"Qaçmaq, qışqırmaq, haray
çəkmək, hönkürmək istəyirdim..."
XALQ
ARTİSTİ FİRƏNGİZ MÜTƏLLİMOVA:
"ŞUŞAMI MƏNƏ QAYTARAN, CANLARINI FƏDA EDƏN
OĞULLARA, ONLARI BÖYÜDƏN ANALARA BİR ÖMÜR
BORCLUYAM"
Hər dəfə
teatrdan söz düşəndə Stanislavskinin kəlama
çevrilən məşhur deyimini xatırlayıram:
"Teatr asılqandan başlayır". Və
hər dəfə teatra gedəndə tamaşadan əvvəl
asılqanın ətrafında gəzişən insanları
görərkən, bu fikrin həqiqiliyinin şahidi oluram.
Etiraf edim ki, teatra çox vurğunam və məktəb
illərindən bizlərə aşılanan bu sevgiyə
görə böyüyüb tərbiyə aldığım
dövrə borcluyam. Səhnədə Leyla Bədirbəyli,
Barat Şəkinskaya, Hökümə Qurbanova, Amalya Pənahova,
Şəfiqə Məmmədova,
Əli Zeynalov, Mehdi Məmmədov kimi korifeyləri
canlı gördüyümə görə: "Sabah teatra
gedirik" deyən mərhum atama minnətdaram, çünki
teatr zövqün aynasıdır.
İki il idi ki, ondan müsahibə almaq istəyində
idim. Əvvəl pandemiya adlı maneə yolumuzu
hərtərəfli kəsmişdi. Mütəmadi olaraq
etdiyim zənglərə çox səmimi və
mehribanlıqla cavab verən bu xanım hər dəfə
deyirdi ki, xahiş edirəm, bir az da
gözləyək. Gözləyə-gözləyə
bir də gördük ki, igid Azərbaycan əsgəri
Şuşanı azad edib. Bunu gəlişi gözəl
söz naminə demədim, çünki müsahibim
olmasını çox arzuladığım bu sənətkar
Şuşa adı çəkiləndə ürəyi
köksünə sığmayan, onunla öyünən, 30 ilə
yaxın yollarına, cığırlarına, havasına,
suyuna, Xarıbülbülünə, böyüdüyü məhləsinə
həsrət qalan şuşalı qızıdı. Əziz
oxucu, bu gün səni teatr, kino, televiziya tamaşalarında rəngarəng
obrazlar yaratsa da, yaddaşlarda Gülnar kimi qalan respublikanın
Xalq artisti, Prezident təqaüdçüsü Firəngiz
Mütəllimova ilə maraqlı söhbətə dəvət
edirik.
- Firəngiz
adlı kiçik bir qızcığazla başlayaq söhbətə...
- Dediyiniz
həmin qızcığaz ötən əsrin 50-ci illərinin
sonunda sonradan qəlbinin sultanı olacaq Şuşada anadan
olub. Amma o qızcığaz artıq mənimlə
çoxdan vidalaşıb. Orada 4 saylı
orta məktəbi bitirib. Sənətə böyük
sevgi ilə böyüdüyündən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət
İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universiteti) kino və dram
aktyorluğu fakültəsinə daxil olaraq, 1980-ci ildə ali
təhsili başa vurub. Elə həmin ildən
təyinatla gəldiyim Akademik Milli Dram Teatrının səhnəsində
külüng çalıram desəm, yanılmaram. Uzun
illər məzunu olduğum ali təhsil
ocağında kurs rəhbəri olmuşam və aktyor sənətindən
dərs demişəm. Səhhətimlə
bağlı artıq neçə ildi ki, pedaqoji fəaliyyətimi
saxlamağa məcbur olmuşam. Hazırda
teatrda, kinoda, televiziyada mənə uğur gətirən sənətimlə
birlikdəyəm.
- Bəhər
müəllimin ailəsindən danışaq...
