Təhsil İnstitutunun fəaliyyəti:
yeniləşmə və inkişaf yolunda ardıcıl
addımlar
Azərbaycan
Respublikasının Təhsil İnstitutu (ARTİ) ötən
il ərzində çoxsaylı layihələr,
tədqiqatlar həyata keçirib, təlimlər, tədbirlər
və görüşlər təşkil edib. Məktəb
Ailə İcma Birliyi (MAİB) ilə bağlı modelin
hazırlanması, STEAM yanaşması ilə bağlı beynəlxalq
təcrübənin tədqiq olunması, ali təhsil müəssisələrinin
ömürboyu təhsil konsepsiyasının tətbiqi təcrübələrinin
öyrənilməsi, ali təhsildə distant tədrisin təşkili,
ümumtəhsil məktəblərində metodik xidmətin təşkili
ilə bağlı beynəlxalq təcrübənin
araşdırılması və tövsiyələrin
hazırlanması kimi tədqiqatlar həyata keçirilib və
konseptual modellər hazırlanıb. Əlavə olaraq, erkən
uşaq təhsili və inkişafı ilə bağlı beynəlxalq
təcrübənin öyrənilməsi və ölkə
üçün tövsiyələrin hazırlanması,
İngilis dilinin xarici dil kimi tədrisinin (CEFR) ən müasir
və effektiv kurikulumunun dünya təcrübəsi əsasında
araşdırılması və təkliflərin
hazırlanması, ali təhsil müəssisələri
üçün tədqiqat sahəsində fəaliyyət
göstəricilərinin qiymətləndirilməsi və
dövri monitorinq sisteminin qurulması kimi sistem əhəmiyyətli
tədqiqatlar ARTİ tərəfindən həyata
keçirilib. Cari il üzrə milli və beynəlxalq qiymətləndirmə
üzrə tədqiqatlara nəzər salsaq, ARTİ tərəfindən
PISA 2022 üzrə əsas mərhələsinin, TIMSS 2023
üzrə sınaq mərhələsinin, ICILS 2023 üzrə
sınaq mərhələsinin, TALIS 2024 üzrə pilot mərhələsinin
təşkili həyata keçirilib.
Təhsil İnstitutunun direktoru Rüfət Əzizovun
sözlərinə görə, ARTİ tərəfindən
cari ildə 21 tezis, 68 məqalə, 10 kitab, 24 dərslik və
metodik vəsait hazırlanıb. Onlardan elmi tədqiqat işlərinin
nəticələrinə dair yerli və beynəlxalq nəşrlərdə
4 tezis, 35 məqalə dərc edilib, 10 kitab hazırlanıb,
"Web of Science" bazasına daxil olmuş elmi nəşrlərdə
isə 5 məqalə dərc olunub. "Beynəlxalq təhsil
icmalı" bülleteninin hazırlanması, "OECD" -
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı,
UNICEF, UNESCO, "Web of Science"
bazasında olan elmi tədqiqat əsaslı məqalələr,
"World Bank" və digər beynəlxalq təşkilatlar
tərəfindən təhsilə dair aparılmış tədqiqatlar
barədə xülasə-icmallar hazırlanıb:
"ARTİ 2022-ci il ildə bir sıra yerli və beynəlxalq
tədbirlərin təşkil edilməsi sahəsində də
böyük təşəbbüs göstərib".
R.Əzizov deyib ki, şagirdlərin lazımi bilik və
bacarığa yiyələnmələri üçün məsələyə
institusional yanaşılmalı və müəllimlərin
inkişafına diqqət ayrılmalıdır. Bu məqsədlə
atılan addımlardan biri də ölkədə müəllimlərə
metodiki dəstək mexanizminin təkmilləşdirilməsidir.
Cari ildə Məktəblərin İnkişaf Planının
(MİP) hazırlanıb həyata keçirilməsi prosesinə
start verilməsi məktəb əsaslı metodiki xidmət
vasitəsilə təhsilin dayanıqlı
inkişafını hədəfləyir. MİP məktəbin
təkmilləşməyə ehtiyacı olan istiqamətlərini,
bu istiqamətlərin inkişafı üçün
atılacaq addımları özündə əks etdirən
strateji planlamadır: "2021-ci ildən etibarən TKTA-nın
orta təhsil müəssisələrində təhsilin keyfiyyətini
ölçmək məqsədilə keçirdiyi
inspeksiyaların hesabatlarına əsasən, ARTİ və
BŞTİ metodiki bacarıqlar və öyrədici mühitin
qurulmasında aşağı nəticə göstərən
məktəblərdə təhsilin keyfiyyətinin
artırılması məqsədilə həmin MİP-lərin
hazırlanması və bu məktəblərə lazımi
metodik dəstəyin göstərilməsi istiqamətində
addımlar atıb".
