M.Ə.Sabirin nəvəsinin 20 Yanvardan
sonrakı Vilnüs müsahibəsi
Xalqımıza
qarşı əvvəlcədən düşünülüb
həyata keçirilmiş 1990-cı il 20 Yanvar qırğını
ərəfəsində və bundan bir zaman sonra da Azərbaycan
informasiya blokadasında idi. Hələ yanvarın 19-da Azərbaycan
televiziyasının enerji bloku partladılmış, respublika
televiziyası və radiosunun verilişləri tamamilə kəsilmişdi.
Hərbi təcavüzdən sonra digər kütləvi
informasiya vasitələrinin də fəaliyyəti
dayandırılmış, xalq informasiya almaq hüququndan məhrum
edilmişdi.
Bakı
o dövrdə xarici jurnalistlər üçün qapalı
şəhər idi və fövqəladə vəziyyət
elan olunduğundan uzun müddət bu vəziyyətdə də
qaldı. Beynəlxalq ictimaiyyətdə isə Qarabağ
münaqişəsi və Yanvar faciəsi barədə
yanlış fikirlər
formalaşdırılmışdı. Həmçinin,
SSRİ-nin mərkəzi kütləvi informasiya vasitələrində
və Ermənistanın mətbu orqanlarında uzun müddət
həyata keçirilən ideoloji təcavüz nəticəsində
"mənfi azərbaycanlı obrazı"
yaradılmışdı. O vaxt bu fikirləri aradan
qaldırmaq, təkzib etmək üçün müasir informasiya
və kommunikasiya texnologiyaları yox idi. Həmçinin, o illərdə
Azərbaycan Respublikası və diaspora beynəlxalq aləmdə
o qədər də böyük imkanlara malik deyildi.
Lakin
bütün faciəvi nəticələrə baxmayaraq, 20
Yanvar Azərbaycan xalqını dünyaya yenidən Millət
kimi təqdim etdi və bu təqdimetmə milli oyanış,
müstəqillik uğrunda mübarizə və diasporun təşkilatlanması
proseslərinə həlledici təkan verdi.
O
zaman Vətən sevdalı ziyalılar, demokratik fikirli ictimai və
mədəni xadimlər, bir sıra jurnalistlər, milli-azadlıq
hərəkatının təmsilçiləri və diaspora
liderləri 20 Yanvar təcavüzü ilə bağlı
xaricdə, o cümlədən, keçmiş SSRİ
respublikalarında yayımlanan yalanları ifşa etmək,
Sovet ordusunun vəhşiliyinin əsl səbəblərini
açıqlamaq, qanlı hadisələrdə əli
olmuş siyasi və hərbi şəxslərin rolunu göstərmək,
təhrif olunub ötürülən faktları təkzib edib
real məlumatları təqdim etmək üçün
ayağa qalxdılar və üzünü xarici ölkələrə
tutdular.
Xalqımızın faciəsi o zaman Baltikyanı
respublikalarda da müəyyən dərəcədə
etinasız sükutla qarşılandığına görə,
həm də burada gedən demokratik xarakterli taleyüklü
ictimai-siyasi prosesləri nəzərə alaraq, 20 Yanvar həqiqətlərinin
Azərbaycan carçıları bu ölkələrə də
təbliğat və təşviqat səfərləri təşkil
etdilər. 1990-cı ilin yanvar-mart aylarında 20 nəfərdən
artıq tanınmış həqiqət carçısı
Azərbaycandan Litvaya gəlib xalq diplomatiyası yolu ilə
burada bir sıra maarifləndirmə işləri həyata
keçirdilər.
Həmin həqiqət carçıları
sırasında o vaxtkı tələbə jurnalist, sonralar
istedadlı publisist və peşəkar redaktor kimi tanınan
Gündüz Tahirli də vardı. O, Vilnüsə 1990-cı ilin fevral
ayında gəlmişdi və burada Vilnüs Universitetinin
"Universitas Vilnensis" tələbə qəzetinin əməkdaşları,
həmçinin, Jurnalistika fakültəsinin bir sıra tələbələri
- Vilgayle Karinyauskayte, Rasa Karmazayte, Renita Petraytite və digərləri
ilə rasional əməkdaşlıq əlaqələri
qurmuşdu. G.Tahirli özü ilə Vilnüsə
20 Yanvar hərbi təcavüzünün əməliyyatlarına
və şəhidlərin dəfninə dair xeyli sayda
fotogörüntü də gətirmişdi. Bu şəkillərin bir qismi o zaman bir sıra Litva
qəzetlərində nəşr olundu. Onun
gənc jurnalist Rasa Karmazayteyə verdiyi müsahibə isə
bu ölkənin ən böyük tirajlı mərkəzi qəzetlərindən
olan "Lietuvos rytas" gündəliyinin 1 mart 1990-cı ildə
buraxılmış 43-cü sayında dərc edildi. Müsahibədə G.Tahirli Litva ictimaiyyətinə,
həmçinin, Azərbaycan ədəbiyyatının
klassiki, şair Mirzə Ələkbər Sabirin nəvəsi
kimi təqdim olunub.
