Havalı adam

Hekayə

 

Sözləri qəribə tələffüz edən nərmənazik qız bu gün havanın günəşli, arabir yağışlı olacağını deyib axırda da əlavə etdi ki, hava necə olur olsun, çalışın əhvalınızı yüksək tutasınız. Hava proqnozundan başqa heç nəyə baxmayan Kazım televizoru söndürüb mətbəxə keçdi. Mobil telefonu zəng çaldı. Dostu Ramazan idi. Beşmərtəbədəki ortaq marketləri söküləndən sonra tikinti şirkəti onlara nə yer, nə də mağazanın əsl dəyərini vermişdi. Uzun məhkəmə çəkişmələri, get-gəllərdən sonra ürəklərincə olan ölçüdə yer ala bilsələr də, Ramazanın səhhəti baş verənlərə dözmədi, bir xeyli xəstə düşdü. Yeni mağazanı təmir etdirib işlətməyə artıq həvəsləri də qalmamışdı. Kazıma isə yeni məkanlarının səmti xoş gəlmirdi - buranın havasına söküntüdə ölmüş siçanlarla tikinti şirkəti sahibinin qoxusunun qarışdığını deyirdi: "Neçə il keçməlidir ki, xəzri və yağış bu qoxunu aparsın".

- Salam. Necəsən? - Kazım cavab verməyə macal tapmamış dostu hal-əhval janrının populyar suallarını yağdırdı, - Səhhətin yaxşıdır? İşlər necə gedir? Arvad-uşaq neyniyir?

Salamdan sonra Kazım gümrah səslə qısa-konkret cavablandırdı: - Bu gün hava günəşlidir, əhvalımız da havaya uyğundur.

 - Mən bu gün həyətə çıxmamışam, havadan da xəbərim yoxdur, - deyə Ramazan əzgin-əzgin cavab verdi. Kazıma elə gəldi dostu əsnəyir. Onun həmişə əzgin olmaq üçün bir səbəb tapmasına qıcıqlandığından hövsələsiz halda soruşdu:

- Dünən də çıxmamışdın həyətə?

Xəttin o biri başına sükut çökdü. Ramazan bir gün əvvəl evdən çıxıb-çıxmadığını xatırlamağa çalışırdı. O qədər də əminlik ifadə etməyən səslə "yoox, çıxmamışdım" dedi.

- Yaxşı ki çıxmamısan. Dünən göydən qapqara, palçıqlı yağış yağırdı. Bütün üst-başın çirklənəcəkdi...

- Hmm, yaxşı ki, çıxmamışam... Bu göydələnlərin arasında gəzmək olmur onsuz da. Pul da yoxdur ki, harasa gedəsən...

Kazımın hövsələsi əməlli-başlı daraldı. Şikayətlənməyə yenə nəsə tapan dostunu bir az da dinləyib əhvalının pozulmasına imkan vermək istəmədi. Tez-tələsik:

- Mən bilirəm səni hara aparacam. Ora başdan-başa puldur. Dünyanın ən varlı adamı olacaqsan. Zəng edib vaxtını deyərəm. Təki yaxşı yağış yağsın həmin gün, - deyib - yaxşı, indi işim var, sonra danışarıq - deyə əlüstü bir yalan uydurub cavab gözləmədən telefonu qapatdı.

Darısqal mətbəxin açıq pəncərəsindən dolan havanı ciyərinə çəkib balaca künc divanına yayxananda Həlimə başının üstünü kəsdirmişdi: - Ayıb deyil, a kişi? Sinoptiksən sən? Havadan başqa tema yoxdur səndə? - arvadı həmişəki tənə və təəccüblə ona baxırdı.

Kazım nəsə demək istəyirdi ki, içəriyə düşən günəş zolağını gördü, sevinclə yerindən sıçramasıyla pəncərəni örtməsi bir oldu. Üzünə yayılmış bəxtəvər təbəssümlə:

- Günəşin şəfəqini ovladım - dedi, - bütün günü bizdə qonaq olacaq. Pəncərəni bir də axşam açarsan. - Həlimə mat-məəttəl ərinə baxırdı. - Nə qədər ki bu şəfəqlər burdadır, kefimiz də əla olacaq. - dedi Kazım. Sonra əllərini irəli uzadıb şəfəqləri tutdu, - Al, as boynundan, üstü dolu brilyantdır, - deyə günəşi arvadının boynuna keçirdi.

Həlimənin əvvəlcə dodağı qaçdı, çaşıb qalmışdı, birdən şaqqanaq çəkərək uğunub getdi:

- Sən düzələn deyilsən. Elə ilk görüşümüzdə də sinoptiklik edirdin. Mən elə onda anlamışdım ki, sən havalanmısan. Soruşdum ki, həyatda ən çox sevdiyin şey nədir? Cavab verdin ki, dənizin üstündən ildırım çaxması, - yenə bərkdən güldü, - Heç olmasa, "gözlərinin rəngi"-filan deyərdin də...

