Heydər Əliyevi HEYDƏR ƏLİYEV
edən
İnsan
fotolarda həmişə gələcəyə baxır, fotolara baxanlarsa
həmişə keçmişi seyr edir. Hətta həmin foto
bir neçə an əvvəl çəkilibsə
belə! Onda qalmış köhnə illərin şəkilləri
ola.
Arxada
qalmış illərin fotolarında daim o sual da var ki, bu
uşaq, bu yeniyetmə, bu gənc yaşa dolub kim
olacaq, hansı yollardan keçəcək, gözlərini
kameraya zillədiyi bu anlarda onunla olan hansı keyfiyyətlər
vaxt ötdükcə onunla birgə böyüyəcək?
Bugündən
baxaraq dünəni görmək nə asan, dünəndən
sabahı görmək nə çətin!
Ancaq yaşanmış ömürlərin
anlatdığı bir həqiqət də budur ki, sən demə,
gələcək əksər sualların cavabları elə
dünənin içindədir.
Köhnə
el bayatısı "Gündə bir kərpic
düşür, Ömrümün sarayından", - deyir.
Bu, həqiqətən, belədir. Yaşaya-yaşaya
ömrün elə bir həddinə gəlib yetişirsən
ki, artıq möhlətin daraldığını hiss edirsən.
Hər yeni gün daha gənclikdəki sayaq
sonsuzmuş qədər görünən gələcəyə
aparmır. Anlayırsan ki, hər bitən gün
çoxu gedib azı qalmış ömürdən qopan bir
parça kimidir və zaman qatarı səni
qaçılmaz sona doğru aparır. Ancaq hər
ömürdə bunun əksi də olur axı. Yolun o başında hələ ömür sarayı
kərpic-kərpic hörülür, üst-üstə
qalaqlanan təməl kərpiclərinin hər biri, o vaxt dərk
etməsən də, illər sonra anlayırsan ki, sənin
özünün də, ömür sarayının da necə
olacağının əsasıymış,
mayasıymış.
Əslində, alın yazısı deyilən elə həm
də budur. Uşaqlığında, yeniyetməliyində, hətta
bəzən sən dünyaya gələnəcən mənsub
olduğun şəcərənin, ailənin həyatında
baş verənlər sanki sonra sənin ömrünü,
taleyini yönəldir, vaxt ötdükcə dünən cizgi
kimi olanlar qabarıqlığı ilə, böyük
ölçülərdə üzə çıxır.
Bir dəfə
məhrəm söhbətimiz əsnasında, hələ
sovetin cabəca yerində, sərhədlərin qapalı
olduğu zamanlarda 1945-1946-cı illərdə Cənubi Azərbaycandakı
Milli Hökumətimizin qurucuları və fəallarından
olmuş unudulmaz şairimiz Balaş Azəroğlu (1921-2011) bəxtdən,
qəzavü qədərdən gileylənirmiş kimi dedi:
"Dünyanın əcaib işləri var. Mən Azərbaycandan
Azərbaycana gəlmişəm. Məntiqlə ən
pis halda gərək köçkün adlanaydım. Amma Güney Azərbaycan İranın, Azərbaycan
Respublikası Sovet İttifaqının tərkibində
olduğundan, ayrı bir ölkədən başqa bir dövlətə
üz tutduğuma görə mən qaçqın
sayılıram. Adımızı rəsmən
"siyasi pənahəndə" yazsalar da, elə
qaçqınıq ki, varıq".
Heydər Əliyevin ömür sarayının ilk kərpicləri
düzüləndə, səmalarda onun nəsibinin necə
olacağının nəqşəsi tutulanda özü hələ
heç dünyaya gəlməmişdi. Onun qismətinə
dünyaya qaçqın ailəsində təvəllüd
tapmaq, irsən qaçqın kimi doğulmaq
yazılıbmış. Məhz qaçqın! Baxmayaraq ki, ata-anasının doğulduğu,
böyüdüyü yurdlar da Azərbaycanınkı idi,
onların həyatlarını xilas etməkçün
ümid yeri sayaraq sığındıqları
Naxçıvan da Azərbaycan idi. Ancaq Zəngəzuru
Azərbaycandan qoparıb vermişdilər Ermənistana və
dədə-baba yurdu çevrilib olmuşdu rəsmən
özgə yer. Öz ellərindən
öz ellərinə köç etmişdilər, ancaq bu didərginliyin
adı məcburi köçkünlük yox, elə
qaçqınlıq idi.
İlahi
Qələm Sahibindən savayı, kim təsəvvür edə
bilərdi ki, 70 il keçəcək, dünya məhvərindən
çıxıbmış kimi ağlasığmaz dərəcədə
dəyişəcək və həyata qaçqın ailəsində
gəlmiş bir insana XX əsrin bitəcəyində sayı
bir milyona çatan qaçqın və məcburi
köçkünün iztirablarını öz dərdi kimi
yaşamaq, bu düyünü açmaq yolunda gecə-gündüz
çalışmaq ali vəzifəyə dönəcək.
(Qismətinə
qaçqınlıq nisgili düşmüş Vüqar
Baxşəliyev 2023-ün yanvar günlərində mənə
göndərdiyi məktubunda əvvəlcə öz əsil-nəsəbindən
söz açır, zəngəzurlu olduğunu, təxminən
əmioğlu-əmiqızının izdivacından dünyaya
gəldiyini xəbər verir: "Ata tərəfim Comərdin
nəslindən - Şahgəldi bəydən, ana tərəfim
Alagöz Məhəmmədin törəmələrindən -
dəyirmançı Adıgözəl kişinin nəslindəndir.
