Hər millət mərifət ilə
yaşar, cəhalət ilə yox olar...
(II məqalə)
Abbas
Zamanov 1979-cu ildə nəşr etdirdiyi "Əməl
dostları" kitabında Ömər Faiq haqqında
yazırdı: "Ömər Faiqin bəxti elə gətirmişdir
ki, onun mətbuatımızın tarixindəki yüksək
xidmətləri uzun müddət layiqincə qiymətləndirilməmiş,
indiyədək əsərləri toplanıb nəşr edilməmişdir.
Yalnız son zamanlarda onun haqqında az-çox
yazılmış, təəssüf ki, yazılanların da əksəriyyəti
hələ çap olunmamışdır". (A.Zamanov. Əməl dostları. Bakı,
Yazıçı, 1979).
Ömər
Faiq Nemanzadə "Tərcüman", "Şərqi-rus",
"Həyat", "Açıq söz",
"İqbal", "Tərəqqi", "Molla Nəsrəddin",
"İrşad", "Yeni iqbal",
"Kommunist","Qardaş köməyi", "Zəhmətkeşlərin
gözü" kimi mətbuat orqanlarında "Ömər
Neman Ağazadə", "Bir qarslı", "Əqrəbüldövlə",
"Bir iranlı", "Bir cavan", "Naməyus",
"Ömər Əlioğlu", "Ala qarğa",
"Şeytanbazar cücəsi", "Vızvıza",
"Qeybi", "Dəli", "Dərdli",
"Lağlağı", "Mozalan", "Dərdmənd",
"Çəhrəçi xala", "İynə", "Molla
Qulu", "Mömin", "Molla Nəsrəddin",
"Hətəkçi", "Xəfiyyəbaşı",
"Çoban", "Ömər Faiq Nemanzadə",
"Faiq Nemanzadə", "Heyrani, "Məşrutəçi",
"Ümidvar" kimi imzalar və təxəllüslərlə
çıxış edib.
Lakin bu imzalardan bir neçəsi həm də onun həmmüasiri
olan müəlliflərə də aid edilir. Məsələn,
"Dəli" imzasından Ömər Faiqlə
yanaşı, C.Məmmədquluzadə və Ü.Hacıbəyov
da istifadə edib. Və ya, "Qeybi"dən
M.Ə.Sabir, Mirzə Məmməd Axundov, "Mozalan"dan C.Məmmədquluzadə,
Ə.Haqverdiyev, S.Mümtaz, Qurbanəli Şərifzadə də
istifadə edib. "Lağlağı" həm
Ömər Faiqin, həm də Ə.Haqverdiyev, C.Məmmədquluzadə,
Rzaqulu Nəcəfovun imzası olub və s.
Araşdırmaçı
Qulam Məmmədli topladığı dörd min
açıq və gizli imzadan ibarət "İmzalar"
kitabında yazırdı ki, Cəlil Məmmədquluzadənin
özü "Molla Nəsrəddin"də də işlətdiyi
gizli imzaların bir çoxunu unutduğu üçün 1927-ci
ildə Tiflisdə jurnalın ilk mürəttiblərindən
olan İsmayıl Haqqı Həsənzadəyə məktub
yazıb gizli imzalarını ondan soruşmuşdur. Cəlil Məmmədquluzadənin
həmin məktubuna İ.H.Həsənzadə belə cavab
vermişdir: "Mən bunu iqrar edirəm ki, məcmuənin
Tiflisdə çıxan birinci nömrəsindən ta
axıradək "Molla Nəsrəddin" imzası ilə,
"Lağlağı" imzası ilə, "Hərdəmxəyal"
imzası ilə, "Dəli" imzası ilə,
"Cırcırama" imzası ilə və "Dəmdəməki"
imzası ilə yazılan cəmi məqalələr sən Cəlil
Məmmədquluzadənin öz əli ilə
yazılmış məqalələrdir" (Qulam Məmmədli.
İmzalar. Bakı, Azərbaycan Dövlət
Nəşriyyatı, 1977).
