Mənəm-mənəmliyə mübtəlalıq  

 

TELEMƏKANDA ŞOU VƏ ŞOUMEN PROBLEMİ

 

Bu gün Azərbaycan teleməkanı öz gündəlik fəaliyyətini müğənnilərin iştirak etdikləri əyləncəli musiqili verilişlər və sıravi vətəndaşların ailə, məişət problemlərini ekrana daşıyan sosial yönümlü proqramlar olmaqla əsasən iki xətt üzərində qurub. Mahiyyət, format fərqli olsa da, bu tendensiyaları birləşdirən ümumi cəhət bayağı və şou xarakterli təqdimatların dominantlığıdır. Əslində, sosial teleproqramlar da insan dramları üzərində manipulyativ zövqsüz şou düzəldərək mümkün qədər geniş tamaşaçı auditoriyasına xitab etməyə çalışır və məqsədinə nail olur. Qısası, hər iki motiv trenddir, reytinq gətirir, müzakirə olunur, tənqid edilir və bütün hallarda baxılır...

Bu yazıda televiziya məkanında populyarlıq qazanmış bir neçə musiqili proqram haqda qeydlərimi bölüşəcəyəm: "Axşamdan axşama Mikayılla" (MTV), "Həmin Zaur" (ARB) və İbrahim Azərinin təqdimatında "Nəğməli Dünya" (Dünya TV).

Hələ dörd-beş il öncə "Space" kanalında yayımlanan "Sevimli şou"unun aparıcısı Mikayıl Güləddinoğludan aldığım müsahibə sosial şəbəkələrdə qızğın mübahisələrə yol açmışdı. M.Güləddinoğlu ilə bağlı mənfi fikirdə olan, onu qınayan bir qisim tamaşaçı müsahibə vasitəsilə aparıcını başqa tərəfdən tanıdıqlarını, barəsində fikirlərinin dəyişdiklərini yazmışdılar. Mədəniyyət və İncəsənət Universitetinin məzunu olan, tanınmış kinoşünas, kinodramaturq Aydın Dadaşovdan dərs alan M.Güləddinoğlu mənim də yaddaşımda təmkinli, səmimi, tənqidə açıq, müəyyən intellekt bazasına malik biri kimi qalmışdı. Onun müsahibədə şəxsi təcrübəsinə əsaslanaraq dediyi: "Bilirsiz, mən televiziya qayda-qanunlarını blirəm. Qulu Məhərrəmlinin, Aydın Dadaşovun bütün kitablarını oxumuşam. Amma bu kitablarda oxuduğumu praktikaya tətbiq eləmək uşaqlarım üçün çörək pulu qazandırmaz. Mən bu dəqiqə şou aparıram - yaxşı edirəm, toya gedirəm - yaxşı edirəm, uşaqlarımı dolandırıram - əcəb edirəm. Çünki mənim publikama dünya ədəbiyyatı lazım deyil. Mən verilişdə Markesdən danışsam, reytinqim bir olar. Amma orda Telli ilə qol-boyun oynasam, reytinq olacaq on" - fikirlərini televiziyanın hazırkı durumunun dəqiq diaqnozu kimi də qiymətləndirmək olar.

Tamaşaçıları qıcıqlandıran M.Güləddinoğlunun "Sevimli şou"da yeri düşdü-düşmədi qol götürüb oynaması, bayağı davranış və leksikonu, istedadsız müğənniləri də qonaq çağırması, verilişin faktiki olaraq, toyxana estetikasında və səviyyəsində aparılmasıydı.