- Atam da,
anam da müəllim olub. Təyinatla Ağcabədiyə
işləməyə gələn valideynlərim bir-birini bəyənib,
könül verib və sonda ailə qurub. Atam
əslən Qəbələdən, anam isə Şuşadan
olub. Təyinat müddəti bitdikdən
sonra onlar Şuşada yaşamağa qərar veriblər və
nə yaxşı ki, bu seçimi ediblər. Şuşa düşmən əlinə keçənə
qədər hər ikisi orada müəllim kimi
çalışıb. Şuşa itkisi
ilə heç cürə barışmayan ata-anam
ömürlərinin sonunadək bu həsrətin acısı
ilə yaşasalar da, ümid edirdilər ki, o yerlərə
qayıdacaqlar. Atam dünyasını dəyişəndə
cibindən bir şeir çıxmışdı:
"Şuşam, səni görəcəyəm, yoxsa
Bakıda öləcəyəm?" Heyif ki,
valideynlərim Şuşanı bir daha görmədən bu
dünyadan köç etdilər. İnanıram
ki, onların narahat ruhları, indi rahatlığını
tapıb.
-
Asılqandan başlayan teatr...
- Teatr mənim
üçün bir məbəddir, divarlarına nəfəsim
hopmuş ikinci evimdir. Burada o qədər
hüzur və rahatlıq tapıram ki, sözlə ifadə edə
bilmirəm. Onun səhnəsində səni
vur-tut iki saat ərzində izləyən yüzlərlə
baxışın altında tamaşaçıya nəsə
çatdırmaq, zövqünü oxşamaq, alqış sədaları
altında onlara təzim etmək, gül-çiçəyə
qərq olmaq, təkrar səhnəyə
çağırılmaq kimi hissləri yaşamağı
teatr bəxş edib mənə. Bu divarların
arxasında ağır zəhmət, bir tamaşanı ərsəyə
gətirmək üçün aylarla sürən gərgin məşqlər,
tarıma çəkilən əsəblər, yaradıcı
mübahisələr, rejissorun iradları, sonda isə səni
anşlaqla gözləyən tamaşaçı var. Və pərdə
arxasında çəkdiyin bütün zəhmətin,
yorğunluğun bəhrəsini tamaşaçı sənə
yalnız teatrda verir. Teatr məktəbdir, teatr həyatdır,
teatr tərbiyə verən bir mədəniyyət
ocağıdır. Eşidəndə ki,
teatrı intriqa yuvası adlandırırlar, bu, məni hədsiz
incidir. Xırdalıqlara varsaq, elə bir
sahə yoxdu ki, orada yaxşı-pis, bacarıqlı-zəif,
bir-birinə həsəd apara insanlar olmasın. Teatrı dərk etmək üçün incə zövqə
malik olmaq lazımdı ki, bu da hər kəsdə olmur. Və mənim üçün arxa giriş
qapısından başlayan teatr hər şeyin fövqündədir.
- Dondan dona girən aktrisa...
- Şuşada evimiz kinoteatr olan məhlədə idi. Tez-tez filmlərə
baxmağa gedirdik və doymaq bilmirdim. Deyərdim
ki, sənətə gələn yol elə bu filmlərdən
başlayıb. Qardaşımla aramızda
kiçik yaş fərqi var və evdə ikimiz olardıq.
Rəhmətlik anam işə gedən kimi onun
yaylığını başıma örtüb məşqlər
edirdim. Gah Almaz olurdum, gah Sevil... Yadımdadı,
dördüncü sinifdə oxuyurdum və hər
güzgüyə baxanda deyirdim: "Elə biri olacam ki, məni
hamı tanıyacaq". Bunu daxilən hiss edirdim, hətta
alqış səslərini belə, eşidirdim. Lakin bütün bunları içimdə
saxlayırdım. Çünki çox
utancaq olmuşam. Biri ilə
danışanda başımı aşağı salıb
qızarırdım. İncəsənət
institutuna qəbul olmağım Şuşada yaman əks-səda
doğurmuşdu ki, bu, Bəhər müəllmin hansı
qızıdır? Çünki
böyüdüyüm məhlədən savayı, məni
tanıyan yox idi. Anam aktrisa olmağıma
qarşı çıxsa da, atam əksinə, bunu arzu edirdi.
