Xatirə yağışı

Esse

 

Fırlanır o mavi kürə - öz oxu ətrafında, Günəşin ətrafında. Adı Yer kürəsidi, mən şər kürəsi deyərdim. Neynim, anadangəlmə pessimistəm.

 

Min illərdi yanır bəşər

müharibələr, inqilablar alovunda,

Min illərdi yeni tarix yazılır

hey nahaq qanla..

 

Bu misralar gənc yaşlarımda yazdığım şeirdəndi, o yaşlarımda ki, güldən - çiçəkdən, sevgiylə döyünən ürəkdən yazmalıydım.

Bəs niyə yazmadım? Çünki insan yaşadıqlarını yazır...

20 Yanvar faciəsi, Birinci Qarabağ müharibəsi keçdi taleyimizdən; qaçqınların yalın ayağına baxıb təzə çəkmə almağa utandım, Xocalı faciəsindən on gün sonra mənə bağışlanan 8 Mart çiçəklərini əlimə belə götürmədim, o faciənin qurbanı olan qız-gəlinlər gəlib durdu gözlərim önündə. Axı yarınisgilli necə sevinmək olardı?

Yarınisgil sevinənlər vardı, indi var, mən tam istəyirdim sevinci, elə indi tam istəyirəm... Xarakter dəyişmir, sadəcə, cilalanır illərlə. Çox şeyi ağılla düşünüb dərk edirdim - bir sözlə, baş çıxarırdım həyat adlı bu mürəkkəb kitabdan hər şey qəribə bir tərzdə məhz düşündüyüm kimi olurdu. İnsanları, hadisələri düzgün qiymətləndirirdim, oxuduğum hər əsərə öz fərqli baxış bucağımdan baxırdım. Bədii əsərlər haqda yazandan sonra abzasdan iri hərflərlə bir "MƏN" sözü yazıb iki nöqtə qoyurdum ki, burda məhz öz prizmamdan baxarkən gördüyüm müqayisələr, paralellər yer alırdı. Günü bu gün düşünürəm ki, haqlıydım qənaətlərimdə, tək bircə fikirdən savayı! idi o?

Fikirləşirdim ki, insan yaşa dolduqca, həyatın sınaqlarından çıxıb bərkə-boşa düşdükcə möhkəmlənir, daha cəsarətli, daha mətin, daha soyuqqanlı olur. Yox yenə yox!

Əksinə olurmuş, demə...

20 Yanvar faciəsi qurbanlarının dəfninə tələsirdim. Yolüstü qara kəlağayı da alıb bağlamışdım başıma. Ovaxtkı ağlımla düşünürdüm ki, mütləq qara bağlamalıyam belə bir gündə. Qışın ortasında qıpqırmızı gün çıxmışdı. Rəfiqələrimlə görüşüb insan selinə qarışdım. Qrup yoldaşımız olan oğlanlar şəhidlər üçün qəbir qazırdı Dağüstü parkda. O Dağüstü parkda ki, əvvəllər Çəmbərəkənd qəbiristanı olmuşdu. Sonralar sovet hökuməti 1918-ci il erməni-müsəlman qırğınını ört-basdır etməkdən ötrü orada park salmışdı. Oğlanlarımız danışırdı ki, qazdıqca insan sümükləri çıxırdı, o sümükləri yığıb toplayıb dəfn edirdik. Onlar bugünkü Qarabağ şəhidlərinin sələfləriydi, belə demək mümkünsə...

Qorxmurdum, amma çox kədərliydim. Ondan bir gün əvvəl tanklar şəhərə girəndə isə həyəcanlıydım, amma rəfiqəm ağlasa da, mən ağlaya bilmədim, donmuşdum sanki...

Universitetə yaxın ərazidə - Nərimanov prospektində kirayədə qalırdım, üç ailədən ibarət balaca bir həyətdə. 20 Yanvar gününün səhəri o üç ailənin heç bir üzvü (kişilər daxil olmaqla) cürət edib çörək almaqçün küçəyə çıxa bilmədi. Çünki addımbaşı rus əsgərlərinə rast gəlirdin, arabir güllə səsi eşidilirdi. Qonşuların hamısının çörəkpulun alıb küçəyə çıxdım. Uzun bir növbə vardı çörək mağazasında. Xeyli gözlədim. Yaxınlıqdakı donuq sifətli rus əsgəriylə göz-gözə gəldim, yenə qorxmadım, sakitcə çörəyi alıb evə qayıtdım.

İndi edə bilərəmmi bunu, göstərə bilərəmmi o cəsarəti? Yox, əlbəttə! Deməli, səhv düşünürmüşəm tələbə gənc ikən, insan aldığı zərbələrdən, yaşadığı dərd-ələmdən cilalanıb bərkimirmiş, əksinə, sınıb tökülürmüş hiss olunmadan.

...Birbiz uşaq olanda tez-tez məktəbimizə gələn, keçdiyi döyüş yolundan gah fəxarətlə, gah da təəssüflə danışan İkinci Dünya müharibəsi veteranlarını xatırlayıram. Onların hamısı, qeyd-şərtsiz hər biri çıxışını bu sözlərlə bitirirdi: "Bəxtəvər nəsilsiz ki, o qanlı-qadalı illəri görməmisiz, belə gözəl bir dövrdə yaşayırsız".

Bilirəm ki, o müharibə veteranları indi həyatda yoxdu, amma yenə daxili bir səslə hər birinə üz tutmaq istəyirəm:

Gördük, əziz babalar, biz 20 Yanvar faciəsini də gördük, Xocalı soyqırımını da gördük, Birinci Qarabağ müharibəsini də gördük, formasiya dəyişikliyini də gördük, qaçqınçılığı da gördük, İkinci Qarabağ müharibəsini də gördük (şükür ki, qələbəylə bitdi)... və bir ömrə bütün bunları necə sığışdırdıq, bax ona təəssüflənirəm. Biz itirilmiş nəsil olduq, veteran babalar, bir-birini əvəz edən sonsuz dissonans içində sevincimizi tapa bilmədik.

...Fırlanır o mavi kürə. Dünyanı qana çalxayan ölkələr, xalqlar, insanlarsa (onlara insan demək mümkünsə) sanki bir gavalının üstündə bir-birinə aman vermədən çarpışan cücülərdi.

Sonda bircə sözüm var insana, istər qlobal, istərsə də lokal mənada: sənə verilən ömrü insan kimi yaşasana!..

 

 

Hicran HÜSEYNOVA

525-ci qəzet.- 2023.- 20 yanvar.- S.14.