Göz yaşının kölgəsi
YAXUD YALNIZLIĞIN YALQUZAQ SƏSİ
Adamın
öz sözü olanda özü də olur!
Sən demə, bütün dahi şairlər eyni
şairlərmiş. Adlarından başqa!
Şairlər eyni şeyi yazırlarmış.
Sən demə, "Mənim bütün əsərlərim,
dramaturgiyam da, poeziyam da bir şeirdir" deyən Vaqif Səmədoğlu
həm də bir zamanlar "Divanam, nöqtə şəklində"
söyləyən Nəsimiymiş. "Şeirə
söykənib baxmaq istəyirəm dünya dediyimiz şeyə"
deyəndə Əli Kərim kimi başını
Sözün yamacına qoyubmuş.
"Hər itkim bir şeirə dönür" söylərkən
Şəhriyar olub "Hər şeirim ən yaxın əzizlərimi
itirməyimin hesabına yaranıb" qənaətinə gəlibmiş.
"Özümü
öldürmək istəmişəm iki dəfə"
yazanda, iki dəfə intihara cəhd etmiş atası Səməd
Vurğunu xatırladırmış...
Səməd Vurğun dörd dəfə şair
olduğuna peşman olduğu kimi o da "Hayıf, min
hayıf, kaş şair olmayaydım" deməyə məcbur
olmuşdu (Məcbur edilmişdi!)
Professor Tofiq Hacıyev "Yeni ədəbiyyat
yaranır" adlı məqaləsində Vaqifin dahiyanə
poeziyası qarşısında heyrətini bildirəndə
bir ittihamı da eyləməyi özünə borc bilmiş,
"Hayıf, Vaqifi hamı oxumur, çoxları onu Moşu
Göyəzənliyə görə tanıyır" deyərək
təəssüfləndiyini bildirmişdi.
Halbuki vaxtilə "Yol" qəzetinin dərc etdiyi məlumata
görə, 1996-cı ilin aprelində Azərbaycan şairi
Vaqif Səmədoğlu şeirlərinə və milli
azadlıq hərəkatındakı roluna görə Nobel
mükafatına təqdim edilmişdi.
Keçən əsrin 80-ci illərində polyak "Həmrəylik"
təşkilatının intelektualları Vaqif Səmədoğlunu
"Elitar poeziyanın sonuncu mogikanı"
adlandırmışdılar.
Latviyada şeirləri məktəb proqramına daxil
edilmişdi.
lll
1999-cu
ilin dekabrında Vaqif Səmədoğlu həyat
yoldaşı Nüşabə xanıma
bağışladığı kitabında "Məni
zülmətdən işığa çıxaran, taleyimin bəxt
üzüyünə dönən, ömrümün mənası
və yaraşığı olan sevgilim, Dostum Nüşabə
xanıma-diz üstə əllərindən öpərək"
avtoqrafını yazarkən görəsən, ağlına gələrdimi
ki, bir gün ona Nüşabə xanım onun haqqında
yazdığı xatirələr kitabı ilə təzə
heykəl qoyacaq?!
"Bəxt üzüyü" filmində şairin qəhrəmanlarından
birinin üzüyü itir, tapılmır.
Həmin
üzüyü Nüşabə xanım öz əsəriylə
tapıb həm həmin qəhrəmana qaytardı, həm də
Vaqifin qəlbini bu üzüntüdən bir yolluq
qurtardı...
lll
Vaqif Səmədoğlu özünü də,
sözünü də yaxşı tanıyırdı. Özünü
də, sözünü də çoxdan tapmışdı.
"Özümçün gerçəkdən
darıxıram hərdən" deməyə haqqı
vardı! Nə yaxşı ki, V.Səmədoğlu
hər darıxanda belə darıxırmış.
Bilirmiş ki, şairin sənəti odu: iş yeri
darıxmaqdı".
Və həm də bilirmiş ki, şairin vəzifəsi
də oxucularını, onu sevənləri
darıxdırmaqdı.
Özündən
ötrü! Sözündən ötrü!
Alman şairi Göte deyirmiş ki, "Ağıllı
insan çox bilən deyil, özünü
tanıyandır".V.Səmədoğlunun özünü və
sözünü necə yaxşı tanıması
baxımından da Nüşabə xanımın
yazdığı xatirələr kitabı Vaqifin xarakterini
doğru-dürüst açır.