Rüfət
Əzizovun sözlərinə görə, ötən ildə
"Sabah magistratura" layihəsi çərçivəsində Bakı Dövlət Universiteti, Azərbaycan
Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti
ATM-də kompüter laboratoriyalarının qurulması
üçün avadanlıqların təchizi, ikinci semestrdə
tədrisi aparacaq müəllimlərin seçimi və tədrisinin
təşkili, 2 metodiki vəsait və 3 dərs vəsaiti
üzərində işin aparılması və 18 dərsdənkənar
tədbirin təşkili icra olunub. Qeyd edək
ki, seçilmiş müəllimlərin həm pedaqoji
bacarıqlarını, həm də ixtisas üzrə biliklərini
artırmaq üçün logistika, təchizat zənciri
üzrə proqramlara əsaslanan təlimlər keçirilib.
Dərsdənkənar tədbirlər sırasına Bakı
Beynəlxalq Dəniz Limanı, Elektron hökumət, Təhsil
Sistemlərinin İnformasiyalaşdırılması İdarəsi,
Azərbaycan Dəmir Yolları, STEAM mərkəzlərinə,
həmçinin, İsrailin Holon Texnologiya İnstitutuna təlim
səfərləri təşkil olunub: "Ötən il
ARTİ-nin fəlsəfə və elmlər doktoru proqramı
üzrə 54 nəfər doktorant və dissertant təhsilini
davam etdirib. 2022-ci ildə sənəd qəbulunda
ümumilikdə 45 nəfər iştirak edib, onlardan 18 nəfəri
İnstitutun doktorantura və dissertanturasına qəbul
olub".
Direktor bildirib ki, ARTİ-nin beynəlxalq qurumlarla əməkdaşlıqda
həyata keçirdiyi layihələr aparılmış
müxtəlif tədqiqatlar vasitəsilə aşkarlanan
ehtiyaclar əsasında müəyyənləşir. Bu layihələr əsasən
2 istiqamət üzrə qruplaşdırılır: sabit
dövrü əhatə edən, böhran vəziyyətləri
və onların yaratdığı təsirlərin aradan
qaldırılmasına yönəlmiş layihələr. Eyni zamanda, təhsil sahəsində milli və beynəlxalq
öhdəliklərin yerinə yetirilməsi üzrə beynəlxalq
təşkilatların dəstəyi ilə layihələr
icra olunur. Belə ki, Prezidentin fərman və sərəncamları,
Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmiş
strategiyalar, strateji yol xəritələri, konsepsiyalar, dövlət
proqramları, fəaliyyət planları və proqramlarının,
həmçinin, Elm və Təhsil Nazirliyinin beynəlxalq
qurumlarla imzaladığı təhsil proqramlarının
icrası məqsədilə UNICEF, UNESCO və digər beynəlxalq
təşkilatların dəstəyilə müxtəlif
istiqamətlərdə layihələr həyata keçirilir.
Onun
sözlərinə əsasən, 2022-ci ildə riyaziyyat I-XI,
fizika VII-XI, kimya VII-XI, biologiya VII-XI, təbiət V-VI, həyat
bilgisi I-IV, Azərbaycan dili I-XI, ədəbiyyat V-XI, ingilis dili
I-XI, coğrafiya VI-XI fənləri üzrə ümumilikdə
10 fənn kurikulumunun təkmilləşdirilməsi davam etdirilib.
ARTİ fizika, kimya, biologiya, təbiət və həyat bilgisi
kurikulumlarının təkmilləşdirilməsində
Sinqapurun Alston, riyaziyyat kurikulumunun təkmilləşdirilməsində
Marşel Kavendiş təhsil şirkətləri, ingilis dili
kurikulumunun təkmilləşdirilməsində Kaliforniya
Universitetinin professoru və coğrafiya kurikulumunun təkmilləşdirilməsində
isə Gazi universtetinin professoru ilə əməkdaşlıq
edib: "2022-ci ildən müəllimlərin peşəkarlıq
səviyyələrinin və peşə
yararlılıqlarının yoxlanılması məqsədilə
sertifikatlaşma prosesinə başlanılıb. Sertifikatlaşma dövrü ərzində ARTİ tərəfindən
müəllimlərə dəstək məqsədilə
sertifikatlaşma imtahanlarının çərçivə sənədinin
izahı, nümunə sualların həlli və müsahibə
mərhələsi ilə bağlı 100-dən artıq
görüş, vebinar və canlı seminarlar keçirilib.
