Oqtay Rzanın "Səkkizliklər"i
haqqında düşündüklərim
Mərhum şair Oqtay Rza öz poetik üslubuna sadiq
söz ustasıdır və on il-lərdir, oxucusu onun
yaradıcılığını maraqla qəbul edir. Onun "Cüt qüvvə",
"Bulud", "Sonuncu nəğmə",
"Payız", "Daşın nağılı",
"Mövlana Rumi", "Anama" və digər şeirləri
artıq klassikləşmiş sayıla bilər.
Oqtay Rza
şeirində iki xətt aparıcı olub: rübailəri və
səkkizlikləri. Birinci silsilə haqqında,
vaxtilə çap etdirdiyim Oqtay Rzanın
yaradıcılığı haqqında monoqrafiyamda qismən
yazmışam və şairə məxsus tematikasını,
bədii-üslub çalarının spesifik cəhətlərini
vermişəm. Bu gün isə müntəzəm şəkildə
mətbuatda ardıcıl işıq üzü
görmüş "Səkkizlikləri" barədə
fikrimi oxucularla bölüşəcəyəm...
Onun "Səkkizlik"ləri bir neçə
rakurslardan fərqlənir, bu isə şairin
vurğuladığım kimi, fərdi üslub
çalarları ilə bağlıdır. Şərti
olaraq deyərdim ki, O.Rzada birinci poetik təyinat insanın
azadlığı fəlsəfəsidir, yeni nəsildə bu,
aşılanmalıdır, belə bir vəzifəni yalnız
elmi-pedaqoji əsərlərin üzərinə atmaq birtərəflik
olardı, poeziyanın məxsusi imkanlarını nəzərə
almaq lazım gəlir. Əks halda, insan cəmiyyəti
ruhən varlığını itirər, qul - kölə vəziyyətilə
barışar. İnsan Kainatda öz yerini
- vəzifəsini anlamağı bacarmalıdır.
Yer bizi
saxlayır çətir altında
Əziz övladıyıq kainatın da.
Pəncərə
gözüdür işıqlı evin -
"Pəncərə" açmayaq Ozon qatında.
Bu, poetik
deyimdə nəsihətçilik bir yana,
insanın mənfur psixologiyadan uzaqlaşması
üçün daha geniş və humanist düşünməsi,
sosial və məntiqi yollar axtarıb tapması
aşılanır. Əgər insanda
düşüncə tərzi analitik işləyirsə,
Kainatı (dünya-nı) bütöv görürsə,
heç bir halda pisliklər haqda düşünməz.
Oqtay
Rzanın "səkkizlik"lərində o ideya irəli
sürülür ki, insan yüksək ali
hisslərini itirməməlidir və düşüncə tərzi
bu əxlaqa yönəlməlidir. Bir insanın fəaliyyətini,
iş qabiliyyətini, məsuliyyətini dərindən öyrənmədən,
mahiyyətinə varmadan nəticə çıxarmamalı.
Budur:
Könül
yaralayıb, sim qırma heç vaxt,
Sözünü sakit de, çığırma heç
vaxt.
Bəşər
övladına qiymət verərkən
Tələsik nəticə çıxarma heç vaxt.
Oqtay Rza cəmiyyətə yük olanları, xəbisləri,
tamahkarları səkkizliklərində ifşa etməkdən
çəkinmir və niyə də ehtiyatlanmalıdır?! Belələrinin
əxlaqi davranış potensialı
çatışmırsa, yerində otuzdurulmalıdır.
Oqtay Rzanın bu şeirlərindəki cılız surətlər
öz xarakterlərilə təsvir olunur və insan
gücünün inkişaf indeksinə müvazi deyillər,
öncə söz ləyaqətlərindən
uzaqlaşmamalıdılar, namuslu həyatlarına can
atmalıdılar. Bu o halda müsbətə çevrilər
- igid, cəsur və mərdanə olsunlar. Və şair
igidlik - əxlaqi kodeksi poetik səviyyəyə
çatdırır, lap uzaqlardan süzülüb gəldiyinə
işarə edir:
İgidlik
dərsi al Qorqud elindən,
Gücsüzün, yazığın yapış əlindən.
"Ot
kökü üstündə bitər" kəlamı
Arif adamların düşməz dilindən.