Üst-üstə düşən arzularımız sayəsində
ali məktəbin qapıları
üzümə açıldı. Şanslı
tələbə oldum - Böyükağa Kazımov, Rza Təhmasib,
Ənvər Həsənov kimi müəllimlərdən dərs
alıb sənət yoluna qədəm qoydum. Təyinatla
Akademik Milli Teatra göndərildim, hansı ki, artıq bir il əvvəl orada məşqlərə
başlamışdım. 1980-ci il
oktyabrın 4-də S.Rəhmanın "Əliqulu evlənir"
tamaşasındakı Qumral obrazı səhnədə
debütüm oldu. Böyük zəhmətdən,
çətinliklərdən keçərək, heç bir
kömək, dəstək olmadan pillə-pillə ucala bildim.
Öz yolumu tapıb, dəsti-xəttimi
çizib, özümə inamla irəliləyərək,
yüksək fəxri ada qədər ucaldım. Sənətimin aşiqiyəm. Bizi teatrdan uzaq
salan pandemiya dövründə hər axşam tamaşa
vaxtlarında özümü səhnədə hiss edirdim,
çünki bizim üçün səhnə həyatdır.
Səhhətimdə ciddi problem yaşandı, məni
ağır beyin əməliyyatı gözləyirdi. Elə bir əməliyyat idi ki, nəticədə əlil
arabasında qalmaq kimi bir təhlükə vardı. Həmin ərəfədə son tamaşam
"Qanlı Nigar" oldu. Tamaşaçı
alqışına baş əyərkən, gözlərim
doldu. Düşündüm ki, ilahi,
görəsən, bu səhnədə bir də
tamaşaçılarıma təzim edə biləcəyəmmi?
Əməliyyatdan çıxdım, yarım il
gəzə bilmədim. Lakin hər halımda
şükür etdiyim Rəbbim məni səhnəyə
qaytardı və ayağımda qalan problemi unutdurdu. Səhnə yaşadandı, müşahidə
etmişəm ki, hansı səbəbdənsə ondan uzaq
düşənlərin ömrü azalır. Bütün rollarımı sevə-sevə, ürəklə
oynamışam, deyərdim ki, hətta yaşamışam o
obrazlarla. Etiraf edirəm ki, məcburi
yaratdıqlarım da olub, amma etiraz etməyib onlar
üçün də səhnəyə
çıxmışam. Səhnə elə
bir sehrdir ki, pərdə arxasında dekorasiya quran fəhlə
belə, ondan ayrı qala bilmir.
E.Seyidcahanın "Mən aktyoram" adlı
mahnısı var. Şair Vahid Əziz mahnıya çox
möhtəşəm sözlər yazıb:
Dondan dona girərik,
Sevilərik, sevərik.
Milyon həyata
gəlib,
Milyon dəfə ölərik.
Ünvanı səhnə olan bizlərin həyatı
bax, budur.
-
Gülnardan yan keçmək olmaz...
- Mərhum
telerejissor Tariel Vəliyev məni televiziyada aparıcı
olduğum vaxtdan tanıyırdı. Teatrda mənə
yaxınlaşaraq dedi ki, televiziya tamaşası
hazırlayırıq, ordakı obraza səni çəkməyi
düşünürəm. Səni bir yoxlamaq istəyirəm,
əsərin müəllifi də tanış
olsun. Teatra təzə gələn 21 yaşlı gənc
qızı kim tanıyırdı ki...
