Milli ruhumuzun 20 Yanvar zirvəsində qərar tutan
şəhid
BU
GÜN XATİRƏSİ SONSUZ EHTİRAMLA ANILANLAR SIRASINDA
AZƏR ƏLƏKBƏROVUN DA ADI VAR
Düz
33 il öncənin
bu günü idi Bakının çiçək-çiçək ağlamağı, küçə-küçə
tapdanmağı, insan-insan
ölməyi... Düz
33 il öncə
bu xalq zülmə,
əsarətə, köləliyə
"yox!" demək
üçün sipər
etdi canını tankların, güllələrin
önünə. Bir gecənin
içində neçə
gənc, yaşlı,
oğul, qız Şəhidlik adlı zirvəyə ucaldı.
O zirvə ki, bir qərinə keçməsinə baxmayaraq,
bu gün də danışılır,
sabah da
danışılacaq, hələ
neçə 33 illər
adları bu vətən torpağının
qəhrəmanları kimi
qürurla anılacaq.
Həmin
şəhidlərimizdən biri də şəhidliyi
ömründən 10 il
böyük olan, cəmi 23 yaşında xəyallarını, arzularını,
sevgisini, canını
bu torpaq uğrunda fəda edən Azər Ələkbərovdur.
Tələbə idi Azər. Azərbaycan Dövlət
İncəsənət İnstitutunun
III kursunda oxuyurdu.
Cəmi bir neçə gün sonra Dövlət Televiziyasında
işə də başlayacaqdı. Xəyallarının ardınca addımlarkən
bir gecə vətənin bağrına
atılan kor gülləyə sinəsini
sipər etdi. O gülləylə cismini torpağa, adını tariximizə əbədi həkk etdi.
Azər
Ələkbərov 1967-ci il avqustun 9-da Gəncədə tanınmış
jurnalist Nəsib Ələkbərovun ailəsində
dünyaya göz açıb. 1976-cı ildə 238 saylı orta məktəbdə ilk təhsilinə başlayıb,
1977-ci ildə 172 saylı
məktəbdə davam
etdirib. 1985-ci ildə məktəbi başa vurub elə həmin ildən 1986-cı ilə kimi "Azərkitab" Birliyinin kitabxanasında çalışıb. İlk
il ali
məktəbə daxil
ola bilməyən Azər 1987-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət
İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universiteti)
"mədəni-maarif" fakültəsinin kütləvi
bayramlar və tamaşalar rejissoru ixtisasına daxil olub. 1987-ci ilin
yanvar ayından Rusiyanın Moskva şəhərinin Volodnı
vilayətinə hərbi
xidmətə yollanan Azər 1989-cu ilin payızında geri dönərək təhsilini
davam etdirir.
20 Yanvar faciəsi ərəfəsində Azərin "hamıdan çox istəyirəm" dediyi tək bacısı Gülsəda xanımla həmsöhbət olub qardaşını və o günləri yada saldıq: "Yanvarın 19-da Azər imtahandan gəlmişdi. Xalamgil Gəncədən bizə qonaq gəlmişdilər. Qonaqlar gedəndən sonra bir az söhbətləşdik. Axşam 8-dən sonra televizor işləmədi. Nə baş verdiyini anlamadıq. Atam nə olduğunu öyrənmək üçün öz yoldaşlarıyla, akademiyanın əməkdaşlarıyla görüşməyə getdi. Artıq gecə düşürdü, mən yerləri açırdım. Bir də gördük həyətdə hay-həşir düşdü. Balkonun qapısı açıq idi. Küçədən güllə səsləri, qışqırıq səsləri gəlirdi. Mən qışqırdım ki, müharibə başladı. Bunu deyəndə Azər tez durub getdi ki, atam çöldədir, gedim, gətirim. Nə qədər çalışsaq da, mane ola bilmədik, getdi. O gedəndən 15-20 dəqiqə sonra atam gəlib çıxdı, amma Azər gəlmədi. Səhərə kimi gözlədik. Səhər anamla atam onu axtarmağa getdilər. Anam küçədəki meyitləri görəndə dedi ki, inanmıram Azər sağ ola. Ümidimizi hər yerdən üzmüşdük. Atam Mərkəzi Komitəyə zəng elədi və dedi ki, oğlumun öldüyündən, qaldığından bir xəbər verin. Sonra özləri evə zəng elədilər ki, "Semaşko"ya meyitlər aparıblar, bəlkə ordadır. Xalam oğlu Rişad həkim işləyir, o, hamıdan qabaq həmin xəstəxanada görüb Azərin meyitini. Atam ora çatanda Rişad qapıda imiş. Atam deyirdi ki, Rişadı orda görəndə bildim ki, Azər burdadır. Atam Gəncədə dəfn etmək istəyirdi. Hətta rayona xəbər də göndərmişdi ki, hazırlıq görün, gətiririk. Amma qoymadılar, dedilər ki, Şəhidlər xiyabanında dəfn olunacaq".
Atası, tanınmış jurnalist Nəsib Ələkbərov Azərdən sonra ona çox məqalələr, hekayələr həsr edir. O, "Ədəbiyyat" qəzetinin 23 fevral nömrəsində oğlu haqqındakı yazısını bu sözlərlə bitirir:
"Aman allah, oğul dərdi nə yaman olurmuş. O, bizi od-alova salıb getdi. Onun yeri
soyuq məzar, odlu-alovlu bu gen dünya bizim qəbrimiz!
Oğul,
aralı ollam,
Başı qaralı ollam,
Yanında yer qalmayıb,
-
Bə mən haralı ollam?!"
Azər Ələkbərov özü
də yaradıcılığa
meyilli gənc olub. Onun "Bahar sevinci"
və "Yol ayrıcında" hekayələri
var. Yanvarın 29-da əmri
veriləcək və
institutda oxuya-oxuya televiziyada rejissor assistenti işləyəcəkdi.
Qayğıkeş, mülayim, mehriban oğul olan Azər həm də vətənpərvər,
vətənin, xalqın
qeyrətini çəkən
gənc idi. O, Azadlıq
meydanındakı hərəkatda
aktiv iştirak edir, mitinqlərə qatılıb vətəninin
haqq səsini ucaldırdı. Hətta bir dəfə mitinqə gedərkən televizora baxan atası "getmə, qarışıqlıqdır" deyir və Azər
ona belə cavab verir: "Televizoru nə qədər qucaqlasan da, Qarabağı ala bilməyəcəksən. Qarabağ televizorun
qarşısında alınmaz".
Gülsəda xanım deyir ki, Azərin anası Sürəyya xanım oğul itkisinə dözə bilmir və bir gecədə saçları ağarır:
"Azər evə gətiriləndən sonra
mən xalam oğlu Rişadla birgə Azərin nəşi olan otaqda idik. Yan
otağa keçəndə
gördüm ki, anamın başı ağappaq ağarıb.
Şəhidimizin atası Nəsib Ələkbərov isə 2008-ci ildə məhz oğlunun ad günündə - 9 avqust tarixində bu dünyayla vidalaşıb.
20 Yanvar bir
faciədən daha çox
Azərbaycan xalqının dirçəlişi, öz küllərindən yenidən doğuluşu, tarixin qürur səhifəsidir. Əziz şəhidlərimizi
ehtiram və fəxarət hissiylə
anırıq. Allah rəhmət eləsin!
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2023.- 20 yanvar.- S.14.