Xatirələrdə əbədiləşən
loğman
Orta məktəbdə oxuyanda müəllimimizdən
soruşmuşdum ömür nədir. Müəllimimiz təbəssümlə
demişdi ki, bu məhfumu hərə öz ürəyincə,
duyumunca, dünyagörüşüncə yozur. Sonralar dərk eləmişdim ki, ömür
insanın yaşadığı illər deyil, bu illərin
içində el-oba üçün, xalq üçün,
dövlət üçün yaşanılan illərdi.
Onu da dərk eləmişdim ki, ömür məfhumunun
fəlsəfəsini dərk edənlər üçün bu
gün sabahlara görə yaşanılır; sabahlara görə
yaşanılan ayların, illərin qədir-qiyməti bu dərklə
bağlıdı. Yəni ömür bu gün sabahlar
üçün yaşanılan aylardı, illərdi...
Soltan Musa oğlu Vəliyev də belə bir ömür
yaşadı.
1925-ci il mayın 10-da Zəngilan royonunun
Malatkeşin kəndində anadan olmuşdu. Səsi səsdən,
sözü sözdən atası Kərbalayı Musanın
oxuduğu Qurani-Kərimin avazıyla ayırd edə
bilmişdi; bu avaz dürüstlüyə, insafa, insansevərliyə,
imana çağırış olub - Soltan belə
yaşadı, belə tanındı...
Pirçivan kənd (indiki Zəngilan şəhəri)
orta məktəbində təhsil aldı. O illər
savadsızlıqdan qurtuluş, təhsilə keçid illəriydi
- bütün sahələr üzrə kadr
çatışmırdı. Ona görə
orta məktəbi bitirdikdən sonra yaxşı oxuyanları
qısa müddətli təhsil sisteminə cəlb edirdilər
- Soltan Vəliyevi Qaryaginə (indiki Füzuli) birillik müəllim
hazırlayan kursa göndərdlər. Özü
istəmişdimi, bu qərar Soltanın ürəyiycəndimi?
- heç kim soruşmadı, o da heç
kimə heç nə demədi...
Soltan Vəliyev 1943-cü ilin iyulundan 1944-cü ilin
avqustunadək Zəngilan kənd orta məktəbində
fizika-riyaziyyat müəllimi işlədi. Şagirdlərə
bu elmlərin əsasını sevdirə-sevdirə işlədi.
Az sonra rayonun rəhbərliyi gənc
müəllimin siyasi səbatlığını da dəyərləndirib
- 1944-cü ilin avqustundan noyabrınadək Zəngilan rayon
partiya komitəsində texniki katib vəzifəsində işlədi
Soltan Vəliyev, 1944-cü ilin noyabrında rayon komsomol komitəsinin
birinci katibi seçildi. Böyük etimad idi, böyük inam
idi, birillik müəllim hazırlığı kursunu
bitirmiş kadra bu səviyyədə etibar onun biliyinə,
bacarığına, təşkilatçılığına,
siyasi hazırlığına verilən dəyər idi...
Soltan ali təhsil almaq istəyirdi. Söz düşəndə
deyərdi: "Ali təhsil insanın kamilləşməsində
ən gözəl vasitələrdəndir. Ali təhsil
alacam. Mütləq..." Hansı duyumun təsiri
iləsə həkim olmaq istəyib. "Müəllim
kimi şagirdlərinin düşüncələrinin, deməli,
ürəyinin xidmətindəydim, bundan sonra hamının
sağlamlığının xidmətində olmaq istəyirəm..."
- deyərmiş. 1946-cı ildə Azərbaycan
Tibb İnstitutuna daxil oldu. Oxuya-oxuya öyrəndi,
öyrənə-öyrənə oxudu. 1952-ci ildə
rayona alitəhsilli həkim kimi qayıtdı; həkimlik həkim-cərrah
Soltan Vəliyevin ömrünün yeni mərhələsi
oldu...
Soltan Vəliyev
də bilirdi ki, həkimlik İbn Sinalıq yoludur...
Yaxşı
iş görünür, dəyərləndirilir; yaxşı
iş sonrakı yaxşı işlərin ən etibarlı
başlanğıcı olur. 1954-cü ilin
oktyabrında Soltan Vəliyevi Zəngilan rayon xəstəxanasının
baş həkimi vəzifəsinə təyin etdilər. Onda bir daha qətiyyətlə "Mən
insanların sağlamlığının keşikçisiyəm.
Mənim ömrüm bu vəzifənin layiqincə yerinə
yetirilməsi olacaq..." dedi. Onun and kimi səslənən
fikirlərini kimsə eşidə bilməzdi...
Soltan Vəliyev həm yaxşı həkim idi, həm də
yaxşı təşkilatçı. Müraciət
edənlərlə söhbətləri mövcud xəstəliyin
səbəblərini aşkarlama vasitəsi bilirdi. Ona görə pasiyentə düzgün diaqnoz qoyurdu,
müalicə düzgün gedirdi, sağalma prosesi tezləşirdi.
