Ülvi publisistika

 

1988-ci ildən etibarən sovet dövrünün ideoloji təbliğat tələbi özünü tamamilə fərqli istiqamətdə - azadlıq çağırışı, millilik, türkçülük, azərbaycançılıq, milli kökünə qayıdış istiqamətində göstərməyə başladı. Milliözünüdərk hissi, milli məfkurə uğrunda mübarizə milli münaqişələrin publisistikaya gətirilməsi günün tələbinə çevrilmişdi.

1990-cı il Qanlı 20 Yanvar gecəsində müstəqilliyimizi, istiqlalımızı şərəflə, qürurla tarix səhnəsində öz qanı ilə yazanlardan biri gənc Ülvi Bünyadzadə idi. O, hər şeydən öncə yalnız sözü ilə deyil, əməli ilə Azərbaycan tarixində milli istiqlal ruhlu, vətənpərvər vətəndaş olduğunu sübuta yetirdi.

"Əziz oxuculara" adlı məqaləsində Qanlı 20 Yanvar gecəsinin olacağından xəbər verir, xalqın milliözünüdərk tarixinə nəzər salır. Bunun mənbəyini azərbaycanlı maarifçilərinin Rusiyaya meyl etməsi, əsrin əvvəllərində türkçülüyün ümumxalq hərəkatına çevrilə bilməməsi, milli şüurun zəif olması, ancaq 70-80-ci illərdə milli oyanış dövrü adlandırması, 90-cı illərdə milli qələbəyə inam, milli ideologiyanın yüksək səviyyədə olmasına böyük ümid əksini tapmışdır. Ülvi Bünyadzadə publisistikasında birbaşalılıq ünvanlılıq güclüdür, tənqid hədəfləri konkretdir. Heç bir şərhə ehtiyac olmadan konkret hədəfi aydın göstərilməsi, publisistik mühakimələrdə analitik təhlillər aparılması, müəllifin cəsarətli, dərin müşahidə, nəticə hasil etmək qabiliyyəti olduğundan xəbər verirdi.

O, "Partiya bizə lazımdırmı?" məqaləsində yalnız Kommunist partiyasının xalqı 70 il aldatdığını deyil, eyni zamanda mənəvi genosidin köklərini diqqətə çatdırır: "Stalinin "köçürmə" siyasəti, gənc nəslin tərbiyəsindəki laqeydlik, yad ünsürlərin mədəniyyətimizdə kök atması faktlar bu gün keçmişin, kökün unudulması, insanların manqurtlaşması kimi faciələrə gətirib çıxarmış, Məhsəti türklərinin fəlakətlərinə, Dağlıq Qarabağ hadisələri ilə əlaqədar tökülən qanlara, mənəvi fiziki iztirablara səbəb olmuşdur".

Ülvi Bünyadzadə təhsil aldığı Azərbaycan Dillər Universitetində tələbələri, eyni zamanda xalqı hər zaman sovet rejiminə qarşı etirazını məktublarında bildirmişdir.

Ü.Bünyadzadə üçün vətən sevgisi hər şeydən öndə dayanırdı. Bunu "Ənənələr yaşayır" məqaləsində görmək olar. Məhəbbət Əhmədovun şeirləri ilə fransız şairi Pol Elivarın poeziyasının müqayisəsi fonunda gənc şairin yüksək vətənpərlik mövzusunda yazdığı şeirlərini üstün tutması, "Ədəbiyyat dərnəyi" yaradılmasının əhəmiyyətini diqqətə çatdırması onun yüksək vətənpərvərlik sevgisindən xəbər verirdi.

Ülvi Bünyadzadə ədəbiyyata çox həssas tellərlə bağlı şəxs idi. Onun "Ən çox sevdiyim ədəbi qəhrəman" adlı məqaləsində ingilis yazıçısı Etel Lilian Voyniçin "Ovod" əsərini yüksək qiymətləndirir. "Onun Vətənə" xalqa bağlılığı, həssaslığı qayğıkeşliyi, tutduğu yolda dönməzliyi əyilməzliyi..."

Ovod haqqında səciyyələnən bu keyfiyyətlər Ü.Bünyadzadəni tarixə qazandıran eyni ifadələr oldu. Məhz Ü.Bünyadzadənin dönməzliyi əyilməzliyi onu cəsarətli publisist, milli azadlıq ideyalarının fəal müdafiəçisi etdi.