Yeri gəlmişkən, "Universitas Vilnensis" qəzetinin
17 oktyabr 1990-cı ildə çıxmış sayında
G.Tahirli ilə həmin ilin sentyabrında Bakıda digər bir
Litva jurnalistinin apardığı daha bir müsahibə -
"Tələbələr demokratik hərəkatın ilkinləridir"
başlıqlı publikasiya litvaca çap edilib.
İndi
isə tələbə jurnalist Gündüz Tahirlinin 20
Yanvardan sonra "Lietuvos rytas" gündəliyinin müxbirinə
verdiyi müsahibənin Litva dilindən edilmiş tərcüməsini
diqqətinizə təqdim edirik.
Bakı universiteti məcburi
məzuniyyətdədir
Bakı
Universitetində mühazirələr ən azı 1990-cı il martın 5-dək dayandırılıb. Daş divarla əhatə olunmuş və əsgərlər
tərəfindən qorunan tələbə şəhərciyi
isə rezervata çevrilib. Tələbələrin
çoxusu "məzuniyyətə" getməyib burada
qalıblar və yaranmış dalan vəziyyətindən Azərbaycan
Xalq Cəbhəsi ilə birlikdə çıxış
yolunu axtarırlar. Onlardan biri də
Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi,
"Xalq Cəbhəsi" tələbə qəzetinin
redaktoru, görkəmli satirik şair M.Ə.Sabirin (Tahirzadə)
nəvəsi Gündüz Tahirlidir. "Lietuvos
rytas" qəzeti müxbirinin G.Tahirli ilə
apardığı müsahibəni təqdim edirik.
-
Axırıncı dəfə auditoriyada ötən ilin
dekabrın sonunda oturmuşam. Bütün
zaçot və imtahanları vermişəm. Hakimiyyət tələbələrin toplaşmasından
və yığıncaqlardan qorxur, buna görə də dərslər
martda, hətta aprel ayında başlaya bilər.
- İndi sənin üçün daha vacib olan nədir
- təhsilini bitirmək, yoxsa jurnalist fəaliyyəti ilə məşğul
olmaq?
- Mən
tələbəyəm. Bu gün oxumasam, sabah
ölkəmə fayda verə bilmərəm. Amma
dramatik hadisələr və gərgin siyasi vəziyyət həyatı
dəyişdirdi, məni hazırda jurnalistika ilə məşğul
olmağa məcbur etdi.
- 20 Yanvar
Bakı hadisələri həyatını necə dəyişdi?
-
Özümü sabahın nə gətirəcəyini bilməyən
və hər anda dostlarını itirə bilən livanlı
kimi hiss edirəm. Artıq dostlardan birini
itirmişəm. Valideynlərim
şükürlər olsun ki, hələlik
sağ-salamatdır. Bakı hadisələrindən
sonra anladım ki, daha çox səyahət etmək, öyrənmək
və başqalarını bizim buraxdığımız səhvləri
təkrar etməməyə öyrətmək lazımdır.
- Bakı
hadisələrində tələbələrin rolu nədən
ibarətdir?
Bakı Universitetinin tələbəsi Gündüz
Tahirli (şəkilləri fotojurnalist Vilgayle Karinyauskayte
çəkib). G.Tahirlidən müsahibə alan gənc
xanım jurnalist Rasa Karmazayte. Vilnüs, fevral 1990-cı il.
- Azərbaycanda
milli azadlıq hərəkatının közərtiləri
1988-ci ilin ikinci yarısında ali məktəblərdə
alovlanmağa başladı. O zaman ilk qeyri-formal təşkilat
- mədəni məqsədlər güdən "Yurd"
Birliyi yaradıldı. Lakin bir qədər sonra
ictimai-siyasi durum kəskin şəkildə pisləşdi, tələbə
mitinqləri və nümayişlər başladı, fəhlələr
ayağa qalxdılar və hərəkata qoşuldular. Hazırda tələbələr Xalq Cəbhəsi
ilə birgə gizli fəaliyyət göstərirlər.
Bu yaxınlarda Şimali Azərbaycan Azad Tələbələr
İttifaqı yaradıldı.
- Erməni
dostların varmı?
- Bəli,
belə bir dostum var. Amma o, Bakıdan köçməyə məcbur
olub.
- Yəqin
ki, Ermənistanın ali məktəb tələbələri
ilə də əlaqələr saxlayırsan?
- Bəli,
saxlayıram - hətta ən gərgin günlərdə belə.
Onlardan biri ilə yazışıram da. Ancaq getdikcə ondan gec-gec məktublar alıram.
- Məktublarınızda
daha çox hansı əhval-ruhiyyə və fikirlər ifadə
olunur?
