ƏN UCA
RÜTBƏ
Vaxt onları yaşlarından daha yaşlı
etmişdi. Zəmanə sanki onların hərəkətlərinə
də bir yeyinlik bağışlamışdı.
1920-30-cu illərin cavanları sonrakı onillərdə
ömür sürmüş eyni yaşlı
tay-tuşlarından, elə bil ki, 15-20 yaş böyük
olublar. O nəslin
bir çox elm, maarif, mədəniyyət adamlarıyla
yaxınlığım, çox söhbətlərim olub.
Bəzən
XXI əsrin 35-40 yaşlı cavanlarına yüksək
dövlət vəzifələri veriləndə dodaq büzənlər
olanda ki, hələ cavandırlar, yetişməyiblər, dərhal
onlara etiraz edənlər də tapılır ki, 1930-cu illərdə
nazir təyin edilənlərin, respublika idarəçiliyində
ali məqamlar etibar olunanların əksərinin
yaşı heç 30-a çatmayıbmış.
Üzdən yanaşsan, doğru iraddır. Ancaq o
çağın həyatın tez yetişdirdiyi, erkən
kişiləşdirdiyi və həm də sanki daha qabil, daha
istedadlı cavanlarının hər birini bizim günlərin
cavanlarından ikiqat fərqli tutun - yaşca da, başca da daha
irəligetmiş sayın.
Unudulmaz bəstəkarımız
Tofiq Quliyev mənə sevimli müəllimi, vur-tut 23 illik
insafsızca qısa ömür yaşasa da, XX yüzildə
çağdaş Azərbaycan musiqisinin təməlçilərindən,
bir sıra istiqamət və janrları musiqi mədəniyyətimizə
ilk gətirənlərdən olan Asəf Zeynallının
gündəlik təhsil həyatı ilə bağlı indi
sözümə söykək duracaq maraqlı bir məqamı
xatırladırdı. Deyirdi ki, sonralar elə Asəf
Zeynallının adını daşıyacaq orta ixtisas musiqi məktəbinin
binasının aşağı qatında o çağlar
musiqi məktəbi yerləşirdi və biz orada oxuyurduq,
müəllimlərimizdən biri Asəf idi. Amma həmin binanın yuxarı qatında
konservatoriya yerləşirdi və Asəf müəllim də
orada təhsil alırdı. Hər gün
ya bizə dərsini deyib ora qalxardı, ya orada dərsini
alıb sonra bizim sinif otaqlarına enərdi.
Öyrənə-öyrənə öyrətməklə
də məşğul olmaq quruculuq, sabaha inam və ümidlər
çağlayan 1920-30-cu illərdə qabaqcıl cavanların
çoxuna xasmış və Heydər Əliyev də
onların biri idi.
Elə orta məktəbin yeddinci sinfini bitirincə
Naxçıvandakı Pedaqoji texnikuma daxil olur. Əlbəttə, orta təhsilini
onuncu sinfə qədər də davam etdirə bilərdi, ancaq
pedməktəbdə oxumağın verə bildiyi bir neçə
üstünlük vardı: həm burada oxuya-oxuya ibtidai siniflərdə
dərs vermək imkanı əldə edirdi, həm təhsilini
başa vurunca əlində həm orta təhsil
attestatını əvəz edən, həm ona əlavə səlahiyyətlər
verən orta ixtisas təhsili diplomu qazanacaqdı, həm də
1 il irəli düşəcəkdi - orta məktəbdə
davam edəcəkdisə 3, burada oxuyacaqdısa 2 ilə bitirəcəkdi.
Orta məktəbdə, musiqi məktəbində,
Bakı Dövlət Universitetində dərs
aldığım müəllimlərdən həyatda
olanlarının hər birinin varlığı məni
sevindirir, fürsət düşdükcə onlarla
görüşürəm, canısulu, gümrah
olduqlarını görüncə fərəhlənirəm. Çünki onların
varlığıyla mən özümü də
yaşımdan dəfə-dəfə gənc hiss edirəm,
uşaqlığıma, yeniyetməliyimə, ilk gəncliyimə
qayıdıram.