O, Vaqifi
Vaqifin öz sözüylə, öz diliylə bir daha bizə
tanıdır. Vaqifin özü haqqında dediyi bu sözlər
də o qəbildəndir:
"Nizami Gəncəvi ilə görüşmək istəməzdim. Öyüd-nəsihət
verməyə başlayacaq o saat. Amma
Füzuliylə görüşərdim, o, ruh şairidir".
lll
"Anam məni çağa ikən kəfənə bələyibmiş"
yazırdı Vaqif. Böyük sələfi M.V.Vidadinin
"Qəbrə girmədən qəbrim doldu qan ilə" fəryadını
xatırlayırsınızmı?
Bu paraleli bir daha ona görə aparmıram ki, Vaqifin
fikirlərinin yalnız kimlərinsə fikirləriylə səsləşdiyini
bildirim. Həm də ona görə xatırladıram ki, istəyirəm
Vaqifin ruhunun da bir vaxtlar necə Vidadiləşdiyinin, Nəsimiləşdiyinin,
Səmədləşdiyinin, Şəhriyarlaşdığının
şahidi olsun oxucular.
Görsünlər
ki, böyük adamlar böyük köklərə
bağlı olanlardır, böyük kökdən rişələnib
özləri də daha böyük kökə dönənlərdir!
"Qardaşlar bir atadan, anadan olanlar deyil, bir Allahdan
olanlardır". Elə şairlər də, Vaqif Səmədoğlu!
Bu iman, bu inam qarşısında adamın sevincdən
gözləri yaşarır, ağlamağı gəlir. Xüsusən
də görəndə ki, V.Səmədoğluya görə
göz yaşının da, yağışın da kölgəsi
varmış. İnsanın, Ağacın,
Dağın-daşın kölgəsi kimi!
...Yağış
kölgəsi çiləyir,
Payız
kölgəsində duran
başıaçıq musiqiçinin üstünə.
...Ağlayır
insan kölgəsi.
...Damır,
damır
valsın
açıq yaxasına
damla-damla
göz
yaşının kölgəsi...
lll
Vaqif
Nüşabə xanımı çox sevib, Nüşabə
xanım da Vaqifi! Lap Leyli-Məcnun sayağı! Biz Leyli-Məcnun sevgisini eşitmişdik. Məcnun
Leylinin qəbri başında olarkən bir qarışqaya necə
yalvardığını da bilirik: "Leylinin cəsədində
nəyə toxunursan toxun, bircə xalına toxunma!"
Biz dekabristlərin qadınlarının ərlərinin
yolunda fədəkarlıqlar göstərdiklərini də
tarixdən, Nekrasovun məşhur poemasından da yaxşı
bilirdik. Ərlərinin dalınca Sibirə - onların
sürgün olunduqları yerə getdiklərini, yollarda
hansı məşəqqətlərə
qatlaşdıqlarını da eşidib, oxuyub yetərincə
təsirlənmişdik.
Amma
heç yerdə qadının öz əri haqqında fədakarcasına
dediyi bu sözləri eşitməmişdik:
"Uşaqlığımın, gələcəyimin,
bütün ömrümün üstünə "Vaqif Səmədoğlu"
sözləri yazıldı".
Göründüyü kimi, akademik R.Hüseynovun təbirincə
desək, "Nüşabə xanım şərqşünasdan
çevrilib oldu Vaqifşünas!"
Ədəbiyyatşünas olmaq çox asandır. Hətta təbiətşünas,
lap kainatşünas olmaq da! Əsl hünər
Nüşabə xanım kimi Vaqifşünas olmaqdır.
Yaxşı
ki, Nüşabə xanım kimi Vaqifşünasımız
var! Bu adın böyüklüyünü o, özü də
yaxşı dərk edir, yazır: "Vaqifşünas adı
mənimçün bütün elmi dərəcələrdən,
elmi adlardan daha yüksək fəxri addır!"
Vaqifi kim sevmir və kim sevməz ki?!
Dahi
şair haqqında xatirələr müəllifi çox
doğru deyir ki, "Öz qadınına yazdığı
şeirləriylə qürur duyan ikinci bir adam
tanımıram mən".
lll
Xatirələr kitabında Vaqif Səmədoğlunun hətta
bütün gizlinləri də açıq-aşkar
açılıb böyük səmimiyyətlə qoyulub
ortaya.
Nüşabə
xanım bu günün özündə də Vaqiflə
ölü adam kimi yox, diri adam kimi
danışır. Bax, belə: "Biz kimisə bu dünyaya gəlmək
haqqından məhrum etdik, günaha batdıq. Peşmanlıq
hissi oldu sonralar. Doğulmayan körpəyə
şeir də yazmaq istədin. Dedin: "Deyəsən, ən
qəmli şeirimi yazacağam. Kədəri səndən
uzaqlaşdırmaq üçün".
