Qoşa Qarın roman dünyası
Elə sənət
əsərləri var ki, zaman-zaman dəfələrlə bir
daha xatırlayırsan: ədəbi-bədii əsərdirsə,
yenidən oxuyursan, filmdirsə, bir də izləyirsən, rəsm
əsəridirsə, təkrar-təkrar baxmaqdan yorulmursan.
Kanadalı rejissor Ceyms Kemeronun "Titanik"inə yenidən
baxdığın kimi, Anarın "Mən, sən, o və
telefon" hekayəsini dəfələrlə oxuduğun kimi,
İvan Şişkinin "Ağcaqayın meşəsi"
(Beryozovaya roşşa), "Çovdar"
("Roj") rəsm peyzajlarına hər dəfə yenidən
baxanda təzə duyğulara qapıldığın kimi...
Doğrusu, sənət əsərinə güclü
marağı olan hər kəsin yaşaya biləcəyi məlum
ovqatın bu sətirlərdə ifadəsinə məni
Əflatun Amaşovun "Qoşa Qarın adamları və
şeytanları" romanı yönəltdi. Əlbəttə,
bu yerdə söhbət heç də müqayisədən
getmir. Söhbət daha çox sənət
əsərinə marağı olan kəslərin kitablar
arasında kitab kimi saxladığı bədii faktdan gedir.
Mən özum də az-çox mütaliəli adamam və
düzünü deyim ki, ömrümün ahıl
yaşına çatandan bu günə ancaq yenidən
qayıdıb oxumaq gücünə malik əsərləri
daha çox qoruyuram. Əflatun Amaşovun "Ulduz"
jurnalının keçən ilki yanvar nömrəsində dərc
olunan "Qanıq, Hasan, bir də Qaragöz"
romanını mən həm jurnal variantını, həm də
dərhal nəşr olunan kitab formatını çox bəyəndiyim
əsərlər sırasında saxlayıram. Hələ
bir il bundan əvvəl oxuculara təqdim
olunan bu romana ustad akademik Nizami Cəfərov maraqlı bir rəy
həsr etmişdi. "Qanıq, Hasan, bir də
Qaragöz"ü o zaman Əflatun Amaşov ardı mütləq
gələcək bir romanın birinci hissəsi kimi təqdim
etmişdi. Bir il bundan əvvəlin nəşrində
vəd olunmuş ikinci hissə "Ulduz"un 2022-ci il 10-cu
nömrəsində işıq üzü gördü və
bu ikinci hissə "Qoşa Qarın adamları və
şeytanları" adı ilə təqdim olundu. Biz ədəbi-bədii nümunələrdə daha
çox onun şahidi olmuşuq ki, geniş həcm tələb
edən əsər bütün hissələrində eyni adla
ortaya qoyulur. Əflatun Amaşov öz
romanında bu ənənəvi formata əməl eləmədi.
Əməl eləmədi ona görə ki, bu
yazıçı romanın öz süjet və
kompozisiyasında, başlanğıc və fabulasında ...da ənənəni
sındırmaqla, tamamilə yeni bir kompozisiya yaratdı. Təsadüfi deyil ki, romanın birinci hissəsinin
geniş müzakirəsində iştirak edən ədəbi
ictimaiyyətdən tutmuş adi oxucuyadək hər kəs əsərin
bu cəhətini bədii sənətin yeni keyfiyyəti kimi
qiymətləndirdi. Hər hansı bir əsərə
qiymətində çox dəqiq fakturaya arxalanan akademik Nizami
Cəfərov romanın ikinci hissəsinə
yazdığı geniş həcmli rəyində belə bir
fikri heç də nahaqdan dilə gətirmir: "Əflatun hər
nə qədər ümumbəşəri mövzulu bir əsər
yazsa da... onun bədii göstəricilərindən biri təhkiyənin
etnoqrafik koloritidirsə, onun da ən mühüm əlaməti
ləhcə xüsusiyyətlərini coğrafi məhdudluqdan
çıxarıb ideya-estetik akta, bədii sənət hadisəsinə
çevirməsidir".
Nizami Cəfərovdan
gətirdiyim bu sitatı bir az sonraya da
saxlaya bilərdim, amma ona görə əvvələ
saldım ki, bu dəqiq dəyərləndirmə romanın həm
birinci, həm də iknci hissəsini birbaşa əhatə
edir.
Məzmun və keyfiyyətcə iri nəsr əsərinin
proloqla başlayıb epiloqla bitməsi ədəbi format kimi
çoxdan qəbul edilmişdir. Ancaq bu məqamda da,
xüsusilə əsərin proloq hissəsində də biz
müəllifin ənənəyə - hətta format ənənəsinə
də orijinal yanaşmasının şahidi oluruq.
"Qoşa Qarın adamları və şeytanları"
romanının proloq hissəsi ilk baxışda sanki
böyük bir təhkiyənin
başlanğıcıdır: "Uca Tanrı bəndələrinə
dərd verəndə ən ağırı Qızeytər
arvadın payına düşmüşdü. Oğlu
Musanın ölümünü görəcəkdi. Buna hansı ana ürəyi dözərdi? Ana ölümlə barışmayacaqdı. Övladını xilas etmək üçün hər
şeyə əl atacaqdı və Tanrının qəzəbinə
gəlsə də, ona qarşı üsyan edəcəkdi".