Kazım üzündəki şəfəq nurunu çoxbilmiş təbəssümlə əvəzlədi, qaşlarını dartıb şəhadət barmağını havada yellədi: - Pah, deməzdin ki, aldatdım?! Desəydim ki, ən çox sənin gözlərini sevirəm, bir ay burnun yer supürəcəkdi ki, bəs ayaqlarım, sinəm xoşuna gəlmir?

- Sən düzələn deyilsən, - deyə Həlimə üzündə təbəssümlə başını yelləyib ütü otağına keçdi.

Qapının zəngi çalındı. Gələn sahə müvəkkili, yanındakı yaşlı, eynəkli qadın isə bir mərtəbə onlardan aşağıda yaşayan universitet müəlliməsiydi. Polis əməkdaşı ədəb-ərkanla salamlaşdı: - Bu xanım şikayət ərizəsi yazıb ki, sizdən onlara tappıltı səsləri gəlir. Narahat edirsiz, gecələr yata bilmir, - sanki təbəssümünü zorla bığının altında gizlədib ciddi görünməyə çalışırdı.

Həlimə otaqdan özünü yetirib qadının üstünə çəmkirdi: - Sənin əlindən hara qaçaq biz? Ayıb deyil? Bizim o yaşımızdır ki, atılıb düşək? Abrın-həyan olsun da. Əlindən həyətə də düşə bilmirəm. Hər məni görəndə "səs salanlar sizsüz" deyirsən. Şərçi! Sənin dərdin səs-filan deyil, bilirəm mən sənin başının ağrısını...

Həlimə qışqırdıqca "yaxşı... yaxşı..." deyə qolundan çəkib onu sakitləşdirməyə çalışan Kazım onu giriş qapısının lap yaxınındakı ütü otağına ötürüb qapını örtdü. Üzünə süni təbəssüm qondurub: - Siz ona fikir verməyin, - dedi. Polis müfəttişi bilmədi Kazım "ona" deyəndə qadınların hansını nəzərdə tutdu, - Bizdən heç bir səs-filan gələ bilməz. Sadəcə, başınıza səs düşüb... - üzünü qonşu qadına tutdu, - Olur belə şeylər... Hava durumuna baxmışam. Sabah leysan yağış yağacaq. Altında dayanın, qoy bir xeyli üstünüzə yağsın, keçib gedər...

Mat-mat ona baxan qadın coşdu: - Aa, bu məni ələ salır e. Sən özünü kim hesab edirsən ki, mənə ağıl verirsən. Mən...

Sahə müvəkkili qadına - Gedək, - deyib onu gözləmədən asta-asta pillələri düşməyə başladı. Eynəkli qadın Kazımı hədələyir, bu məsələni belə qoymayacağını, yüzlərlə tələbəsi olan universitet müəllimini ələ salmağının cəzasını çəkəcəyini deyirdi. Kazım olanları əvvəlcə gözlükdən izləyən, sonra dözməyib qapını azacıq aralayıb guya heyrətlənmiş kimi baxan qonşunu da süni təbəssümlə salamlayıb qapını bağladı.

Ömrü boyu belə idi: hava yaxşı olanda tanımadığı, lüzumsuz adamlar, ürəyi istəyən adamlarla görüşəndə isə tozlu küləklər kefinə soğan doğrayardı. Ona elə gəlirdi, bu şəhərin insanları da havası kimidir. Günəşli günləri, tut ucundan göyə çıx yağışları, bir də bəmbəyaz qarı sevirdi Kazım. Elə günlərdə işləri də yolunda gedirdi. Qış günlərində ilin bütün ağrı-acısının üstünü örtən qardan sonra yaşı üstünə gələn daha bir yaş da onu qorxutmurdu. Çünki hər bir qışdan sonra mütləq bahar gəlirdi...

İçəridən Həlimənin narahat səsi gəldi. Kazım özünü ütü otağına atanda arvadı ikiəlli başını tutub zarıyırdı:

- Nəfəs ala bilmirəəəəm. Havam ça

tışmııır...

Təcilli yardım briqadası həmişəkindən daha tez gəldi. Həkim ütü otağında yerdə uzanmış Həliməni görüb şikayətini soruşanda Kazım sanki onları boş yerə narahat edib və üzrxahlıq edirmiş kimi naqolay təbəssümlə:

- Doktor, bu gün hava gözəldir. İstədim xanımımla bir az olub keçənlərdən söhbət edəm, amma görünür, havanın atmosfer təzyiqi yüksəkdir. Dedi havam çatışmır, danışmaq istəmədi mənimlə. Fikirləşdim ki, zəng edim gələsiniz, birlikdə söhbət edək...

Həkim bir Həliməyə, bir də üzündən təbəssümü çəkilməyən Kazıma baxdı, çaşqınlıqla "Amma hava heç də yaxşı görünmür" dedi. Kazım əlində tanometr olan həkimi irəli buraxıb "Ehh, doktor, sən ki sinoptik deyilsən, havanın necə olacağını hardan biləcəksən?!" deyib köks ötürdü.

