Semantik sayrışmalar
və mifolinqvistik konsepsiya
Bu yazı akademik Kamal Abdullanın "Kitabi-Dədə
Qorqud"da semantik sayrışmalar və
"Mifoloinqvistika" adlı əsərlərinə dair
mülahizələri ehtiva edir. Bu iki monoqrafiya bir-birini
sistemli şəkildə tamamlayır.
Semantik
sayrışmalar
"Kitabi-Dədə Qorqud"da semantik
sayrışmalar" adlı əsərində müəllif
sayrışmaları lüğət formasında təqdim
edir. Onun baxışına görə, dastan semantik
sayrışmalar vasitəsilə gizlinləri
açıqlayır, aşkar məqamlar gizlinlərə
aparan yollardır. Məncə, bu,
yalnız lüğət formasında təqdim olunmamalı,
dastanı anlamamız üçün külli qaydalar kimi qəbul
edilməlidir. Klassik İslam fəlsəfəsində
təsbit olunmuş külli qaydalar (qəvaidi-kulliyyə) məfhumu
bu kontekstdə fikrimizi izah etmək üçün yardıma
gəlir. Sayrışmalar məhz külli
qaydaların hissələrdə (cüzlərdə) əks
olunmasıdır. Təsadüfi deyil ki, klassik məntiqdə
belə bir qayda var: küllcüzün daxilindədir
(immanentdir). Bu baxımdan sayrışmalar
dastandakı aşkar və gizli məqamların üzərinə
işıq salaraq onları aydınladır. Digər tərəfdən, müəllifə
görə, kölgə arxetipi qeyri-səlis məntiqə
müvafiq qaydada qaranlıqla işıq arasında yer
alır. Müəllif bunu belə qeyd edir: "Üzdəki,
görünən tərəfdəki məntiqsiz,
izahsız tərəflər qaranlıqda gizlənmiş məqamların
işığa salınması nəticəsində bizim
üçün yeni semantikada bərq vurur".
"Kitabi-Dədə Qorqud"da semantik
sayrışmalar" əsərində ən ümdə
metodoloji məqamlardan biri dastanın dastanla təfsir edilməsidir. Sayrışma
və mifolinqvistik məna burada eyni zamanda həm düyünlənir,
həm də açılır. Bu
baxımdan dil və söz mövzunu həm gizlədir, həm
açır. Məşhur alman filosofu
Martin Haydeggerin dediyi kimi, "dil varlığın evidir".
Varlıq və varolma özünü dildə və
mətnlərdə izhar edir. Təsadüfi
deyil ki, mədəniyyətlərin qurucu mətnləri cəmiyyətin
hərəkətverici gücünə çevrilir. Mətndən hərəkətlə, semantik, semiotik
işarə-mənalarla fərdi və ictimai həyat tənzimlənir.
İnsanların münasibətləri,
dünyaları da mətndəki mənalar və
sayrışmalar kimi özünü həm büruzə
verir, həm də gizlədir. Kamal
Abdullanın ifadəsi ilə desək, "Beyrəyin
öldürülməsi sözün (mətnin) müəllifinin
Beyrəkdən intiqamını alır". Ümumiyyətlə, "Dədə Qorqud"
dastanları da, orta əsrlərdə yazılmış digər
iri həcmli əsərlər də yalnız ədəbi abidə
kimi yox, eyni zamanda ictimai həyatı tənzimləyən əxlaqi,
siyasi, strateji mənbələr kimi də qəbul edilməlidir.
Bunu Nizaminin "Xəmsə"sində,
Füzulinin lirik-epik yaradıcılığında da görə
bilərik. Kamal Abdullaya görə,"Dastan
Oğuz cəmiyyətinin həyatının ən qədim
tarixi və çox zaman mifoloji-tarixi qatlarının təsvirini
də özündə ehtiva edir".