Yəni bizim kənd iki qardaşın törəməsi
- Comərd bəylə Alagöz Məhəmməd bəyin
budaqlarıyıq. Babalarımızın dediyinə
görə, onların da atası Alı kişi
Güney Azərbaycanda Urmu gölü ətrafındakı
Qaradağlar xanlığındandır. Rəhmətlik
Həsən Əliyevin (1907-1993 - R.H.) dediyinə görə,
Alı bəy oğlanlarını o zaman Səmərqənddə
həm dini, həm hərbi təhsil almağa göndəribmiş.
Nadir şah xanədanı dağılandan sonra
Qarabağ xanı bunların sorağını alınca
öz yanına dəvət edir. Bunlar da gəlib
ilk öncə Hindarxıda məskən salmışlar, sonra da
xanın yanında Şuşada dövlət qulluğunda
olmuşlar. Zəngəzura gəlmələrinin
səbəbi isə xanla aralarında yaranan hüsumətdən
irəli gəlmişdir. Bunu atam Əli kişi
belə nəql edərdi. Atam 1910-da anadan olmuş, 1997-də
burada, Bakıda Badamdar qəbiristanlığında dəfn
edilib, anam da 1920 təvəllüdlü idi, 1992-də rəhmətə
getdi".
Yəni tarix həm yaxın, həm uzaqdır. Heydər
Əliyevin uluları, ata-babaları haqqında gerçəkləri
yaddaşında daşıyan ağsaqqallar hələ bizimlədirlər
və onlar varsa, dünənin həniri daha yaxından duyulur.
Vüqar
Baxşəliyev bunları da xəbər verir ki, atası,
babası Heydər Əliyevin ata-anasını, həm ata, həm
ana tərəfdən nənələrini, babalarını
öz gözləri ilə görüblər, onlarla
oturub-durublar, söhbətləşiblər: "Mənim ana
babam Adıgözəl kişi həm Alırza kişinin (Adətən
biz Əlirza yazırıq. Amma məncə,
Vüqar Baxşəliyevin - köhnə comərdlinin səsləndirməsi
daha doğrudur. Çünki Comərdlidə
"Əli" adı elə "Alı" kimi deyilib -
R.H.) birinci nikahdakı zövcəsi
Narıngülün, həm də ikinci həyat yoldaşı
İzzətin əmisi oğludur, yəni bunlar əmiuşağıdırlar
- Alagöz Məhəmmədin nəslindəndirlər. O zaman
Hacı Cəfərqulunun qızı olan İzzət xanım
bizim kənddən haradasa 10 kilometr olan Sisian kəndinə
Əbülfəz adında bir kişiyə ərə gedir. İndi hal-hazırda o kəndin adı Hasavandır.
1918 qırğınlarında Andranik oranı
viran etmişdi. Sonradan sovet dövründə
indiki rayon mərkəzinin adını dəyişib Sisyan
qoydular, əsl adı isə Qarakilsədir. Həmin qırğınlar zamanı İzzət
xanım yoldaşı Əbülfəz, bir də balaca
qızları Surə ilə bizim kəndə gəlirlər.
Andranik bizim kəndə də hücum edərkən
güclü müqavimətlə qarşılanıb.
Atamın əmisi qızı Hürrü, nənəmin
yoldaşı Əbülfəz baba danışırdı ki,
o zaman kəndimizdə Əlimərdan adında bir kişi varmış - bizim tarix müəllimi
Kərəm müəllimin babası olmuş. Həmin bu
Əlimərdan kişi, deyilənlərə
görə, 1915-ci ildə, Birinci Dünya müharibəsində
Osmanlı ordusunda çavuş imiş. Döyüş təcrübəsi
olan Əlimərdan kişi kəndimizin əli
silah tutan cavanlarını yığıb müqaviməti təşkil
edir. Hətta nənəm - anamın anası Tavat arvad
danışırdı ki, Əlimərdan o zaman Türkiyədən
digər sursatı ilə bərabər, 20-yə yaxın osmanlı mauzerləri, tüfənglər gətizdirib
kəndin cavanları ilə təlim də keçmişdi. Əbülfəz baba söyləyirdi ki, ermənilər
hücum edərkən bizimkilər bu tüfənglərdən
atəş açanda Andranik atəşin səsindən elə
zənn edib ki, kəndimizdə türk əsgərləri var.
Ancaq qüvvələrinin bərabər olmadığına
görə bizim camaat oranı tərk etməyə məcbur
qalıb. Elə həmin hadisələr
zamanı da İzzət xanımın həyat yoldaşı
Əbülfəz, qardaşı Heydər şəhid
düşüblər. Alırzanın
xanımı - Həsən Əliyevlə Hüseyn Əliyevin
(1911-1991 - R.H.) anası Narıngül də bu müsibətlər
əsnasında, eşitdiyimizə görə, tif xəstəliyindən
vəfat edir. Comərdli ağsaqqalların da məsləhəti
ilə Alırza kişi İzzət
xanıma elçi düşərək onunla ailə qurur.
Bizim kənddə bütün yaşlılar rəhmətlik
Həsən Əliyevə əmioğlu, gənclərsə Həsən
əmi deyə müraciət edərdilər. Yaxşı
yadımdadır, 1978-də Həsən əmi bizim kənddə
qonaq olanda bir çox kişilər Həsən əmiyə kəndimizə
gəlməsi münasibətilə ziyafət verdilər.
O zamanlar kəndimizin çox yaxşı vaxtları idi".
Mətləbdən uzaq düşsəm də, sadə
bir insanın, ömründə qaçqınlıq
yarasının izi olan köhnə comərdlinin məktubuna o
səbəbdən gen-bol yer verirəm ki, bunlar canlı
şahidin səsidir, dünəni bilməyən, ya bilərəkdən
bulanıq göstərməyə çalışan bədniyyətlərin
eşitməli olduqları həqiqətlərdir).
