Heç nəyi sabaha saxlamayaq
TEATRIMIZIN
BUGÜNKÜ PROBLEMLƏRİNİ DƏ
İctimai Televiziyanın (İTV) efirində
2019-cu ildən yayımlanan,
həftənin dörd
günü efirdə olan "Sabaha saxlamayaq" verilişi Azərbaycan teleməkanında
azsaylı peşəkar
müzakirə platformalarından
biridir. Zövqsüz şouların, məişət
söz-söhbətlərinin, manipulyativ sosial verilişlərin çoxluğu
"Sabaha saxlamayaq"
kimi ciddi verilişlərinin vacibliyini
zərurətə çevirir.
Müxtəlif problemləri (elm sahəsindən tutmuş dərsliklərin vəziyyətinədək)
mütəxəssislərlə birgə araşdıran layihə adətən gərgin polemikalar üzərində qurulur.
Verilişin keyfiyyətli
alınmasında yaradıcı,
texniki heyətin əməyi ilə yanaşı, şübhəsiz
ki, aparıcılar - Vüsalə Məmmədova
və Ürfan Məmmədlinin hazırlıq
səviyyəsi, mövzuya
bələd olmaları
və peşəkarlıqlarının
da rolu əhəmiyyətlidir.
Peşəkarlıq deyəndə həm
də aparıcıların
iştirakçılara təmkinli,
sayğılı münasibətini,
danışmaq üçün
bərabər imkanların,
demokratik mühitin yaradılmasını, redaksiyanın
günün reallıqlarına
çevik reaksiyasını
nəzərdə tuturam.
Ona görə "Sabaha saxlamayaq" ildən ilə plankası aşağı
düşən televiziyamızda
az proqramlardandır
ki, öz sahəmlə bağlı
müzakirələrdə qonaq
qismində iştirakdan
məmnunluq duyuram...
Ötən həftələrdən birində efirə gedən bir verilişdə "Teatrımız
bu gün: tamaşaçı razıdırmı?"
mövzusunda maraqlı
müzakirə keçirildi.
Verilişə dəvət olunan
teatrşünaslar, rejissor
və yazarlar teatrın problemlərini, mövcud vəziyyətini
aydınlaşdırmağa və araşdırmağa
cəhd göstərdilər.
Müzakirəni gərginləşdirən məqamlardan biri tərəflərin tənqidlə
bağlı fikirlərinin
üst-üstə düşməməsiydi.
Teatrşünasların ümumi fikri
bundan ibarət oldu ki, hazırda
teatrları tənqid etmək doğru deyil. Əslində isə səsləndirdikləri
fikirlər bir-birini təkzib eləyirdi.
Bir tərəfdən
teatrşünaslar tənqidin
teatrda olan-qalan prosesi məhv edəcəyindən, yaradıcı
insanı ruhdan salacağından narahatlıq
keçirdiklərini, teatrda
vəziyyətin onsuz da qənaətbəxş
olmadığını dilə
gətirir, bir yandan da tənqidlə
məşğul olacaqları
təqdirdə teatrlarda
onlara iş verilməyəcəyini, bütün
hallarda teatr tənqidçisinin güc
sahibi, bu peşənin dəyəri
olmadığını, qəzetlərin,
saytların teatrı tənqid-təhlil yazılarına
görə qonorar ödəmədiyini (halbuki
ödənilir) deyirdilər.
Üçüncü ziddiyyət doğuran
fikir isə bu idi ki,
ümumən ölkədə
teatr batıb və o, problemlər içində boğulur.
Eyni kontekstdə
səslənən əks
tezislər ilk növbədə
klassik "nə etməli" və "həqiqət hardadır"
suallarını doğurur. Əgər
teatrda böhranlı vəziyyət yaranıbsa,
o zaman problemləri kim dilə
gətirməlidir, bu barədə kim yazmalıdır? Yoxsa susmağın həqiqi
səbəbi, doğrudan
da sənətşünasın
işsiz qalmaq əndişəsi, teatrda hər hansı vəzifə tutmaq hesabına asan və rahat başa
gələn karyera qurmaq iddiasını əldən vermək istəməməsidir? Bəs onda
"tənqidlə teatr
adamlarını ruhdan
salmayaq, prosesi tənqidlə məhv etməyək" fikri nə qədər səmimidir? Yoxsa yazmamaq
özünü narahat
vəziyyətə salmamaq,
kimlərləsə üz-göz
olmamaqdan ötrü bəhanədir?