Bakı şəhərində və bölgələrdə
6 mindən artıq ibtidai sinif müəllimi ilə
görüşlər təşkil olunub. Bu
tədbirlər müəllimlərin imtahandan qabaq psixoloji gərginliklərini
aradan qaldırmış və nəticədə müəllimlərin
böyük hissəsi sertifikatlaşma prosesini uğurla
keçib. İlk dəfə cari ildə təşkil
olunan təhsilverənlərin sertifikatlaşdırma prosesinə
ilkin mərhələdə Bakı Şəhəri üzrə
Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz
və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə
tabe olan, həmçinin, Elm və Təhsil Nazirliyinin
birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində
çalışan ibtidai sinif müəllimləri cəlb
olunub. Test mərhələsində ümumilikdə 11665 nəfər
dəvət edilmiş, 11211 nəfər iştirak etmiş və
onlardan 8843 nəfər keçid balını
toplamışdı. İmtahanlarda qoşulma
sayı maksimuma - 3000 nəfərə
çatdırılıb. Müsahibə mərhələsində
8784 nəfər təhsilverən iştirak etmiş və
onlardan 8751 nəfəri uğur qazanaraq
sertifikatlaşdırmadan keçmiş hesab olunub. Nəticə
etibarı ilə sertifikatlaşdırmadan keçmiş 3127 təhsilverənin
vəzifə maaşına 35 faiz əlavə, 5624 təhsilverənin
vəzifə maaşına isə 10 faiz əlavə edilib.
Sertifikatlaşmanın növbəti mərhələsinə
hazırlaşan və 2022-ci ildə sertifikatlaşmada uğur
qazana bilməyən müəllimlər üçün dəstək
tədbirləri növbəti il də
davam edəcəkdir".
Rüfət Əzizov vurğulayıb ki, ümumi təhsil
müəssisələrinə müəllimlərin işə
qəbulu Elm və Təhsil Nazirliyi tərəfindən
müsabiqə yolu ilə həyata keçirilir. 2022-ci ildə
müəllimlərin işə qəbulu üzrə
müsabiqədə iştirak üçün 60002 namizəd
müraciət edib. Onlardan 54804 namizəd
müsabiqədə iştirak hüququ qazanıb. 7 gün ərzində 15 mərkəzdə təşkil
olunan imtahanlarda 44363 namizəd iştirak etmişdir. İmtahanlarda ilk dəfə qoşulma sayı
maksimuma - 5000 nəfərə çatdırılıb.
Müsabiqə üzrə 13280 vakant yer elan edilib, 3902 namizəd
müddətsiz əsaslarla, 3086 namizəd müddətli əsaslarla
işə qəbul olunub. Əlavə yerləşdirmə
zamanı isə 1859 namizəd müddətli əsaslarla vakant
yerlərə təyin edilib. Qeyd edək ki,
2022-2023-cü tədris ili ərzində əlavə
yerləşdirmə həyata keçiriləcək.
Direktorun söylədiyinə görə, ötən ildə
ARTİ nəzdində Təhsil Resursları Mərkəzi
(TRM) yaranıb. Mərkəz yeni tədris resursları və
onların elektron versiyalarının, təhsil prosesində
müəllim və şagirdlər üçün əlavə
resurslarının hazırlanması üzrə fəaliyyətə
başlayıb. Mərkəzdə
"Ehtiyat dərslik" layihəsi üzrə işlər
davam edib. 2022-ci ildə ARTİ-nin təşkilatçılığı
ilə 6 adda sadalanan "Həyat bilgisi 1", "Azərbaycan
dili (dövlət dili) 4", "Happy Campers 4", "Azərbaycan
dili (tədris dili) 5", "Riyaziyyat 5", "Təbiət
6" yeni ehtiyat dərslik komplekti hazırlanıb, "Azərbaycan dili (tədris dili)
3", "Azərbaycan dili (dövlət dili) 3"
"Riyaziyyat 3", "Matematika 3", "Happy Campers
3", "Təbiət 5", "Azərbaycan dili (tədris
dili) 4", "Riyaziyyat 4" kimi 8 adda ehtiyat dərslik komplekti
isə təkmilləşdirilib: "Müəllimlərin
beynəlxalq qiymətləndirmə tədqiqatları barədə
məlumatlılığını artırmaq, təhsildə
qərarların verilməsində, təhsil siyasətinin
formalaşmasında qiymətləndirmə tədqiqatlarının
vacibliyini vurğulamaq, qiymətləndirmə siyasətinin təkmilləşdirilməsində
müəllimlərin iştirakını təmin etmək məqsədilə
123 müəllimin iştirakı ilə beynəlxalq qiymətləndirmə
düşərgələri keçirilib. Müəllimlər
müxtəlif araşdırma və müzakirələrə
cəlb olunmaqla PISA, PIRLS, TIMSS, ICILS və TALIS yönümlü
mətn və tapşırıqların hazırlanması
metodikaları ilə tanış olub. Eyni zamanda, düşərgə
iştirakçıları müvafiq səriştələri
ölçməyə imkan verən tapşırıq
nümunələri hazırlayıb və konstruktiv rəylər
əsasında həmin tapşırıq nümunələrini
inkişaf etdirmək imkanı əldə ediblər".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2023.- 19 yanvar.- S.15.