Q.Məmmədli də qeyd edir ki, İsmayıl
Haqqının göstərdiyi həmin imzalardan yalnız C.Məmmədquluzadə
deyil, başqaları da istifadə etmişlər. Beləliklə
də, bir müəllifin bir neçə imzadan, bir neçə
müəllifin bir imzadan istifadə etməsi kimi bir hal meydana
gəlmişdir. Bir nəfərin bir neçə gizli
imzadan istifadə etməsinin səbəbini "Mollanəsrəddinçi"
şair Əli Nəzmi sonralar C.Məmmədquluzadə
haqqında yazdığı "Böyük jurnalist"
adlı məqaləsində belə izah etmişdir: "Molla
Nəsrəddin"in bəzi müxbirləri olmuşdur ki, təsadüfən
məcmuəyə bir və ya iki məktub göndərib
xoşagələn imzalar atmışdır. Məsələn:
Mozalan, Cırcırama, Sırtıq, Lağlağı, Hərdəmxəyal
və s. Sonra isə bu imza sahiblərinin bəzisi idarə ilə
heç bir əlaqə saxlamırdı. Mirzə
Cəlil imzalar müxtəlif olsun deyə bu imzaların
hamısından istifadə edər və yazdığı
felyetonların, məqalələrin altında həmən
imzaları yazardı" (Qulam Məmmədli. İmzalar. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı,
1977).
Göründüyü kimi, ortaq imza məsələsində
bəzi anlaşılmazlıqlar meydana çıxır. Ömər
Faiqlə eyni ildə eyni jurnalda (məsələn, "Molla Nəsrəddin"də)
eyni imza ilə çap olunan məqalə müəlliflərini
ayırmaq çətin məsələdir. Əlyazmaların və arxiv sənədlərinin məhv
edilməsi işi daha da çətinləşdirir.
Aşağıdakı nümunəyə diqqət edək:
Mozalan - Haqverdiyev Əbdürrəhim. "Molla Nəsrəddin",
1906-1908.
Mozalan - Qurbanəli Şərifzadə, "Molla Nəsrəddin",
1908.
Mozalan - Ömər Faiq Nemanzadə, "Molla Nəsrəddin",
1908.
Təbii ki, bu cür nümunələrin sayı daha
çoxdur və bununla bağlı dəqiqləşdirmə
aparmaq ayrıca tədqiqat tələb edir.
1898-ci ildə "Tərcüman" qəzetində
Ömər Faiqin bildiriş xarakterli "Şəkidən"
başlıqlı yazısı "Müəllim Nemanzadə"
imzası ilə çap olunmuşdur. Bu illərdə o daha çox
pedaqoq kimi məktəb, tədris, dərs proqramları, təhsil
dili, məktəblərin və müəllimlərin təminatı
məsələlərini mətbuata çıxarırdı.
"Şəkidən" yazısında
üsuli-cədid məktəblərində məzunlarla
bağlı müşahidə olunan problemi dərhal
işıqlandırır. Bildirir ki, bu məktəbləri
bitirən gənclər çox zaman təhsillərini daha
yüksək dərəcəli məktəblərdə davam
etdirə bilmir, digər tərəfdən isə
ata-babalarının sənətlərini unutmuş olurlar.
Onun üçün də, məktəbdə
açılmış Sənət şöbəsi (İpəkçilik
haqqında nəzəri və praktik tədris şöbəsi)
ilə bağlı məlumat hazırlayır və "Tərcüman"ın
səhifəsində yayımlayır.
1900-cü ildə yenə "Tərcüman" qəzetində
"Axalsixdən" adlı kiçik bir məqalə
çap etdirir. "O.Nemanzadə" imzası ilə
göndərdiyi məqalə "Cənab mühərrir"
- müraciəti ilə başlayır. Məqalənin
intonasiyası şikayət xarakterli olsa da, məğzi konkret
bir coğrafiyada məktəblə əlaqəli çox ciddi
problemlərə həsr edilib. Sanki bir kənddə
yanğın var, yuxuda olan sakinlərin isə bundan xəbəri
yoxdur. Ona görə Ömər Faiq həyəcanla
yazır: "Camaatımız çox rahatdır. Nə yeni məktəbimiz var, nə də əski.
Camaatımız mərhəmətlidir. Sənət məktəbinin bir xeyli xərcini
çəkib erməni, yəhudi, gürcü ətfalını
məccani oxutdurur. Camaatımız qənaətlidir.
Öküz və eşşək işlərindən
qeyrilərə baxmazlar. Bu səbəblə
uyezdlərimizdə bir müsəlman dəmirçisi, yemənçisi
bulunmaz".