Akademik Kamal Abdullanın semantik sayrışmalar kimi qeydə
aldığı məqamlardan biri də qədim dastanlar
arasında səyyar süjetlərin mövcudluğudur. Müəllifə görə,
dastandakı Basat və Təpəgöz xətti yunan
mifologiyasındakı Odissey və Polifem xəttinə, Beyrək
və Banuçiçək xətti Odissey və Penelopa xəttinə
uyğundur və hər ikisi səyyar süjet sayıla bilər.
Dədə Qorqud mətni özündə sakral, ictimai və
bəşəri ünsürləri birləşdirir. Kamal Abdulla bu
bütünlüyü sayrışmalar anlayışı ilə
oxucuya çatdırır. Burada
Xızırla bağlı motivlər, Dədə Qorqudun qeybdən
xəbər verməsi sakral və mifolinqvistik şərhlərə
yol açır.
Müəllifin qeyd etdiyi kimi, dastandakı semiotik
qarşıdurmaların ən mühüm məqamlarından
biri təbiət-mədəniyyət toqquşmasıdır. Sosioloqların
da qəbul etdiyi kimi, mədəniyyət təbiət üzərinə
əlavə olunan ikinci təbiətdir. Bu
mövzunun köklərini antik yunan fəlsəfəsinə qədər
aparıb çıxarmaq olar. Məlum
olduğu kimi, Aristotel həm "Nikomax etikası", həm
də "Politika" əsərində insanın ictimai
varlıq olduğunu vurğulayır. Kamal
Abdullaya görə, Basatın Təpəgözə qalib gəlməsi
və Təpəgözün ona keçmişdə
yaşadıqları birgə həyatı xatırladaraq
"biz qardaşız, mənə qıyma" deyə
yalvarmasına baxmayaraq, onun başını kəsməsi cəmiyyətin
geriyə - təbiətə gedən yolunun birdəfəlik
qapanmasının dastandakı dahiyanə bədii
inikasıdır. Bu kontekstdə əsas
sayrışma məqamlarından biri də yazı mədəniyyətinə
keçidin dastanda özünü büruzə verməsidir.
Akademikin qeyd etdiyi kimi, "mif ideologiyasından
sonrakı yazı ideologiyasının özəlliklərini
daşıyan elementlər mətndə mövcud olur".
Bu proses insan oğlunun təbiətdən mədəniyyətə
keçidini əks etdirir.
Monoqrafiyanın maraqlı məqamlarından biri də
müəllifin semantik sayrışmalar prinsipinə sadiq
qalaraq qələmə aldığı "Casus" pyesində
dastanın hər hansı istiqamətini təkrarlamadan
ondakı bir nüvəni postmodern tərzdə izləyərək
ifadə etməsidir. Yeri gəlmişkən deyim ki, bu pyes
yaxın zamanlarda Lənkəran və Bakıda tamaşaya
qoyulub.
Monoqrafiyada "Dədə Qorqud" dastanlarıyla
bağlı yer almış əmr və yasaqları müasir
etik dil anlayışı kontekstində başa düşə
bilərik. Bu mövzu Avropada XX əsrin 50-ci illərində Con
Oustinin "performativ-constative" (inşa-xəbər) ifadəsinin
kəşfi ilə dil fəlsəfəsində meydana gəlib.
Oustinə görə, nitq (speech acts) bir şeyi ifadə edərkən
həyata keçirilən bir hərəkət-aktdır. Məsələn,
"sənin yerinə olsaydım, bunu etməzdim" o deməkdir
ki, yəni bunu etmə! Bu, fakta-fenomenə istinad
edən akt deyil, bir əmr və xəbərdarlığı
ifadə edən əxlaqi-hüquqi ifadə tərzidir. Bu mənada, söz həm bir şeyə işarə
vurur, həm də təsir yaradaraq bir aktı - hərəkəti
meydana gətirir. Əxlaqi ifadələr təsviredici
və ya xəbərə istinad etməyən ifadələr
olmadığına görə də inşaedici, normativ ifadələrdir.