Proloqun bu ilk sətirləri romanın birinci kitabına
bələd olan oxucuya çox şey vəd edir. Qoşa Qarın adamları - bütöv bir millətin
ümumiləşdirilmiş xarakterini ortaya qoyan bu adamların
oğlunun ölümünü görəcək bir anaya bu
ölüm anında necə təsəlli verəcəklər?
- sualı əsərin leytmotivi olacaq.
Romanın fabulası uzun əsrlərin o üzündən
görünən bu mahalın taleyi üzərində qurulub. Lakin uzun əsrlərin o
üzündən görünən o mahalın o adamları və
onların taleyi roman boyu o qədər müasirləşdirilir
ki, biz bu müasirlikdə erməni düşmənçiliyinin
aydın əlamətlərini də, bolşevik
irticasının aydın fəsadlarını da,
Tanrının türkə bəxş etdiyi Böyük
insanlığı da, Türkçülüyün və Türk dünyasının dünəndən
başlanan birgəliyinin bu gün gerçəkləşməsinin
də və daha bir çox
"dünən-bu gün" hadisələrinin
şahidi oluruq. Həm də bütün bunlar,
müəllifin ustalıqla yaratdığı Qojanın -
tarixin şahidi olan savadlı bir xalq adamının Qoşa
qarla bağlı təsadüfən tapılan əlyazmasından
vəd olunur. Və romanda tarixi
müasirliklə birləşdirən jurnalist
Güllünün reportaj-tədqiqatları da oxucuya çox maraqlı
bir kompozisiya vəd edir.
Əlyazmalar heç vaxt yanmır. Bu deyim dəqiq
bir anlamdadır. Qojanın təsadüfən
tapılan əlyazmasının taleyi də bu deyimin dəqiqliyini
təsdiq edir. Roman müəllifi elə əsərin
başlanğıcındaca satqınların, donosbazların
da əlyazmalarının heç vaxt
itib-batmadığını, gizli yazılan bu "əsərlərin"
bir gün mütləq üzə
çıxacağını və onu yazanların
axırını Allahın da
bağışlamayacağını Dırdı obrazı ilə
reallaşdırır: Donosbaz Dırdı İsmeel
el-obanın güvəndiyi Qojanı - saysız-hesabsız
donosları ilə namuslu adamları NKVD-nin hətta erməni məmuruna
satmaqdan belə çəkinməyib. Bu yerdə
mən yenə romanın müasirlik prinsipinə qayıdaraq,
Dırdıların - Vətən, xalq mənafeyini unudub
öz mənfəətini güdən, hətta erməniyə,
farsa xidmət edən dırdıların ictimai ifşasının
çox aktual olduğunu vurğulamaq istərdim. Artıq o dünyaya köç eləmiş
Qanıq - obanın iti də bu qənaətə gəlir ki,
"yer üzündə suç törədənləri"
heç o dünyaya da buraxmırlar. Romanın
birinci kitabının yaddaqalan Qanıq obrazı əsərin
ikinci kitabında hiss edir ki, o dünya bu dünyadan daha mükəmməldir;
"Buraların havası yer üzünün havasına bənzəmirdi.
Kin, küdurət, nifrət, paxıllıq
qoxusu sevmirdi, sevgi, vəfa, mehribanlıq, xoş ülfət ətri
hər yeri bürümüşdü". Bu da müəllifin
estetik idealıdır; yaşadığımız real
dünya məhz Qanığın o dünyada
gördüyü kimi olmalıdır...
Müəllifin estetik ideallarını daşıyan obrazları sırasında Qızeytər ilk sırada dayanır. Qızeytər anadan qüsurlu doğuldu. "...daimi yeri üstünə nənəsinin vaxtilə toxuduğu kilimin sərildiyi taxt oldu. Taxt pəncərənin qabağındaydı. Bura Qızeytərin dünyaya açılan yeganə pəncərəsiydi. Ordan yalnız Göy Qaya görünürdü"...
Göy Qaya dünyanın ən təmiz məkanıydı və dünyada qonmağa təmiz məkan axtaran Göy Quş mütləq bura qonmalıydı. Qızeytərin ən böyük arzusu Göy Quşu Göy Qayada görmək və ona diləklərini yetirmək idi.
Göy Qaya sanki elə otuz il bundan əvvəl azərbaycanlıların ermənilər tərəfindən doğma yurdlarından zülmlə çıxarıldığı Göyçə mahalıdır, Zəngəzurdur, Qarabağ diyarıdır. Bir zamanlar Tanrının qəzəbilə Göy Qayadan uzaqlaşan sakinlərin yenidən doğma yurdlarına qayıdan taleyi bizim bugünkü qaçqın və köçkünlərimizin böyük qayıdışı ilə paralelləşir.