Heydər
Əliyev Moskva illərindən sonra Vətənə
qayıdaraq Naxçıvanda yaşayıb-işlədiyi,
sonra yenidən respublikaya rəhbərlik etdiyi dövrdə
yaşı 70 həndəvərində idi və bu da
ömrün elə həddidir ki, artıq ilk müəllimlərin
çoxu həyatdan getmiş olur. Ancaq taleyin
Heydər Əliyevə bir töhfəsi də vardı.
Sevimli müəllimlərindən biri, 1903-cü ildə anadan
olmuş Lətif Hüseynzadə 105 il
ömür sürdü. İlk qiymətli əsəri -
"İran şahlarının Naxçıvan xanlarına fərman
və məktubları (XVIII-XIX əsr)" adlı kitabı
Bakıda hələ 1930-cu ildə nəşr edilmiş,
sonralar XV əsrin Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin
şeirlərini geniş həcmdə Azərbaycan oxucusuna ilk
dəfə çatdırmış, hökmdar-şair
haqqında dəyərli araşdırma aparmış Lətif
Hüseynzadə Heydər Əliyevin Pedaqoji texnikumda oxuduğu
dönəmdə həm orada dərs demiş, həm də tədris
hissə müdiri olmuşdu.
Yaşı
səksənə doğru irəliləyən Prezident Heydər
Əliyevin hər dəfə müxtəlif mərasimlərdə,
tədbirlərdə Lətif Hüseynzadə ilə -
yaşı 100-ə doğru irəliləsə də, sinnindən
xeyli cavan, şux görünən keçmiş müəllimi
ilə rastlaşarkən qəlbən sevindiyini, həmin dəqiqələrdə
elə onun özünün də göz önündəcə
sanki qəfilcə gəncləşdiyini hiss etməmək
mümkünsüz idi.
Naxçıvanda Pedaqoji texnikumda Heydər Əliyevin
müdam hərarətlə andığı müəllimlərin
hansı səviyyə daşıyıcısı
olduqlarını, necə bilik verə biləcəklərini
soraq kitablarını açmadan, əski arxivləri
qaldırmadan elə həmin Lətif müəllimin
atüstü təqdimatlarından da təsəvvür etmək
çətin deyil. Rəhmətlik Lətif müəllim Hüseyn Cavidin
böyük qardaşı, Azərbaycan dili və ədəbiyyatı
müəllimi Şeyx Məhəmməd Rasizadəni, Cavidin
kiçik qardaşı, Qori Müəllimlər
Seminariyasını bitirmiş və rus dili dərsi verən
Əlirza Rasizadəni, Sankt-Peterburqda təhsil almış
riyaziyyat müəllimi Tofiq Bəktaşini, elə onun kimi
Rusiyada oxuyub gəlmiş, fizika-riyaziyyat müəllimi olsa da,
rusca gözəl danışdığından həm də
bu dili mükəmməl mənimsəmək istəyən
müəllim və şagirdlərdən ötrü, bir
növ, bu dilin köklü daşıyıcısı kimi
göydəndüşmə olan Murad Tutayuqu, İrəvanda təhsil
alıb gəlmiş anatomiya müəllimi Həsən bəy
Qaziyevi, geniş savadlı coğrafiya müəllimi
Əbdüləzim bəy Rüstəmovu, hərbi dərsləri
aparan, sonraların məşhur generalı Akim Abbasovu
xatırlayır, hətta bədən tərbiyəsi kimi zahirən
ikinci dərəcəli kimi təsəvvür edilə biləcək
dərsi də Rusiyada zabitlik məktəbini bitirərək
qayıtmış İbrahimxəlil Axundovun
apardığını söyləyirdi və belə bir bələdçilik
Naxçıvandakı oçağkı təhsil mühiti
haqqında məmnun qənaətin yaranmasına bəs edirdi.
Bu və bu qəbil sanballı müəllimlərin dərs
verdiyi Pedaqoji texnikumu da Heydər Əliyev əla oxuyur, ən
fərqlənənlərdən, çox illər ötəndən
sonra da unudulmayanlardan olur.
