Biz yazmasaq...
MEHRİBAN
ƏLƏKBƏRZADƏYƏ MƏKTUB
Son
vaxtlar teatr məkanımızda yaranan tamaşalar haqqında o
qədər qarışıq fikirlər səslənir ki, nəyin
yaxşı, nəyin pis olması barədə fikir söyləmək
belə çətinləşir. İndi hətta yaxşı
olmayan hansısa bir işi, hansısa "zərurətdən"
irəli gələrək dağ başına
qaldırırlar. Haqqında saatlarla danışıla biləcək,
maraq doğuran başqa bir sənət nümunəsini isə
az qala daşdan-daşa vurub paramparça
edirlər. Belə bir fikir burulğanı
içərisində imzasına hörmət bəsləyənlər
isə kənarda dayanır və ya sadəcə, "boş
ver" deyərək, öz fikirlərini özləri ilə
müzakirə etməkdən savayı, bir çarələri
qalmır.
Bütün bunlara rəğmən, bu da bir həqiqətdir
ki, ölkənin teatr aləmində çoxlu yeniliklər
var. Hansısa tamaşada bir aktyorun gözəl bir rolu
haqlı olaraq teatr tarixinə düşəcək qədər
dəyərləndirilir. Hansısa tamaşanın musiqi tərtibatı
haqqında ürəkdən tikan çıxaracaq qədər
gözəl sözlər deyilir. Hansısa
bir tamaşada əsərin bədii tərtibatı təqdim
olunan işə öz möhürünü vurur. Amma gəlin etiraf edək ki, tamaşanı ərsəyə
gətirən rejissor haqqında hər zaman belə gözəl
təəssüratla danışa bilmirik. Görməzdən
gəlirik? Ya arzu etdiyimiz və görmək
istədiyimiz elə bir mükəmməl rejissor işi həqiqətən
yoxdur?
Əziz Mehriban xanım, nəyin pis, nəyin
yaxşı olduğu ayırd edilməyən bir vaxtda bu məktubumun
özü bəlkə də sizə qəribə gələcək. Amma mən bu
məktubu mütləq yazmalıydım. Belə
bir deyim var ki, "əgər sən bunu yazmaya bilərsənsə,
yazma". Mən isə bunu yazmaya bilmədim.
Onu da qeyd edim ki, mən bu məktubumda "modern
leksikon" tərzindən istifadə edib kimlərdənsə
sitat gətirməyəcəm. Çünki mən Məşədi
İbad demişkən, "Tarixi-Nadir"i yarıya qədər
oxusam da, bəzən elə yazılardan özüm də
baş aça bilmirəm. Ona görə
də bu yazını elə bizim dildə - tam anamın dilində
yazmağı qərara aldım ki, bütün teatr cameəsi
oxuyaraq, deyilənlərdən bir mətləb anlaya bilsin.
Ötən
il dekabrın ortalarında stolumun
üstünə qoyulmuş "Kod adı "V.X.A"
tamaşasının proqramı artıq məndə ən
azından peşəkar bir tamaşaçı kimi
böyük maraq yaratdı. Proqramdakı sizin ön
sözünüzdən başlayaraq, burada qeyd olunan hər bir
sətir - prosesin yaradıcı qrupu, mühakimə edilənlər,
mühakimə edənlər, hətta prosesdə
çalışanlara qədər, bütünlüklə gördüyüm
hər bir təqdimat artıq bu tamaşanın fərqli
olacağından xəbər verirdi və sizin söz verdiyiniz
kimi, "ən dəhşətli zamanda ləyaqətini
qorumağın nümunəsi" olan bu tamaşaya baxmağa
maraq yarandı məndə. Bəlkə də,
tamaşaçı üçün daha maraqlısı o idi
ki, davamiyyət birinci hissə - 2 saat, ikinci hissə - 2 saat
qeyd olunmuşdu proqramda. Azərbaycan
teatrında görmədiyimiz bir fakt. Bütün
bunlar barədə niyə bu qədər ətraflı
danışıram? Ona görə ki, bu
tamaşada teatr, proqramı tamaşaçıya təqdim
etdiyi vaxtdan onunla ünsiyyətə girə bilir. Və
4 saat ərzində tariximizin qara ləkəsi sayılan 37-ci
il hadisələrinin bu qədər realist bir formada təqdimatına,
səhnədə baş verən dəhşətlərin
arasında səbrini sıxaraq gözünün
qarşısındakı olaylara bir seyrçi marağı ilə
baxmağın özü də insandan son dərəcə
hövsələli olmağı tələb edir.