Razılaşdım və marağını boğa bilməyib
rejissordan: "Niyə məhz mənim çəkmək istəyirsiz"
soruşanda, Tariel müəllim dedi ki, əsərdə həmin
obrazın bir gülüşü var, o təbəssüm tərəf
müqabilini əsəbləşdirir. O gülüşü
səndə hiss edirəm. Beləcə məşqlər
başladı. Tərəf müqabilim
Yaşar Nuriyevin gözünə baxa bilmirdim. Mənə istiqamət verirdi, nəyi harda necə
etmək lazım olduğunu başa salırdı. Müəllifin
qarşısında necə səy göstərdimsə, on dəqiqədən
sonra Aslan Qəhrəmanov əlini stola vurub dedi ki, mənim
yazdığım Gülnar budur. Xarakter etibarilə
Gülnarla tam fərqli insanlar olsaq da, içimdən gələn
hansısa mizan bu obrazı uğurla yaratmağıma imkan verdi. Gülnar imkanlı ailənin
ərköyün qızı, istəmədən
nişanlanan, bütün istəkləri dərhal həyata
keçən və bunların hamısından bezən bir
xarakter idi. O, daxilində bu buxovlardan azad olmaq, sevdiyini
tapmaq arzusunda olsa da, istəklərini büruzə vermirdi. Və günlərin birində həmişə
"Hə" cavabı eşidən bu şıltaq qız
onun əksinə gedərək "Yox" deyə bilən
biri ilə üz-üzə gəlir. Elçinə
qarşı yaranan maraq bir sevginin yolunu açır. Tamaşa çəkilərkən bu qədər
uğurlu bir obraz yaradacağıma inanmırdım. Sanki bir gecənin içində şöhrət məni
tapdı. Səhər rəhmətlik atam zəng vurub
dedi ki, a bala, dünənə qədər sənə Bəhər
müəllimin qızı deyirdilər, bu gün mənə
Firəngiz Mütəllimovanın atası deyirlər. Sənə aktrisa olmağa imkan verdiyimə görə
məni qınayanlar, indi səni zirvəyə qaldırıb.
Tamaşadan 40 ildən artıq vaxt keçməyinə
baxmayaraq, bu gün də adım Gülnarla qoşa çəkilir
və bu, mənə çox xoşdur. Tamaşa
haqqında bir subyektiv fikrim var. Düşünürəm ki,
tamaşa bir hissədən ibarət olsa, Elçinlə
Gülnarın qovuşma ehtimalı tamaşaçının
ixtiyarına buraxılsa idi, daha maraqlı olardı. Bununla belə, vizit kartım olan Gülnarı
çox sevirəm, onun bu gün qazandığım uğur və
mükafatlarımın yanında xüsusi yeri var.
- Şuşa, sən azadsan...
- Şuşanın işğalına qədər mən Vətən sevgisinin dərinliyinə varmamışdım. Şuşaya həsrət qaldığım bu uzun zaman kəsiyində mən Vətənin nə olduğunu kəşf etdim. Hər il yayda mən Şuşaya getməsəydim, özümü yarımçıq hiss edərdim. Və bilsəydim ki, 1991-ci ilin yayında çıxdığım Şuşanı bir igidin ömrü qədər görməyəcəyəm, bəlkə də can verərdim orda. Mən Vətənimdə 30 il Vətənsiz yaşadım, ömrümdən ömür getdi, hər gecə onu yuxularımda gördüm. İçimdə yandım, qovruldum, "Şuşa" deyə-deyə bu dünyadan köçən valideynlərimi öz torpağında dəfn edə bilmədim. Bu o qədər ağrılı hissdi ki... İllərdir sonu bəlli olmayan bir müəmma içində yaşamışam. Və günlərin bir günü Ali Baş Komandanın: "Şuşa, sən azadsan" deyəndə, bilmədim nə edim. Hisslərim bir-birinə qarışmışdı, ağlıma gəlməyən başıma gəlmişdi. Qaçmaq, qışqırmaq, haray çəkmək, hönkürmək istəyirdim. Axı mən Şuşalı illərim üçün çox darıxmışdım. Uşaq vaxtı qarda sürüşməyim, danlanmağım, döyülməyim, cəzalanaraq küncdə qalmağım, ilaxır çərşənbədə üzümü kömürlə qaraldıb, oğlan paltarı geyinib torbamı götürərək bayram sovqatı yığdığım vaxtlar üçün çox darıxmışdım. Elə vəziyyətdə idim ki, illərlə arzuladığım Vətənimə necə ayaq basacağımı bilmirdim. Bildiyim tək o idi ki, torpağımı mənə qaytaran, canlarını fəda edən oğullara, onları böyüdən analara bir ömür borcluyam.