Öküz və eşşək işlərinə, zəhmətinə
şərik olan camaat elm, məktəb, hətta sənət
haqqında əsla düşünmür. Ömər Faiqin analiz,
müqayisə və təhlillərində adətən bir
statistika, rəqəmlərlə mahiyyəti göstərmək
metodu var. Məsələn, deyir ki, bu avam camaat bütün
evlərə bəs edəcək qədər meyxana və qəhvəxana
açır, fəqət qırx min adama bir məktəb
haqqında düşünmür ("Amma kiçik bir
köydə, məsələn, Azqurda müsəlmanların
parası ilə keçinən beş böyük meyxana,
altı böyük qəhvəxana vardır. Bu
hesabca qırx min cana bir üsuli-cədid məktəbi
düşdüyü halda, iyirmi evə bir meyxana, iki qəhvəxana
isabət edir").
Qori darülmüəllimində o mahaldan cəmi bircə
müsəlman oxuyur, onun da yolu dörd saatlıqdır. Bəylərin, dövlətlilərin
maarif və mədəniyyətə olan laqeydliyinin nəticəsində
isə "camelər viran, məktəblər pərişan,
insanların halı isə yamandır"...
XX əsrin
əvvəllərində Qafqazda, eləcə də Azərbaycanda
maarif və mədəniyyət məsələləri, siyasət,
ictimai-sosial problemlər daha çox məhz qəzet, jurnal
vasitəsilə gündəmə gəlir, düşüncələrdə
özünə yer edir və çox zaman da həllini
tapırdı. Ömər Faiqdən əvvəl
və elə onun öz zamanında da qəzet bir işıq,
ziya, nur və elm, əxlaq, ictimai haray simvolu kimi qiymətləndirilib.
Həmin dövr üçün qəzetin əvəzsiz
və danılmaz rolunu bir çox ədiblər, ziyalılar,
şairlər dönə-dönə vurğulayıb.
Ömər Faiqdən öncə S.Ə.Şirvaninin qəzetlə
bağlı yazdığı şeirlərində satirik tərzdə
ifadə ilə lirik həzinlik, poetik təsir maraqlı
intonasiya meydana gətirmişdir. Həmin yanaşma və
ifadə üsulunu biz Ömər Faiqin bir çox məqalələrində
görürük. Məsələn, Seyid Əzim "Qəzet
nədir", "Həsənbəy Məlikova", "Ziya
qəzetinə" və s. bu kimi şeirlərində
üzünü bəzən ziyalıya, bəzən xalqa, bəzən
imkanlı şəxslərə, bəzən hökumətə,
bəzən də sadəcə cahil bir adama tutub bu barədə
sözünü deyir.
"Qəzet nədir" şeirində Seyid Əzim
yazır ki, dünən bir cahil məndən soruşdu ki, qəzetin
bizə faydası nədir, bu Həsən bəy bizdən nə
istəyir? Onun niyyəti xoş niyyətə bənzəmir və
qəzeti də sadəcə pul tələsidir. Gah əkindən-biçindən
danışır, gah süddən, pendir hazırlamaqdan,
qatıqdan yağı necə çəkməkdən, gah
Amerikadan, orada icad edilən maşınlardan... Bu kişi ingilis kimi bizim başımızı
tovlayır, israr edir ki, gərək elm oxuyaq, çəkmə
tikməyi, çit toxumağı öyrənək. Biz ki, pendiri də, yağı da
hazırlamağı bilirik. Qarabağlı
övrətlər çöldə nehrələrdə
yağı yaxşıca hazırlayır. Taxılımızı da əkib-biçirik, kəlimiz,
vəlimiz varkən maşın nəyimizə gərək?
Bu yandan da yazır ki, Amerikada fəhlələr
ayağa qalxıb və s.
Seyid
Əzim isə cavabında o "cahili-kərihxitab"a üzünü tutub deyir ki, hərçənd
ki nadana cavab verməzlər, amma:
Hamı
millətdə var qəzetlər çox
Demə kim, bunda hiç faidə yox.
Qəzetin
çoxdu xəlqə mənfəəti,
Nə
bilir kim ki, yoxdu mərifəti,
Nə
deyim, vəhyi-asimanidir ol,
Leyk ərbabi-hal canıdır ol.