Monoqrafiyada yer almış yasaqlar, əmrlər,
tövsiyələr və digər bu kimi məqamlar birbaşa
etik dil səviyyəsinin mahiyyətindən xəbər verir.
Dədə Qorqudun tarixi şəxsiyyətdən
çox bir prinsip, yaxud prinsiplər məcmusu olması da bu əxlaqi
kontekstdə mühüm məna daşıyır. Çünki Dədə Qorqud cəmiyyətin
nizamlayıcısı, dəyərləri təlqin edən
insandır. Bu mənada dastanın mətni
əxlaqi, siyasi və sakral mahiyyət daşıyır.
Mifolinqvistika
- təbii dilə dönüş
Klassik mətinlərdə və düşüncədə
söz dilin varlıq sferasına, mərtəbəsinə aid
edilir. Varlıq mərtəbələri (məratibül-vücud)
iyerarxiyasında xarici aləm, təfəkkür, dil və
yazı mərtəbələri yer alır. Bu mənada söz yoxluqla varlıq arasında
keçid rolunu oynayır. Dahi Füzuli bunu çox sərrast
ifadə etmişdi: "Bu nə sirdir kim
olur hər ləhzə yoxdan var söz..."
Akademik Kamal Abdulla semantik boşluqları
sayrışmalar kimi qeydə alır. Sayrışmaların
əsasında sözün gücü durur; "Mifoloji təfəkkürün
əsgəri olaraq Beyrəyin timsalında verilən sözə
xilaf çıxan qəhrəmandan intiqam alınır".
Mifolinqvistikanın
məzmun və mahiyyəti müəllifin sərrast
düşüncələrində özünü büruzə
verir: "Mifolinqvistika mifologiya və dilçiliyin sərhədində
baş verən mifoloji və linqvistik hadisələr arasındakı
toqquşmaların daxili mahiyyətini öyrənməyi
qarşısına məqsəd qoyan bir elmi istiqamət kimi
düşünülür". Müəllifə
görə, etalon və kənaraçıxmalar
qarşıdurmanın əsasını təşkil edir.
Müstəqim səviyyə və ikinci qat
birbaşa təfəkkür-dil rabitəsi ilə
bağlıdır. İctimai münasibətlərin
mif prizmasından, o cümlədən, simvollar vasitəsilə
izahı təxəyyülün eyni zamanda hissi və rasional sərhədləri
keçməsinə şərait yaradır.
XX əsrin
məşhur fransız filosofu Pol Rikora görə də, mifik
ifadələr və mətnlər, xüsusilə təxəyyül,
məcazi-metaforik ifadələrin mövcudluğu olmadan
dil-düşüncə əlaqəsində inkişafa nail ola bilmərik. Pol Rikor "Metafor
qaydası" ("The rule of metaphor") əsərində
metaforu təxəyyülün, mifik
dünyagörüşün təcəssümü kimi qiymətləndirir.
Metafor hissi və rasional idraka keçid
arasında yer alır. Kamal Abdulla "Dədə
Qorqud" dastanlarında bu məsələyə belə
işarə vurur: "Qədim insan özünü təbiətin
ayrılmaz hissəsi kimi dərk edirdi. Ətrafında
gördüklərinə özünə xas əlamətləri
şamil edirdi. "Qarşı yatan Qara
dağ..." bu qəbildən olan bariz nümunədir. İnsana xas xüsusiyyətin (yatmaq) dağa
şamil edilməsi, yəni dağın "yatması" bu
dövrün səciyyəvi bədii təzahürüdür".
Müəllif bütün bunları üçlü sistem
şəklində izah edir: mifoloji təsəvvür, məntiqi
baxış, ədəbi dərketmə.
Yeri gəlmişkən, modern analitik fəlsəfədə
təyinedici mövzu dildir. Məşhur filosof
Bertran Rassel dilin öz daxilində daşıdığı
çoxmənalılıqdan qaynaqlanan bir
qapalılığı aşmağı hədəf
seçmişdi. O, bu məsələdə məntiqi əsas
götürürdü. Bunun nəticəsində
normal dili tamamən təkmənalı ikinci bir dillə, yəni
süni dillə əvəzləyərək, beləcə
ifadələrdə qətiliyə nail olmağa
çalışırdı. Bu yeni
anlayış formal məntiqin inkişafına və buna
istinadla simvolik dilin yaradılmasına səbəb olmuşdu.
