"Tələbə və
doktorantların təqaüdlərinin artırılması
rifaha və tərəqqiyə xidmət edir"
Yeni sosial islahat mərhələsi çərçivəsində
Prezident İlham Əliyevin bu günlərdə
imzaladığı Fərman və Sərəncamla tələbə
və doktorantların təqaüdləri də
artırıldı. Yeni Fərmanla 2023-cü il
yanvarın 1-dən ali məktəb tələbələri
üçün Prezident təqaüdünün məbləği
275 manata çatdırılıb. Həmçinin, dövlət
başçısının yeni Sərəncamı ilə
dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara,
ali təhsil, orta ixtisas və peşə təhsili
müəssisələrində, Azərbaycan Milli Elmlər
Akademiyasının magistratura səviyyəsində təhsil
alan tələbələrə verilən təqaüdlərin
məbləğləri 2023-cü il yanvarın 1-dən
doktorantura pilləsi üzrə: elmlər doktoru
hazırlığı üzrə doktorantlar üçün
- 400 manata, fəlsəfə doktoru hazırlığı
üzrə doktorantlar üçün - 240 manata
çatdırılır. Ali təhsil müəssisələrində
və Azərbaycan Milli Elmlər Akademiyasında: magistratura səviyyəsi
üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr
üçün - 195 manata, 71-100 bal olan tələbələr
üçün - 160 manata, 51-100 bal olan tələbələr
üçün - 110 manata çatdırılır.
Bakalavriat
səviyyəsi üzrə akademik göstəriciləri 91-100
bal olan tələbələr üçün - 175 manata,
71-100 bal olan tələbələr üçün - 145
manata, 51-100 bal olan tələbələr üçün -
100 manata çatdırılır, orta ixtisas təhsili müəssisələrində
akademik göstəriciləri: 91-100 bal olan tələbələr
üçün - 100 manata, 71-100 bal olan tələbələr
üçün - 80 manata, 51-100 bal olan tələbələr
üçün - 66 manata çatdırılır. Peşə
təhsili müəssisələrində akademik göstəriciləri:
"5" olan tələbələr üçün - 100
manata, "4" və "5" olan tələbələr
üçün - 80 manata, "3" - "5" olan tələbələr
üçün - 66 manata çatdırılır.
Millət
vəkili Fatma Yıldırımın sözlərinə
görə, Prezident İlham Əliyevin yeni fərman və sərəncamları
ilə son beş ildə ölkəmizdə
artıq dördüncü sosial islahat paketi
reallaşdırılaraq əməkhaqqı, müavinət və
təqaüdlərin növbəti dəfə
artırılması təmin olunur. Bu fakt bir
daha təsdiqləyir ki, Azərbaycanda əhalinin sosial
müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin
prioritetlərindən biridir. O bildirib ki, əhalinin sosial
rifahının təminatının yüksəldilməsi
Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil
edir. Dövlət başçısının
imzaladığı yeni fərman və sərəncamlar bu sahədə
xüsusilə son illərdə ardıcıl, geniş miqyas alan sosial islahatların növbəti mərhələsi
hesab oluna bilər. Fatma Yıldırım qeyd edib ki,
görülən işlər, atılan addımlar vətəndaşın
həyat şəraitinin
yaxşılaşdırılmasına yönəlib: "Məlumdur
ki, COVİD-19 pandemiyası ilə əlaqədar dünya
ölkələrində sosial-iqtisadi problemlər artdı,
dövlətlərin iqtisadiyyatının azalması
insanların sosial rifahına da mənfi təsir etdi. Eyni zamanda, istehlak, ərzaq məhsulları da
dünya ölkələrində xeyli bahalaşıb. Təbii ki, dünyada baş verən proseslər
ölkəmizə də təsirsiz ötüşmədi.
Amma dövlətimiz bu təsirlərin minimum səviyyəyə
endirilməsi üçün lazımi addımlar atdı.
Yeni sosial islahatlar paketi də bunu təsdiqləyir.