Texnikum təhsilinin yekunu olan attestat ona ibtidai siniflərdə
müəllimlik hüququ verirdi.
Amma Tale
Heydər Əliyevi sadəcə ibtidai sinif müəllimliyindən
daha geniş auditoriyalardakı müəllimliyə çəkirmiş
və 1939-cu ildə Şahbuzdakı kəndlərdən birində
müəllimlik etmək, ya artıq könlünə
qonmuş memar olmaq arzusunun hökmü ilə Bakıya, Sənaye
İnstitutuna yollanmaq seçimi qarşısında qalanda ali təhsil sevdasının vəd etdiyi
bütün çətinliklərə rəğmən,
paytaxta getməyin üzərində dayanır.
Ancaq Pedaqoji texnikumda aldığı təməl təhsil
sonralar da, özünün dəfələrlə etiraf etdiyi
kimi, daim ona arxa olacaq. Bu sağlam bünövrəni həmişə
minnətdarlıqla xatırlayacaq. 1998-ci il
sentyabr ayının 26-da Azərbaycan müəllimlərinin
Birinci qurultayında kürsüdəydi və hamısı
müəllimlərdən ibarət böyük bir auditoriya
qarşısında o, müəllimlərin əksərini
kövrəldən razılığını edirdi: "Mən
həmişə Naxçıvanda təhsil aldığım
illəri xatırlayıram. Bu illər mənim
yaddaşımdan heç vaxt silinməyəcək. Müəllimlərimin hamısı
yadımdadır. Hansı binada, hansı
sinif otağında dərs keçməyimizi, hansı parta
arxasında oturduğumu da yaxşı xatırlayıram.
Mən orada mükəmməl təhsil almışam,
özü də elə həvəs və aludəliklə
oxumuşam ki, sonralar digər ali təhsil
müəssisələrində oxumağım mənim
üçün çətin olmayıb. Əksinə,
burada olduğu kimi, tələbələr arasında da
seçilmişəm.
...İndiyə
qədər həyatımda keçdiyim yol mənim biliyim,
elmim - hamısı məhz orta məktəbdə
aldığım təhsillə bağlıdır, müəllimlərin
mənə verdiyi biliklərlə bağlıdır, müəllimlərin
mənə və o illərdə oxuyan mənim kimi gənclərə
göstərdikləri qayğıkeşliklə bağlıdır,
eyni zamanda, mənim kimi, bizim də, xüsusən mənim
müəllimə böyük hörmətimlə,
ehtiramımla bağlıdır. Mən indi də - onillər
keçib üstündən - müəllimlərimi heç
vaxt unutmamışam
və ömrümün son dəqiqəsinə qədər
unutmayacağam. Mənim üçün müəllim
adı həmişə ən ülvi, ən şərəfli
bir məfhum olubdur. Mən bu gün müəllim
qarşısında baş əyirəm".
(Hər halda mənə Heydər Əliyevin ibtidai sinifdə
birincilərlə dərs aparmasını, həm də bunu
qılıqlı, mehriban bir müəllim kimi necə məharətlə
icra etməsini görmək də nəsib oldu.
2000-2001-ci
illərdə mən iki əsr boyunca - XIX-XX yüzillərdə
Şərq və Qərbin 30-dan artıq ölkəsində
birinci siniflər üçün yazılıb nəşr
edilmiş ilk dərsliyin - hərfləri, oxuyub-yazmağı
öyrətməkçün nəzərdə tutulan
üç yüzə yaxın kitabın nüsxələrini
topladım, araşdırdım və gələcək Azərbaycan
üçün büsbütün yeni olan "Əlifba"
dərsliyi yazdım.