Oqtay Rzada ikinci poetik istiqamət təsvir predmetinin elmi
ifadəsidir, assosiativ müqayisəsidir. Çünki
onun özü elm insanıdır. Yer səthinin
və Kainat harmoniyasının bilicisidir. Bu
xətt şairin poeziyasında kövrək ovqatla səslənir.
Dostları
evinə çağırır Sokrat,
Hamının ovqatı pisləşir, heyhat.
Çünki
sərt, çox acı sözlərdən sonra
Ərinin üstünə su atır arvad.
Qonaqlar
alimə heyrətlə baxır,
Nə pərtdir o, nə də özündən
çıxır.
Deyir ki
"İldırım" çaxırdı bayaq -
İndi
görürüsünüz: bərk yağış
yağır.
Təbiətin bir qanunauyğunluğunun təəccüb
doğurması Oqtay Rza elmi dü-şüncə tərzini mənəviyyatla,
onun gözəlliyi ilə, məzmunu ilə bağlayır və
çox təbii alınır. Ona görə ki,
Şərq psixologiyası, onun insanpərvərliyi,
şeiriyyatı, bu dünya və axirət
dünyasının dərki və sair mühüm amilləri
motivləşdirir. Mənəviyyatda
acgözlük, hərislik, ifrat nəfs məsələsi
problemə çevrilməsin insanlar tərəfindən.
Tamah, hərislik nə verər sahibinə.
Hörməti
heç edər acgözlük, tamah,
Xırda meyllərdən başlanır günah.
Günah
ucbatından Yer kürəsində
Gündə eşidirik min fəryad, min ah.
Oqtay Rzada
digər bir poetik istiqamət "səkkizlik"lərdə
qoyulmuş ideyaların alleqorik şəkildə
açılmasıdır: cansız və canlı şeylər
üzərinə keçirilməsidir. Xüsusən,
"Şam" surətinə tez-tez müraciət edir
şair. Hətta onun uzaq yaşına gedib
çıxır.
Şam,
görən, neçənci əsrdən bəri,
Şam kimi əridib qərinələri.
İlləri
itkisiz salmayıb yola -
Qalır gövdəsində budaq yerləri.
Fikrim
uzaqlarda şığıyıb gedir,
Üzümə toxunan bahar mehidir.
Şamın
başındakı yamyaşıl çətir -
Yəqin ya qəhrəman, ya da dahidir.
Yaxud da ağacdələn surəti - maraqlı
müqayisədir.
Heyranam
işinə ağacdələnin,
Döymədən döşünə qalib gələnin.
"Həkim"dir,
"usta"dır, hətta dostudur
Neçə "ev" gözləyən quşun, dələnin.
Necə
ki, qar yağır, meşə ağarır,
O, həzin
səsiylə həmdəm çağırır.
Heyranam
işinə ağacdələnin -
Yemini dəmirdən, daşdan çıxarır.
Şair Oqtay Rzanın
yaradıcılığının bir qolu olan "səkkizlik"lər
poetik forması və sosial məzmunu ilə insan və onun
amalı, həyat və onun idarə olunması haqqında tam
təsəvvür yaradır. İnsan həyatda
öz yerini görür. Müəllif də
bu proseslərin istiqamətlərin daha yeni, bizə yaxın
yönümdə təsdiq edir ki, bu, ən vacib faktorlardan
sayılır. Amerika alimi C.Kerrol yazır ki, bu gün
dünya filoloji fikrində üç əsas istiqamət
mövcuddur: fəlsəfəyə söykənən sosioloji
istiqamət, freydizmə söykənən psixoanalitik istiqamət,
dekoinstruksiyasına söykənən pozetmodernizm. Çağdaş poeziya üçün maraqlı
deyilmi? Tələsməyək!
O.Rzanın səkkizliklərində oxucunu
insanlığa dəvət edən ibrətalma funksiyası təzədir,
təmsillə fikri əlaqəsi təbiidir. Bəllidir ki, tülkü
surəti bu baxımdan "klassikləşib" və gəlib
XXI əsrə də çıxıb - təəssüf!
Bütün əlamətlərilə, barı,
keçmiş əsrlərdə qoyduğu əlamətlər
olardı.