1998-ci ilin sentyabr-oktyabr aylarında növbəti prezident
seçkiləri ərəfəsində Heydər Əliyev Azərbaycan
boyu səfərə çıxmışdı.
Əvvəldən sonacan həmin səfərdə onu
müşayiət edən dəstənin içərisində
mən də vardım - həm rəsmən prezidentliyə
namizədin vəkili kimi, həm də gördüklərimi,
təəssüratlarımı elə o günlər ərzində
yazılaşdıraraq mətbuatda işıqlandıran bir qələm
adamı kimi.
Hansı rayona gedirdisə, mütləq
qaçqınlarla-köçkünlərlə ayrıca
görüşürdü. O dövrdə bu insanların vəziyyəti
ürəkparçalayacaq qədər ağır idi. Yayın qızmarında, payızın saqqız kimi
palçığında, yağışında-küləyində,
qışın qarında-sazağında onlar faciə binələri
kimi sıralanan çadır şəhərciklərində
yaşamağa məhkum idilər.
Heydər Əliyev onlarla sadəcə bu insanların
halına yanan, onlara dayaq durmağa var gücü ilə
çalışan bir dövlət başçısı
kimi danışmırdı. Hər dəfə
onların halına öz ailəsinin, valideynlərinin, qohum-əqrəbasının
yaşamış olduğu nisgillərdən bələd olan
həmdərd kimi yana-yana, onların doğması kimi
danışırdı.
Bir çadırın böyründə sac
üstündə fətir açan qadına
yaxınlaşınca həmin xanım oxlovla isti fətiri
götürüb Heydər Əliyevə sarı uzatdı. Hava yetərincə
sazaqlı idi və Heydər Əliyev fətirin
soyumasını gözləmədən, sanki bu istiliyi canına
çəkmək istəyirmiş kimi, dərhal əli
yana-yana bir parça kəsdi, iştahla yeməyə
başladı və qayıtdı ki, mən balaca
uşaqdım, hələ heç öz evimiz yox idi, balaca bir
mənzildə kirayənişin yaşayırdıq, anam da həyətdə
bu cür yuxa bişirərdi. Sağ olun, o dadı, o günləri
xatirimə gətirdiniz. İnşallah, sizin də öz həyətinizdə
elə belə sac açacağınız günlər də
gələcək!
Heydər Əliyev bilgin insandı, zəngin təcrübə
sahibi idi, ilk dəfə rast düşdüyü istənilən
şəraitdə həmin məqama uyğun
inandırıcı söz deməyə qadir bir şəxsiyyət
idi. Amma Heydər
Əliyevin müstəsnalığının bir vacib tərəfi
də bundaydı ki, o, həyatın hər üzünü
görmüşdü və məhz
yaşadıqlarını söylədiyindən heç bir
sözü qəlp səslənmirdi, ürəyin dibindən
gəlirdi, bu üzdən də onu hər kəs özünə
yaxın, simsar kimi qəbul edirdi, sözünün hərarətinə
isinir, həqiqətinə iman gətirirdi.
...Çoxuşaqlı,
kasıb bir ailədə böyüyürdü. Üstəlik, 1920-30-cu illərin özü
kasadlıq, ehtiyac, yüz cür sıxıntılarla dolu
dövr idi.
Və ömrün onu o edəcək kərpiclərinin
çoxu elə həmin sınaqlı vaxt kəsiyində
düzülürdü.
O
çağların bir özəlliyi də bu idi ki,
bütün qəhətliklərə rəğmən, həm
bilikli, peşəsinin aşiqi, fədakar müəllimlər
az deyilmiş, həm də uşaqlarda
oxumağa, öyrənməyə xüsusi maraq və
şövq varmış.
Bunu, bir tərəfdən, o illərin şahidlərindən,
o sıradan elə həm də qocaman
naxçıvanlılardan arxada qalan 25-30 ildə dinlədiyim
xatirələrdən bilirəmsə, digər tərəfdən,
bilavasitə şəxsi mülahizələrim və
müşahidələrim də çoxdur. Belə yazmağım təəccüb
oyatmasın ki, həmin çağlardan çox sonra
dünyaya gəlmiş bir insanın o hadisələrlə
bağlı necə şəxsi müşahidələri ola bilər.
1990-cı illərin əvvəllərində mənə,
yalan olmasın, sandıq irilikdə bir çamadan gətirdilər. Bu, Hüseyn
Cavidin (1882-1941) böyük qardaşı Şeyx Məhəmməd
Rasizadənin (1878-1939) şəxsi arxivi idi.
Şeyx Məhəmməd
1906-cı ildən başlayaraq ta 1930-cu illərədək bir
neçə nəsil naxçıvanlının - akademiklər
Yusif Məmmədəliyevin (1905-1961), Həsən Abdullayevin
(1918-1993), Həsən Əliyevin, Məmməd Cəfərin
(1909-1992)... müəllimi, o cümlədən, öz
ortancıl qardaşı Hüseynin - gələcək Cavidin
birinci ustadı, böyüyü olmuşdu.
Həmin
xəzinəyə bərabər sandıqçada Şeyx Məhəmmədin
müxtəlif əlyazmaları ilə yanaşı,
şagirdləriylə, məktəblə, tədrislə
bağlı çoxlu qeydləri, bir sıra yetirmələrinin
bəyənib yadigar saxladığı inşaları,
yazı-pozusu olan şagirdləri ilə əlaqədar
Bakıya, qəzet və jurnallara ünvanladığı təqdimat,
dəstək məktublarının surətləri vardı.