Xatırladım ki, onda "Space" telekanalının rəhbəri tragikomik üslubda filmlərlə tanınan, peşəkar kinorejissor Vaqif Mustafayev idi. Ara-sıra mediada V.Mustafayevin idarəçilik üsulu haqlı olaraq tənqid edilir, telekanalı filmlərindəki kimi absurd, komik mühitə, aparıcıları isə karikaturalaşdırılmış personajlara çevirdiyinə görə ona irad tuturdular. Və "Sevimli şou"ya baxanda istər-istəməz hiss edilirdi ki, aparıcıdan mümkün qədər bəsitlik və yüngül davranış tələb olunur. Onda "Sevimli şou"nun yayımı Milli Televiziya və Radio Şurası tərəfindən dayandırıldı, veriliş başqa aparıcıya həvalə edildi, amma yenə nəsə dəyişmədi. Az sonra "Sevimli mahnı" adlı oxşar üslubda proqramla efirə qayıdan M.Güləddinoğlu V.Mustafayevin "Space"in rəhbərliyindən getməsi ərəfəsində kanalla vidalaşdı.

 

Hazırda o, MTV-də "Sevimli şou"nu təkrarlayan "Axşamdan axşama Mikayılla" verilişinin aparıcısıdır. Əslində, maraqlı olan "Space" kanalındakı M.Güləddinoğlunun obrazıındakı dəyişikliklərdir. Sözügedən proqramda ciddi, təmkinli M.Güləddinoğlu görünür - o, qol götürüb oynamır, fikirləri isə lakonikdir.

Zaur Kamal və İbrahim Azəridən fərqli olaraq, Mikayıl qonaqlarına, kim olur-olsun, hörmətlə yanaşır, onlara şəxsi həyatları ilə bağlı suallar ünvanlamır. Proqram efirə yeni çıxanda aparıcı açqılama vermişdi ki, verilişdə qalmaqal və dedi-qoduya yer olmayacaq - amma verilişdə oyunlar nəzərdə tutulub, müğənnilərə intellektual suallar veriləcək və bu suallar qarşısında kimin aciz qalacağını tamaşaçılar görəcək.

Yeri gəlmişkən, proqramda ara-sıra Azərbaycan filmlərindən mahnılar səslənir və həmin musiqi parçalarının müəlliflərinin kimliyi ilə bağlı suallara qonaqlar cavab verə bilmirlər. Məlum olur ki, bu qonaq müğənnilər Tofiq Quliyevin, Vasif Adıgözəlovun, Emin Sabitoğlunun yaradıcılığından və kimliklərindən xəbərsizdirlər.

Lakin hər halda "Axşamdan axşama Mikayılla"nın məzmunu basmaqəlibdir, vizual baxımdan tərtibat ənənəvi və zövqsüzdür, qonaqlarla yaradıcılıq və həyat həqiqətləri haqda bəsit, informativ yükü olmayan söhbətlər edilir.

Analoji vizual tərtibat, məzmun ARB kanalında yayımlanan "Həmin Zaur" verilişinə də xasdır. Murad Dadaşov "Xəzər" telekanalına rəhbər təyin ediləndən sonra Zaur Kamalın "5də5" şousunun qonaqlarla bağlı siyasətində sosial məsələlər, maarifləndirmə istiqamətində müəyyən redaktələrə cəhd göstərildi. Aparıcı müsahiblərindən birində deyirdi ki, M.Dadaşov reytinq yox, keyfiyyət tələb edir. Görünür, Z.Kamal keyfiyyət tələbini doğrulda bilmədi və ona görə də tezliklə ARB kanalına - "Həmin Zaur" adlı köhnə formatlı verilişlə gəldi.

Zaur Kamal ümumiyyətlə, efir, aparıcılıq mədəniyyəti sarıdan korluq çəkən, etik qaydaları pozmaq baxımından sosial medianın, mətbuatın sərt tənqidləriylə tez-tez üzləşən, adı qalmaqallarda çox hallanan teleaparıcılardandır.

Dəvət etdiyi müğənnilərə çox rahatlıqa verdiyi "Kartına 25 min manatı kim vurub?", "Sənə ev də alıblar?", "Sənin uşağın yoxdur, niyə yoxdur?, "Ailə dağıtmaqda özünü günahkar hiss edirsən?" kimi açıq suallar Zaur Kamaldan ötrü qeyri-etik davranış yox, şoudur. Hətta bir müsahibəsində o, özünə bəraət də qazandırır: "Başa düşmürlər ki, bu, şoudur. İnsanları başa sala bilmirəm".