Yadıma
düşmüşkən, orda daha bir
fikir səslənmişdi:
"Zəif tamaşalardan
yazmaq maraqlı deyil". Əgər teatrşünaslara zəif
tamaşalardan yazmaq maraqlı deyilsə, onda tamaşadakı boşluqları, qüsurları
kim göstərməli,
mövcud vəziyyəti
kim analiz etməlidir? Rejissor quruluşu, aktyor
oyunu, dramaturq pyesi, rəssam səhnə tərtibatı
haqda peşəkar dəyərləndirməni necə
bilməlidir, rəyi kimdən almalıdır?
Bədii
məhsul ictimai müzakirəyə çıxarılmırsa,
tənqidçi öz
funksiyasını yerinə
yetirməkdən boyun
qaçırırsa, onda
həmişə olmadığından
şikayətləndiyimiz yaradıcı,
polemik mühit necə yaranmalıdır?
Əlbəttə ki, zəif,
pis əsəri oxumaq, yaxud izləmək
peşəkara əziyyət
verir. Amma tənqidçinin vəzifəsi əsəri
analiz edib hansı nöqtələrdə,
niyə pis olduğunu əsaslandırmaq,
ümumi mənzərəyə
baxış və yaradıcı prosesə köməkdir.
Sənətşünaslıqda nəzəriyyələr, elmi
araşdırmalar əlbəttə
ki, mütləqdir. Bizim teatrın,
eləcə də kinonun hazırkı situasiyasında isə sənətşünaslığın tənqid istiqaməti daha vacibdir. Çünki nəzəriyyə, akademik yanaşma məhdud peşəkar publika üçün nəzərdə tutulur.
Bir bədii əsərin sadə və peşəkar dillə ifadəsi, təhlil-tənqidin
saytlarda, qəzetlərdə
yayımlanması həmin
əsəri populyarlaşdırmaq,
fikir toqquşmalarına
yol açmaq, bütün hallarda yaradıcı insana öz işini mənfisiylə, müsbətiylə
kənardan göstərmək
baxımından əhəmiyyətlidir.
Qəribədir ki, teatrşünaslar bu sahə üzrə
ixtisaslaşmayan yazarların,
jurnalistlərin teatrdan
yazmasını çətin
qəbul edirlər və ya ümumiyyətlə,
qəbul etmirlər. "Arqument" isə ondan ibarətdir ki, tamaşaya qeyri-peşəkar yanaşma
(tutaq ki, zəif tamaşanın müsbət kimi dəyərləndirilməsi) ictimai
fikri çaşdırır.
Məsələ ondadır ki,
sosial media istənilən
şəxsə öz
fikrini yaymaq (video, bloq, podkast formatında)
imkanını verir.
Tamaşanın, filmin, ədəbi
əsərin istehlakçısı
sıravi insandır və bədii məhsul haqda qeyri-peşəkar, subyektiv
fikir söyləmək
onların təbii haqqıdır. Mədəniyyət sahəsində yazan jurnalist isə sıravi tamaşaçıdan
fərqli olaraq, yaradıcı akta daha dərin yanaşır. Teatr tənqidçisini
mövcud vəziyyət
qane etmirsə, onun vəzifəsi tamaşanı özünün
peşəkar təhlili
və kütləvi baxışın yanlışlığını
ciddi arqumentlərlə
əsaslandırmaqdır. İcazənizlə, bu yerdə
öz təcrübəmi
bölüşüm. Kinorejissor Elşən Zeynallının
geniş tamaşaçı
kütləsi tərəfindən
bəyənilən "Soyuq
günəş" bədii
filmi sosial şəbəkələrdə xeyli müzakirə edilərək müsbət
rəylər almışdı.
E.Zeynallı istedadlı rejissordur,
maraqlı sənədli
filmlərin müəllifidir.
