlıq müşahidələri durmadan axan, dəyişən zamanı öz ilkinliyinə, başlanğıcına qaytarır. Ənvər Rza yaradıcılığı boyu dünyaya Dəlidağın döşündə quzu otaran uşağın gözündəki heyrətlə baxdı. Buna görə də onun şeirlərində dünya insan nəfəsindən uzaq bakirə təbiətin özü kimi min bir rəngdə görünür, rənglərin yaratdığı harmoniya oxucunu həm heyrətləndirir, həm düşündürür, həm də qübarlandırır:

 

Gözəllikdən ağlım çaşıb bu yerdə,

Səyyah xəyal çox dolaşıb bu yerdə.

Dədə Şəmşir qayalaşıb bu yerdə,

Şəlalədən sazına bax, sazına!

 

Ənvər Rzanın şeirlərində kənd nisgilini müharibə illərinin yanğısı, müharibədə doğmalarını itirmiş insanların dağlara sığınmış sarsıntı dolu hüznü və kədəri müşayiət eləyir. Onun təmsil etdiyi ədəbi nəslin uşaqlığı Azərbaycan torpağından uzaqlarda gedən müharibənin insanlarda yaratdığı sarsıntının içində keçmişdi. 1960-cı illərdə müharibə illərinin ağrısı Azərbaycan ədəbiyyatının baş mövzularından biri idi, bu mövzuda müxtəlif səviyyəli çoxlu əsərlər yaranırdı. Ancaq həmin çoxluğun içində Ənvər Rzanın dağlardan gələn səsi fərqlənirdi. Onun şeirində müharibə təkcə başıpapaqlıları deyil, kənddəki toyları, şənlikləri, evlərin ruzisini, bərəkətini, təknələrin çörəyini "əsgər aparmışdı", divardan asılan simləri pas tutmuş sazın səsini, nəğməsini itkin salmışdı. Sazı susduran illər oğulları əsgər gedib qayıtmayan ananın saçlarında "Kərəmi" çalırdı:

 

Qoynundan çıxanda çəlik qolları

Cəhrəni gününə yamaq edərdi.

Bir vaxt oğulları gedən yolları

O, dükcə edərdi, yumaq edərdi...

 

Ənvər Rzanın şeirlərinə həzinlik gətirən motivlərdən biri də 1960-cı illərdə güclənən urbanizasiyanın - şəhər köçünün kəndi kimsəsizləşdirməsi, bir vaxtlar bərəkət rəmzi olan təndirləri yenidən sönməyə məhkum etməsi idi.

 

Bəlkə səhv edirəm, korşalıb zəndim -

O qədər oğlanlar bəs hanı, yoxdur?

Bu günün qayğısı, dərdidir kəndim -

Kənddən alim çıxır, çobanı yoxdur...

 

Şəhərləşmə, həyat tərzinin dəyişməsi şeirin təkcə mövzusuna, məzmununa deyil, poetik nizamına, quruluşuna da öz təsirini göstərirdi. Təbiətlə insanlar arasındakı münasibətlərin harmoniyası pozulduğu kimi, dilin şeir ahəngi də ciddi silkələnməyə məruz qalmışdı. Beləliklə, 1960-cı illərdə ictimai proseslərin və estetik keyfiyyət dəyişmələrinin dramatizmi fonunda "Gətir, oğlum, gətir!" çağırışı yenidən aktuallaşmışdı. Daha çox sərbəst şeirə və eksperimentə meyl eləyən, yeni bir ədəbi məktəb yaratmaq iddiasında olan novatorlarla ənənə müdafiəçiləri ədəbiyyatın fərqli cəbhələrindən çıxış edirdilər və bəzən bədii sözün sərhədlərinin pozulduğu bu münaqişədə bir hədəf də, təəssüflə deməliyik ki, Səməd Vurğunun üslubu idi...

Ənvər Rza ədəbiyyata Səməd Vurğun ədəbi məktəbinin təmsilçisi kimi gəldi. O, özündən sonra da bu yolun davam etdiriləcəyinə, hər nəslin öz Səməd Vurğununu "yaradacağına" inanırdı:  

 

O elə dağdır ki, zirvəsi qırov,

Bir adı Qoşqardır, bir adı Murov...

Mənimçün ecazkar şair-filosof,

Körpə oğlum üçün nağıldı Vurğun.