Saralmış vərəqləri bir-bir qaldırıb
oxuduqca özümü çoxdan axıb getmiş günlərin
qoynunda təsəvvür edirdim.
Heydər Əliyev də Şeyx Məhəmmədin
şagirdlərindən olmuşdu.
Naxçıvan
səfərimiz - Cavid məqbərəsinin
açılışına uçduğumuz əsnada -
1996-cı ilin 29 oktyabrında arada Heydər Əliyev Turan
xanımı (Turan Cavid, 1923-2004), Anarı (1938), məni və
daha bir neçə nəfəri təyyarədəki Prezident
otağına dəvət etdi.
Xeyli söhbətləşdik və o günlər idi
ki, Şeyx Məhəmmədlə məşğuldum, onun
haqqında ilk yazıları qələmə alırdım və
Ulu öndərdən də münasib girəvədən
istifadə edərək müəllimi barədə
soruşdum.
"Çox yaxşı müəllim idi, son dərəcə
tələbkar idi, bizi çox
sıxışdırırdı, amma yaxşı da öyrədirdi. Bizə Azərbaycan
dili, ədəbiyyatdan dərs deyirdi. Sonra iş elə gətirdi
ki, mən uzun illər əsasən rus dilini işlətdim. Dövlət Təhlükəsizlik Komitəsində
bütün yazılar rus dilində aparılırdı.
Dövr elə idi ki, orada işləyəndə
də, Mərkəzi Komitədə olanda da rus dili
aparıcı idi. Moskvada isə elə
yalnız rusca danışır, rusca yazırdıq. Əgər bütün bunlardan sonra mən Azərbaycan
dilində səlis, rəvan danışmaq, yazmaq vərdişlərini
yadırğamadımsa, bunun əsas səbəblərindən
biri elə müəllimim Şeyx Məhəmməddən
aldığım dil, ədəbiyyat tərbiyəsidir".
Şeyx Məhəmməd
Naxçıvan hüdudlarında qapılıb qalsa da, əyalət
mühitinə sığan adam olmayıb. Müəllimlik onun fəaliyyətlərinin sadəcə
bir qanadıymış, o, gününün
gözüaçıq, müasir düşünən,
şeirlər yazan, mətbuatla daimi rabitəsi olan
ziyalılarındanmış. Naxçıvanda
otura-otura Azərbaycanın ədəbi-mədəni həyatındakı
hadisələrin əksərinə münasibət
bildirirmiş, şəxsi ədəbi təcrübələri
öz yerində, çoxlu tərcümələr də
edirmiş. Rus klassiklərindən Aleksandr
Sergeyeviç Puşkinə (1799-1837) münasibəti məxsusiymiş,
ona şeir də həsr edibmiş, əsərlərindən
tərcümələri də var.
Ümumən
1899-cu il Naxçıvanda görkəmli
maarifçi Məhəmmədəli Sidqinin (1854-1903) təşəbbüsü
ilə Puşkinin anadan olmasının 100 illiyi qeyd edilərkən
elə onun təklifi ilə də şairin xatirəsinin əbədiləşdirilməsi
üçün şəhərin mərkəzində
adına küçə verilməsi mütərəqqi bir
hadisə idi və Naxçıvan ziyalı mühitinin səviyyə
göstəricilərindən sayılmalıdır.
Və Heydər Əliyev də elə həmin
küçədə doğulmuş, uşaqlıq illərində
hər gün o tarix dolu məhəllələrdən
keçmişdi.
Daha düz ünvanı Heydər Əliyev özü dəqiqləşdirir,
Puşkin küçəsindəki "Dar küçə"
adlanan dalanda dünyaya gəldiyini təsdiqləyirdi.
Heydər Əliyev "Dar küçə" adlanan
ensiz döngədə doğularaq öz varlığıyla, əməlləriylə
Azərbaycan tarixindəki ən gen prospektə çevrilə
bildisə, bu nailolmanın cövhərində o uzaq illərdə
aldığı tərbiyə və dərslərin yeri və
təsiri danılmazdır.
...1995-ci
ilin yazında Müslüm Maqomayev adına
Azərbaycan Dövlət Filarmoniyasında Xalq artisti Zəroş
Həmzəyevanın (1925-2004) 70 illiyinə həsr edilən
yubiley mərasimi keçiriləcəkdi. Zəroş
xanım xahiş etmişdi ki, həmin tədbiri mən
aparım. Zəroş xanımla daha əvvəllərdən
- 1980-ci illərin sonlarından münasibətimiz vardı.
Tanışlığımıza da
körpü Məhsəti Gəncəvi (1089-1181) olmuşdu.
XII yüzilin şöhrətli qadın
şairi haqqında monoqrafiyam çapa hazırlananda Kəmalənin
(1936-2019) Naxçıvan teatrında tamaşaya qoyulmuş
"Məhsəti" pyesində baş qəhrəmanın
surətini yaratmış aktrisa Zəroş Həmzəyevanın
bu roldakı fotolarına ehtiyac yaranmışdı. Görüşmüşdük, şəkilləri
vermişdi, surət üzərində necə işləməsi,
tamaşaların necə qarşılanması ilə
bağlı maraqlı təfərrüatları
danışmışdı.
1995-ci ildə
yubiley gecəsi ərəfəsində daha da
yaxınlaşdıq, tez-tez görüşürdük və
o zamanlar Heydər Əliyev haqqında kitab yazmaq barədə
düşündüyümdən onunla bir sinifdə
oxumuş, eyni partada əyləşmiş keçmiş
şagird yoldaşının xatirələri, sözsüz
ki, mənimçün çox əhəmiyyətli idi.