Daha sonra isə "Tiflisski vestnik", "Kafkaz" və
"Əkinçi" qəzetlərinin faydalarından
söz açır. Seyid Əzim "Əkinçi" qəzetini
canlı varlıq, "ürəyində dərdi olan",
"İslam əhlinə üzünü tutub onu dünyadan
xəbərdar edən" qasidtək təsvir edir. Hətta onun bağlanmasını "vəfat etmək"
kimi ifadə edir.
Səy edək,
ey guruhi-niksifat,
Etməsin ta bizim "Əkinçi" vəfat.
"Ziya
qəzetinə" şeirində də qəzeti bir nemət,
ləl-cəvahirat, maarif işığı kimi qiymətləndirir
və həmin qəzetin çox yaşaması
üçün dualar edir:
İlahi,
seyyidin qıl bu düasın
sən
icabət kim,
"Ziya"
gün tək ziyalənsin,
cahanə
müncəlalənsin!
Ömər Faiq
1903-cü ildə eynən Seyid Əzim yanğısı ilə
qəzet mücadiləsinə qalxır, Tiflisdə nəşr
olunmağa başlayan "Şərqi-rus" adında mətbu
orqanı yaşatmaq üçün müraciətlər
edir. Bildirir ki, qəzet sahibi öz üzərinə
düşən işləri görür, millət kimi bizim
borcumuz isə müaviniyyət ilə kömək etmək,
insaniyyətimizi göstərib təzə çıxan bu
işığa rövnəq verməkdir: "Xülasə,
indiyə qədər min dürlü təcrübələr
ilə isbat edilmiş bir həqiqətdir ki, hər millət mərifət
ilə yaşar, cəhalət ilə yox olar. Mərifətin
birinci vasitəsi, xətibi, vaizi isə məcmuələr, qəzetlərdir.
Qəzet aləmin güzgüsüdür.
Qəzet zəmanənin ən kəskin
qılıncıdır. Qəzet indiki
cismi-həyatın ruhudur, qəzet aləmin ən nüfuzlu, təsirli
vaizidir. Qəzet hər millətin
ölçüsü, mizanıdır. Qəzet
məmləkətin hamisi, vəkili, advokatıdır"
("Dərdimiz və dərmanımız". "Şərqi-rus" qəzeti, 1903).
"Dəvət" adlı irihəcmli məqaləsində
(Tiflis."Qeyrət"
mətbəəsi,1905) də göstərirdi
ki, mətbəəsi və mətbuatı çox olan millətin
sərvət və qüvvətləri də çox olar. "Bir "Tərcüman" ilə otuz milyonluq
xalqın ehtiyacı görülə bilməz. Bizə beş-on deyil, yüz mətbəə,
bir-iki deyil, on beş-iyirmi qəzet, jurnal lazımdır.
Heyif, çox heyif ki, guya islamiyyətin, daha doğrusu, indiki
müsəlmanların mətbəə və tazə mətbuat
ilə heç işləri-gücləri yox imiş kimi bu
xüsus əsla nəzərə alınmır..." Müəllif
yenə konkret statistika ilə müqayisələr aparır və
Tiflisdə qonşularımız gürcü və ermənilərin
mətbəə, jurnal, qəzet saylarını, hətta yeni
icazəsini aldıqları mətbu orqanların sayını
açıqlayır və təəssüflə bildirir ki,
bizim sayımız onlardan qat-qat çox olduğu halda Qafqazda
bizim mükəmməl bir mətbəəmiz, yarım jurnal və
məcmuəmiz belə yoxdur. Hər il məhərrəmlikdə
başlarına kül, saman töküb
üst-başını qana bulayaraq zəncir vuran xalqa,
İmam Hüseyn yolunda bədəninə işgəncə
verən cavanlara ürək ağrısı ilə suallar
verir. Deyir ki, olmazmı yolunda baş
yardığınız bu müqəddəsin məslək və
amalına uyğun xeyirli, faydalı bir mücadilə edəsiniz?
Maariflənmək, mədəniyyət və elm
sahibi olmaqla İslam tarixini və din yolunda cihad edən tarixi
şəxsiyyətlərin məsləkini, keçdiyi şərəfli
yolun salnaməsini öyrənəsiniz və s.