Həmin kitabda irili-xırdalı yüzlərlə rəsm
vardı və mən onları çəkmək
üçün iri bir dəstə qabil rəssamı,
animasiya ustalarını cəlb etmişdim. Məzmun
öz yerində, bu kitab həm də görünüşcə
xeyli əlvan olmalı idi. O vaxt Azərbaycanda hələ
indiki kimi irəli getmiş poliqrafiya yox idi və mən dərsliyimi
Ankarada nəşr etdirəsi oldum. Kitabın
çapı və cildlənməsinin hələ davam etdiyi
günlərdə hazır nüsxələrdən birini
götürüb Türkiyədən Strasburqa uçdum, orada
Avropa Şurası Parlament Assambleyasının növbəti
sessiyasında iştirak etməyə hazırlaşan nümayəndə
heyətimizə qoşuldum. Azərbaycanın
bu mötəbər Avropa qurumundakı ilk nümayəndə
heyətinə gələcək Prezidentimiz İlham Əliyev
rəhbərlik edirdi. Yeni kitabımı
Strasburqda ilk olaraq İlham müəllimə göstərdim.
Belə bir kitab üzərində işlədiyimi
əvvəl də ona söyləmişdim. Özünə
xas diqqətcilliklə 200 səhifədən artıq
kitabı əvvəldən-axıra diqqətlə vərəqlədi,
bəyəndi və dedi ki, sizin söhbətlərinizdən
bu kitabın yaxşı olacağını təsəvvür
edirdim, ancaq açığı, bu qədər gözəl
alınacağını zənn etmirdim. Bakıya
qayıdanda nüsxələrindən verərsiniz, cənab
Prezidentə də çatdırarıq.
Bakıya dönüncə deyilən kimi də elədim.
Bir neçə ay keçdi, "Əlifba" ilə bağlı
heç bir səs-səmir olmadı. "Millətin zərrəsi"
adlı yeni kitabım çıxmışdı. Bunu və
"Əlifba"nın daha bir nüsxəsini
Prezidentin köməkçisi Dilarə Seyidzadəyə verərək
çatdırmasını xahiş etdim.
Bir
neçə gün sonra Dilarə xanımla görüşəndə
söylədi ki, hədiyyə etdiyin təzə kitabın
Heydər Əliyevin masasının üstündədir,
oxuyur, ancaq "Əlifba" ilə bağlı dedi ki, bu
kitabı görüb, onunla bağlı neçə ay qabaq
da göstəriş verib.
Qayıtdım ki, hələ ki səs-soraq yoxdur. Dilarə
xanım bu məlumatı da çatdıracağını vəd
etdi.
Bir müddət də keçdi. Bakıda
deyildim, cib telefonuma zəng gəldi ki, təzə məktəb
açılacaq, dövlət başçısı ora gedəcək,
"Əlifba" kitabınızdan 20-25 nüsxə
çatdırın ki, birincilərin masası üstündə
həmin dərslik olsun.
2001-ci il sentyabrın 1-də Səməd Vurğun
küçəsində Bakıdakı ilk özəl
ümumtəhsil məktəb kompleksində birinci dərs
günü olacaqdı. Prezident Heydər
Əliyev indi artıq onun adını daşıyan məktəbin
açılış lentini kəsdi, komplekslə
tanışlıqdan sonra təzə məktəbdə ilk dəfə
dərsə başlayacaq sinif otaqlarından birinə daxil oldu.
Və həmin uşaqlar o anlarda həyatlarında necə
xoşbəxt və təkrarsız anın baş verdiyini illər
sonra anlayacaqlar.
Onların ilk müəllimi, onlarla "əlifba" dərsini
ilk başlayan böyük Heydər Əliyev oldu.
"Əziz uşaqlar, arzu edirəm ki, sizin
hamınız yaxşı oxuyasınız, əlaçı
olasınız. Olacaqsınız, yoxsa yox?"
Birincilər
hamısı bir ağızdan "Bəli" dedi.
Müəllim
növbəti sualını verdi: "Məktəbə
həvəslə gəlmisiniz, yoxsa elə ata-ananız gətirib?"
Yenə xorla "Həvəslə gəlmişik"
dedilər.
Və Heydər Əliyev qarşısında
açıq "Əlifba" kitabı olan şagirdlərdən
birinə yaxınlaşdı, başladı səhifələrdəki
şəkillərlə bağlı suallar verməyə.
Şagirdlərdən biri kitabın ortasından bir səhifəni
açmışdı və oradakı rəsmin elə indi
onlarla dərsi başlayan müəllimin şəkli
olduğunu görüncə heyrətlə baxırdı.