Gənc tibb bacısı gülüşünü saxlaya bilmədi. Həlimənin də dodağı qaçdı, alt qonşu ilə bayaqkı dava-dalaşı da, təzyiqinin yüksəlməsini də unutdu sanki. Həkim briqadası onun təzyiqinin normallaşdığına əmin olandan sonra getdi. Onları yola salan Kazımın mətbəxdəki pəncərənin önündə bir qədər əvvəl evə həbs etdiyi günəş şəfəqlərini görəndə yenə üzü güldü.

Həlimə də mətbəxə keçdi: - Çay verim sənə?

- Yox, sən mənə küləyin qovub gətirdiyi Braziliyanın qara qumundan ver.

- Sonuncu dəfə Egenin qumu xoşuna gəlmişdi.

- O zaman orta şəkərli olsun, - deyə Kazım razılaşdı.

Həlimə hazırladığı türk qəhvəsini ərinin önünə qoydu: - Bu külək zəif idi, qumu az gətirmişdi. - Gülüşdülər...

Gecə yerinin içində yuxulamağa çalışsa da, Kazım dostu Ramazanı düşündü: "İki gündür hava görmür. Belə getsə, hərəkətsizlikdən fırtınaya tab gətirməyəcək. Fırtınadan sonra qar yağsa, torpağı da görünməyəcək. Pulsuzlayıb. Bu da onu çox sıxır. Gərək onu xilas edim..." Qərar verdi, səhər ilk işi Ramazanla görüşmək olacaqdı...

Şəhərdən erkən sabah çıxdılar. Bərk yağış yağırdı. Ramazan maşının şüşəsini açıb təmiz havanı ciyərlərinə çəkir, sifətini isladan yağış damlalarına uşaq kimi sevinirdi.

Kazım maşını yol kənarında, iri gövdəli çinarların altında saxladı. Maqnitofonun səsini artırıb düşdü. Eyyubun səsi ətrafa yayıldı: "O tin sənindür, bu tin də mənim..."

Kazım qol götürüb oynayırdı. Yağış üz-gözünü, paltarlarını islatsa da, get-gedə daha şövqlə rəqs edir, yaxınlıqdan şütüyüb keçən maşınları sanki görmürdü.

Ramazan bir xeyli Kazımı izlədi, maşından enməyə tərəddüd etsə də, bu qədər ləzzətlə rəqs edən dostunu meydanda tək qoymaq istəmədi... Mahnı da dəyişmişdi. İndi İbo oxuyurdu:

 

"Tabib, sen elleme benim yaramı

Beni bu dertlere salanı getir

Kabul etmem bir gün eksik olursa

Benden bu ömrümü çalanı getir

Git ara bul getir saçlarını yol getir...

Yoksulun derdine dermanı getir..."

 

Durmadan yağan yağış Ramazanın gözündən axan yaşlara qarışmışdı. Kazım isə gözlərini yumub hələ də rəqs edirdi...

Meşədə bir xeyli gəzdilər. Gölün sahilindəki kafedə artıq onları gözləyirdilər, aşpaz şişlərə keçirdiyi quzu qabırğalarını közün üstünə düzmüşdü.

Kötüklərin üstündə oturdular. Önlərindəki masa da qurumuş ağac kötüyündən idi. Kababdan yeyib bir-birlərinə baxdılar. Ramazanın üzü gülürdü: - Bura çox gözəldir...

Yağış kəsdi. Kazım buludlara tərəf boylandı. Göy qurşağı rəngarəng pillələr kimiydi. Özünü o pillələrin üstündə hiss etdi:

- Ramazan, ora bax. Göy qurşağı yola oxşayır. Özümü orda hiss edirəm. Adam üstündə gəzmək istəyir. Sən orda olsan, hara getmək istərdin? - şövqlə soruşdu.

- Rəhmətliyin oğlu, o söküntü, vəkillər, həkimlər, dava-dərman qoydular ki məndə pul qalsın? Pulsuz hara gedəcəm ki?!

Kazım sanki dostunu eşitmirdi. Birdən nəsə xatırlayıb sürətli addımlarla ətrafda boy-boy düzülmüş ağaclara sarı getdi. Önünə çıxan ilk ağacdan bir xeyli yarpaq toplayıb havaya fırlatdı: - Ramazaaan, deyirsən pul yoxduuur... Bir gör nə qədər pul vaaar. Hamısı da yamyaşıl, tərtəmiizz...

Hava qaralırdı, şəhərə dönmək vaxtı idi. Bir azdan gecə düşəcək, bir neçə saat sonra yeni gün başlayacaqdı. Günəş dənizdə yuyunub şəfəqlərini daradıqdan sonra yenə gülümsəyəcək - insanlar onu sevsin deyə deyil, qanlarını isidərək bir-birlərinə sarılsınlar deyə təbəssüm edəcəkdi. Hələliksə gecə idi. Kazımın bir az əvvəl darısqal mətbəxinin tərli pəncərəsində şəhadət barmağıyla cızdığı günəş rəsmi damcı-damcı əriyirdi.

 

Vahid MƏMMƏDLİ

525-ci qəzet.- 2023.- 19 yanvar.- S.14.