"Dəvət və təvəqqə"
("İrşad" qəzeti, 1906) məqaləsində də
"camaatı öz dili ilə başa salacaq xırda və
ucuz kitablar" çap etmək üçün müraciətlər
edir. Əli qələm tutan, rus dilindən tərcümələr
edə bilən hər kəsdən kömək istəyir.
Digər tərəfdən də adamları
ruhdan salan şayiələri təkzib məlumatları
yayımlayır. Guya "Qeyrət" mətbəəsi
satılıb və ya bağlanıb. "Əziz
yoldaşım Abdulla Cövdət bəyin dediyi kimi, aləmi-əsgəridə
qrup topu nə isə, aləmi-mətbuatda mətbəə
maşını elədir. Belə
olduğu surətdə insafdırmı ki, müsəlmanların
sifariş vermədiklərinə baxıb mətbəəmizi
yadlara sataq. Bu, olacaq iş deyil. "Qeyrət"
mətbəəsi daha səy və qeyrətlə öz vəzifəsində
davam edir və inşaallah da müsəlman
qardaşlarımızın həmiyyətilə davam edəcəkdir".
Ömər
Faiq milli, dini məsələlərə təkcə milli ampluadan deyil, həm də
qlobal ucalıqdan baxmağı bacarırdı. "Bu gün
bizim ölüm-dirim məsələniz maarifdir" - deyən
Ömər Faiq həmin zamanda, Birinci Dünya müharibəsi
ərəfəsində analitik təhlillər aparır,
dünyada baş verən siyasi, sosial, mədəni prosesləri
izləyərək sübut edir ki, hətta müharibəyə,
hərbə milyonlarla pul sərf edən dövlətlər həmin
kritik məqamlarda belə elm və maarifi, mədəniyyəti
unutmur. Çünki bir millətin siyasi meydanda
qalib gəlməsi həm də onun elm, təhsil
meydanındakı uğurunun nəticəsidir.
"İanələrin davaya
yağdırıldığı bir vaxtda, keçən ayda Moskvada
bir dövlətlinin təzə yapılacaq bir məktəbə
50000 manat ianə verməsi, rus və Yaponiya hökumətlərinin
bu yaxında Berlində məktəblərin islahı
xüsusunda qurulan konqresə dərhal əzalar göndərmələri,
böylə bir vaxtda belə maarifə aid təşəbbüs
və hərəkətləri, bir millətin canı və
ürəyi yerində olan maarifin əhəmiyyət və
lüzumunu gözəl isbat edir" ("Nə üçün
haqqımızı istəmiriz?", "Şərqi-rus"
qəzeti, 1904).
Yuxarıda Seyid Əzimin "Ziya" qəzetinin
yaşaması üçün Rusiya çarına və
hakimiyyətinə həsr etdiyi tərif və duanın nəsr
formasına Ömər Faiqdə də rast gəlirik. Aydındır
ki, həm də siyasətçi olaraq və xalqın
ayağa qalxa bilməsi üçün güzəşt
yollarının harada olmasını anlayan ziyalı kimi Ömər
Faiq də bir çox məqamlarda həmin yolu tutur. Rus
çarı haqqında "şövkətli
padşahımız" ifadəsini işlədir, rusları
bizim vətənimizə və hökumətimizə "sədaqətli
dost" qiyafəsində təqdim edir. Halbuki 1905-ci ildə
onun "Torpaq" adlı aylıq dərgi
çıxarmasına həmin çarın məmurları,
senzorları "yox" deyəcəkdi, "Qeyrət" mətbəəsinə
və mətbəənin binasında yerləşən Leyli məktəbinə
müdirlik icazəsini təhsilini Türkiyədə
aldığı üçün ona verməyəcəkdilər
və sonda, 1937-ci ildə repressiya qurbanı edəcəkdilər.
"Haman məktəbin
də, necə ki, "Qeyrət" mətbəəsinin də
həmçinin, rəsmi müdiri hökumət tərəfindən
təkcə mən özüm idim. Buna da səbəb bu idi: həmin
müəssisələri təsis etmək icazəsini o əsrin
hökuməti bəlkə ancaq mənə verərdi və
Ömər Faiqə verməzdi; bu cəhətə ki, mən
hökumət darülmüəllimliyini bitirmiş bir cavan
idim, amma Ömər Faiq Türkiyədə təhsil
tapmış bir cavan idi və zənn edirəm ki, mətləb
burada aşkar olur" (C.Məmmədquluzadə. Xatiratım,
Bakı, Xan nəşriyyatı, 2015).