Xəstəxanada fəaliyyət belə təşkil
edilmişdi; tibb personalı belə işləyirdi. Müraciət edənlər operativ qayğı ilə
əhatələnir, qısa müddətdə müalicə
olunurdular. O illərdə el arasında bir deyim vardı:
Filankəsin əlləri qızıldı, yəni filankəs
bacarıqlı, qabiliyyətli adamdı. Zəngilan
Soltan həkimi belə tanıdı, belə sevdi. Bu sevgi onun 1989-cu ilin oktyabrına kimi Zəngilan rayon
xəstəxanasının baş həkimi işləməsinin
zəmanəti oldu. 35 il, 12775 gün!
Az qala bir bu qədər gün ağ
xalatda palatalarda səhər yoxlanışları, xəstələrlə
kəlmələşmələr, zəruri müayinələr,
əməliyyatlar və pasiyentlərin
razılığının ifadəsi olan xoş təbəssümlə
əhatələnmə...
Soltan həkim həm də mübariz insan olub - şəraitlə
(təbii ki, həm də sosial şəraitlə!) mübarizə
apara-apara işləyib. Bu mübarizənin də mahiyyəti
insanların sağlamlığı keşiyində dayanmaq
olub; rayonda ixtisaslı həkim, tibb personalı
çatışmırdı, kəndlərin əksəriyyətində
elektrik enerjisi, telefon şəbəkəsi yox dərəcəsindəydi,
yollar da bərbad. Soltan Vəliyev baş həkim
olaraq bu problemlərin həlli üçün həm rayon rəhbərliyinə,
həm də Səhiyyə Nazirliyinə müraciət etdi.
Müraciətdən az sonra xəstəxanaya təcili tibbi
yardım maşını verildi, Mincivan qəsəbəsində,
Məmmədbəyli, Alıbəyli, Sayıflı, Vənətli
kəndlərində xəstəxana, sovetlik mərkəzi olan
kəndlərdə feldşer məntə-qələri
açıldı, onlar həkim və tibb bacısı ilə,
zəruri və gərəkli tibbi avadanlıqlarla təmin
edildi...
Soltan Vəliyev bacarıqlı səhiyyə təşkilatçısı
idi. Onun təşəbbüsü
ilə 1965 və 1966-cı illərdə Zəngilan şəhərində
bir illik tibb məktəbi yaradıldı, rayonun
orta-ixtisaslı tibb kadrları problemi həll edildi...
1989-cu ildən 1993-cü ilədək Zəngilan rayon Mərkəzi
xəstəxanası poliklinika şöbəsinin müdiri
işlədi.
Zəngilanlılara (insanlığa!) eyni sevgi ilə işlədi...
Zəngilan
erməniliklə döyüşdüyü illərdə
Soltan həkimin gördüyü işlər də tarixləşdi
- döyüşlərdə yaralananların müalicəsi
yüksək səviyyədə təşkil edilirdi...
Zəngilan
1993-cü il oktyabrın 29-da işğal
edildi. Qəhər, ağrı-acı oldu zəngilanlıların
ömrünün sonrakı illəri - köçkünlərin
taleyi həmişə belə olur. Soltan həkim
Bakıda Həkimləri Təkmilləşdirmə
İnstitutunun yataqxanasında məskunlaşdı.
Günləri Bakıya, xəyalı Zəngilana bağlı
aylarını, illərini yaşadı Soltan həkim. Yasamal rayonundakı 19 saylı poliklinikada cərrah
işlədi. Dost-tanışları, müalicə
etdiyi pasiyentlər, iş yoldaşları ondan soruşanda ki,
necəsən, qəhərlə göy üzünə
baxırdı, gözləri dolub-boşalırdı. Belə
məqamlarda doğma ocağından iraq
düşənlərin qəhərinin səssiz
hönkür-tüsünü ancaq ruhu rəvanlar eşidə
bilir; Soltan həkimin yaşa dolan qəhərinin
hönkürtüsünü eşidənlərin də
kövrəkliyi aydınlığıyla sezilirdi...
Yaxşı
həkim işıq misallıdı - hər yerdən görünür...
Yüksək vəzifədə işləyən
yaxın dostlarımdan biri xəstələnmişdi. Ona Soltan həkimə
müraciət etməyi məsləhət gördüm.
Həm də eşitdiyim faktları da
xatırlatdım. Dostum neçə-neçə
adlı-sanlı həkimə müraciət etdiyini,
hamısının təyin etdiyi müalicəni aldığını,
səmərəsini görmədiyini dedi. Soltan həkimin
müalicə etdiyi tanışlardan biri ilə kəlmələşəndən
sonra, həm də mənim təkidimlə dostum Soltan həkimə
müraciət etməyə razılaşdı...