 

Ənvər Rzanı Səməd Vurğun yaradıcılığına yaxından bağlayan mühüm amillərdən biri də, heç şübhəsiz, böyük şairin 1955-ci ildə Kəlbəcərə səfər etməsi, burada saz və söz sənətimizin görkəmli nümayəndəsi Aşıq Şəmşirlə görüşməsi idi. Bu hadisə sözün həqiqi mənasında folklor faktına, nağıla çevrilmişdi. Səməd Vurğunla Aşıq Şəmşirin deyişmə formasında yazdıqları şeirlər məclislərdə dastan kimi danışılır, dildə-ağızda dolaşırdı və həmin dastanı aşıqlar indi də söyləyirlər...

Poeziyası ilkin köklərə dərindən bağlı olan Ənvər Rzanın seçdiyi yol öz dünyasını daha dolğun və rənagarəng ifadə etməyin halal yolu idi. Bu üslubu o, inada görə seçməmişdi, bu, onun yaradıcılığının boyuna biçilmişdi.

Onu da vurğulamağı zəruri hesab edirəm ki, o illərdə ənənəvi üslubda şeir yazıb, ədəbi prosesdə özünü şair kimi təsdiq eləmək daha çətin idi (elə indi də çətindir). Çünki bədii düşüncədə eksperiment aparan şair nə yazsa, oxucunun və tənqidin eksperimenti təhlil etmək və qavramaq təcrübəsi olmadığına görə yenilik kimi qarşılanır (ən pis halda qəbul edilmir), ənənəyə bağlı şairi isə təhlil etmək, zamanın işığına tutub qiymətləndirmək daha asan olur. Çətini hansı tendensiyanı təmsil etməyindən asılı olmayaraq zamanın "rentgenindən" salamat çıxmaqdır...

Ənvər Rzanın şeirlərini zamanın sınağından üzüağ, sağlam çıxardan bu şeirlərdəki yaddaş enerjisi, şairin dünya ədəbiyyatına bələdliyi, ənənəni fərdi istedad gücünə zənginləşdirməsi, sözün tarixi ilə bu günü arasında varislik körpüsü salmasıdır.

Buludsuz, aydınlıq bir yay gecəsində çiçəkli təpənin çınqıllığında bir çobanın kor bulağın gözünü açması Ənvər Rzanın şeirində sözün, sənətin taleyi ilə yaxından səsləşən ibrətli hekayəyə - pritçaya çevrilib.

 

O nədir? Buluddur elə bil üzü,

Kimdir güzgü tutan torpaqdan aya?

Bir bax, kor bulağın açılıb gözü,

Ulduzlar necə tez doluşub suya.

Düşünə-düşünə baxıram bir də,

Deyirəm ürəkdə nisgil qalmasın.

Gərək bu torpaqda, gərək bu yerdə

Gözü açılmayan bulaq qalmasın!

 

Bu misraların o üzündəki mənzərə şeiri də əhatə eləyir: üstünü torpaq basan bulağın gözünü açmaq təbiətdə ahəngdarlıq, harmoniya yaratdığı kimi, yaddaşın gözünün açılması da sözə və sənətə yeni həyat, bənzəri olmayan gözəllik gətirir.

Ənvər Rzanın sağlığında nəşr etdirdiyi son kitabı "Nə yaxşı görüşdük" adlanır, özündən sonra nəşr edilmiş son kitabının adı isə "Kəlbəcərə gedən yollar"dır. Kitab nəşr olunanda - 2010-cu ildə Kəlbəcərə gedən yollar bağlı idi...

1987-ci ildə dağlara son dəfə dönən Ənvər Rza o yolların bağlı olduğunu görmədi. Doğma yurddakı - Kəlbəcər rayonunun Ayrım kəndindəki məzarı 28 il əsirlikdə qaldı..

Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra açılan yollar yenə əvvəlki kimi müxtəlif ünvanlara üz tutanların geri dönməsini gözləyir. Ənvər Rzanın şair xəyalı isə həmişə o yolların üstündə dolaşmaqdadır:

 

 

 

Min bulaqdan içib gedir,

Qayaları biçib gedir,

Ürəyimdən keçib gedir

Kəlbəcərə gedən yollar.

 

 

Məti OSMANOĞLU

525-ci qəzet.- 2023.- 14 yanvar.- S.16;17.