Xoşbəxtlikdən usananda...
Kiçik
bir müqəddimə
...Xoşbəxt
bir ömür yaşamaq üçün tale bu oğlana hər
şey vermişdi: kişi cazibədarlığı - şərqli
cavanlara xas qaynar baxışlar, boy-buxun, yaraşıq, üstəgəl,
istedad - həm yazı-pozusu, rəssamlığı vardı,
həm də aktyorluğu - Azərbaycan kinosuna Elşən
("Bir qalanın sirri"), Rəcəb ("Onun
böyük ürəyi"), Rasim ("Bizim küçə")
kimi maraqlı, yaddaqalan obrazlar bəxş etmişdi. O vaxtlar hələ
gənc idi, amma qazandığı uğurlar,
yaşadığı ömür qarşıda onu gözləyən,
yaşanacaq yeni anların daha böyük şirinliyindən
soraq verirdi və Gündüz Abbasov hər gün bu ümidin
əlindən tutub qırımından bəxtəvərlik,
xoşbəxtlik yağa-yağa kinostudiyaya yollanırdı.
Simnar xan, Göygöz Kosa kimi zalımların atasını
yandıran igid Elşəni tanıyıb ayaq saxlayan
uşaqların heyran, gözəl-göyçək
qızların oğrun baxışlarına təbəssümlə
cavab verir, bu şöhrətdən xoşlanır, bir az
özünü dartırdı və xoşbəxtlik
ilğımına bürünmüş bir ömrün
şirin, dadlı anları bax beləcə
yaşanırdı.
Gündüz Abbasov o vaxtlar həmyaşıdlarının,
kinonu sevən cavanların sevimlisi idi, peşəkar aktyor
olmasa da, Elşən onu Azərbaycanda məmə yeyəndən
pəpə yeyənə qədər hamıya
tanıtmışdı. Hətta sorağı gedib kino ölkələrindən
biri olan Fransaya da çatmışdı (!).
Kim nə
deyir desin, Gündüz Abbasov o vaxtlar xoşbəxt idi...
Bəs sonra? Görəsən, çoxmu çəkdi
bu xoşbəxtliyin ömrü?
Mən vəfatından
4 il əvvəl - 1991-ci ilin bir yaz
günündə Gündüz müəllimlə
görüşəndə saçları ağappaq idi, qədd-qamətindəki
əvvəlki şuxluqdan əsər-əlamət
qalmamışdı. Əvvəlki o qaynar,
alıcı baxışlarda nə isə mübhəm bir kədər,
qüssə yuva salmışdı. Gündüz
müəllim saqqal saxlayır, təsbeh çevirirdi və bu
görkəmdə nədənsə mənə
nağıllarımızdakı tərki-dünya dərvişləri
xatırladırdı.
Bir vaxtlar Gündüzün böyük gələcəyinə
inamla baxanlar artıq təəssüflə deyirdilər ki,
onunku gətirmədi, Gündüz yaşamalı olduğu
ömrü yox, əslində yaşamağa haqqı
çatmadığı bir ömür yaşadı. Gündüz
gərək biri-birindən möhtəşəm obrazlar
yaradaydı, fəxri ad alaydı, kitablar yazaydı, sənət
məclislərində yuxarı başda oturaydı.
Amma bunların heç biri olmamışdı və
Gündüz Abbasov xeyli vaxt idi ki, tək yaşayırdı
(baxmayaraq ki, iki dəfə ailə qurmuşdu), heç filmlərə
də çəkilmirdi.
Görəsən, niyə belə olmuşdu?
Təkbətək
Filarmoniyanın qarşısındakı binada arakəsmələrlə
3 hissəyə bölünmüş bir otaq idi. Pəncərə
tərəfdə qoyulmuş mizin üstündə kitablar
qalaqlanmışdı. Bayaqdan nə qədər
əlləşsəm də, köhnə bufetin vitrinlərinə
sancılmış fotolardan bu otağın sakitliyinə
boylanan gənc oğlanla mənimlə üzbəüz oturub
siqareti siqaretə calayan Gündüz Abbasov arasında eynilik,
ortaq cəhətlər tapa bilmirdim. Mənimlə üzbəüz
oturan adam sanki hər şeydən
yorulmuşdu, bezmişdi.