Zəroş xanım söyləyirdi ki, o, həm sinifdə,
həm də məktəbdə ən seçilən
şagirdlərdən idi. Bir dəfə
olmadı ki, hansısa müəllim onu dərs
danışmaqçün lövhəyə
çağırsın, Heydər hazır olmasın. Həmişə, hər işdə birinciydi, təşəbbüskar
idi. Məktəbin bütün
plakatlarının mətnini yazırdı, tərtibatını
verirdi.
Və ömrü boyu da belə qaldı. Hansı sahədə
çalışdısa, orada həmişə seçilən
oldu, birinci oldu, təşəbbüskar oldu!
Məktəb illərinə, 1930-lara qayıdan Zəroş
xanım nağıl edirdi, o vaxt hər sinfin öz divar qəzeti
vardı. Heydərin xətti qəşəng olduğundan mətnləri
o yazırdı. Divar qəzetimizin hazır
karton lövhəsi vardı, adətən ayda bir dəfə
köhnə yazıları qoparıb təzə
yazıları ora yapışdırardıq. Heydər bir dəfə təşəbbüs
qaldırdı ki, ayda bir dəfə çıxan qəzet
sayılmaz ki, gəlin divar qəzetimizi hər həftə
buraxaq. Sinif rəhbərimiz də təklifi
bəyəndi. Həm də əlavə
etdi ki, bir halda ki hər həftə divar qəzetini təzələyən
tək biz olacağıq, direktorla danışım, bundan
sonra divar qəzetini sinif otağında yox, məktəbin dəhlizindən
asaq.
Elə illər idi ki, qıtlıqdı, çox şey
çətin tapılırdı. Bir gün məlum oldu
ki, divar qəzetinin yazıları hazırsa da, yapışqan
olmadığından təzə nömrəni çıxara
bilmirik. Hər təzə həftənin
ikinci günləri dəhlizdə yeni nömrəni
asardıq. Çatdıra bilməsəydik,
onsuz da həsəd aparan rəqiblərimizin - qonşu siniflərin
bizə söz atmaq fürsəti yaranacaqdı. Heydər sinfi sakitləşdirdi ki, narahat olmayın,
mən həll edərəm. Məəttəl
qaldıq ki, necə həll edəcək. Axı
yapışqan mağazada da yox idi. Səhəri gün
Heydər yumruq boyda bir kağız
bükülüsünü dərsdən qabaq masanın
üstünə qoydu: "Anamdan istədim, acıtmadır,
bizim evdə çörək bişirməkçün həmişə
ayrıca bir qazanda ehtiyat saxlanır. Bu da
sizinçün yapışqan!"
Əslində, xəmir yoğurmağa gərək olan
mayanın-acıtmanın saxlandığı o cür balaca
qazan təxminən hər evdə vardı, ancaq belə bir
çıxış yolunu tapmaq tək Heydərin
ağlına gəlmişdi.
Zəroş xanım belə xatırlayırdı. Və o yaddaşlar
arasındakı bu işartıları da yadda saxlayaq - ən
dar macalda da ən müşkül məsələni həll
etməkçün üzdən sadə görünən,
amma dürüst həll yolunu tapmaq xüsusiyyəti də
ömür boyu Heydər Əliyevlə oldu, bu keyfiyyəti illərcə
təkmilləşdi və həmişə də dadına
yetdi. Kəşfiyyatçı olanda da, dövlət
işində çalışanda da, elə
löyün-löyün həyat məsələlərində
də.
Əsl adı Zərrintac olan Zəroş xanımın
qızlıq soyadı Əliyeva idi. Həmzəyevaya ona görə
çevrilmişdi ki, doğulub-yaşadığı və
çalışdığı Gəncədən hökumətin
göndərişi ilə Naxçıvana gələn, sonra
həyatını bu diyarla bağlayan tanınmış aktyor
və rejissor, Xalq artisti İbrahim Həmzəyevə
(1908-1982) çox erkən - 15 yaşında qoşulub
qaçmışdı və onunla ailə həyatı
qurmuşdu.
Bu, Mir İbrahimin ikinci evliliyi idi. Bundan əvvəl 1 il müddətində aktrisa Barat Şəkinskayanın
(1914-1999) əri olmuşdu, bir qız uşaqları da
dünyaya gəlmişdi (Tale elə gətirdi ki, həmin
qız - Solmaz Həmzəyeva (1932) 1970-ci illərdə tələbə
ikən hazırladığım ilk televiziya verilişlərinin
rejissoru oldu və doxsanını arxada qoymuş bu nəcib
insanla dost münasibətlərimiz bu gün də davam edir).
Atası bu qoşulubqaçmaya, belə dəlisov hərəkətinə
görə o vaxt Zəroşdan üz döndərsə də,
çox sağlam, möhkəm ailə alındı. Sonra Mir İbrahimlə sərasər
44 il birgə xoşbəxt ömür
sürdülər, daim səhnədə də tərəf-i
müqabil oldular və 1982-ci ildə istəkli ömür
dostu vəfat edəndən sonra Zəroş xanım teatrdan da
ayrıldı - daha səhnəyə çıxmadı...
Naxçıvan
teatrında çalışdığı 35 il
müddətində bölgənin mədəni həyatının
inkişafına, zövqün yüksəlişinə əvəzsiz
töhfələr vermiş Mir İbrahim Həmzəyev bu
şəhərə ilk dəfə qorxunc ildə - 1937-də
qədəm basmışdı. Lap az
öncə onun doğma qardaşı da siyasi repressiya
qurbanına çevrilmişdi.
O,
Naxçıvana gələndə Heydər Əliyev məktəbli
idi, 14 yaşı vardı. Üstündən
böyük vaxt keçəndən sonra ömrünün o
illərini anarkən Heydər Əliyev ilk dəfə 1937-ci
ildə şıq geyimli, şəhər bağındakı
teatr binasına doğru irəliləyən bir tanımadığı
adamı gördüyünü və elə həmin andan bu
şəxsə onda maraq yarandığını söyləyirdi.