Məntiqçi pozitivist Rudolf Karnap bu kontekstdə
dünyanı fizikanın tərif etdiyi dünya kimi
görürdü, ona görə bu, dünya sisteminin məntiqli
olmasından qaynaqlanırdı. Karnapın
dillə bağlı əsərləri də dilin sintaktik
quruluşunun məntiq olduğunu vurğulamaqla dünya ilə
dilin eyni prinsiplərə bağlı olduğunu iddia edirdi.
Beləcə, mənalı ifadələr -
fiziki dünyada bir şeyə uyğun gələn ifadələrdir.
Bu uyğunluğu da yaradan məntiq və ya
ikisinin də məntiqli olmasıdır. Bütün
bu cəhdlər "təkmənalı və qəti" bir
dil anlayışının mənimsənməsini tələb
edirdi. Bu dil təbii bir dil olmayacağı
üçün süni dil və simvolik məntiq mənasına
gəlirdi. Bu çərçivədə
dil və məna məsələsi yenidən ələ
alınaraq təbii dildəki ifadələr yenidən təsnifatlandırılmış
və mənalı olmanın fiziki dünyada təsdiqlənməyə
aid edilməyəcəyi müəyyən olunmuşdur.
Təsdiqləmə prinsipi (verification prinsiple) mənalı
ifadələrin beş hissiyyat orqanı
vasitəsilə təsdiqlənməli olduğunu iddia edir. Bu baxış tərzinin ən zəif olduğu
nöqtə onun ən güclü olduğu yerdir,
çünki təsdiqləmə prinsipinin özünü təsdiqləmək
bu mənada mümkün deyil.
Kamal Abdullanın mifolonqvistikanı bir elm sahəsi olaraq müəyyənləşdirməsi, onun ontoloji statusunu və funksiyasını bəyan etməsi yuxarıda qeyd olunan düşüncələr kontekstində çox mühümdür. Təkmənalılıq prinsipinə qarşı təbii dilə dönüş strategiyasını müəllif bu şəkildə izah edir: "Əgər məcazlar yeni mənanı ifadə etməkdə dilə kömək edirsə, o zaman sinonimlər, başqa sözlə desək, variantlar dili xəstəlikdən qurtarmağa çalışan ünsürlər kimi diqqət çəkir. Məsələn, "qarşı yatan qara dağ" ifadəsində "yatan" mofoloji təsəvvürü, yəni dilin ikinci qatını ifadə edir. Bu mənada "dağ yata bilir, söz güləşə bilir, and içilə bilir".
Bu mövzunun davamı kimi Kamal Abdulla mifolinqvistik səviyyənin üçüncü qatını təqdim edir. Alimin iddiasına görə, bu, poetik qat adlanır: "Bu qat mifologizmdən istifadə edir, amma artıq ona inanmır. Oğlan quş olub qayadan uçmur, oğlan quş kimi qayadan uçur. Kimi qoşması, qətiyyətlə demək olar ki, poetik qatın böyük ixtirasıdır".
Akademik Kamal Abdullanın bu son iki əsəri
dil fəlsəfəsi və dilçilik sahəsində
çox mühüm paradiqma irəli sürür. Bu,
müasir dövrdə rəqəmsal və texniki
inkişafın təkanı ilə çoxmənalılığa,
insanlığın müxtəlif anlam səviyyələrinə,
əxlaqi aspektlərinə qarşı yönələn təhdidlərə
bir cavabdır.
Rəşad
İLYASOV
Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzi analitika şöbəsinin
müdiri, fəlsəfə doktoru
525-ci qəzet.- 2023.- 19 yanvar.- S.8.