- Gəlin
səmimi söhbət edək, Gündüz müəllim. Etiraf üstündə köklənmiş bəzək-düzəksiz
bir söhbət.
- Mən
hamıya qarşı həmişə səmimi olmuşam.
-
Neçə yaşınız var?
-
Keçən il 60 oldu.
- Bəs
niyə təbrik-filan yazmadılar? Ən azından
Kinematoqrafçılar İttifaqı...
- Əşi, nəyimə lazımdır? Məndə
vaxt, səbr hardandır ki, qapılara düşüm.
- Öz
halal haqqınızı almaq üçün qapılara niyə
düşürsünüz ki? Aktyorluğunuz bir yana, 3 kitabınız çıxıb. Hələ
tərcümə kitablarınızı demirəm..
-
Düzünə qalsa, Gündüz müəllim, mənə
elə gəlir ki, siz hal-hazırda həm sənətdəki
taleyinizin, həm də şəxsi həyatınızın
sazaqlı, nisgilli bir dövrünü
yaşayırsınız.
-
Heç bilirsən mənim başıma nələr gəlib?
- Bilmirəm,
amma bilmək istəyirəm. Kimlərdənsiniz,
ilk hekayənizi nə vaxt yazmısınız?
- Əslim Xızıdandır. Anam Cəfər
Cabbarlının qardaşı qızıdır. 1947-52
-ci illərdə Əzim Əzimzadə adına
rəssamlıq məktəbində oxumuşam. 1953-cü
ildə Universitetin filologiya fakültəsinin nəzdindəki
jurnalistika şöbəsinə daxil oldum. Famil Mehdini,
Tofiq Rüstəmovu tanıyırsan?
- Əlbəttə. Hər ikisi müəllimim olub.
- Bax
onlarla bir yerdə oxumuşam. Hələ tələbə
olanda radio ilə əməkdaşlıq edirdim. Uşaq və gənclər redaksiyasında işə
də düzəlmişdim. Sonra kinoya aludə
oldum. Çəkildiyim rolları yəqin
ki, bilisən. "Koroğlu" filmində
Koroğlunu da mən oynamalı idim. Amma... Nə isə... 1962-ci ildə mən və Nodar
Şaşıqoğlu kinostudiyanın aktyor ştatına qəbul
olunduq. Amma bir az sora yenidən
jurnalistikaya qayıtdım, "Azərnəşr"də ədəbiyyat
şöbəsində işlədim, "Ədəbiyyat və
incəsənət" qəzetində şöbə
müdiri oldum. Sonra təzədən radioya getdim və bu
gedişlə düz 13 il kinodan aralı
düşdüm.
-
Eşitmişəm ki, gənc yaşlarınızda həm də
yaxşı voleybolçu olmusunuz!
- Kim
deyib?
- Qəzetimizin
məsul katibi Aydın Kərimov. O da Universitetdə
sizinlə eyni vaxtda oxuyub. Deyir ki,
istedadlı, təvazökar, özünə qarşı tələbkar
oğlan idi. Rac Kapura oxşayırdı.
- (Gülür) Yox əşi. Yəqin zarafat eləyib.
Amma idman məsələsi düzdür. Vaxtilə Respublikanın voleybol komandasında
çıxış etmişəm. Səhv
etmirəmsə, Zaqafqaziya çempionu adını qazanan ilk azərbaycanlı
voleybolçuyam.
- Kinodan
niyə uzaq düşdünüz? Axı
60-cı illərin əvvəllərində dəbdə olan
aktyor olmusunuz.
- Bu barədə
danışmasam, inciməzsən?.. (Nə
isə fikirləşib əlavə edir) Mən
bir aktrisa ilə dostluq edirdim. Kimlərsə
bunu istəmirdilər. Bu yolla məndən
hayıf aldılar.