Həmin
səhifədə Heydər Əliyev, elə onlar kimi, birincilərin
əhatəsində idi və rəsmin yanında da bu
uşaqların yalnız bir neçə ay sonra, hərfləri
öyrənincə oxuya biləcəkləri şeir:
Heydər
baba, rəhbər baba,
Yolumuzu aç sabaha.
Əmrə
hazır hər bir balan,
Biz əsgərik, sən komandan.
Hələ
olsaq da biz kiçik,
Ana yurdun ümidiyik.
Elə bu
açılışın ardınca Təhsil Nazirliyində
bu "Əlifba" ilə bağlı respublikanın
görkəmli təhsil mütəxəssislərinin,
tanınmış alimlərin, yazıçıların,
seçmə ziyalıların iştirakı ilə geniş
müşavirə keçirildi və nazir Misir Mərdanovun
sentyabrın 4-də imzaladığı əmrlə bu kitab
birinci sinif dərsliyi olaraq rəsmən təsdiq edildi.
Bu o demək
idi ki, cari ildə respublikanın müxtəlif məktəblərində
mənim nəşr etdiyim tirajın imkan verdiyi sayda məktəbdə
"Əlifba" bu dərsliklə tədris ediləcək,
növbəti ildə isə 150-160 min sayda buraxılacaq.
Ancaq heyiflər ki, niyyət gerçəkləşmədi. Bir-iki gün sonra mənə
təhsil sahəsini inhisarında saxlayan və Heydər
Əliyevin də bir neçə dəfə kəskin tənqid
etdiyi məmur telefon açaraq özünəməxsus təkəbbürlü
əda ilə dərhal mənfi cavabını aldığı
əcaib sual verdi: "Sən bu
kitabının müəlliflik hüququnu bizə sata bilərsənmi?"
Mən daha bu məsələnin ardınca düşmədim. Heç vaxt köhnəlməyəcək,
vaxtının mütləq gələcəyi kitab
ortadaydı, Heydər Əliyev kimi ali bir
şəxsiyyət kitabın qiymətini vermişdi, üstəlik,
o kitabla birincilərlə ilk işləyən ilk müəllim
olmuşdu və bu hadisənin tarixiliyinin qüruru və
sevinci bəsim idi...
Amma bütün bunlar çox sonrakı zamanların
söhbətləridir.
Hələliksə
1939-cu ilin yayı idi və yeniyetmə Heydər o
çağın, elə xeyli sonraların da rayon
cavanlarının hər biri üçün də ən
ülvi arzuları gerçəkləşdirə biləcək
sehrli məkan kimi göyçək Bakıya gəlmişdi və
sanki bu ilk gəlişdə, ömrünün Bakı
parçasının başlanğıcında ciddi
narahatlıq doğuracaq bir sıxıntısı yox idi.
Mehmanxana-filan aramağa lüzum duyulmurdu. Hələlik
qalası yeri vardı. Ailəsi ilə birgə
yay istirahətinə yola düşən böyük
qardaşı Həsənin mənzilində qalacaqdı və
biliklərinə arxayın olduğundan imtahanlar sarıdan da təşviş
keçirmirdi.
AZİİ
- Azərbaycan İndustriya İnstitutu o illərdə
respublikanın digər ali məktəbləri
arasında ən nüfuzlulardan idi.
Qəbul imtahanlarını uğurla verir, seçdiyi
fakültəyə də qəbul edilir.
Və indi o məqam yetişir ki, artıq gərək
aylar sonranı, bundan belə bu qərib şəhərdə
necə yaşayacağını düşünəydi.
Onu qayğılandıran çoxlarının "orada
oxumaq qəliz işdir" xəbərdarlığı
deyildi.
