Xəlil Kut
paşanın "...Bitməyən savaş"ındakı
Azərbaycan
Görkəmli türk hərb
xadimi Xəlil Kut paşanın "İttihad və Tərəqqidən Cümhuriyyətə:
bitməyən savaş"
adlı xatirələrindən
ibarət olan, Taylan Sorqunun hazırladığı kitab
bu yaxınlarda Azərbaycan dilində nəşr edilib. Əsəri tanınmış türkoloq,
AMEA Naxçıvan Bölməsinin
İncəsənət, Dil
və Ədəbiyyat
İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev ana dilimizə tərcümə edib.
Ə.Quliyev kitabı çapa
hazırlayarkən bəzi
bölmələri ixtisara
salaraq yığcamlaşdırıb.
Əsər Azərbaycan dilinə
çox uğurla tərcümə edilib.
Bunu da qeyd edək
ki, əsərin özü də olduqca sadə, anlaşıqlı bir üslubda qələmə
alınıb, çox
oxunaqlı bir dildə yazılıb.
Görünən budur ki, Xəlil paşanın xatirələrini çapa
hazırlayarkən istedadlı
bir qələm sahibi, publisist olan Taylan Sorqun
yazının üslubunu
əsl hekayə dilinə çevirib, oxunaqlılığı və
anlaşıqlılığını təmin edib. Tərcümə zamanı professor Ə.Quliyev də Azərbaycan dilinin geniş imkanlarından bəhrələnib, ən
uğurlu, işlək,
fikirləri sadə, dəqiq şəkildə
ifadə edən leksik imkanlardan yararlanıb.
Kitabın Azərbaycan dilində çapının elmi redaktoru və ön sözünün müəllifi AMEA Naxçıvan
Bölməsinin sədri,
akademik İsmayıl Hacıyevdir. Əsər Naxçıvanın "Əcəmi" Nəşriyyat-Poliqrafiya
Birliyi tərəfindən
2022-ci ildə nəşr
edilib. Kitab son dövrlərdə daha da inkişaf
edən Azərbaycan-Türkiyə
münasibətləri fonunda
əlamətdar yerə
malikdir. Bu nəşr Azərbaycan xalqının taleyüklü
tarixi hadisələrində
mühüm rol oynamış görkəmli
türk hərbi xadimi Xəlil paşanın hərbi xidmət və döyüş yolundan bəhs etməklə mühüm əhəmiyyət
daşıyır. Digər tərəfdən,
Xəlil paşanın
xatirələrinin əks
olunduğu əsərdə
Azərbaycan xalqının
müqəddəratı və
tarixi ilə bağlı olduqca vacib və maraqlı
məsələlər yer
alıb. Kitab Azərbaycan
xalqının da tarixi ilə yaxından bağlı olan ciddi ictimai,
siyasi və hərbi hadisələr fonunda olduqca ziddiyyətli, mürəkkəb
və əhəmiyyətli
bir dövrü öyrənmək üçün
mühüm bir mənbə rolunu oynamaqdadır.
Xəlil Paşa Kut adı
ilə tanınan görkəmli hərb xadimi Azərbaycan xalqının mürəkkəb
və çox çətin, faciələrlə
dolu olan 1918-1920-ci illər Cümhuriyyət dövrü tarixilə yaxından bağlı olan Qafqaz İslam
Ordusunun komandanı Nuru paşanın və Osmanlı dövlətinin müdafiə
naziri Ənvər paşanın əmisidir. Xəlil paşanın
xatirələrində çox
maraqlı tarixi hadisələr öz təqdimini tapıb.
Əsər müxtəlif hissələrdən
ibarətdir ki, bu hissələr də Xəlil paşanın Osmanlı Ordu komandanlığındakı
yüksək əhəmiyyətli
hərbi xidməti ilə bağlı olan zəngin faktlardan ibarətdir.
Xatirələr 23 başlıq
- bölmə üzrə
təşkil olunaraq bir-birilə əlaqəli,
yəni Osmanlı Türkiyəsinin Birinci Dünya müharibəsində
apardığı "İttihad
və tərəqqidən
Cümhuriyyətə"dək varoluş uğrunda mücadiləsini əks etdirir. Kitabda "Balkan savaşı", "Birinci
Dünya müharibəsi",
"İngilislər və
Kut savaşları",
"Mühasirə", "Bilin ki, Kutu
əldən vermərəm",
"Özü gələn",
"Kutu ələ keçirdik", "Rusiyada
inqilab", "Şeyx
Mahmud", "Bakının işğaldan azad edilməsi", "İran",
"İrəvan", "İnqilab və Azərbaycan" və başqa bölmələr
yer alıb ki, bu bölmələr
də Xəlil paşanın yaddaş və baxış bucağı çərçivəsində
müəyyən dövrdə
yaşanmış konkret
hadisələrlə bağlıdır.