İqtisadiyyatın şaxələndirilməsi,
qeyri-neft sektorunun inkişafı ilə yanaşı, əhalinin
sosial müdafiəsinin gücləndirilməsi məqsədilə
əməkhaqları, pensiya və təqaüdlər
artırılır. Digər tərəfdən,
Azərbaycan Prezidentinin imzaladığı sərəncam gənclərin
təhsilinin inkişafına növbəti töhfə, tələbələrin
təhsillərinin keyfiyyətini artırmalarına, onların
daha yaxşı oxumalarına yeni stimul olacaq. Təqaüdlərin artırılması gənclərin
elm və təhsilə marağını daha da artıracaq.
Dövlət başçısının
doktorantların və tələbələrin təqaüdlərinin
artırılması ilə əlaqədar sərəncamı
dövlətin təhsil siyasətinin konkret təzahürü
olmaqla yanaşı, maddi kapitalın insan kapitalına
çevrilməsi istiqamətində həyata keçirilən
böyük qayğının daha bir əməli ifadəsidir".
Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin Müşahidə
Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant
və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov
bildirib ki, Prezident İlham Əliyevin verdiyi sərəncamlar
Azərbaycan vətəndaşının daha yaxşı
yaşaması naminə görülən mühüm
işdir. Sözügedən sərəncamlar dünyada
baş verən qlobal iqtisadi böhran və inflyasiyanın
fonunda Azərbaycan vətəndaşlarının, xüsusilə
həssas təbəqələrdən olan insanların
qayğılarının qarşılanması, onların
sosial baxımdan bu proseslərdən az zərər
çəkməsi istiqamətində atılmış
növbəti addımlar idi. Bu kimi
addımları zaman-zaman görürük. Bu, bir daha onu göstərir ki, ölkə
başçısı bu kimi məsələlərdə hər
zaman Azərbaycan insanını düşünərək qərarlar
qəbul edir. Onun sözlərinə əsasən,
ölkədə həyata keçirilən siyasətin təməlində
birmənalı olaraq Azərbaycan insanının
rifahının yaxşılaşması dayanır: "Vətəndaşlarımızın
daha yaxşı həyat şəraitinin təmin olunmasına
hədəflənmiş bu siyasət davamlıdır,
ardıcıldır. Biz bu kimi addımları gələcəkdə
də görəcəyik. Yeni Sərəncam əsasında
fəxri adlara görə aylıq təqaüd, doktorantura, ali təhsil, orta ixtisas və peşə təhsili
müəssisələrində, həmçinin, Azərbaycan
Milli Elmlər Akademiyasının magistratura səviyyəsində
təhsil alan tələbələrə verilən təqaüdlərin
məbləği artırıldı. Sonuncu Sərəncam
daha çox əhatəlidir, həssas qrupdan olan, təhsil alan böyük bir təbəqəni əhatə
edir. Sərəncam əsasında
doktoranturanın hər iki pilləsi - elmlər doktoru
hazırlığı üzrə 400 manat, fəlsəfə
doktoru hazırlığı üzrə doktorantların təqaüdləri
240 manat müəyyənləşdirildi. Eyni
zamanda, bakalavr səviyyəsi, orta ixtisas təhsili müəssisələri,
peşə təhsili müəssisələrində
çalışan və təhsil alanların təqaüdlərinə
artımlar edildi. Magistratura, bakalavr səviyyəsi,
orta ixtisas müəssisələri və peşə təhsili
müəssisələrinin tələbələrinə
akademik göstəricilər əsas götürülməklə
təqaüdlərdə artımlar edilib. Bu,
həm də tələbələr arasında daha
yaxşı oxumağa, öz üzərində daha çox
çalışmağa motivasiya edən bir qərardır.