Bundan başqa, Zair Kamal gah efirdən müğənni Afşin Azərini qovur, gah sülh göyərçini qismində Şəbnəm Tovuzlu ilə Vəfa Şərifovanı barışdırır. Qadınların efirdə barışmasından, bir-birinə salam, öpüş göndərməsindən ötrü Zaur Kamal dəridən-qabıqdan çıxır, onun dözülməz israrına qarşı müğənnilərin dözümlülüyü və təmkini müqayisədə ağıryana, eleqant təsir bağışlayır.

Z.Kamalın qeyri-etik davranışlarından biri Cənubi Azərbaycandan olan müğənni Afşin Azərini canlı efirdə aşağılayaq verilişdən qovması, efiri məhəllə davası səviyyəsinə endirməsiydi. Aparıcı insidentin səbəbini əsaslandıra bilmirdi: "Efirdən əvvəl mənimlə başqa tonda danışdınız, xoşuma gəlmədi. Deyirsiz ki, digər iranlı müğənnilər kimdir mənim yanımda?" İradını ekrandan kənar bildirməli olan aparıcı bunu ictimailəşdirərək canlı efirdə qonağından qisas alırdı: "Səni efirdən çıxaracağam, sən bir də mənim proqramımda olmayacaqsan". Yenə də müğənni aparıcıyla müqayisədə mədəni münasibət göstərdi: "İki kişinin xüsusi söhbəti biri-birinin yanında qalsa, daha yaxşıdır".

 

Sosial şəbəkələrdə və mediada kəskin tənqidlərdən, ya da görünür, televiziya rəhbərliyinin iradından sonra Z.Kamal bir müddət özünə çəki-düzən verir, qonaqlarla məsafəli, etik çərçivədə danışır. Və hiss olunur ki, bu təmkinli davranış zamanı o özünü, necə deyərlər, öz qabında hiss eləmir. Bir müddət sonra isə yenə əvvəlki üslubuna qayıdır.

"Axşamdan axşama Mikayılla" və "Nəğməli dünya" verilişlərindən fərqli olaraq "Həmin Zaur" əlavə süjetlərlə zənginləşdirilir. Hər üç verilişdə ad günü təbrikləri gen-bol yer alır. Amma "Həmin Zaur"da bundan əlavə, aparıcı, özünün təbirincə desək, dilli-dilavər uşaqları efirə çağıraraq danışdırır. Problem ondadır ki, onun dilli-dilavər uşaqlarla söhbəti adətən, "Atanı, ya ananı çox sevirsən?, "Böyüyəndə kim olacaqsan?" kimi şablon suallardan o yana keçmir. Təbii ki, adekvat suallarn verilməməsi uşaqla söhbətin necə qurulduğunu bilməyən redaktorun da təcrübəsizliyidir.

Dünya TV-də "Nəğməli dünya" verilişinin aparıcısı İbrahim Azərinin Zaur Kamaldan təsirləndiyi görünür; ritorikası və ədası ilə onu təkrarlayır, onun manerasında suallar ünvanlayır. Məsələ ondadır ki, bütün hallarda Zaur Kamal sinizmi, neqativləri ilə özüdür, kiminsə təkrarı deyil.

İbrahim Azəri Zaur Kamal kimi canlı efirdə ədəb qaydalarını pozaraq, bir qadın müğənnini şəklini çəkib, instaqram səhifəsində paylaşmağa və şərh bölümünü açıq qoymağa məcbur elədi. Daha sonra qadından ona maddi baxımdan dəstək verən vəzifəli şəxsin həyatında olub-olmadığını soruşdu. Qadın suala cavab vermək, şəxsi həyatı ilə bağlı danışmaq istəmədiyini deyəndə, aparıcı müstəntiq kimi "Niyə? Var, yoxsa yox?" deyərək təkid etməyə başladı. Onun təqdimatında belə misallar çoxdur.

