Can Yücelin
Datçası
Qıvrıla-qıvrıla gedilən hər yol, beqonvillərin,
rəngli çiçəklərin, sarmaşıqların,
qızılgüllərin qucaqladığı bir kəndə,
bir qəsəbəyə aparıb çıxardır
insanı. Sahilə enməzdən nələrlə
qarşılaşacağını az-çox təxmin edirsən.
Ayağını torpağa basanda isə
adalardan keçib, dənizlərdən ötüb gəlməyinə
görə peşman olmursan. Bura Gökova
və Hisarönü körfəzləri, Ağdəniz və
Ege dənizi ararında yerləşən Datçadır.
Bir az yavan, bir az yalın, bir az sərxoş...
Şəhər Mardin kimi Köhnə və Yeni
Datça adı altında iki yerə bölünür. Yeni Datça
yeni tikilən binalardan, ütülü yollardan, orda-burda rast gəldiyimiz
mağazalardan ibarətdir. Küçələri
boş, sahilləri dolu, dənizi şəffaf, tikinti şirkətlərinin
hələ ki zəbt etmədiyi yerdir. Buna
baxmayaraq, şəhərdə bir yavanlıq və yalınlıq
olduğunu hiss edirsən. Gəldiyim qənaət
isə bu oldu ki, bütün məna şəhərin ətrafında,
şərab bağlarının olduğu ərazilərdə
və Köhnə Datçadadır. Şəhərin
təməli sanki şərabçılıq üzərinə
qurulub. Hətta deyərdim ki, bura şərabçılığın
ana vətənidir. Böyük
üzüm bağları, şərab emalatxanaları ilə
məşhurdur. Datça şərabları
sadəcə içərkən yox, qoxlayanda da insanı məst
edəcək gücdədir.
Beqonvillərin
qucaqladığı kənd
Köhnə Datça isə açıq hava altında
bir muzeydir sanki. Sehrini küçələrə girməzdən
öncə hiss edirsən. Sadəliyi,
özünəməxsus aurası ilə insanı heyran edir.
Daş döşəməli yollar, daş evlər,
həyətlərin bir metri keçməyən
hündürlükdə olan divarları, divarlara pərdə
kimi sərilən beqonvillər, sarmaşıqlar,
qırmızı güllər, rəngli çiçəklər
insanı valeh edir. Gəzərkən beyninə bir fikir
dolaşır: bəlkə, ömrümün qalan hissəsini
burada yaşayım?
Can
Yücelin Datçası...
Can Yecəl
etdiyi kimi... Köhnə Datçaya
addımını atan kimi küçədəki
bütün ox işarələri səni,
datçalılardan daha çox datçalı olan,
Datça sevdalısı Can Yücelin evinə yönəldir.
Hətta Datça deyəndə ağıla ilk
növbədə Can Yücel gəlir. Şairin
yaşadığı evin küçəsinə dönəndə
ilk bu şeirlə qarşılaşırsan; "En uzak mesafe
iki kafa arasındaki mesafedir - bir-birini anlamayan".
Bir-birindən maraqlı misralarla, cümlələrlə
qarşılaşdıqca özünü kiçik, amma
möhtəşəm bir macəranın içində hiss
edirsən. Kəndin sehri yavaş-yavaş yüksələn su
kimi insanı ağuşuna alır.
Uzaqdan izdihamı görəndə şairin evinə necə
girəcəyini düşünürsən, lakin
yaxınlaşanda öyrənirsən ki, bu qədər insan
seli sadəcə şairin qapısını görmək
üçün bura axın edib. Çünki
qapıya buranın muzey olmadığı, içəridə
yaşayış olduğu, anlayışla
qarşılanmasına dair xahiş dolu bir lövhə
asılıb. Buna rəğmən,
yüzlərlə insan buraya gəlməyə davam edirdi.
Yarımçıq
şərab, sərxoş ömür...
Yaxınlıqda vaxtilə şairin getdiyi kafe olduğunu
öyrəndim. "Orhanın yeri" adlı kafe kəndin
girişində, böyük bir tut ağacının
altında yerləşir. Şairin
yarımçıq qalmış bardağı, şərabı,
masanın üstündən asılan şüşə
qutuda saxlanır. Qutunun üstündə
Yücelin büstü var, içərisində "Can
babanın yarımçıq qalan şərabı"
yazılıb. Dünyadan
köçmüş bir insanın yerində oturmaq, onu hiss
etməyə çalışmaq, bardağını, əlyazmalarını
görmək çox təsirlidir. Bir qəhvə
içib ağlıma gələn bütün sonları iliklərimə
qədər hiss etdim. Və ustadın uzun zaman
öncə yaddaşımdan asılı qalan o
ölümsüz misralarını fikirləşərək
daha da hüzünləndim.