Ömər Faiqin sözü gedən məqaləsində
("Nə üçün haqqımızı istəmiriz?")
onun üslubuna xas sətiraltı mənalar və tərif
arxasında gizlənən mahiyyəti ünvanına
çatdırmaq kimi incə bir publisist siyasəti
açıqca görünür. Müəllif xəfif
bir xatırlatma edərək, Rusiyanın bizə sədaqətini
deyil, əslində sədaqət borcunu andırır. Vurğulayır ki, Rusiyanı ianələrimizlə
və başqa xalqlardan daha artıq ianələrimizlə
saxlayan həm də bizik. Rusiyaya sədaqətdə
də başqa xalqlar içərisində ən öndə
olan yenə biz müsəlmanlarıq.
"Biz, Rusiya müsəlmanları hökumətimizin ədalətinə
qarşı hər vaxt sədaqət göstərməyi borc
bildiyimiz halda dava kimi dar günlərdə hər dürlü
ianə və köməklə ixlas və sədaqətimizi
bir qat daha artırmağı da gözəl biliriz. Bu cəhəti
boş sözlə deyil, yaralı vətəndaşlarımız
üçün hər tərəfdən
topladığımız ianələr, etdiyimiz dualarla
çox möhkəm isbat etdik. Buna görə
çox fəxrlə, cürətlə aləmə bildirmək
istəyirəm ki, ruslardan sonra hökumətimizə, Vətənimizə
sədaqət göstərən bu qədər müxtəlif
millətlərin ən birincisi biz müsəlmanlarıq".
Ömər Faiq hətta istehza ilə (yəqin ki həm
də ürək ağrısı ilə) qeyd edir ki, rus qəzetlərinin
də təsdiq etdikləri kimi bizim İslam quberniyasından -
fəqir cəmaətimizdən toplanan ianənin cəmi
ümumi polyakların ianəsindən artıqdır. Digər millətlər
də bu nisbətdədir. Yenə də konkret sənəd
və faktla fikrini əsaslandırır: "Sürməli
uyezdinin naçalnikinin rəsmi kağızında, oradakı
kasıb, fəqir müsəlmanlardan beş-altı manat
toplandığı halda, özgə varlı millətlərdən
ancaq ancaq üç yüz manat toplandığını hər
kəs "Şərqi-rus"da oxumuş, sədaqətimizi
qiyas etmişdir zənn edirəm. Burasına da
diqqət lazımdır ki, bu ianələrin çoxu millət
başçılarımız olan üləmamızın
qeyrəti ilə toplanmışdır. Hətta
bizim bu dərəcə müavinət və dualar ilə
göstərdiyimiz sədaqət və ixlas əsərləri
bir çox rus məmurlarını heyrətdə qoymuş və
bir para yanlış, əsassız fikirləri də zehinlərindən
çıxarmışdır".
Daha sonra yazır ki, biz rusların apardıqları müharibələrdə təkcə malımızla deyil, həm də canımızla kömək edirik. Əsgər və zabitlərimiz rus əsgərləri ilə bərabər sinəsini güllə qabağına verir və s. Yenə çox cəsarətli, amma ustalıqla ortaya qoyulmuş tələb! Məqalənin də adına bir daha diqqət etsək, mətləb aydın olacaq: "Nə üçün haqqımızı istəmiriz?"
"İştə bu surətlə həm can, həm mal ilə əmniyyət və etibarını qazandığımız hökumətin bizdən qanun daxilində bir şey əsirgəməyəcəyini bilməliyiz. Boş xülya və xofla indiyə qədər itən və qalan haqqımızın meydana çıxmasına hökumətimizin sühulət göstərəcəyinə əmin olmalıyıq. Hər vaxtın, halın bir təqazası var. Elə bilirəm ki, indi bir az vaxt gəlmişdir. Fürsəti fot etməyək! Bizim həyatımıza vasitə olacaq tazəliyin çox lazımlı bəzi xüsusiyyətlərini hökumətimizdən yavaş-yavaş istəyək".