Ü.Bünyadzadənin bibisi, fil.e.d. Almaz Binnətovaya yazdığı məktublardan da aydın olur ki, o, həmçinin, ədəbi prosesi yaxından izləyən, mütaliə edən əsgər olmuşdu. Ü.Bünyadzadə uzaq Sibirdə Kansk şəhərində hərbi xidmətdə olmasına baxmayaraq, yenə vətənin istiqlalı üçün düşünən vətənpərvər azərbaycanlı gənci idi.

Başqa millətlərin 1989-cu ildə öz dil, mədəniyyəti uğrunda mətbuat vasitəsi ilə mübarizə aparması Ü.Bünyadzadə milli oyanış fikirlərini gücləndirir. Bunun vacibliyin dəfələrlə məktublarda qeyd etmişdi. Hətta o, əsgərlikdə olan zaman 20 nəfər üzvdən ibarət, Xətai adlanan təşkilat yaradıb: "Məqsədimiz Azərbaycanda baş verən hadisələri, ümumiyyətlə, onun dərlərini, çatışmazlıqlarını müzakirə etmək, qərar çıxarmaq, Şuramızın adından respublika mətbuatında MK-ına göndərməkdir".

Onu məktublarında düşündürən, milli azadlıq mübarizəsinə sövq edən digər məsələ 1988-ci ildə ildə azərbaycanlıların qədim İrəvan torpağından deportasiyası idi. Hər dəfə bu məsələdə narahatlığını ürək yanğısı ilə bildirdi: "İndi o yerlərdə heç kimim qalmayıb. Mən o gözəl Göyçəyə, dağlarla əhatə olunan uşaqlıq dünyama Allah bilir biri qayıdacağammı?"

Hətta Cavidə yazdığı məktubda Ermənistandakı zəlzələnin mifoloji əsaslarını göstərərk qeyd edirdi: "Ermənistandakı zəlzələ məsələsinə gələndə isə qardaş istəyirsənsə mənə gül, istəyirsənsə ağılsızlıqda lağa qoy, bu zəlzələ yeraltı qazların, digər təbii hadisələrin nəticəsidir, azərbaycanlıların qarğışı tutdu onları".

Ü.Bünyadzadə 20 yaşlı gənc olmasına baxmayaraq, çox axıcı publisistik üslubu var.  Bu publisistikada xaoslar, kataklizmlər içərisində özünə doğru mövqe tutmuş milli azadlıq yolunda büdrəməyən gəncin vətən eşqi, erməni vandalizminə nifrətin gücü, gənc nəslə örnək ola biləcək ən ali hisslərlə zəngindir. Həqiqətən, Ü.Bünyadzadə yalnız vətənpərvər şəxsiyyət kimi deyil, eyni zamanda geniş dünyagörüşlü ziyalı, yüksək intellektual səviyyəli nümunəvi qəhrəmandır. Onun 1989-cu ildə yazdığı "And" yüksək ləyaqətli vətənpərvər hisslərin bariz nümunəvi, gələcək nəsillər üçün böyük örnəkdir. Filologiya elmləri doktoru Almaz Binnətova bu haqda yazırdı: "Qanlı yanvar gecəsində düşmən gülləsi Ülvimin ömrünə nöqtə qoydusa da, uzaq yola çıxan vətən sevgisinin həyatda qoyduğu izləri heç vaxt silə bilməyəcək..."

O, yad təsirlərə, fitvaya uymayan, əsl Azərbaycan övladıdır. Ü.Bünyadzadə yaradıcılığı müasir dövrdə bəzən yad ünsürlərə uyaraq milli ənənələrdən uzaqlaşma təhlükəsi yaşayan, vətənpərvərlik hissinin aşılanmasına ehtiyac duyulan cəmiyyətdə bu gün aktualdır. Çünki Ü.Bünyadzadə kimi 20 Yanvar şəhidi olan şərəfli gənclərimiz bu gün dünyada fəxrlə səsləndirdiyimiz Müstəqil Azərbaycan uğrunda canlarını fəda etdilər.

 

Aynurə HÜSEYNOVA

Azərbaycan Dillər Universitetinin müəlliməsi, filologiya üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2023.- 19 yanvar.- S.12.