"Yaşadıklarını
kar sayma:
Yaşadığın
kadar yakınsın sonuna; ne kadar
yaşarsan-yaşa,
Sevdiğin
kadardır ömrün...
Gülebildiğin
kadar mutlusun.
Üzülme,
bil ki ağladığın kadar
güleceksin
Sakın
bitti sanma her şeyi,
Sevdiğin
kadar sevileceksin"
- deyirdi şeirlərindən
birində.
Təsadüflər...
Məkanın sahibi Orxan Qaradağdır. "Köhnə
Datça"ya da "Can Yücel" deyiləndə
ağıla ilk o gəlir. Şairlə necə tanış olduğunu soruşanda kim bilir
yüzlərlə insana danışdığı hekayəni
eyni həyəcanla mənə də danışdı. On ilin, demək olar ki, hər günü içki
masalarında bir araya gəliblər, söhbətləşiblər,
görünən isə odur ki, şairin ölümündən
sonra danışılan xatirələr bir növ Orxan bəyin
həyatının bir parçasına çevrilib.
Kasımpaşada əsgərlik çəkərkən bir
komandirin hər gün təkrar-tərar oxuduğunü
görüb, müəllifin kim olması
ilə maraqlanıb. Komandir: "Şair Can Yücel, təhsil
naziri Həsən Əli Yücelin oğlu" deyir. Datçaya dönür. Vaxt
keçir, zaman ötür Orxan bəy Datçada kənd
muxtarı olur.
Təsadüfə
bax, 1990-cı ildə bir ailə dostu ilə Datçaya gələn
Can Yücellə tanış olurlar:
"Divarın dibində bir adam otururdu. Başqa
yerdə görsəm, qorxub qaçardım. Saçı, saqqalı bir-birinə
qarışmış, üstü-başı
tör-töküntü idi. Onu
Datçaya gətirən Mətin bəy keçmiş təhsil
nazirinin oğlu Can Yücel olduğunu deyəndə
barmağımı dişlədim, komandirin kitabını
oxuduğu müəllif olduğunu xatırladım".
Orxan bəy əlini öpmək istəyir, şair icazə
vermir, ayağa qalxıb muxtarın boynunu qucaqlayır. Üç
gün ard-arda içki süfrələrində görüşürlər.
Üçüncü günün tamamında
Yücel, "buranı çox bəyəndim, Muxtar, məni
datçalı edərsənmi" deyə sual verir. Orxan bəy isə "səni datçalı etməyib
kimi edəcəm, Can baba" deyə cavab verir.
Ertəsi gün Orxan bəy satılıq evlə
maraqlanır.
Mustafa adlı şəxsin evini
satdığını deyirlər. Muxtar
evi almaq üçün onunla bazarlığa girir. Can
Yücel həmin vaxt oteldə yatmış olur. Otuz iki min türk lirəsinə
razılaşırlar. Can Yüceli o qədər
çox sevir ki, onun üçün özünü
oda-közə vurur, sağa-sola qaçır. Axşam
süfrədə "artıq datçalısan, Can baba, evin
də hazırdır" deyir. Növbəti
gün evi görməyə gedirlər. İki
otaqlı, dərin quyulu gilənar ağacları ilə dolu
olan həyət evini görürlər. Yücel,
"Ulan, bu evi alıram" deyir. Evin
gözəlliyinə necə heyran qalırsa, heç qiymətini
də soruşmur.
Banka gedib alış-satış işlərini həll
edirlər. Pulun qalığı ilə yenə süfrələr
açılır. Geriyə qalan min lirəni
geri qaytarmaq istəyən muxtara "Ulan, on beş gün daha
buradayam, bu pulu bərabər yeyək" deyir. Orxan bəy
dilinə içki vuran adam olmur. Can Yücelin
isə şərabla bütünlənmiş şair
olduğunu bilməyən yoxdur. Tezliklə
İstanbula dönən Yücel bir həftə orada qalır,
sonra həyat yoldaşı Güləri və qızı Sunu
götürərək Datçaya gəlir. Evi təmir etdirir. Əşyalar
yenilənir və şair ömrünün sonuna qədər
burada yaşayır.