"Vaqif, niyə təəssüflənirsən, əvəzində
Səni "doğmuşam". Sən milyon uşağa dəyərsən",
- dedim".
Gəlin,
açıq deyək: Dünyanın belə eşq hekayəsi,
belə sevgililəri ("Ana-bala"ları! çoxmu olub?)
...Nüşabə
xanım Vaqifin özünün də bir körpə
olduğunu, bir uşaq olduğunu nə gözəl verib bu
kitabda. Axı doğrudan da dünyanın ən böyük
şairləri ən böyük uşaq olduqları
üçün dahi olublar! Uşaq ola bilməyənlər
böyük sənətkar ola bilmirlər!
Görün, Vaqifin də bir məsum uşaq olduğu
(uşaq təbiəti!) necə də ustalıqla
açılıb bir neçə cümlədə. Nüşabə xanım
xatırlayır:
"Bir
gün mənə dedin: Dəmiryolu istəyirəm
quraşdırım evdə. Üstündə
qatarlar getsin. Al da, mənimçün!"
lll
Vaqif Səmədoğlu təkcə Nəsimi, Vidadi,
Abbas Tufarqanlı, Səməd Vurğun kökündən gəlmirmiş. Onun bir şeiri var: "Mənə
şeir yazmaq öyrət, canavar izi!" V.Səmədoğlu
həm də Canavar-Bozqurd kökündən, izindən gəlirmiş!
Nüşabə xanım bunun belə olduğunu da
yaddaşında qoruyub yaxşı-yaxşı
saxlayıbmış. "Bakıya Yesentukidə
aldığı tünd-boz rəngli yarım metrlik,
üzünü yuxarı tutub ulayan Canavar heykəliylə
qayıtdıq.
-
Nişa, Bozqurd türk xalqlarının müqəddəs
heyvanıdır, - deyə aldım.
Nə vaxtsa səndən soruşmuşdum. "Hansı
heyvana çevrilmək istərdin?
- Canavara!"
Aman Allah,
doğrudan da ot kökü üstə
bitirmiş, alma budağından gen
düşmürmüş!
lll
Kitabda yer almış Siyavuş Məmmədzadənin
"Vaqif Səmədoğlu polifonik şəxsiyyətdir. Mən hətta deyərdim
ki, o, orkestr adamdır" - sözləri də dahi
şairimizin xarakterini hər tərəfli şəkildə
açmaq, çözmək baxımından çox əhəmiyyətlidir.
Bir adam ki, bir bülbülün tək
olmağına dözmür, onu başqa bir bülbüllə
"evləndirir" - nə böyük ürəyi
varmış onun!
Ürəyi
bülbül ürəyiymiş ki!
O,
"Ölümün üstünə yüyürdüm"
deyəndə də toya, nişana yüyürürmüş
kimi yüyürürmüş!
"Nəyə
vaxtın çatmır?" sualına belə cavab
verirmiş: "Yaşamağa!"
Ölümə
doğru yüyürən bu adam
ölüm ayağında da öz zarafatından
qalmırmış. Rejissor Eldar Quliyev ondan
soruşanda ki, "Vaqif, necə kömək edə bilərəm
sənə?"
- Eldar, bu
filmi Əzrayıl çəkir. Sən isə
ona montaj işində kömək edə bilərsən!"
deyib, gülümsəyib.
V.Səmədoğlu ölümün üstünə
gülə-gülə, qaça-qaça getməyi
bacarmasaydı, xanımının da xatırlatdığı
kimi deyə bilərdimi ki, "Ölümdən qorxmuram,
çünki mən onu tanımıram. Və hamını
yasıma dəvət edirəm!"
Ürfanı
baxışa, təbiətə, ruha baxın, Siz Allah! Qurd
ürəyi yeyibmiş bu şair!!!
Yoxsa deyə
bilərdimi ki:
"Nişa, bağışla, mən çox
şıltaqlıq edirəm, nə olar, öldür də məni! Vallah,
heç kimə demərəm!"
Və görür ki, Nişanın əli gəlməyəcək
onu öldürməyə, özü yıxılıb
ölür.
Son nəfəsdə deyir: "Nişa, mən ölürəm".
Bu, onun son sözləri olur.
lll
Nüşabə xanım o anı belə
xatırlayır. "Fərman təzə çapdan
çıxmış ikicildlik "Dramaturgiya"
kitablarını gətirir... Gecdir".
Xatirələr...
xatirələr... xatirələr...
Şairin nəşini məscidə yumağa
aparırlar.