Və təqribən 60 il sovuşandan sonra Mir İbrahim Həmzəyevin
kostyumundan, köynəyindən, qalstukundan parlaq
ayaqqabısınacan geyim-keçimini dəqiqliklə
xatırlaması pıçıldayır ki, daim çərçivəsində
qaldığı rəsmiyyətin imkan verdiyi qədər həmişə
səliqəli, zövqlə geyinməyə
çalışmış, qədd-qamətli olduğundan hər
geydiyi də ona çox yaraşan Heydər Əliyevdə bu
şakər də elə uşaqlığından
varmış, başqa özünəməxsusluqları kimi,
bu zəriflik də canına işləyərək xarakterinin
bariz cəhətlərindən biri kimi sabitləşib.
Öyrənəndə
ki, şəhərə yenicə gəlmiş bu adam aktyordur, Heydərin ona heyranlığı
bir az da artır: "13-14-15 yaşlarında Naxçıvan
Dövlət Teatrının tamaşalarına çox
böyük həvəs və maraqla baxırdım. İbrahim Həmzəyevin ifa etdiyi rolların
vurğunu idim.
Mən həmişə
teatra yaxın və bağlı adam
olmuşam. Bu, ötəri hiss deyil, içimdən
gələn bir məhəbbətdir. Teatrı
çox sevirəm. Teatra məhəbbət
mənim içimdə var".
Axıracan Heydər Əliyevlə qalan bu teatr məhəbbəti
uzaq 1937-ci ildə onu sövq etmişdi ki, İbrahim Həmzəyevin
Naxçıvan şəhər "Pionerlər evi"ndə
təşkil etdiyi "Bahar" adlı dram dərnəyinə
yazılsın.
Və tezliklə bir-birinin ardınca hər yeni
tamaşada baş rol tərəddüdsüz Heydərə
tapşırılır.
O tamaşalar,
o həyəcanlar, o sevincləri vaxtın küləkləri
çoxdan sovurub aparıb. Məktəbli Heydər
Əliyevi səhnədə, növbəti rolunu ifa edərkən
göstərən bircə foto qalıb.
Lakin görənlərin yaddaşında o səhnələr
uzun illər boyu dünən baş veribmiş kimi canlı
idi.
1988-ci ilin payızında hansı tədbirləsə
bağlı Cavidin nəşini Sibirdən vətənə gətirənlərdən
olan Həmid Cəfərovla (1938) Naxçıvandaydıq. İbrahim Həmzəyevin
oğlu, elə atası kimi uzun müddət aktyorluq etmiş,
sonralar 8 il Naxçıvanın mədəniyyət
naziri işləmiş Nizami Həmzəyev (1943-2021) təkid
etdi, axşam mehmanxanaya deyil, onun evinə gedəsi olduq.
Qazancım da bu oldu ki, gecə yarısınadək söhbət
etdik, atasıyla bağlı çox xatirələri
bölüşdü və həmin xatirələrin
arasında yeniyetmə Heydər Əliyev də vardı:
"Atam deyirdi ki, məktəblilərdən tutmuş
ahıllaracan saysız aktyorlarla işləmişəm, amma nədirsə,
onların arasında məni ən çox heyrətləndirən
Heydər Əliyev olub. Belə baxsan, hələ uşaq idi,
14-15 yaş nədir ki! Ancaq
tapşırdığım hər rolun ruhunu dərhal tuturdu,
rolunun sözlərini bir-iki dəfə oxuyan kimi əzbərləyirdi
və elə ürəklə oynayırdı ki, elə bil qəhrəmanın
deyil, öz ömrünün hadisələrini yaşayır.
O, bu sənətin ardınca getsəydi, sadəcə
yaxşı deyil, böyük aktyor olardı".
Nizami müəllim belə yada salırdı və təcrübəli
teatr xadiminin müşahidəsi hər halda sərrast
imiş.
Heydər Əliyev teatr səhnəsində rollar oynayan
aktyor olmasa da, tale ona Tarixin Səhnəsində böyük
Rollar ayırmışdı.
Ancaq bəlli teatr rollarından fərqli olaraq, bu
tamaşaların rejissoru da, dramaturqu da, aktyoru da Heydər
Əliyev özü idi.
Ömrü boyu da taleyin ona həvalə etdiyi rolların
öhdəsindən fövqəladə ustalıqla gəldi.
Lakin bir başqa baxımdan aktyorluq vərdişləri
liderlərə, millət rəhbərlərinə, dövlət
böyüklərinə kütlələr
qarşısına çıxan, ardınca onminləri və
yüzminləri aparmalı olanlara çox gərək olan və
adətən də onlara xas özəlliklərdəndir.
Sən insanlar qarşısına hər
çıxmağında, əslində, böyük səhnədə
olan kimisən.
Rolunu
layiqincə, səmimiyyətlə ifa edə bilsən,
gücünün üstünə güc gələcək,
ardınca gələnlərin sayı artacaq, bircə an belə
sünilik, falş, qeyri-səmimilik hiss etsələr, sənə
öndər deyil, uğursuz artist kimi baxacaqlar.
Tarix elələrini də, belələrini də bəs
deyincə görüb.
Elə Azərbaycanda
biz də görəsi olduq...
Bir dəfə görkəmli aktyorumuz Nodar
Şaşıqoğlu (1927-2013) Heydər Əliyevə
yarızarafat-yarıciddi demişdi ki, məndən muğayat
olun, yəqin, gec-tec sizin rolunuzu da oynayacağam. Heydər
Əliyev də gülərək elə eyni tərzdə dərhal
cavab vermişdi ki, öz rolumu mən özüm oynayıram,
bu rolun da öhdəsindən mənim kimi gələn olmaz.