Özünəməxsus, individual obrazdan uzaq Zaur Kamal kimi onun da ifadə azadlığı ilə şəxsi həyatın toxunulmazlığı arasında sərhədin haradan başlayıb harada bitdiyindən məlumatsız olduğu görünürdü.

Hiss olunur ki, "Nəğməli dünya"nın yaradıcı heyəti verilişi maraqlı etməyə çalışır, sadəcə orijinal nəsə düşünüb tapmaqda çətinlik çəkirlər. Yenə də Zaur Kamalın məlum təcrübəsinə müraciət edərək, müğənnilərin bədəninin hansısa əzasının bir parçasını efirdə foto vasitəsilə göstərməklə qonaqlara onların kimliyi ilə əlaqəli suallar ünvanlayırlar.

Hər üç veriliş tematik, üslub olaraq, vizual baxımdan oxşardır, eyni publika uğrunda rəqabət aparır, toy estetikasından şou proqram səviyyəsinə qalxa bilmirlər.

Dünya televiziya kanallarında tamaşaçını əyləndirən, onun musiqi zövqünə cavab verən (həm də formalaşdıran), istirahətini təmin edən keyfiyyətli musiqili şoular var. Bizim reytinqli, çox baxılan musiqili şouların problemi onların keyfiyyətində, universal olmamasında, müxtəlif zövqləri təmin etməməsindədir. Təbii ki, hər kəsin zövq tələbatına cavab vermək mümkünsüzdür. Lakin yenə də universal, müxtəlif təbəqələrin marağını bir proqramda ümumiləşdirmək olar. Sözügedən verilişlərdə isə (həmin verilişə gələn publikanı nəzərdə tuturam) daha çox yaşlı və orta nəsil, evdar qadınlar, təqaüdçülər nəzərə çarpır, üstəlik, mədəni səviyyə faktoru da göz önündədir.

Bir məsələ də var ki, müəyyən mənada bizdə şoumen anlayışını təhrif etmək, dedi-qodunu, toyxana plankasını şou kimi dəyərləndirmək başadüşüləndir. Çünki alternativ musiqili şoular, fərqli obrazlı aparıcılar (müsbət mənada daha çox İTV kanalında "Fatehin divanı" verilişinin keçmiş aparıcısı DJ Fatehi qeyd edə bilərəm) demək olar ki, yoxdur. Şoumenlər şou proqramlarda yox, əsasən toylarda tamada kimi püxətələşirlər.

Türkiyədə ən populyar musiqili şou verilişlərdən biri reytinqli, standart konsepsiyaya malik "Bəyaz şou" idi. Bu şounu maraqlı edən ilk növbədə Bəyazit Öztürkün şəxsiyyətiydi. Verilişdə bəzən etik qaydaları pozan epizodlara rast gəlinsə də, bu, sistemli şəkildə baş vermirdi. Bəyazın intellekti, anlaşılan, keyfiyyətli və iti yumoru, cəmiyyəti gözəl tanıması, hazırcavablığı, çətin situasiyalardan çıxmaq, improvizə bacarığı, çevik reaksiyaları, əyləncəli, yaradıcı sualları onun proqramını maraqlı edirdi. Bizdə isə musiqili şou verilişlər öz üslubunu yeniləmir, sosial məsuliyyət daşıdığının fərqinə varmır, keyfiyyətli kadrlar isə yetişmir. Sual budur: şəxsi həyata müdaxilə etmədən, dedi-qodu səviyyəsinə enmədən keyfiyyətli, peşəkar, estetik zövqə hesablanmış musiqili şouları necə hazırlamaq olar?

Musiqili teleşoular əlbəttə ki, kütləvi mədəniyyətdir. Amma kütləvi mədəniyyət zövqsüzlük anlamına gəlməməlidir. Bütün hallarda məhsulu təklif edən, zövqü formalaşdıran televiziyadır, tamaşaçı isə sadəcə istehlakçıdır.

 

Sevda SULTANOVA

525-ci qəzet.- 2023.- 20 yanvar.- S.12.