Burada həm də hədəf düzgün
seçilib. Bu qərar təhsil
mühitində rəqabətin güclənməsinə gətirib
çıxaran doğru yanaşmadır. Nəticədə
təkcə dövlət sifarişi əsasında təhsil alan tələbələr deyil, eyni zamanda,
akademik göstəriciləri yüksək olan tələbələrin
də sosial qayğıları qarşılanır. Xatırlayıram, 2003-cü ildə prezident
seçkiləri öncəsi Prezident İlham Əliyev öz
seçki kampaniyasına başlayarkən "Mən hər
bir azərbaycanlının Prezidenti olacağam" deyə bəyan
etmişdi. 2003-cü ildən bu yana
ölkə başçısının öz vədinə
sadiqliyini nümayiş etdirməsinin dəfələrlə
şahidi olmuşuq. Prezident hər zaman
çıxışlarında bəyan edir ki, həyata
keçirdiyi siyasətin əsasında Azərbaycan
insanının firavan yaşayışını, daha
yaxşı güzəranını təmin etmək və
sosial qayğıya ehtiyacı olan insanların
maraqlarını qorumaq dayanır".
Təhsil eksperti Elçin Əfəndi vurğulayıb
ki, tələbə təqaüdlərinin
artırılması rifaha və tərəqqiyə xidmət
edən mühüm addımdır. Çünki qiymətlərin
son iki ildə daha çox artdığını nəzərə
alsaq və xüsusilə 2020-ci ilin 2-ci yarısından etibarən
müvafiq olaraq baş verən qiymət artımları istənilən
halda tələbələrə də öz təsirini
göstərmiş olur. Nəticə
etibarilə, biz nəzərə alsaq ki, tələbələrin
əksəriyyəti Bakı şəhərində olan
universitetlərdə təhsil alır, onların böyük
bir hissəsi rayondan gələn tələbələrdir.
Onların müvafiq olaraq Bakıda yerləşməsi
və təhsil almaları kirayə mənzil tutmaları ilə
nəticələnir. Kirayə mənzil tutmaq da tələbələrin
maddi imkanını daha da çətinləşdirir:
"Hal-hazırda olan artım müəyyən qədər də
olsa onların ümumi rifahına öz təsirini göstərmiş
olacaq. Könül istərdi ki, bütün təqaüdlər
vətəndaşların rifahını təmin etsin. Ümid edirəm ki, qarşıdakı dövrdə
belə bir vəziyyət yaranar. Bakalavr,
subbakalavr, magistr və doktorantura pilləsində təhsil
alanlar kifayət qədər insan deməkdir. Onların hər biri təqüd almır. Yəni təqaüdü müəyyən bir faiz
alır. Əvvəlki dövrdə belə
idi ki, yalnız dövlət sifarişli təhsil alanlar təqaüd
alırdılar. Amma bir neçə ildir
ki, həm dövlət, həm də ödənişli əsaslarla
təhsil alanlar təqaüd ala bilirlər. Bu da rəqabətin artmasına şərait
yaradır. Hansı tələbədə
ÜMG daha yüksəkdirsə, təqaüd ona verilir".
Millət
vəkili Etibar Əliyev Prezidentin tələbə təqaüdlərinin
artırılması ilə bağlı Sərəncamını
yüksək qiymətləndirib: "Tələbə təqaüdlərinin
artımı onların yaşayış səviyyəsinin
yaxşılaşmasına, eyni zamanda tədris ləvazimatlarının
tələbələr tərəfindən əldə
olunmasına köməklik göstərən bir sərəncamdır.
Biz bilirik ki, universitetlərin böyük əksəriyyətinin
yataqxanaları yoxdur və tələbələr kirayə evlərdə
yaşayırlar. İndi kirayə evlər
də çox bahadır. Düşünürəm
ki, yaxın gələcəkdə tələbələrin təqaüdlərinə
yenə də artımların olması onların keyfiyyətli
tədrisinə də köməklik göstərəcək.
Bununla tələbə maddi vəsaitinin bir hissəsini
kirayə yaşadığı mənzil sahibinə ödəyə
bilər. Bu, həm də müəyyən
tələbələr arasında tədrisdəki
uğurlarına görə rəqabət mühiti və bir
çox tələbələrdə motivasiya yarada bilər".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2023.- 18 yanvar.- S.15.