- Baş əyib öpdüyün Vətən torpağı...
- Mənə elə gəlirdi ki, Şuşaya ayaq basanda qışqırıb haray çəkərəm, hönkürtüm o dağlarda əks-səda verər. Lakin özümü cilovlaya bildim, bir anın içində hər şey keçdi gözümün önündən. Həsrətini çəkdiyim o torpağı necə öpməyə bilərdim? O tanış qoxunu şuşalı olmayan hiss etməz. Lakin oteldə otağa gəlib qapını bağlayıb su kranlarını açaraq hönkürtümün səsini onunla boğdum. Ürəyim boşalandan sonra öz-özümə dedim ki, Firəngiz, arzuna çatmısan, sən artıq Şuşadasan, Tanrı bu günü görməyi sənə nəsib etdi. Gözümün yaşını silib, təbəssümlə otaqdan çıxdım. Artıq beş dəfə Şuşada olmuşam və hər dəfədə gördüyüm dəyişiklik mənə böyük təsəllidir. Ən əsas odu ki, Şuşa, sən mənimsən! Şuşa, biz qayıtdıq!
- Firəngizə də söz verək...
- Tanrıdan həmişə sağlam ömür arzulamışam. Və düşünürəm ki, mənalı ömür yaşaya bilmişəm. Bunun üçün özüm çalışıb-vuruşmuşam. Narahat vaxtımda belə, özümə təkan verməyi bacarmışam. Ağır xəstəliklə çarpışdığım vaxtlarda çoxu elə düşünürdü ki, Firəngiz daha teatra qayıda bilməz. Lakin mən yarım il gəzə bilməsəm də, əlillik vəsiqəsindən imtina etdim. Özümə ruh verərək qalib gəlməyi bacardım, doğma səhnəmə qayıtdım. İnsan mübarizə aparıb qalib də ola bilər, düşkün olub özünü məhv də edə bilər. Mən birinci yolu seçdim. İmkan verə bilməzdim ki, məni xalqa tanıdan, uğurlara qərq edən səhnə Firəngizsiz qalsın. İnsan var ki, uğurun ardınca qaçır, məni uğur özü tapıb həmişə. Həyatda bağlı olduğum yeganə varlıq Tanrımdı, bütün çətinliklərdən məni hifz edib. Həsəd adlı hiss məndən çox uzaqdır. Sənət yoldaşlarımla daima xoş ünsiyyətdə olmuşam, həmişə tamaşalarında iştirak etmişəm. İnsan var ki, onun kiçik təsəlliyə, xoş bir sözə ehtiyacı var. Əgər bu, onu xoşbəxt edəcəksə, niyə bir qəlbi sevindirməyək? Ailənin ilk övladı kimi valideynlərimdən sonra yük mənim çiynimdədir. Narahat bir dövrdə yaşayırıq və çalışıram ki, atalı-analı düzənimiz pozulmasın. Tanrı mənə ən böyük arzumu yaşatdı - Şuşam qayıtdı. Biz bir ildən artıq pandemiya adlı qorxunc kabus yaşadıq. Bir arzum da odu ki, heç vaxt teatr tamaşaçısız, səhnə bizsiz qalmasın.
P.S. İllər öz izini qoyur, biz istəməsək də... Onunla üz-üzə, göz-gözə söhbətləşə bilməsək də, sanırdım ki, hər kəlməsində, səsinin avazında illər öncə ekranlardan mənə tanış olan bir obrazla danışıram. Əslində elə onunla danışırdım, yaradıcılığının qırmızı xətti olan Gülnar adlı Firəngiz Mütəllimova ilə. Söhbətimizə isə V.Əzizin onlar haqda yazdığı misralarla nöqtə qoymaq istəyirəm:
Aktyorun təskinliyi çiçəkdir qucaq-qucaq,
Səsimizlə şəklimiz bizdən çox yaşayacaq...
Tamilla M-zadə
525-ci qəzet.- 2023.- 20 yanvar.- S.18;19.