Oxumağa,
öyrənməyə qəlbən aludəliyindən
savayı, daxil olduğu memarlıq fakültəsində əksər
tələbələrə müşkül gələn kifayət
qədər yaxşı rəsm çəkmək səriştələrinə
malik olmaq onun eyninə deyildi, əl qabiliyyətinə söz ola bilməzdi. Di gəl, maddi imkansızlıq
da vardı, tutalım, lap yataqxanada yer verdilər, dolanmaq,
lazım gələndə kitab-dəftər almaqçün vəsait
də gərək idi axı. Kasıbçılıq
idi, evdən, Naxçıvandan nəsə göndəriləcəyinə
ümid bəsləmək də əbəs idi, üstəlik,
başqa rayonlardan gələn tələbələrdən fərqli
olaraq, sərhəd bölgəsində yerləşən
Naxçıvana hər gəliş-gediş üçün
xüsusi icazə tələb olunurdu.
O
dövrdə bu ali məktəbin rektoru
işləyən Musa Əliyev Sənaye İnstitutunu nümunəvi
bir ali məktəbə çevirməkçün çox səylər
qoymuşdu və istədiyinə də nail olaraq və adı
sonralar neçə dəfə dəyişdirilsə də,
xalq dilində elə oçağkı təhər
adlandırılan "AZİ"-ni Azərbaycandan kənarlarda
da şöhrətləndirmişdi.
2000-ci ildə
bu ali məktəbin 80 illiyi bayram edilərkən
söz deyənlərdən biri də keçmiş tələbə
Heydər Əliyev idi.
1940-cı
ilin noyabrını, müəllimləri, tələbə
yoldaşları ilə birgə elə bu zalda institutun 20
illiyinin qeyd edildiyi günü, bu divarlar arasında
ötmüş, heç vəchlə yaddan çıxmayan
anları xatırlayırdı: "Çox ciddi intizam
vardı. Bu giriş qapısı indiki kimi
yadımdadır. Tələbələr
çalışardılar ki, gecikməsinlər,
qapının ağzında tıxac yaranardı. Bizim yataqxana sabiq Solntsev küçəsində yerləşirdi,
oradan bura 5 nömrəli tramvay gəlirdi. Burada
3-cü mərtəbədə böyük bir otaq var. Ora bizim
memarlar qrupunun auditoriyası idi. Aşağıda
yeməkxana idi.
Burada aldığım təhsil, tərbiyə,
nizam-intizam, biliklər sonrakı həyatımda mənə
çox kömək oldu".
3-cü
qatdakı o böyük auditoriyada dərslərə
hamıdan yaxşı cavab vermək, bilikləri ilə fərqlənmək
Heydər Əliyevçün asan idi - hər şey
özündən asılı idi - bir az gec yatardı, bir qədər
tez durardı, daha çox oxuyardı, kitabxanada keçirdiyi
saatların miqdarını artırardı və
qarşıya qoyduğu məqsədə çatardı.
Ancaq ən azı hər gün mindiyi o tramvaya bilet
almalıydı, çöldəki qəhvəxanalardan ucuz
olsa da, tələbə yataqxanasından hər gün nəsə
götürməkçün pul da ödəməliydi...
Artıq
bu olmuşların üstündən 60 ildən də
çox keçərkən 1999-cu ilin dekabrında
keçmiş tələbə dostu, həm də
yataqxanadakı otaq yoldaşı memar Süleyman Hacıyevlə
rastlaşarkən o günlərdəki əziyyətlərini,
məhrumiyyətlərini də yada salmışdı. Amma
uzaq xatirələrin kədər, ağrı
qarışıq yükünü köhnə dostla bu
qarşılaşmanın sevinci sanki yuyub
apardığından o zəhmətli, nigaran anları da təbəssümlə
xatırlamışdı: "Sən də, mən də
yaxşı rəsm çəkirdik. Ancaq sənin
burada qohumların vardı, mənsə uzaqdan gəlmişdim.
Ehtiyac da çox idi. O vaxt hələ
indiki Hökumət Evi tikilməmişdi, o səmtdə -
limanda Rusiyadan şalbanlar gətirib tökərdilər. Mən də azacıq gəlir olsun deyə gecələr
ora gedib şalban daşıyardım. 17
yaşında uşaq idim. Hətta
şalban daşımaqdan çiynimdə yara da əmələ
gəlmişdi".