Çox əhəmiyyətli, maraqlı tezislər irəli sürür, realllığı təhlil prosesində həm də konkret və həlli mütləq şərtləri sıralayır. Bildirir ki, millət başçısı missiyasını yerinə yetirən "üləmalar", din xadimləri xalqı geriyə, cəhalətə sürükləyir və bu barədə artıq hər kəs qışqırır. Batmaqda olan maarifimizə çarə ilk növbədə ümumi Qafqaz üçün bir ruhani mədrəsəsi açmaqdır. "Yoxsa irəlidə quru namaz qıldıran da tapılmayacaqdır".
Daha sonra xatırladır ki, bir çox şəhərlərdə sənət, əkin-biçin işlərinə, və şəhər məktəblərinə çəkilən xərclərin bir qismi, bəlkə daha artıq bir qismi müsəlmanlardan alınır. Bunun müqabilində hər il bir neçə müsəlman uşağını pulsuz təhsil üçün göndərmək vacibdir. Məhəllə mollaları və "başbilənlərin" məsuliyyətsizliyi, cəsarətsizliyi, cahilliyi üzündən bu millətin haqqını başqaları yeyir. Uşaqların bir qismini rus məktəblərinə təhsil üçün göndərərkən, qalanlara da hər kənddə, hər şəhərdə xüsusi məktəblər açmaq, gənclərə elm və sənət öyrətmək, xaraba qalan mədrəsələri təmir etdirmək, hər şəhərdə mütləq ucuz qiymətli, hətta pulsuz qiraətxanələr açmaq mütləqdir və s. Bu haqqa və hüquqa sahib olmağı dərk etməyənlərə isə bir cümləlik mesaj ötürür: "Bu barədə fikr və xof lazım deyil. Qanun müsaidədir".
Ömər Faiq qanunu bilmədiyi üçün də xalqa zülm edən məmurları maariflənməyə səsləyir. "...göydə ildızlar, "fin xuançin"dən xəbərlər axtaracağımız yerə gözümüzün önündəki milli, vacibli hallarımıza fürsətdən vaxtında istifadə edib, çarələr axtarmalıyız. Nə üçün lazımi məsələlərə çalışmayırız, nə üçün haqqımızı istəməyiriz?"
XX əsrin əvvəllərində aktual problemlərdən biri olan "erməni məsələsi" Ömər Faiqin də publisistikasında tez-tez toxunulan mövzu idi. Ü.Hacıbəyov, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, Ə.Ağaoğlu və başqa bu kimi ziyalılar hələ 1918-ci il 31 mart soyqırımınadək də erməni xisləti və təhlükəsi haqqında mütəmadi olaraq fikir, münasibət bildirirdilər. Bu münasibət bəzən müqayisə üsulu ilə ifadə edilir, bəzən isə Qafqazda daimi təhlükə mənbəyi olaraq qalan xalq kimi xüsusi obraz yaratma metodu ilə mahiyyətini əks etdirirdi.
1905-ci il hadisələri də mövzunun
parametrlərini daha da genişləndirmişdir. Erməni siyasəti, məslək və əqidəsi
müsəlmanlar üçün "gələcək
problem" - ampluasında
müzakirə edilirdi. Ömər Faiq açıq şəkildə
dilə gətirməsə də, tezislər, replika və
siyasi mesajı olan fraqmentlərlə izah edirdi ki, Rusiyada, eləcə
də Qafqazda türk əsilli, İslam etiqadlı xalqları
bilərəkdən cəhalət içərisində
saxlayırlar. Məktəb, mətbuat, ədəbiyyat,
sənət, elm məsələlərində də xüsusi
senzor yanaşması o səbəbdəndir. Əvəzində
məhərrəmlik rituallarına meydan vermək, cahilliklə
görülən işlərə göz yummaq, sərvətini
aldığı xalqı başıqapazlı edib onu ətalət
içərisində əsrlərlə saxlamaq siyasəti
yeridilir. Bu xalqlar üçün istənilən vaxt
alovlandıra, bir-birlərinə qırdıra biləcəkləri
konflikt ssenarisi də həmişə qüvvədədir:
sünni və şiə qarşıdurması!
İradə
MUSAYEVA
525-ci qəzet.- 2023.- 18 yanvar.- S.10-11.