Görüntüləri təkcə səhnədən
izləsək də, baş verənlərin mərkəzində
dayanmış kimi qəhrəmanlarla birgə o faciələri
yaşayaraq sən də hadisələrin içində
olursan. Ruhən, bütün əhvalınla o qəhrəmanların
arasında hiss edirsən özünü. Sizin proqramda təqdim
etdiyiniz bəlli məkanda, bəlli insanlarla yaşanan,
özünüzün dediyiniz kimi, tamamən sənədli
faktlara söykənmiş və bədiiləşmiş bu həyat
hekayəti bəzən insanın əsəblərini o qədər
tarıma çəkir ki, hətta rejissora "Dayan, dur!"
demək istəyirsən. Səhnədə 1937-ci ilin
qurbanı olan yetmişə yaxın personajın (mən hər
iki cəbhənin iştirakçılarını tarixin
qurbanları siyahısına daxil edirəm) hər birinin eyni
zamanda, eyni dəqiqədə, hətta eyni anda rejissorun
tapşırdığı vəziyyətə uyğun hərəkətdə
olması, səhnənin nəbzinin daima, bir an belə fasilə
vermədən vurması ancaq Mehriban Ələkbərzadə
kimi bir rejissorun özünü ifadə etmək
bacarığından irəli gələ bilər. Mən bu səhnələrin
hər birində sizin hadisələrə münasibətinizi,
beyninizi neçə illərdir məşğul edən bu
mövzuya qarşı bir vətəndaş mövqeyinizi, səhnəyə
gətirdiyiniz qadınların acı taleyini öz daxilindən
keçirmək bacarığınızı, hətta bu
insanlara o dəhşətləri yaşadan surətlərə
qarşı, elə o qədər də dəhşətli
intiqam hissinizi oxudum. Səhnə tərtibatında
(rəssam Mustafa Mustafayev), musiqidə (bəstəkar Azər
Hacıəsgərli), montaj və qrafika işində (Benyamin
Sayılov), aktyor oyununun plastik həllində (Ceyhun Dadaşov)
- duyduğum hər bir fikirdə Mehriban Ələkbərzadəni
gördüm.
Şükriyyə
Axundzadə (Kəmalə Müzəffər), Ceyran Bayramova
(Leyli Vəliyeva), Umgülsüm Sadıxzadə (Qəmər
Məmmədova), Xavər Qarayeva (Şəfəq Əliyeva),
Dilbər Axundzadə (Aygün Fətullayeva)... bu
xanımların hər biri elə bir tale yaşayıblar ki,
onları olduğu kimi tamaşaçıya təqdim etmək
hər kəsin biliyi və bacarığı daxilində
deyil, bunu ancaq Mehriban Ələkbərzadə edə bilərdi
və etdi. Həyatda göyərçin qədər çox
zərif, teatrdakı Leyli rolundan sevdiyim Asya Atakişiyeva belə
Tamara Hüseynovanın obrzaında qüvvətli, əzablara
dözməyi bacaran bir qızcığaz obrazını
gözümüzdə o qədər böyütdü ki,
aktyorla rejissorun işi deyərkən mən tamaşanın bu
tərəflərini düşündüm. Mən
tamaşada iştirak edən bütün xanımlara öz
sevgi və sayğımı bildirərək onların
hamısının böyük zəhmətin nəticəsi
olan işindən zövq aldığımı bildirirəm.
Sadəcə bir yazıda 70-ə yaxın
aktyorun adını çəkmək mümkün deyil.
Mən uzun illər yaradıcılığını izlədiyim
Yasin Qarayevin, Şövqi Hüseynovun, Elnur Kərimovun təbii
və emosional oyunlarına böyük dəyər verdiyimi
bildirir və bütün iştirakçılar arasında
ayrıca olaraq heç kəsi fərqləndirməyi
bacarmıram. Çünki səhnədə
sözün həqiqi mənasında işləyən (!)
aktyorların hər çıxışında, hər
danışığında, hər baxışında, tərəf
müqabilinə hər bir münasibətində mən
Mehriban Ələkbərzadəni gördüm. Hadisələrə rejissor müdaxiləsi o qədər
güclüdür ki, baş verən hər səhnənin
arxasında müəllif-rejissorun obrazı aydın
görünür. Budur rejissorun böyüklüyü!
Səhnədə
baş verənlərdə tamaşanın ali
məqsədinə doğru atılan hər bir addım səni
məşğul edir, düşündürür. Və bir də beynindən o keçir ki, bu qədər
çevik və heyranedici fantaziya dramaturqun və rejissorun bir
şəxsdə birləşməsinin təzahürüdürmü?
Yoxsa yaradıcı insanın mövzuya sonsuza qədər
bələd olması? Etiraf edək -
Mehriban Ələkbərzadənin təkcə öz sənətinin
deyil, müraciət etdiyi mövzunun da alt qatlarına qədər
gedib çıxa bilməsi böyük və
başqalarında olmasını da arzu etdiyimiz fərqli bir
keyfiyyət, peşəkarlıq nümunəsidir.