Amma təəssüf ki, "Soyuq günəş" filmi çox cəhətdən peşəkar
səviyyədə çəkilməmişdi
və bu haqda tənqidi məqalə yazmalı oldum. Yəni teatr tənqidçiləri
nə özləri yazır, nə digərlərini yazdıqlarını
qəbul edir, hələ üstəlik,
boşluğu doldurduqları
üçün mədəniyyət
yazarlarına təşəkkür
etmək əvəzinə
irad tuturlar...
Peşəkarın sıravi yazardan, yaxud tamaşaçıdan
fərqi nədir və niyə onun mətni vacibdir? Müasir sənət dünyasında
da tənqidin təsiri, gərəkli olub-olmaması haqda suallar qoyulur. Bütün hallarda peşəkar yanaşmaya həmişə ehtiyac
var. Peşəkar tənqidin
həvəskar yanaşmadan
fərqi odur ki, sənətşünas
estetik zövqə, analitik təfəkkürə
malikdir, sənətin
dərinliklərini hiss edir,
bədii əsərə
səthi yanaşmır,
arqumentlərlə danışır,
sənət tarixinə
istinad edir, müəlliflərin üslublarını
bilir və bu mənada sənətin təmizliyini
qoruyur. Müasir tamaşalardan, həm
də gələcək
araşdırmaçılar üçün baza yaratmaq məqsədilə
yazmaq vacibdir. Axı, filmdən fərqli olaraq, bizdə tamaşalar sadəcə oynanılır, unudulur və çoxu lentə çəkilmir.
Gələcəyin araşdırmaçısı
dövrün teatr mühiti, tamaşalar haqda çoxtərəfli
fikirləri, rəyi hardan əldən etməlidir?
Maraqlıdır, niyə gənc teatrşünaslar yazmaqdan
çox, teatrda işləməyi, teatrla bağlı qurumlarda özlərini rəhbər
görməyi mütləq
qayda kimi qəbul edirlər? Müşahidə etdiyim qədər, yeni nəsil sənətşünaslar hazır,
əziyyətsiz yolla getməyi arzulayırlar.
İstər yerli, istər
başqa ölkələrin
sənətşünaslarının təcrübəsi göstərir
ki, peşədə avtoritet, nüfuz sahibi olmaq uzun,
zəhmətli prosesdir.
Bundan ötrü əmək sərf etməlisən, öz üzərində işləyib ifadə tərzini, üslubunu tapmalısan, araşdırmalısan,
məqalələr, kitablar
yazmalısan və ən əsası peşəni sevməlisən.
Lakin iddialı gənc teatrşünasların
mediada, heç olmasa, beş
sanballı məqaləsini
tapmaq çətindir.
İndi
bizdə elə vəziyyət yaranıb ki, müqayisədə az film çəkilir,
daha çox tamaşa qoyulur. Teatrlarlmız bu mənada
məhsuldardır. Söhbət tamaşaların keyfiyyətindən
getmir, əsas odur ki, pis-yaxşı
proses gedir. Yəni teatrşünasların (ölkəmizdə
özəl teatrlarla birlikdə 30-dan çox teatr fəaliyyət göstərir), işin ən azı yaradıcı tərəfindən
yazması üçün
bol material var. Və teatrşünasların imkanı
var ki, prosesi
müntəzəm analiz
etməklə, tənqidi
materiallarla müsbət
mənada dinamik, çevik yaradıcı mühit formalaşdırmaq
prosesinə yardımçı
olsunlar.
Sonda "tənqid
niyə lazımdır"
sualına bir də qayıdıram.
Məşhur rus kinorejissoru Nikita Mixalkov çıxışlarından
birində tənqidin gərəksizliyini qeyd edərək, kino tənqidçilərini daim
dişləyən, qaniçən
rəzil həşərat
adlandımışdı. Dünyaca məşhur kinotənqidçi
Andrey Plaxov ona maraqlı cavab vermişdi: "Bəli, biz
dişləyən, rəzil həşəratlarıq. Lakin biz kinematoqrafın piylənmiş bədəninin
qəflət yuxusunda olmasına imkan verməyən həşəratlarıq. Biz ona görə dişləyirik
ki, o, tamamilə piylənib
cəsədə çevrilməsin, əksinə, daim canlı, təravətli qalsın".
Sevda
SULTANOVA
525-ci qəzet.- 2023- 14 yanvar.- S.13.