Yeni əsrdə köhnə kədər

esse

 

 

İnsanlar istəsələr , istəməsələr , dövlətin müstəqilliyi, milli azadlıq bir qayda olaraq, suverenlik naminə tökülən al qan üstündə ucalır. Müasir Azərbaycan üçün iyirmi yanvar milli azadlığın torpağa qan kimi hopduğu gündür.

Qədim bir əsatirə görə, azadlıq sarayı tikmək qərarına gələn insanlar qədər cəhd etsələr , məqsədlərinə heç vəch ilə nail ola bilmirlər. Bir az ucalan kimi divar uçur, yerlə-yeksən olur.

Belə hal bir neçə dəfə təkrar olduqdan sonra bir nəfər müdrik inşaatçılara tövsiyə edir ki, azadlıq sarayının divarına adam tiksinlər, çünki azadlıq qurban tələb edir. Belə edərlərsə, divar uçmaz. Bu yolda özünü fəda eləməyə hazır olan adam tapılır. Məsləhətə əməl olunur, divar uçmur, azadlıq divarı, az qala, göylərə qədər ucalır.

Belə bir sarayın təməli iyirmi yanvarda Azərbaycanda da qoyuldu, sonradan aparılan düzgün dövlət quruculuğu nəticəsində uğurla tikildi, yüksəldi.

Həmin gecə əliyalın, dinc əhalisinin qanını tökən düşmənlər heç özləri bilmədən MÜSTƏQİL AZƏRBAYCANIN dəyirmanına su tökdülər.

Bir daha bu azadlığı, suverenliyini xalqın əlindən ala bilməzlər, çünki qalın asfalt qatını lərzə ilə keçib torpağın canına hopan o müqəddəs qanlar həmişə yaşayacaq, sarayın divarını daim mətinləşdirəcək.

Bu yolda verilən itkilər qədər ağır olsa da, vaxt keçəcək, onilliklər ötəcək, müstəqilliyin təməl daşına çevrilən həmin şəhidlik ağrı-acısı get-gedə köhnələn matəm libasını soyunub xalqımızın azadlıq timsalına çevriləcəkdir.

Hələlik isə, üstündən xeyli vaxt keçsə , dərd köhnəlməyib.

Hələlik kədər solmayıb.

Hələlik xalqımız iyirmi yanvar faciəsinin ildönümünü ötən əsrin son on ilində olduğu kimi, yeni əsrin üçüncü onilliyində hüznlü əhvalla qeyd edir.

Hələlik ölkə televiziyaları radioları bu gün matəm ab-havası üstdə köklənirlər; müxtəlif növlü mətbuat vasitələri ilə çıxış edənlər əsasən o qanlı gecəni xatırlayır, millətə son otuz il ərzində hər iyirmi yanvar günü olduğu kimi başsağlığı verirlər.

Görünür, kədər köhnəlməyincə faciə tarixi-fəlsəfi məna kəsb edə bilmir.

Görünür, dərdin təzəliyinə, yaranın tam qaysaqlanmamasına görədir ki, Bakının Şəhidlər xiyabanında yan-yana düzülən müqəddəs baş daşları tarixilik mənasında köhnəlmir, and yerimizə çevrilən bu məzarıstan azərbaycanlı ruhunun təlatümlü tarixini tam şəkildə əks etdirəcək milli-fəlsəfi daş kitabələr məskəninə çevrilmir; xiyabana baş çəkənlərin qənşərində Azərbaycanın dərin məzmunlu, çox mənalı həyat dastanı kimi açılmır...

Bəşər tarixi göstərir ki, dərd ömrünü yaçayıb ölür. Bax onda sonrakı nəsillər bu hadisəyə yeni müstəvidə baxacaq, onu yas-matəm səviyyəsindən çıxarıb yenidən dərk edərək milli şüurda abidələşdirəcək.

Qəlblərə hakim kəsilən dərdin ölümünə zaman lazımdır. Dərdi yalnız zaman öldürə bilir...

 

Hələliksə Qanlı Yanvarı yas içində yad eləyən ictimaiyyət, elə bil, şəhidlərin şəhidliyinə bir daha şahidlik edir.

İyirmi yanvar Azərbaycanda minilliklər boyu qeyd ediləcək. Amma zaman keçdikcə onun məzmunu toxunulmaz qalsa da, mənası, mahiyyəti dərd-kədərin fövqündə müstəqillik sarayının təməl daşı kimi əbədiləşəcək.

 

İmir MƏMMƏDLİ

525-ci qəzet.- 2023.- 19 yanvar.- S.12.