Şöhrətli sərkərdə, əfsanəvi
qəhrəman
GENERAL
HƏZİ ASLANOVUN ŞANLI ÖMÜR YOLUNDAN
SƏHİFƏLƏR
LƏNKƏRANDA
BİR EV VAR...
Bir
ev var Lənkəranda... Xəzərin sahilində,
şəhərin mərkəzində
yerləşən bu ev təkcə
lənkəranlılar üçün
yox, bütün Azərbaycan üçün,
Odlar yurdunun qonaqları üçün
müqəddəs bir
ocağa çevrilib.
Xalqı-mızın igid
oğlu, görkəmli
sərkərdə Həzi
Aslanov 1910-cu il
yanvarın 22-də bu
evdə dünyaya gəlib. Burada mərdlik, cəsarət
dərsi alıb, Vətən torpağına
sevgini, məhəbbəti
öyrənib. Onu böyük
dünyaya qovuşduran
yol bu kiçik
evdən başlanıb.
Əfsanəvi qəhrəmanın mənəvi
ziyarətinə uşaq
da gəlir, böyük də. Öyrənməyə, Həzi qəhrəmanlığını
yada salmağa gəlirlər. Axı, burada
hər şey Həzini xatırladır.
O, bu qapıdan bağçaya enərmiş,
dəmirağacının kölgəsində
dərs öyrənərmiş.
O, bu yastı daşın üstündə
Babəkin, Koroğlunun,
Nəbinin hünərini
xatırlayarmış! İndi hər
şey burada xatirəyə çevrilib.
Həzinin yaşadığı evdə,
indi muzey olan ocaqda qəhrəmanın
həyat və fəaliyyətini əks etdirən eksponatlar dil açıb danışır. Həzi hünərini, Həzi
qəhrəmanlığını dönə-dönə xatırladır.
Muzeyin baş fond mühafizi Həcər Nəsirova deyir ki, ev-muzey 1969-cu il mayın
9-da açılıb, 5 ekspozisiya
zalından ibarətdir,
eksponatların sayı
2400-dən çoxdur.
Muzeyə
gələnlər eksponatlara
baxdıqca əbədiləşmiş
qəhrəmanlığa baş
əyir, Həzi Aslanovun iki dəfə
Sovet İttifaqı Qəhrəmanı adına
layiq görülməsini
təsdiq edən fərmanların fotosurətinə
ehtiramla tamaşa edir, general-leytenant V.T.Obuxovla çəkdirdiyi
şəkilə və
digər fotolara fəxrlə baxırlar. Onlara baxdıqca bir daha inanırsan ki, Həzi Aslanov
çətin döyüş
yolları keçib, qəhrəmanlıqla vuruşub,
canını xalq yolunda fəda edib. Moskva və Stalinqrad,
Taqanroq, Minsk və digər şəhərlər
uğrunda döyüşlərdə
misilsiz şücaət
göstərib.
HƏZİ
ASLANOV REPRESSİYADAN NECƏ XİLAS OLDU...
Bəlkə də çoxları bilmir. 37-ci illərin repressiyası Həzi Aslanovdan da yan keçməyə bilərdi. Həmin dövrdə o, baş leytenant rütbəsində Ukraynanın Xarkov şəhərində hərbi xidmətdə idi. Belə bir vaxtda Gərmətükə xəbər yayıldı ki, Həzini bacanağına görə hərbidən uzaqlaşdırıblar. Bacanağı Böyükağa Mirsalayev Lənkəran Qəza Partiya Komitəsinin birinci katibi işləyərkən repressiya olunmuşdu. Qohumlarının əksəriyyəti tutulmuşdu. Həzinin də həyatı təhlükə altında idi, onu sürgün gözləyirdi.
Bu hadisə Sərhad Məmmədov və Əlibala Nurullayevlə 2014-cü ildə birgə yazdığımız "Gərmətük salnaməsi" kitabında öz əksini tapıb. Orada deyilir: "Qabaqcıl maarif xadimi, Lenin ordenli Əbülqasım Qasımov o illəri xatırlayaraq danışardı:
- Mən şəhərdə Həzi Aslanovun böyük qardaşı, bərbər Abbasqulu Aslanovun dükanında idim. Bu zaman hərbi geyimdə olan Həzi Aslanov dükana girdi. Bizimlə görüşəndən sonra qardaşı Abbasquluya dedi ki, məni bacanağım Böyükağaya görə hərbi xidmətdən azad etdilər. İş yerimdən mənə deyiblər ki, əgər rayondan Böyükağa ilə əlaqəm olmadığım barədə arayış gətirsəm, bu, xeyrimə olar.
Əbülqasım müəllim azacıq sükutdan sonra sözünə davam edərək dedi:
- Həzi ilə kəndə gələrək kommunistlərlə görüşüb söhbət etdik. Kommunistlərdən Kəlbi Məmmədov, Əsgər Məmmədov, Mahmud Baxşıyev, Əliheydər Zamanov, Mütəllim Nurullayev, Mirhəsən Hacıyev, 1920-ci ildən partiyanın üzvləri kiçik əmisi Məmi Sultan oğlu Aslanov, böyük əmisinin oğlu Nüsrət İsmayıl oğlu Aslanov, eyni zamanda bitərəflərdən İsrafil Cavad oğlu Məmmədov, Kərbəlayı İsaq Əsgər oğlu, Muğdad Məmmədəli oğlu Əkbərov, Kərbəlayı Abbas Heydər oğlu, Əbülfəz Məmmədrza oğlu və başqaları Həzi Aslanovun ordu sıralarında olarkən Böyükağa Mirsalayevlə heç bir əlaqəsinin olmamasını imzaları ilə təsdiq etdilər.