Hər səhər yatağından qalxır, saat 10-11
arası qəhvəyə gəlir, çantasında gətirdiyi
içkini masaya qoyur və axşama qədər içir. Arada
yuxulayır, bəzi gecələr onu evinə Orxan bəy
aparır. Şeirlərini axşamlar
yazır şair. Daha çox sərxoş
halda. Ancaq kimsəyə göstərməyəcək
qədər də ayıq olur. Təməlini
qəhvəxanada atdığı şeirləri gəlib evdə
tamamlayır.
Datçalıların
Yüceli çox sevdiyini deyir Orxan bəy: "Dostcanlı,
sadə, hər kəslə qardaş kimi rəftar edən
insan idi. Bircə o məşhur
söyüşləri mənə qəribə gəlirdi,
amma zamanla ona da alışmışdım. Hər şeyimizi danışırdıq bir-birimizə.
Arada sahilə enirdi. Üç-beş qədəh
deyərkən gecəyə qalırdı, sonra mənə zəng
edərək, "Ulan, dolmuşu yenə qaçırdım,
gəl, Can babanı apar" deyirdi".
Yeri gəlmişkən, yenə həmin içki məclislərinin
birində məlum olur Yağhanə küçəsinə
Can Yücelin adının veriləcəyi. Bu iş üçün də
Orxan bəy qollarını çirməyir, yazılı
müraciət edir və bir həftə sonra küçənin
adının dəyişdirilməsinə təsdiq cavabı gəlir.
Bu, şairi ən çox duyğulandıran məqamlardan
biri olur.
Ayrılıq
vaxtı...
Can
Yücel öləndə Orxan bəy məkanı qapadır. Yas saxlayır. "Ürəyim
çox yandı. Ölümündən sonra çox
göz yaşı tökdüm" - deyir. Yaxınlarının
israrı ilə kafeni yenidən açır. Amma həmişə bir yanı əskik qalır.
Hələ də ağlayır, məzarını
ziyarət edir, otlarını təmizlədiyini deyir.
Gözü dolan Orxan bəyi dinlədikcə
bütün duyğularım bir-birinə qarışır. Və
aydın olur ki, 82 yaşlı Orxan bəyin həyatının
ən gözəl dönəmi Can Yücel ilə olan, bir də
həmin xatirələri anlatdığı anlardır. Orxan bəy şairi datçalı edən deyil, onu öldüyü
gündən bəri yaşadan dəyərli bir insandır.
Dərin duyğular, kövrək hisslərlə
ayrıldım Köhnə Datçadan. Can Yücelin dəfn edildiyi
məzarlığın qapısından içəri girərkən
ayrıldım beynimdə çək-çevir etdiyim
düşüncələrdən.
Əsrarəngiz bir memarlıq ilə qarşılaşdım. Heykəltaraş Mehmet Aksoy tərəfindən ərsəyə gətirilən məzarın baş daşında ana bətnində bir döl, önündə isə su daşı var. Yalnız gün işığı düşəndə dölü aydın görmək olur. Doğulandan ölənə qədər mənasını verən məzar, böyük əksəriyyət tərəfindən yanlış başa düşülüb. Guya, şair ölmədən əvvəl vəsiyyət edib ki, məzarıma şərab tökülsün. Halbuki nə yazılı, nə də sözlü vəsiyyətinə heç bir yerdə rast gəlinmir. Hətta qırmızı şərab tökülməkdən məzarda kirli görüntü yaranıb. Yan tərəfə şərab tökülməməsinə dair yazılan məlumat lövhəsini isə demək olar ki, görən yoxdur. Əslində görülməməsi mümkün deyil, əhəmiyyət verən yoxdur desək, daha doğru olar. Çünki hər gələn əlində bir şüşə şərab gətirir.
Can Yücel İzmirdə müalicə aldığı xəstəxanada 12 avqust 1999-cu ildə vəfat edir. Datçada dəfn olunur.
Axşam düşürdü. Günəşin qürub etdiyini görəndə bir az rəngli, bir az hüznlü, bir az həzin günün sona yaxınlaşdığını hiss elədim. Şairin misraları gəldi ağlıma:
Vakti gelince
Gitmenin adıdır gün batımı,
Ömürden,
Gönülden,
Günden...
Və saat 18:00 feribotuna yetişmək
üçün yola düşdüm.
Türkan
TURAN
525-ci qəzet.- 2023.- 14 yanvar.- S.15.