Ölümdən də insafsızcasına öldürür
bir səhnə insanı! "Bacımın kürəkəni
Mətin dedi ki, məscidin həyətinə qış
vaxtı oxuyan quşlar hardan gəldi, bilmirəm".
lll
Vaqif Səmədoğlu öləndə
yağış yağmağa başlayıb. "Deyirlər,
yağışın yağması həyatdan köçən
yaxşı insan üçün təbiətin
axıtdığı göz yaşıdır".
V.Səmədoğlu
deyirmiş ki:
Bir bayraq
da enməyəcək,
Mən dünyadan köçəndə.
Yanılırmış şair.
"Gənc ədib Sərxan Carçı bu şeiri
oxuyaraq evində olan Azərbaycan bayrağını
endirdi".
lll
Bir xalq bayatısında deyilir ki, "Bir ayrılıq,
bir ölüm - heç biri olmayaydı".
Amma oldu yenə.
Ölüm
də! Ayrılıq da!
Ölümdən (ölümündən!) qorxmayan
kişinin qadını da, sən demə, Ayrılıqlardan
qorxub-eləmirmiş. Ürfani ruhla "Ey Ayrılıq, gəl, yaramı
sarı!" deyib Ayrılığı utandırır,
yaxıb-yandırırmış! Şairi (ni!)
sağ-salim bilir, ona həsr etdiyi bir şeirində bu
misraları pıçıldayırmış. Əlbəttə
ki, ilk növbədə şairin qulağına!
...Hər
səhər otağınla salamlaşır,
Gecələr
sağollaşıram.
...Araqçınını
sıxıram
sinəmə bərk-bərk,
Öpüşürəm içində qalan ətrinlə.
Vaqif Səmədoğlu
məhz belə ülvi məhəbbətli, dəyanətli, fədakar
qadının yolunu o dünyada 50 il
gözləyəcəyini deyib getmişdi bu dünyadan.
Və nə
qədər haqlıymış! Özü də
nə qədər böyük məhəbbət
sahibiymiş. Aşiqmiş!
lll
Atası
Səməd Vurğun şairliyi böyük dərd
adlandırsa da, Vaqif Səmədoğlu məsələni bir
az da kəskinləşdirirdi, şairliyi "ilahi bəla"
hesab edir, yazırdı: "Qardaşım Yusifin, dostum
Anarın başlarına gələn ilahi bəlaya mən də
düçar olmuş, ədəbiyyatın, poeziyanın tilsiminə
düşmüşdüm".
O, nəinki
ilahi bəlaya düşmüşdü, üstəlik, məşhurların
diqqətini çəkən pianoçu da olmuşdu.
K.Simonovun dostu professor Fliyer onu dinləyən kimi qəti
fikrini
belə açıqlamışdı:
"Sizin Şərqdə şair çoxdur, amma belə
əlləri olan pianoçu azdır".
Lakin şair həyatını poeziyaya qurban vermişdi.
lll
Vaqif Səmədoğlu öz şair fəhmiylə həmişə
uzaqlara - "Uzaq yaşıl ada"ya baxırdı. O, bugünkü Zəfərimizi
də irəlicədən hiss etmişdi,
görmüşdü.
Qarabağ torpaqları kimi, Vaqifin Məqbərəsinin də
uzun müddət işğalda, qar altında
qalmayacağına əmindi. Bilirdi ki, bir gün Qarabağ
torpağının, eləcə də Molla Pənah Məqbərəsinin
üstündə buza dönmüş qarı da nə əridəcək,
kim və kimlər əridəcək!
Həmin
suala şair bir mənalı şəkildə belə cavab
yazmışdı:
"Əsgərlərimizin nəfəsi!
O gün onun Məqbərəsinə baş çəkəcəm.
Deyəcəm:
- Salam, adaş! Xoş gördük, nənəm Məhbubun babası!"
Əzizimiz Nüşabə xanım! Bu cür təkcə xatirələr kitabı yox, böyük bir əsər yazdığın üçün sənə sonsuz təşəkkürlərimi bildirirəm!
Qaldı o məsələ... Yəni 50 ildən sonra Vaqifin yanına getmək məsələsi. İnanmıram ki, buna ehtiyac olsun. Hamı yaxşı bilir ki, Vaqif Səmədoğlu sənə - görkəmli Vaqifşünasa, görkəmli Gözəlşünas bir şair kimi vurulmuşdu.
O, Vaqifdi!
Vaqifə hamımız yaxşı bələdik.
O dediyi 50 il var, ha, ona qədər bir də gördün, Vaqif budu, qayıdıb, gəlib. Gəlib bir daha sənə vurulmağa!
Orda səni 50 il gözləməyə onda səbr, hövsələ hardandı?!
Barat
VÜSAL
525-ci qəzet.- 2023.- 25 yanvar.- S.12;13.