Şükriyyənin (Kəmalə Müzəffər) bu günə qədər bəlkə də, bir əfsanə sandığımız böyük sevgiyə söykənən bir hərəkəti (yəqin ki, tamaşaya baxanlar həmin səhnəni mənim kimi uzun müddət unutmayacaqlar) tamaşaçı zalını necə silkələdisə, kimsə qəzəbini göz yaşına çevirə bildi, kimsə gördüyündən bir şok yaşadı! Bütün bunların arxasında görünən isə tamaşanın müəllifi idi - dramaturq və quruluşçu rejissor Mehriban Ələkbərzadə. Tamaşanın tərtibatında unudulmayan səhnələrin işlənməsi - susuz, soyuq, dəhşət doğuran sonsuz Qazaxıstan çöllərinə ağrı çəkə-çəkə gedən vaqon (səhnədə biz yalnız bir vaqon görsək də, işıq və səs effektləri ilə elə təəssürat yaranır ki, bu vaqon 1937-ci ildə insanları ölümə sürüyüb aparan elə sonsuz bir qatardır), sonradan onun baraklara çevirilməsi, acı taleləri ilə barışıb insanı insanlıqdan çıxaracaq qədər ağır işlərə sürüklənən qadınların bütün tamaşa boyu baş verənlərdə bir ailə, bir el, bir yurd timsalı ilə birləşməsi insanda elə böyük bir qürur yaradır ki... Bu, rejissor Mehriban Ələkbərzadənin qürurudur. O qürur ki, Mehriban xanım bütün yaradıcılığında tamaşadan-tamaşaya "Vətən daşı" (M.Araz) olaraq ölkəsinin əsl vətəndaşı olduğunu, bu əsəri ürəyinin qanı ilə yazdığını bizim üçün bir daha sərgilədi.
Mən xüsusən, tamaşanın texniki tərəflərini ən yüksək səviyyədə təqdim edən bədii texniki heyətin əməyini qiymətləndirmək istəyirəm. İşıqdan və səhnənin hər türlü cazibəsindən məqsədyönlü istifadə... hər bir effekt qədərində... və ustalıqla işlənib. Qrafika... qəhrəmanların fotolarının canlanaraq əsrin o üzündən bizə yollanan sevgi, nisgil, ağrı, iztirab dolu səsləri... Bütün bunlar o qədər bənzərsiz təqdim olunur ki, heyranlığını gizlədə bilmirsən və proqramla ilk tanışlıqda davamiyyətin 4 saat olacağından narahatlıq keçirdiyinin indi fərqinə varmırsan. 4 saat elə sürətlə axıb keçir ki... Bax, budur teatrın uğuru, rejissorun tamaşaçı üzərində qələbəsi!
Mən, eyni zamanda, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadənin böyük bir yaradıcı işə son dərəcə məsuliyyətlə və sevgi ilə yanaşmasını vurğulamaq istəyirəm. Səhnədə gördüyümüz hər bir detalı rejissor beyninin, fikrinin, fantaziyasının, təxəyyülünün, rejissorla rəssamın birgə yaradıcılığının məhsulu olaraq qiymətləndirsək də, onların icrası fonunda Naidə xanımın və onun komandasının çox böyük əməyini, eləcə də teatrın rəhbəri ilə baş rejissor və bütün yaradıcı heyətin tandemini görməmək mümkün deyil.
Əziz Mehriban xanım, şübhə etmirəm ki, siz bütün həyatınız boyu kimlərdənsə xeyli məktublar almısınız. Bilmirəm belə mövzuda sizə məktub yazan olub, ya yox, amma mən ilk dəfədir ki, belə bir məktub yazıram. Nədən mən bu məktubu yazmaq qərarına gəldim? Çünki "Kod adı "V.X.A" adlı, bütün salonun nəfəs dərmədən baxdığı 4 saatlıq tamaşadan sonra mən Əlahəzrət Teatrımızı daha çox sevməyə başladım. Mən teatrımızın gələcəyinə daha böyük ümidlə baxdım. Çünki mən bu tamaşada yaradıcılığı boyu - istər televiziya, istər kino, istərsə də teatrda ərsəyə gətirdiyi bütün işlərindən hissə-hissə boylanan, bu tamaşada isə tam olaraq böyük şəxsiyyət kimi boy verən rejissorumuzu tanıdım, yenidən kəşf etdim.Və yəqin, həmkarlarım da mənimlə şərik olarlar. Bu gün Azərbaycan teatrına - həyatımızı verdiyimiz TEATRa sizin kimi şəxsiyyət ola biləcək rejissorlar nə qədər lazımdır!
Dərin hörmət və sevgilərimlə.
Əliqismət
LALAYEV
Azərbaycan
Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar
incəsənət xadimi
525-ci qəzet.- 2023.- 20 yanvar.- S.20.