Soltan həkim dostumu müayinə etdi. Sakitcə onu
süzdü. Bu sükut bir qədər uzanınca dostum
səbirsizliklə "Həkim, mənim xəstəliyimlə
bağlı heç nə demədiniz", - dedi. Soltan həkim əlini onun çiyninə qoydu,
"Sənin heç bir xəstəliyin yoxdur. Sənə düzgün diaqnoz qoyulmayıb, indiyəcən
düzgün müalicə aparılmayıb, bəlkə də
tam gərəksiz müalicə aparılıb. Sənə
yeganə tövsiyəm: "Mən sağlamam"
düşüncəsiylə yaşayacaqsan. Müalicəsiz,
filansız".
Həmin
vaxtdan 22 il keçib. Dostum indiyəcən
heç bir həkimə müraciət etməyib...
Soltan həkim
belə həkim idi...
Həkimlik
peşəsini minaaxtaran peşəsiylə müqayisə edərdi
Soltan həkim: Minaaxtaran səhv edəndə özünü,
həkim səhv edəndə xəstəni məhv edir. Həkim
xəstəyə diaqnoz qoyanda döyüş əməliyyatına
gedən əsgər olur...
Hər peşənin ustadı olur. Öyrənən
təkcə kitablardan deyil, ustadların təcrübəsindən
də öyrənir. Bu, elə bir prosesdir ki, onu
keçməyənlər kamil mütəxəssis ola bilmir. Soltan həkim heç
zaman ustadlıq iddiasında olmayıb. Söhbət
zamanı xatırladıb, hər səhər tibb dili ilə
desək, "beşdəqiqəliklərdə"
sözarası deyib, xəstələrə baş çəkəndə
yada salıb. Öyrənmək istəyənlər
xatırlananları, deyilənləri, yada salınanları da
öyrənməyə vasitə biliblər, həm də belə
öyrəniblər. 1954-cü ilin
oktyabrından 1989-cu ilin oktyabrına, 1989-cu ilin oktyabrından
1993-cü ilin oktyabrına kimi Zəngilanda onlarla həkim Soltan
həkimin təcrübəsindən, tövsiyələrindən
öyrənə-öyrənə püxtələşmişdilər.
Onları xatırlamağı özümə (və
sözümə!) mənəvi borc bilirəm: Ələsgər
Vəliyev, Nuşirəvan Cəfərov, Tofiq Bağırov, Cəbrayıl
Cəbrayılov, Əşrəf Əsədov, Şərqiyyə
Hacıyeva, Sabir Qəniyev, Rəhman Quliyev, Qaçay
Hüseynov,Yavər Məmmədov, Namiq Məmmədov, Əli
Əliyev, Allahverdi İmanov,Tofiq Babayev, Məsud Qocayev, Səltənət
Mehralıyeva, Vəli Quliyev,Teyyub Orucov, Yusif İsmayılov,
Eldar Babayev, Məzahir Qocayev, Sürəyya Məmmədova,
Telman Həsənov, Sabir Səfərov, Allahverdi Quliyev, Namiq Nəbiyev,
Kazım Zeynalov, Sabir Kərimov, Zakir Hüseynov, Sucəddin
Quliyev, Səhiyyəddin Həsənov, Tariyel Salmanov, Sərdar
İsmixanov, Səttar Əhmədov və başqaları.
Statistik
mahiyyəti diqqəti çəkən 5 min rəqəmi
Soltan həkimin ömürlüyündə adi rəqəm
deyil; Soltan həkim 5 mindən çox cərrahiyyə əməliyyatı
aparıb, 5 mindən çox ölümün
qarşısını alıb, 5 mindən
çox ailəyə şükranlıq bəxş edib.
Zəngilan rayonunda 41 illik səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, rayon partiya komitəsinin bir sıra konfranslarında büro və plenum üzvü, bütün çağırışlarda rayon sovetinin deputatı seçilib.
1964-cü ildə "SSRİ-nin səhiyyə əlaçısı" döş nişanına, 1968-ci ildə isə respublikanın "Əməkdar həkimi" fəxri adına,1970-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri Fərmanına layiq görülüb. "Şərəf nişanı" ordeni, "Rəşadətli əməyə görə" Lenin yubley medalı, 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində arxa cəbhədəki fəaliyyətinə görə bir neçə medalla təltif edilib. Əmək veteranı adını alıb.
2010-cu il sentyabrın 9-da haqq dünyasına qovuşan Soltan həkimi Zəngilanda hamı tanıyırdı, hamı onun loğmanlığından danışırdı. İndi xatirələrdə yaşayır, xatirələrdə yaşadılır. Onu xatirələrində yaşadanların sırasında mən də varam...
Sənli xatirələr də bizə sevgi
öyrədir, Soltan həkim!..
Bayram
MƏMMƏDOV
Ehtiyatda
olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet.-
2023.- 17 yanvar.- S.15.