(Bu, dostluq deyildi, Gündüz müəllim,
başıbəlalı, sonu yaxşı heç nə vəd
etməyən, ilğıma bürünmüş bir eşq
macərası idi. Və o xanıma görə ailəniz
dağıldı, həyat yoldaşınız aktrisa Ofeliya Məmmədzadədən
ayrıldınız. Mən o xanımın kim olduğunu bilirəm, heç siz
özünüz də onun kimliyini məndən gizlətməmişdiniz
o vaxt. Amma mən müəyyən səbəblərə
görə yazmıram onun adını, ümumiyyətlə,
bu romanın təfərrüatlarına varmaq istəmirəm...
Bir müddət sonra 2-ci dəfə ailə
qurdunuz. Amma bu izdivacın da ömrü
çox çəkmədi.
Çox-çox
sonralar qızlarınızdan biri açıq-aydın dedi ki,
atamı kino, daha doğrusu, kinoda qazandığı
uğurlar, kinonun gətirdiyi şöhrət məhv elədi.
Dəqiq müşahidədir. Yaratdığınız ekran obrazları, xüsusilə
də Elşən sizə təkcə şöhrət, bəxtəvərlik
yox, elə şöhrət, bəxtəvərlik qədərində
ailə-məişət problemləri yaratdı, sizə əməlli-başlı
başağrısı oldu. Siz öz bəxtəvərliyinizin,
xoşbəxtliyinizin zirvəsində duruş gətirə
bilmədiniz, Gündüz müəllim).
Kinoya bir də 1975-ci ildə qayıtdım, "Dədə
Qorqud" filmində Bəybura rolunda çəkildim. Sonra başqa
filmlərə də dəvət aldım, amma daha baş
rollara yox.
(Amma vaxt vardı ki, Gündüzün üstündə
dava idi. Rejissorlar onu öz filmlərində çəkmək
üçün əldən gedirdilər. Hətta bir dəfə bir kələyin qurbanı
olmuşdu. Əlisəttar Atakişiyev "Bir qalanın
sirri"ni çəkəndə Moskvadan
Gündüzün adına teleqram gəlir. Hüseyn
Seyidzadə onu Koroğlu roluna dəvət edirdi. Teleqram
Əlisəttar müəllimin əlinə keçir və
"Bir qalanın sirri"ni Gündüz
Abbasovsuz qoymamaq üçün o, həmin teleqramı gizlədib
aktyora bu barədə heç nə demir).
- Sizin
kinodan uzaq düşməyinizin səbəbləri barədə
ayrı söz-söhbət də gəzir.
- Gəzir
gəzsin də. Nə deyirlər demirlər - məni
maraqlandırmır...
Susuruq,.. çay içir, təzə siqaret yandırırıq. Bayaq redaksiyadan çıxanda iş yoldaşlarımla Gündüz müəllimə vermək üçün hazırladığımız sual yadıma düşür. Deyəndə ki, Gündüz Abbasovgilə gedirəm, çiçəkləri çırtlamışdı. Sonra hamımız yığışıb bir sual hazırlamışdıq. Sadə bir sual.
- Gündüz müəllim, sizə elə gəlmirmi ki, yaşadığınız ömrün sıxıntısı, nisgili fərəhindən, sevincindən çox olub?
- Bəlkə də elədir. Amma əsas məsələ ondadır ki, mən öz taleyimi, öz qismətimi yaşamışam. Ürəyim necə istəyib, o cür. Sıxıntılı günlərim çox olub. Gizlətmirəm, milisə də düşmüşəm, özü də haqsız yerə, günahım olmaya-olmaya. Bu hadisədən sonra bir müddət işsiz də qalmışam. Ailə həyatımda da hər şey istədiyim kimi alınmayıb. Amma bütün bunları taleyin qaçılmaz qismətləri kimi qəbul etmişəm. Ola bilsin ki, həyatımı soyuq başla cızılan plan üzrə qura bilməmişəm. Amma qazandıqlarımın qədrini bilməyi, sevinci ilə yaşamağı da bacarmışam. Mənim üçün narahat olan anam, beş övladım, yeddi nəvəm var. Məgər bunlar azdır?