Tülkünün
həmişə işi fənadı,
Çünki hiyləgər tək çəkilir
adı.
Sayı
azalan bu şələquyruğun
Məskəni çöl, meşə, heyvanxanadı.
Keçmişdən
min miras yadigar qalıb,
İmarət, abidə, bürc, divar qalıb.
Dövran
çox vəhşini əhilləşdirib,
Tülkü dəyişmədən necə var qalıb.
Deməli,
zamanın gücü heç də fikirləşdiyimiz kimi də
görünmür, elə nəsnələr var - acizdir; bu da
gen məsələsidir, xislət mütləqliyidir!
Şairin səkkizliklərində məhəbbət -
sevgi paraleli təbii hisslərin poetik ifadəsidir. Ona görə
bu qənaətə gəldim ki, Oqtay Rza şeirində bu həzin
dəyər həmişə poetik təsvirini tapıb.
Bu gün "səkkizlikləri"ndə də müqəddəs
möcüzəyə qayıdarsa, filosof B.Spinoza demişkən:
"Hər kəs həmişə sevdiyini xəyalında
görməkdən xoşlanır". Necə ki:
Xəbərin
olmadan gəlir məhəbbət,
"Ağıllı" məhəbbət, "dəli"
məhəbbət.
Sevən
var - taledən razı, bəxtəvər,
Sevən var - köksünə dağ çəkir həsrət.
Məhəbbət
oxuyur eşqin tarında,
Həzin
nəğməsidir nakamların da
Deyirlər
"Bir dəfə vurulur adam" -
Niyə "İlk məhəbbət" sözü
var onda?
Oqtay Rzanın rəng duyumu və qavraması fəlsəfidir,
mahiyyətlidir və simvollaşır, çün maddi - real
dünyanın bir atributudur. Məsələn,
sarı rəngi şeirlərində tez-tez gətirir və
payız rəngini qatışdırır. Olmaya şairin təxəyyülündə bu rəng
estetik funksiyasını ödəyir? Yenə
sual? Cavabını filosof Ş.Monteskyedə tapmaq istədim:
"O şey ki faydalıdır - biz ona "yaxşı"
deyirik. O, şey ki faydalanmaq baxımından deyil, sadəcə
baxmaq, seyr etməklə bizdə xoş duyğular oyadır -
ona "gözəl" deyirik. - Düzgün
cavabdırmı? Fikrimcə, sarı rəng,
sarılıq, saralmaq, xəzəlləşmək, bir
sözlə, təsvir obyektinin sonuna - məhvinə işarədir
- ideyanı ifadə edirsə belə. Oqtay Rza isə
sarı rəngi yarpaqda görürsə, onu Günəşə
şamil edir:
Niyə yarpaqların rəngi sarıdır?
Çünki yol payızdan qışa sarıdır.
Yəqin
zər şüalı Günəş də göydə
"Kiminsə eşqinin yadigarıdır".
Bununla şair "mütləq ideya" yozumuna gəlib
çıxır və sarı rəngi kövrək təbiət
tərənnümünə gətirir, bununla başqa eyni
ovqatlı şeirin assosiativ əlaqəsini yaradır.
Sarı köynəyini geyinib bağlar,
Meşədə yarpaqlar xəzələ dönüb.
Heyranı olduğum dilbər qovaqlar
Şalını itirən gözələ dönüb -
Mən yenə yuxarıdakı mülahizəmə qayıdıram: Oqtay Rza istedadı fitrətdəndi, onun içərisindən qaynaqlanır və təzahür edirdi. Bunun üçün həmişə vurğulamışam ki, yaradıcılıqda, xüsusilə, poeziyada yaş senzurası son dərəcə şərtidir, bir şərtlə, duyub yaşayasan ki, oxucularına dərin zövq aşılayasan.
...İllər öncə Oqtay Rzanın yaradıcılığını araşdırarkən bu poeziyanın təravətini duyarkən necə təsirlənmişdimsə, yenə o təəssüratda qalıram. Axı, poeziya sifarişlə yaranmır, şairin qəlb - ürək pıçıltısıdır...
25.09.2022
Allahverdi
EMİNOV
Pedaqogika
üzrə fəlsəfə elmləri doktoru, dosent
525-ci qəzet.-
2023.- 17 yanvar.- S.13.