Göy Qayanın, Qoşa Qarın adamlarının bütün xarakterləri min illərin milliliyindən keçib gəlir. Qızeytərin babası nəvəsini də Söynalıya bu milliliyin ölçü-biçisi ilə verib. Atası Məmmədsöyün kişi qızına verdiyi cehizlər sırasında ona qədimdən yadigar qalan bir beşatılan da bağışlayır. Bu beşatılan Qızeytəri obanın ən qorxmaz qadını kimi səciyyələndirir. Amma sən saydığını say, gör fələk nə sayır. Bu beşatılan Qızeytərin sevimli oğlu Musanın əlində mahalın iki ailəsini qan düşməni etdi. Obada isə heç kim qan davasından xilas ola bilməz. Kəndxudanın ailəsi ilə Söynalı ailəsinin qan davasını, adətən Qoşa Qarda adamlar özləri aradan qaldıra bilərlər. Kəndxudanın ərköyün oğlu öz nişanlısı ilə Qoşa Qarın Alıöyü məhəlləsindən keçəndə məhəllənin uşaqları onu zarafatla qarşılayanda oğlan qamçısını hərləyib onları vurur və bu anda Musanın balaca bacısı da qamçıya tuş gəlir. Qamçının ucuna bərkidilən qurğuşun onun gözünü çıxarır. "Musa səsə çıxanda sifətini qan basmış, gözünün giləsi ovcunda üstünə qaçan balaca bacısını gördü. Musalıq bir şey qalmamışdı. O, dirəkdən asdığı beşatılanı güc-bəla ilə seçə bildi. Bir göz qırpımındaca endirib nişan aldı. Bununla iki ailə arasında qan davasının əsası qoyuldu..."
Qoşa Qarın adamları hökuməti bu işə qatmadan qərara gəldilər ki, Musanı Kəndxuda ailəsi açıq meydanda öldürsün və bu qan davası uzanmasın. Əsərin müəllifi davam edir: "Qoşa Qarda belə münaqişələri adamların özləri aradan qaldırırdılar: Bu sayaq təcrübə həmişə olub. Gecəynən iki qəbir qazılmalıydı. Birində öldürülən adamı, digərində isə onu öldürəni, yəni Musanın özünü öldürüb dəfn etmək qərarına gəlinir".
Romanın onsuz da kəskin və həyəcanlı süjeti bu andan daha da şiddətlənir. Ağsaqqalların məsləhəti bitir və sabah camaat Qurd ölən yerin Göy qaya səmtində Musanın güllələnməsinə tamaşa edəcəkdi. Romanın daha kəskin səhifələri Qızeytər arvadın oğlunun ölümünə münasibətilə bağlıdır. Qızeytər arvad hələ uşaqlıqdan Göy Qayadan və haçansa bu Qayaya qonacaq Göy Quşdan kömək diləyir. Bircə çıxış yolu tapır: Musa başqasının gülləsi ilə ölməməlidi; Anasının gülləsi ilə ölməlidi. Romanın bu yerlərini həyəcansız oxumaq mümkün deyil və müəllifin milli-mənəvi dünyayla bağlı idealı ora gətirib çıxarır ki, ana oğlunu öldürə bilməz: Sonda bütün yığıncağın qarşısında gülləni öz sinəsinə sıxır...
Bütün bunlar Dədə Qorqud dünyasından bu günə boylanan və bütöv bir xalqın keçmişinə söykənərək bu xalqın əsrlər boyu gəldiyi milli qənaətlərin aliliyini göstərmək işinə xidmət edir. "Qoşa Qarın adamları və şeytanları" bir tərəfdən xalqın uzaq keçmişdən bu günə çatan səsini ifadə edirsə, digər tərəfdən bu toplumun içində cücərmək istəyən satqınların, millətə xəyanət edənlərin - bir sözlə, şeytanların aqibətinin mütləq damğalanacağını göstərməkdir. Müəllifin bu idealları xalq dilinin yüksək göstəricilərini bədii üsluba gətirmək və yeni bir orijinal ifadə tərzinə çevirməkdir. Bu yerdə yenə akademik Nizami Cəfərovun çox dəqiq bir fikrinə istinad etmək istərdim: "Qoşa Qarın adamları və şeytanları"nın müəllifi öz qəhrəmanlarının tərcümeyi-halına müdaxilə etmir. Xüsusilə o mənada ki, sanki qəzavü qədərin diktəsi olan hadisələri necə varsa, o cür təsvir eləməyə çalışır. Həm də bunu o qədər zövqlə, o qədər ehtiraslı bir nağılçı-dastançı dili ilə edir ki, çox hallarda özünün yazıçı subyektini belə arxada qoyur"... Mənə elə gəlir ki, müəllifin üslubunun, hadisələrə baxışının orijinallığını bundan dəqiq ifadə etmək çətin olar.
Cahangir
MƏMMƏDLİ
BDU
Milli mətbuat tarixi kafedrasının müdiri, filologiya elmləri
doktoru, professor
525-ci qəzet.- 2023.- 19 yanvar.- S.10.