- Əlbəttə, yox
- İndi təqaüdə çıxmaq üçün sənədlərimi hazırlayıram. Yazı-pozu ilə məşğul olmağa vaxtım çox olacaq.
- Tərcüməçilik fəaliyyətinizdən xəbərim var. Bilirəm ki, klassik və müasir rus nəsrindən, habelə xarici ölkələr ədəbiyyatından bəzi nümunələri dilimizə çevirmisiniz. Amma öz kitablarınızı oxumamışam.
- Birinci kitabım 1959-cu ildə çıxıb - "Atasının qızı". Üç il sonra "Canlı körpü", 1965-ci ildə isə "Qanadlar" adlı kitablarım nəşr olunub. Məndə olan nüsxələri oxumaq üçün sizə verə bilərəm, amma qaytarmaq şərti ilə.
- Mütləq. Hazırda bir şey yazıb eləyirsinizmi?
- Mixail Zoşşenkonun hekayələrini tərcümə edirəm. Abbas Abdulla, Yusif Səmədoğlu məndən təzə hekayələr istəyiblər. Yazmışam, amma təqdim eləməyə tələsmirəm. Yazı-pozuda özümə qarşı çox tələbkaram. Üzərində çoxdan çalışdığım iki povestim var. Görək də, sağlıq olsun...
Final
...Küçədə kitabları gözdən keçirəndə barmağımı dişlədim və "Canlı körpü" ürəyimdə bu günün hadisələrindən 21 il əvvələ körpü saldı, 21 il əvvəl yaşadığım duyğuları yenidən yaşadım. Bu kitabı mən 10 yaşım olanda oxumuşdum və elə kitabın adını daşıyan hekayədə təsvir olunan hadisələr məni yaman tutmuşdu. İki dəfə oxumuşdum o hekayəni, elə indi yol gedə-gedə yenə oxumaq istədim və oxudum da. Bu dəfə həmin hekayə məndə qəribə duyğular oyatdı. Fikirləşdim ki, hərdənbir bu dünyanın sevincindən, xoşbəxtliyindən qorxmaq, ehtiyat etmək lazımdır, çünki sevincin o biri üzü kədər, sıxıntı, xoşbəxtliyin tərs üzü isə uğursuzluq və bədbəxtlikdir. Gərək xoşbəxtliyindən usanıb bezməyəsən, sevincinə, xoşbəxt anlarına bir hədd qoyasan ki, sabah əlindən çıxanda ürəyin partlamasın.
Hə, o hekayədə bir ailənin başına gələn dramatik hadisələr əks olunub. Gənc ər və arvadın arasına heç nədən söz düşür. Gəlinin anasının günahı üzündən ailə az qalır dağılsın. Son anda yeganə övladları qanlarının arasına girir, ata-anasının arasında canlı körpüyə çevrilib qoymur ki, ailə ocağı sönsün. Adam hekayəni oxuyur, bu dünyada canlı körpülərin olmasına sevinir. Amma fikirləşəndə ki, bu sevincin o biri üzü kədərdir - qorxursan. Vallah qorxursan. Bu qorxu duyğusu çox amansız şeydir. Adam öz sevincindən qorxa-qorxa sevgi duyğusunu itirə bilər.
İlahi, sən bizi öz sevgimizin, sevincimizin qəfil zərbələrindən qoru!
Qoyma ki, xoşbəxtliyimizdən usanaq!
P.S. Qızının dediyinə görə, serrozdan əziyyət çəkən Gündüz Abbasov son nəfəsdə "Peşman olmuşam" - deyib və ardınca gözlərini əbədi yumub...
Vəfat edəndə 65 yaşı hələ tamam olmamışdı...
Ruhu şad olsun.
Əlisəfdər
HÜSEYNOV
525-ci qəzet.- 2023.- 20 yanvar.- S.21.