Lazımi sənədlər yerinə çatdırıldıqdan sonra Həzi Aslanov "repressiya"nın çəngindən qurtarmış oldu".
VOLQOQRADDA "LƏNKƏRAN" KÜÇƏSİ
Volqoqradda Lənkəran adını daşıyan bu küçə haqqında eşitmisinizmi? Yox?! Onda "Mən onları sevirdim" adlı kitabı tapıb vərəqləyin. Orada bu küçənin adına rast gəlsəniz, heç də təəccüblənməyin. Kitabda İkinci Dünya müharibəsi illərində Stalinqradın faşistlərdən təmiz-lənməsində iştirak edən döyüşçülərimizin də şücaətindən söhbət açılır.
"Leninçi" (indiki "Lənkəran") qəzetinin redaktor müavini işlədiyim vaxtlar idi. Lənkəran Şəhər Partiya Komitəsi ideologiya şöbəsinin müdiri Ramiz Hüseynov bildirdi ki, mədəniyyət şöbəsinin əməkdaşı fotoqraf Yaşar Məmmədov Volqoqradda hərbi xidmətdə olan oğlunun yanına gedir.
Fotoqrafın gedib-gəlməsi düz 10 gün çəkdi, oradan gələndən sonra dedi:
- Məni qonaqpərvərliklə qarşıladılar, mehmanxanalardan birində mənə yer ayrıldı. Hərbi xidmətdə olan oğluma bir həftəlik icazə verildi. Qayıdanda isə mənə Lənkəran Şəhər Sovetinə ünvanlanmış bu məktubu verdilər, - deyə Yaşar Məmmədov bildirdi.
Məktubda yazılırdı:
"...Lənkəran küçəsi Volqoqrad şəhərinin Voroşilov rayonunda yerləşir. Bu küçənin meydana gəlməsi və qurulması XIX əsrin sonlarına təsadüf edir...
Saritsında (şəhər keçmişdə belə adlanırdı - müəl.) yaranmış ənənəyə görə, şəhərətrafı yaşayış məntəqələrinin küçələrinə Rusiyanın digər qəza və şəhərlərinin, Volqa çayı və onun qollarının, Xəzər dənizinin sahillərindəki şəhərlərinin adı verilirdi. Saritsının geniş ticarət-iqtisadi əlaqələri olan yerlərdən ora köçüb gələnlərin sayı getdikcə artırdı. Bu ənənənin əsası 1820-ci ildə Saritsının yeni tikinti planı təsdiq edildikdən sonra qoyulmuşdur...
Salınan yeni qəsəbənin küçələrindən birinə Lənkəran adı verilmişdir ki, küçə bu adı indiyə kimi daşıyır. Bu varislik 1941-1945-ci illərin İkinci Dünya müharibəsində daha da möhkəmləndi...
Volqoqrad Şəhər Mədəniyyət Şöbəsinin müdiri: V.N.Popova
19 may 1983-cü il".
Yaşar Məmmədov Volqoqraddan təkcə məktubla qayıtmamışdı. O, həmçinin, "Lənkəran" adını daşıyan küçənin görməli yerlərinin şəkillərini lentə köçürmüş, yaşlı sakinlərin bir neçəsi ilə görüşmüş, küçənin yaranma tarixi haqqında xatirələrini dinləmişdi.
Sakinlərin xatirələrinə görə, XIX əsrin əvvəllərində Rusiyanın Avropa ilə əlaqələri genişləndirdikdən sonra həmin ölkələrdən gələnlərin sayı durmadan artırdı. Onlar Sankt-Peterburq kimi böyük şəhərlərlə tanış olmaqla yanaşı, çarın adını daşıyan Saritsın şəhərində də olmaq istəyirdilər. Hakim dairələr isə o illərdə Saritsının balıqçılar şəhəri olduğunu, habelə çox gözəl olmadığını və təmiz saxlanmadığını nəzərə alaraq qonaqları ora getməkdən yayındırırdılar.
Məhz buna görə də, yuxarıda qeyd edildiyi kimi, çar hökuməti 1820-ci ildə Saritsının yeni tikinti planını təsdiq etmişdi. Bundan sonra hökumət şəhərin tikintisini sürətləndirmək üçün Rusiyanın bütün xalqlarına müraciət qəbul etmişdi. Çox keçmədən ucqarlardan Saritsına işsiz adamların axını başlanmışdı. XIX əsrin axırlarında azərbaycanlılar da bu şəhərə üz tutmuşdular. Onların arasında lənkəranlılar da az deyildi.
Stalinqradın faşistlərdən azad edilməsində general Həzi Aslanovun tankçıları böyük hünər göstərmişlər. Bununla əlaqədar 2015-ci ildə yazdığım oçerki oxuculara təqdim etmək, elə bilirəm, yerinə düşər.
(Ardı var)
Etibar
ƏHƏDOV
"Aşkarlıq"
qəzetinin baş redaktoru
525-ci qəzet.- 2023.- 18 yanvar.- S.12.