Süleyman da dərhal təsdiqləyir ki, gecə orada
işləyib səhərə yaxın qayıdardın, amma
düz saat 9-da da dərsdə olardın.
Və Heydər Əliyev köhnə dostundan xahiş
edir ki, yaz bu xatirələri, bu əhvalatlardan heç kimin xəbəri
yoxdur. İndikilər belə şeyləri görməyiblər.
Məhz maddi sıxıntılar vadar edir ki, Heydər
Bakıdan ayrılsın, Naxçıvana qayıtsın.
1996-cı
ilin oktyabrında Cavid məqbərəsinin
açılışına Naxçıvana uçarkən əvvəlcə
təyyarədə, sonrasa Naxçıvan şəhər qəbiristanlığında
müəllimi Şeyx Məhəmməd Rasizadə ilə
bağlı ona verdiyim sualları cavablandıranda Heydər
Əliyev bunu da söyləmişdi ki, 1940-cı ildə
Bakıda təhsilimi yarımçıq qoyub
Naxçıvana qayıdanda ilk günlərdə hər kəsdən
əvvəl görüşməyə getdiyim istəkli
müəllimlərim oldu. Əvvələn,
getdim onlara bir daha dərslərinə, verdikləri biliklərə
görə "sağ ol" deyim. Çünki
qəbul imtahanları verəndə də, Sənaye
İnstitutunda oxumağa başlayanda da heç bir tələbə
yoldaşımdan geridə olmadığımı
gördükcə bunu ilk növbədə müəllimlərimin
xidməti sayırdım. İkincisi də,
müəllimlərimin yanına ona görə getmişdim ki,
qayıtmağımın oxuya bilməməyim yox, tamam
ayrı səbəbdən olduğunu onlara söyləyim.
(Heydər Əliyevin ən diqqətəlayiq insani keyfiyyətlərindən
biri də ona edilmiş heç bir
yaxşılığı, ona göstərilmiş heç
bir diqqəti unutmamaq, imkanı düşüncə qat-qat
artığıyla həmin nəcibliklərin əvəzini
çıxmaq idi. Və bu yaxşılıqları etmək
imkanının yarandığı vaxtlarda artıq bir
çoxu həyatda olmayan keçmiş müəllimlərinə
borcunu, heç olmazsa, hər məqamı düşüncə
çıxırdı. 1999-cu il
oktyabrın 12-də Naxçıvan Muxtar Respublikasının
təşkil olunmasının 75 illiyinə həsr edilmiş
təntənəli yubiley iclasında yenə nitqinin səmtini
yönəltmişdi müəllimləri sarı: "Mən
böyük həyat yolu keçmişəm, yaşım da
az deyildir. Çox şeylər, çox insanlar
görmüşəm, çox böyük şəxsiyyətlər
görmüşəm. Yadda qalanları da, qalmayanları
da var. Az yadda qalanı var, çox yadda qalanı var. Amma sizə
demək istəyirəm ki, ən yadda qalanlar, mənim
üçün əziz adamlar Naxçıvandakı müəllimlərimdir").
...1940-cı
il idi, Heydər Əliyev təhsil
aldığı Sənaye İnstitutundan həmişəlik
ayrılmayaraq, sadəcə maddi durumu müəyyən qədər
qaydaya salandan sonra yenidən qayıdaraq oxumağını
davam etdirə bilmək niyyəti ilə uzunmüddətli
möhlət götürüb Naxçıvana gəlmişdi.
Təzədən memarlıq fakültəsinə geri
dönüb buradakı təhsilini başa vurmaq ona nəsib
olmayacaq.
Sevib-seçdiyi fakültədən həmişəlik
ayrılsa da, memarlıq ondan ayrılmayacaq, bir ülgü kimi
düşüncəsində də, taleyində də daimi yol
yoldaşı kimi qalacaq.
Memarlığın ardınca getsəydi, söz yox,
barmaqla göstərilənindən olacaqdı. O istedad, o zəhmətsevərlik,
o məqsədyönlülük, o hər niyyətində
ardıcıllıq ki Tanrı Heydər Əliyevə bəxş
etmişdi, hansı sahəyə üz tutsa, uğurlu nəticələri
mütləq görünəcəkdi.