Düz demirdimi məgər?!
Yazılmış rolların ən mürəkkəbini
də istedadla ifa etmək kamil sənətkar əlində
mümkün işdir.
Tarixin sənin boyuna biçdiyi rolu ləyaqətlə
icra edib sevgilər və ehtiram qazanmaq nadirlərə müyəssər
olan hünərdir. Çünki bu nəhəngdən-nəhəng
səhnənin tamaşaçısı və münsifi
zamandır, tarixdir.
Heydər Əliyev Tarixin ona tapşırdığı
rolu ifa edərək gedib, pərdə bağlanıb.
Ancaq adı, surəti, səsi, əməlləri, yolu hər
gün bizimlədirsə, deməli, Adil Münsifin -
Tamaşaçı Tarixin alqışları davam edir.
Böyük
Rol sahiblərisə alqışlar var olduqca diridirlər!
Heydər Əliyev misli olmayan natiq idi. Nədən
danışırsa danışsın, onu dinləyənləri
diqqət kəsilməyə vadar qıla, məftun edə
bilirdi.
Əvvələn xalq dil bulağından su
içmiş saf, gözəl azərbaycancası ilə,
yapışıqlı, təsirli səsi ilə, aydın tələffüzü,
hər sözün, hər mətləbin üstünə səsinin
mövzuya uyğun dəyişən ahəngi ilə
qoyduğu vurğularla.
Və təbii ki, nitqindəki dərinlik, məntiq,
anındaca improvizə qabiliyyəti, fikirlərinin sanbalı və
şəxsiyyətindən saçılan güc də Heydər
Əliyevin natiqliyini qat-qat cazibədar edirdi.
Bu üstünlüklərin belə mükəmməl vəhdəti
tək-tək insanlara xas olan vergidir.
Ancaq vergi vergiliyində, zəhmət də vacibdir
axı.
Adı dünya tarixinə natiqlik rəmzi kimi həkk
olunmuş Demosfenin (m.ö. 384-322) o ucalığa dikəlməkçün
hansı usanılmaz əməklər sərf etdiyinin hekayətləri
məşhurdur.
Və
Heydər Əliyev də belə əvəzsiz bir natiqə
döndüsə və Azərbaycanın hafizəsində
bütün başqa məziyyətlərindən savayı, həm
də bu özəlliyi ilə daim bir örnək olaraq
qalacaqsa, həmin misilsizliyin də ardında fitrətən ona
qismət keyfiyyətlərdən əlavə yorulmadan
çalışmaq, öz üzərində işləmək,
müdam bu keyfiyyətləri pardaxlamaq, cilalamaq
inadcıllığı var.
Yenə məktəb
illərini, teatra aşiq olduğu ilk çağları
xatırlayarkən Mir İbrahim Həmzəyevin adını
çəkirdi: "Onun çox yaxşı diksiyası
vardı. Mən də evə gəlib onun dediklərini
təkrar edir, onun kimi danışmağa
çalışırdım".
Diqqət edin - hamı kimi yox, məhz onun kimi,
gördüyü səhnənin ən yaxşı aktyoru kimi.
Gəlirmiş evə, dayanırmış güzgü
qabağında, eyni mətnləri dönə-dönə təkrarlayırmış. İstədiyinə nail
olana qədər!
Heydər
Əliyev Azərbaycan Tarix Səhnəsinin ən güclü
Natiqinə çevrilə bildisə, gizlin elə bundadır,
rişə o günlərdədir...
Bəzən heyrətlənirdilər ki, nə təhər
olur, Heydər Əliyev teatrdan danışanda teatrın,
musiqidən bəhs edəndə musiqinin, rəssamlıqdan
söz açanda rəssamlığın bilicisi kimi fikir
söyləyə bilir.
Sonralar
oxuduqları, öyrəndikləri, müşahidə etdikləri
bir yana, axı bunların hər birinin
uşaqlıq, yeniyetməlik illərindən onun ömründə
izi vardı.
Və təməl kərpiclərdən daha biri.
Heydər Əliyevin bir başqa qabiliyyəti də onun
yaxşı rəssamlığı idi.
Naxçıvanda, öz dilindən eşitmişəm,
Möminə xatun (v. 1175) türbəsini (1186) göstərib
söylədi ki, mən məktəbdə oxuyanda Möminə
xatunun bir neçə görünüşdən rəsmini
çəkmişdim. Bunu da özü danışırdı
ki, elə həmin məktəb illərində şagirdlər
arasında ən yaxşı portret müsabiqəsi
keçirilirmiş və onun "Füzuli"si mükafata
layiq görülür.
Heydər Əliyevin yeniyetməlik, gənclik
çağlarında çəkdiyi, çoxu
itib-batmış (hər halda salamat qalanı, sonra əziz
yadigar kimi özünə hədiyyə olunanı da vardı)
rəsmlərinin heç vəchlə itib-batmayan bir keyfiyyəti
də həmişəlik onunla qaldı.
Rəssamlıq digər bütün məziyyətlərindən
əlavə, həm də göz yaddaşı deməkdir.
Heydər Əliyevin çox möhkəm, etibarlı
yaddaşı vardı. Çöhrələri, hadisələri, tarixçələri
və tarixləri çox zaman eşidənləri mat qoyan bir
dəqiqliklə hafizəsində daşıyırdı. Onun yaddaşına məhz rəssamlara xas bir
fotoqrafiklik - hər şeyi xırda ayrıntılarına qədər
hafizənin alt yox, məhz üst qatında qoruya bilmək xas
idi.