Əlbəttə, burada bilavasitə
Azərbaycanla - Azərbaycan
tarixinin ən çətin dönəmləri
olan inqilablar dövrü və müharibələr zamanında
keçdiyi ciddi taleyüklü hadisələr,
tarixi məsələlər
yer alıb.
"Balkan savaşı" bölməsi əslində
əsas hadisələr
üçün başlanğıc
- giriş xarakterini daşıyır, əsərin
baş qəhrəmanı
ilə bağlı proloq rolunu oynayır. Bu bölmədə
Xəlil paşanın
Ənvər Paşa tərəfindən Vanda, sonra
İstanbulda Mərkəz
komandanlığına gətirilməsi,
oradakı uğurlu xidmətləri və nəhayət, Birinci Dünya müharibəsinin
başlanması ilə
əlaqədar "Xəlil
bəy qüvveyi-səfəriyyəsi"
adı altında
"bir mürəttib
diviziyanın" komandanlığı
vəzifəsinə gətirilməsindən
bəhs edir. Kitabın
"Birinci Dünya müharibəsi" bölməsindən
əsas hadisələr
başlayır və Xəlil paşanın hərbi xidmətləri fonunda yaddaşına yazılmış hadisələr
bircə-bircə yer alır. Məsələn,
Xəlil paşanın
qeydləri əsasında
məlum olur ki, hələ Birinci Dünya müharibəsinin gedişi
prosesində Osmanlıda
"ermənilərin soyqırımı"
kimi ictimaiyyətə
sırımaq istədikləri
qanlı hadisələr
əslində ingilis, rus və başqa
qüvvələrin təhriki
ilə ermənilərin
türklərə, eləcə
də kürdlərə
qarşı apardıqları
utancverici və xain hücumlarının qanlı nəticələridir.
Eləcə də hadisələrin təqdimi fonunda türk əsgərlərinin
döyüş əzmi,
qüdrəti, fədakarlığı
və qəhrəmanlıqları
aparıcı yerdə
gəlir. Belə ki, Xəlil
paşa qazanılan bütün qələbələrin
nüvəsində məhz
qəhrəman türk
əsgərlərinin döyüş
əzmi və cəsarətini səbəb
olaraq göstərir və minnətdarlığını
ifadə edir. Xəlil paşanın komandanlığı
altında İraqda Bağdadın Kutülamara
ərazisinin azad olunmasında türk əsgərlərinin göstərdiyi
qələbə əzmi
haqqında "Bilin ki, Kutu əldən
vermərəm" adlı
hissədə konkret faktlarla bəhs edilir. Bu əhəmiyyətli
ərazinin ingilis işğalından azad olunmasında məhz Xəlil paşanın komandanlığı, onun
bir hərbçi, komandan olaraq məharəti və düzgün qərarları
əhəmiyyətli rol
oynamışdı. Xəlil paşa
hətta türk əsgərlərinin cəsarətli
döyüşlərini izləmək
istəyən alman zabitlərinə təqdim
edib göstərdiyi bəzi hdisələrdən
məmnuniyyətlə bəhs
açır. Paşa
bu xatirələri ilə bağlı belə yazır: "Bu arada Dük mənimlə irəli xətlərə getmək
istdiyini bildirdi. Sözünü yerə salmadım, onu da götürüb irəli xətlərə
doğru hərəkət
etdim...
İlk rastladığımız
yaralını dayandırdım,
bu, Kastamonudan dövlət üçün
döyüşməyə gəlmiş bir sıravi əsgər idi. Dayandı, yanımdakının
əcnəbi olduğunu
anlamışdı, "biz belə əsgərik"
deyər kimi göstərişli bir salam verdi:
"Döyüş necə
gedir, kastamonulu?" -
dedim.
- Komandanım, mübarək
olsun, düşmən
aldandı bizim gizli ehtiyatlara...
...Bir az irəlilədik, bu dəfə çörəyi
sol əlilə yeyən
əsgərə rast gəldik. Sol əlindəki
çörəyi qoymağa
yer tapa bilmədi... "Niyə
çörəyi sol əlinlə
yeyirsən?" - deyə soruşdum.
- Sağ qolum, komandanım, bir güllə ilə qopdu getdi. Axtardım, axtardım,
tapa bilmədim. Neyləyim, sən sağ ol...