Memarlığı seçsəydi, yəqin, bu gün
onun gözəl layihələriylə ucaldılmış
neçə-neçə füsunkar tikilidən danışa
biləcəkdik.
Memarlıq biliklərinin sonralar ona Azərbaycanın
tikilib-qurulması istiqamətindəki işlərə nəzarət
edərkən peşəkar mənada yardımçı
olması öz yerində.
Ən əsası budur ki, memar düşüncə tərzi
Heydər Əliyevin ömrü boyu daimi müşayiətçisinə
çevrildi.
Hansı işə başlayacaqsa, əvvəldən
beynində cizgisi hazır oldu.
Hansı
hədəfə doğru irəlilədisə, nəyisə
qurmağa çalışdısa, bir memar bəsirətliliyi
ilə öncədən miqyasları dəqiq müəyyənləşdirdi,
edəcəyinin təməlini də, sütunlarını da,
divarlarını da, tavanını da əngin zəkasının
qatlarında ən xırda ayrıntılarınacan hazır
elədi, Allaha pənah irəliləmək istəyənlərdən,
başlayaq görək axırı hara çatacaq
düşünənlərdən fərqli olaraq, o, heç
vaxt qarasına yola çıxmadı. Lazım gələndə
risk də etdi, zahirən gözlənilməz kimi gələn
addımlar da atdı, amma daim hara getdiyini, niyə getdiyini, nə
üçün getdiyini aydın bildi.
Ona görə də işi həmişə avand gətirdi.
Tale və Tarix ona millət quruculuğunu, müasir və
mükəmməl Azərbaycan dövlətini
yaratmağı, sarsılmayacaq, ömrü əbədi olacaq
müstəqillik mülkünü dikəltməyi həvalə
etmişdi.
Böyük
Millət və Dövlətçilik memarı tək
özünün gördüyü, öz içərisində
bir layihə üçün tələb olunan bütün
yoxlanışlardan keçirdiyi cizgilərin sayəsində
bu ali məqsədinə də yetişdi. Şah əsərini - yeni, güclü Azərbaycanı
doğurdu.
...Tarixin
yönəltməsiylə sonralar aldığı ali universitet təhsilinə görə Heydər
Əliyev üstün bir tarix müəllimi də ola bilərdi.
Lakin tale
onu bu xalqa və bu yurda sinif otaqlarına daxil olaraq tarix dərsi
deyən bir müəllim kimi yox, Vətən boyda auditoriyada
bütün millətə tarixin çətin
aşırımlarından adlamağın dərsini verən
Millət Müəllimi, cahanşümul tarix yaradan Öndər
olaraq bəxş etmişdi.
...Əlində bir coğrafiya müəllimi sayaq
göstərici çubuğu tutaraq Heydər Əliyev
dayanırdı xəritə qarşısında.
Azərbaycanın
haqq səsini qulaqları ağır eşidən qərəzli,
tərəfkeş dünyaya çatdırmaqçün dili
ilə söylədiklərini şüurlarda izi, əks-sədası
qalsın deyə xəritədə də nişan
verirdi.
Dünyanın irili-xırdalı neçə ölkəsində şagirdlərinə növbəti dərsi izah edən müəllim kimi danışırdı.
MÜƏLLİM millətinin ağrıları haqqında dünyaya dərs keçirdi.
Artıq unudulmaz Heydər Əliyevin həyatda olmadığı günlərdə qazanılmış, bizi xoşbəxtlərin xoşbəxti etmiş misilsiz Qarabağ Zəfərinin ardında Böyük Millət Müəlliminin o dərslərinin izlərini görməmək olarmı?!
Zərbülməsəl siqlətli, dərsliklərə
düşəsi bu müdrik kəlam da onun yadigarıdır:
"Mən Azərbaycanın sadə vətəndaşıyam.
Bu addan
yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir!"
Tarix Heydər
Əliyevə ən yüksək saydığı adın ən
ali rütbəsi olan Millət Müəllimliyini
nəsib etdi.
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2023.- 20 yanvar.- S.10-11.