Rəssamların
sərgilərini seyr edəndə, ayrı-ayrı əsərlərə
baxanda elə sıradan olan tamaşaçı kimi göz
yetirib ötmürdü, hər özəlliyə diqqət
yetirirdi və əgər sərgisi təşkil edilmiş həmin
rəssam oradaydısa, ona da ləzzət edirdi ki,
yaratdığına adi bir tamaşaçı yox, hal əhli
baxır və onun nə etmiş olduğunu, nələri
çatdırmaq istədiyini digər baxanların əksərindən
fərqli olaraq görür və dəyərləndirir...
Rəssamlıq həm də nə çəkirsənsə
çək, ilk növbədə kompozisiya qurmaqdır. Bu sənətin
həmin özəlliyi də daim Heydər Əliyevin
yaradıcı varlığında nəbz kimi
çırpındı. Rəssam olmadısa da, rəssamlıq
onunla biryolluq qaldı və müstəqil Azərbaycanın
gözəl kompozisiyasını qurarkən onun beynindəki səmtverici
güclərdən və işıqlardan biri də elə
fitrətindəki rəssamlıq istedadından
saçırdı...
...Zəroş xanım Həmzəyeva bunu da söyləyirdi ki, Heydər fəallığı ilə onsuz da məktəbdə nəzərləri cəlb edirdi, amma həm də yaraşığı, boy-buxunu ilə qızların, demək olar, hamısının diqqətini çəkirdi. Qış günlərindən birində məktəbə dəmiryolçu atasının şinelini geyinərək gəlmişdi. Bu dəmiryolçu geyimi lap hərbçi şinelinə oxşayırdı, uca boylu Heydərə də çox yaraşırdı. Qızlardan kimsə söz atdı ki, elə bil generaldır. Və o gündən məktəbdə Heydərin ləqəbi elə "General" qaldı.
Heç kim o vaxt, əlbəttə, agah deyildi, amma Pərvərdigara əyan idi ki, bunlar da yazıdır - o uşağın o gün o şineli geyinməsi də, o ləqəbin həmin gün onun adına qoşulması da tale işidir.
Həmin günlərdən otuz ildən də artıq vaxt sovuşacaq və 1967-ci ilin oktybarında Naxçıvana da, o məktəbə də xəbər yetişəcək ki, həmin oğlan Azərbaycan tarixində dövlət təhlükəsizliyi şəbəkəsində çalışan ilk azərbaycanlı olaraq general-mayor rütbəsinə layiq görülüb.
Və 1930-cu illərdə o məktəbdə, Naxçıvanda gələcəyin bir başqa həqiqəti də təbii olaraq heç kəsə məlum deyildisə də, Bütün Naməlumları BİLƏN aşkar idi ki, gün gələcək, bu dəmiryolçu balası SSRİ Nazirlər Sovetinin birinci müavini kimi, bir sıra başqa sahələrlə yanaşı, nəhəng Sovet İttifaqının bütün dəmiryol şəbəkəsinə nəzarət edəcək...
...Bu da unudulmaz Heydər Əliyevin müəllimi Şeyx Məhəmmədlə bağlı mənə söylədiyi çox düşündürücü bir hekayətdir.
Deyir, 5, ya 6-cı sinifdə oxuyurdum. Bir qış səhəri dərsə gedirdim. Qəfildən yolda gözümə yerə atılmış, üzqabığı olmayan bir kitabça dəydi. Götürüb vərəqlədim. Hansısa xarici ölkə yazıçısının Azərbaycan dilinə tərcümə edilmiş bir povesti idi. Kitabın əvvəlinci və sonuncu vərəqləri olmadığından nə müəllifi, nə əsərin adını müəyyənləşdirmək mümkün idi. Elə kitabı vərəqləyirdim ki, arxadan çiynimə bir əl toxundu. Qanrılıb baxdım, müəllimimiz Şeyx Məhəmməd idi. Gülümsünüb dedi ki, deyəsən, yenə köhnə kitab tapmısan və özü də başladı maraqla vərəqləməyə. Sonra da dedi ki, bu gün bir qoşa saat inşa dərsimiz var. Sən sərbəst mövzuda yaz. Elə bu kitabdan. Diqqətlə oxu, burada bəhs olunan əhvalatın yarımçıqlığını özün aradan götür, əvvəlini, axırını da məzmuna görə düzəldib hekayəti tamamla.
Şagird "Baş üstə!" deyir və o gün çatışmayan, əskik hissələrini tamamlayaraq bütövləşdirdiyi hekayət əsasında yazdığı inşasına görə "beş" qiymət alır.
Onillər ötəcək, XX yüzilin bitəcəyində, təlatümlü bir zamanda yenidən bərpa olunmuş müstəqilliyinin ilk mübarizəli illərində taleyin və zamanın hökmü ilə yenidən Azərbaycan rəhbərliyinə qayıdan Heydər Əliyev kövrək addımlarını atan gənc dövlətin yolunun əvvəlindəki çatışmazlıqları, əyər-əskikləri cilalayacaq, tamamlayıb bütövləşdirəcək, yolun səmtini dəqiq müəyyənləşdirəcək, sütun-sütun, divar-divar dövlət imarətini quracaq, sis-duman içindəki kimi görünən sabahlarda çaşıb qalmamaq, əmin və inamlı irəliləmək üçün aydın istiqamətləri müəyyənləşdirəcək, təməllər yaradacaq.
Qadir şəxsiyyəti və üstün zəkası
ilə tamamlaya, bütövləşdirə bildiyi bu dövlət
və millət quruculuğundakı inşasına görə
isə ona "əla" qiyməti bu dəfə başqa
müəllimi - TARİX verəcək!
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2023- 14 yanvar.- S.8-9-10.