Ardından bir başqa yaralıya rast gəldik, hələ ona bir söz
deməmiş, hörmətlə
qarşımda dayandı
və: "Komandan paşam, bu gələnlər bizə
bir şey edə bilməzlər, bilirsinizmi?"
Xatirələrin həmin hissəsində Xəlil paşa döyüş yerlərində
müşahidə aparmış
alman zabitlərinin də maraqla qarşıladıqları hadisələr
haqda bəhs edir. Məsələn: "Dük ingilis əsirdən soruşur: -
Yaxşı, alman əsgərimi, yoxsa türk əsgərimi daha cəsur?
- Heç şübhə yoxdur ki, türk
əsgəri. Alman əsgəri
ilə müqayisə
edilməz, türklər
çox cəsurdurlar.
Biz Qərb cəbhəsində
bir-iki saatlıq topçu atəşindən
sonra irəliləyir,
alman səngərlərinə
girir, yerləşir və orada qalırdıq.
Burada isə altı saat sürən topçu atəşindən
sonra boş qaldığını zənn
etdiyimiz türk səngərlərinə girdik.
Ancaq gözləmədiyimiz bir
yerdən hərbi sıralar qaydasında bomba və süngülərlə
üzərimizə atılan
türk əsgərləri
bizi, gördüyünüz
kimi, toplayıb buraya gətirdilər.
...Dük 3-4 ingilis əsirindən də eyni sualı soruşdu və hamısından aldığı
cavab bu idi: "Türkləri müqayisə etməyin. Onlar savaşın ustasıdırlar..."
Əsərin ən maraqlı hissələrindən biri "İnqilab və Azərbaycan" adlanan bölmədir. Burada Azərbaycandakı Cümhuriyyət dövründəki qarışıq, mürəkkəb tarixi hadisələr haqqında bəhs edilir. Buradakı qeydlərdə o zamankı Çar Rusiyasının parçalanması və daxili ziddiyyətlərin yaşandığı bir dönəmdə Qafqazda yaşayan xalqların öz müstəqilliklərini əldə etmək cəhdləri, o cümlədən, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması istiqamətində atılan əhəmiyyətli addımlar, Türkiyənin bu proseslərdə müdafiəedici və möhkəmləndirici rolu, erməni-bolşevik və ingilis qüvvələrinin Azərbaycanda törətdikləri faciəvi hadisələr, Rusiyanın Azərbaycandakı maraqları və buradakı proseslərə təsiri və s. haqqında geniş söz açılır.
Eləcə də kitabın "İran", "İrəvan", "İnqilab və Azərbaycan" adlı bölmələrində də Azərbaycanla, tarixi ərazilərimizlə bağlı maraq dolu faktlar var. Xüsusilə Xəlil paşa çox açıqsözlülüklə ermənilərin nə kimi xainliklərdən çıxması, Azərbaycan torpaqlarında ermənilərin və digər düşmən, xain qüvvələrin apardıqları nifrətamiz, mənfur işlər öz əksini tapıb. "Bakının azad edilməsi" bölməsində bu qandondurucu sözləri oxuyuruq: "Bakı 1918-ci ilin setyabrında işğaldan azad edildi.
...Şəhərdə silah səsləri gecə-gündüz davam edirdi. Şəhər ingilislərin nəzarəti altında olduğu zaman ermənilər və bolşeviklər yerli türk xalqına qarşı geniş bir qətliam törətməyə girişmişdilər. Şəhərin hər məhəlləsində ermənilər türklərdən meyit qalaqları düzəltmişdilər. Və bütün vəhşiliklərini göstərmişdilər. Körpə uşaqlar qala bürcləri olmuş, qadınlar ədəb yerlərindən süngülənmiş və yolların üstünə atılmışdılar..."
Kitabda bəhs edilən bir sıra məsələlər
həm peşəkar oxucular - elm
adamları, müəllimlər, publisistlər, yazarlar tərəfindən maraqla
qarşılanacaq məsələlərdir, həm də Azərbaycanın,
qardaş Türkiyənin, eləcə də
region ölkələrinin Birinci
Dünya müharibəsi zamanı tarixi ilə bağlı olan
ümdə məsələlər yer
aldığından geniş oxucu kütləsi üçün
də maraq doğurur.
Ramiz
Qasımov
Filologiya
üzrə fəlsəfə doktoru, dosent, AMEA
Naxçıvan Bölməsinin əməkdaşı
525-ci qəzet.- 2023.- 17 yanvar.- S.14.