-
Münaqişələrdən mümkün qədər az yazmağa çalışırıq. Bir
sıra şəxsi və ümumi təhsil problemlərimizi
paylaşırıq.
- Bakı Universitetində tələbələr müəllimlərlə
anlaşırlarmı?
- Daim nəyisə
qadağan edən çoxlu mühafizəkar müəllimlərimiz
var. Amma elə müəllimlər də var ki, bizə
yardım edir və fəaliyyətimizi dəstəkləyirlər.
Əvvəldən Qorbaçovun və yenidənqurmanın
əleyhdarları olan hüquq fakültəsinin müəllimləri
partiya biletlərini artıq təhvil veriblər.
-
Bakının ən faciəli günü yaddaşında
hansı izləri qoydu?
-
Çoxları kimi, mən də Salyan kazarmalarının
qarşısında piketdə durmuşdum. Saat 15:20-də atəş
açmağa başladılar. Güllə dəymiş
adamların necə yerə yıxılmasını, tank
tırtıllarının altında insanların əzilməsini
gördüm. Yarım saatdan sonra evə
qaçdım. Beynimdən heç bir
fikir keçmirdi, yalnız dəhşətli bir ümidsizlik
içimdə fəryad edirdi. İlk dəfə
idi ki, həyatımda bu qədər ağlayırdım.
- Sən
jurnalistsən. Gördüyün
reallıqları qələmə alıb təsvir etmək
istərdinmi?
-
Hazırda mən bütün hadisələri xronoloji
ardıcıllıqla, bəzi günləri hətta saatbasaat
qeydə alıram. Sağalmaz yaralarımız qaysaq
bağlayanda və şəhid qanı çilənmiş
faciəli hadisələr tariximizin qan yaddaşına
köçəndə, ola bilsin ki, xatirələrimi
yazım.
- Azərbaycanın azad
olacağına inanırsanmı?
- Bu, mənim
arzumdur. Amma bu, hardasa beş ildən sonra
gerçəkləşəcək.
- Əgər sən hazırda Ali Sovetin sədri
seçilsəydin və ya təyin olunsaydın, ilk işin nə
olardı?
Gündüz
Tahirli və Rasa Karmazayte 20 Yanvar hadisələrindən otuz il sonra.
- "Üçüncü qüvvənin" aradan
qaldırılmasını, ordu hissələrinin Ermənistanla
sərhəd zonası istisna olmaqla, bütün ərazilərdən
çıxarılmasını əmr edərdim. Və Ermənistanı
yeganə bir şərtlə - bir-birimizin suverenliyinə və
ləyaqətinə hörmətlə yanaşmaqla dialoqa
çağırardım.
- İkitərəfli danışıqlarda nə təklif
edərdin? Kompromislərə gedərdinmi?
- Hesab
edirəm ki, ərazi bütövlüyü məsələsi
həll olunarkən heç bir kompromisdən söhbət gedə
bilməz. Axı, Litva da öz ərazisinin bir
hissəsindən imtina etməyə razı olmazdı. Lakin qarşısına demokratik dövlət
olmağı məqsəd qoyan Azərbaycan bütün millətlərdən
olan vətəndaşları üçün hüquq bərabərliyinə
təminat verməlidir. Mən Ermənistandan
da bunu tələb edərdim.
Bu gün
bizim üçün suverenliyin qorunması daha vacibdir, ona
görə də Ermənistana təkliflər konkret
olardı: girovları dəyişmək, atəşkəs
razılığı əldə etmək və iqtisadi
inkişafa mane olmamaq.
-
Hazırkı münaqişənin yaranma səbəbləri nədir?
- Zənnimcə,
bu, etnik və ya dini zəmində baş verən
münaqişə deyil. Hər iki millətin
heç birinə bunun faydası yoxdur. Amma
qarşıdurma qalmaqdadır və getdikcə
böyüyür.
- Səncə,
kənardan münaqişəyə müdaxilə edən
üçüncü qüvvə varmı?
- Bəli
var, o qüvvə mərkəzdən idarə olunur.
- Öncə
hansı məsələ həll olunmalıdır -
Qarabağ, yoxsa İttifaq məsələsi?
- Məncə,
hər ikisini eyni vaxtda həll etmək lazımdır. Suverenliyin bərpa olunması Qarabağ probleminin
çözülməsinə təkan vermiş olardı.
- Azərbaycan
xalqının üçdə iki qismi İranda
yaşayır. Dövlət sərhədi
açılsaydı, ora gedərdinmi?
- Gedərdim
- yalnız oranı görmək üçün.
-
Baltikyanı və Zaqafqaziya dövlətləri arasında
münasibətləri necə təsəvvür edirsən?
- Zənnimcə,
Baltikyanı ölkələri bizə lazımınca dəyər
vermir. Biz onlara müxtəlif xammal məhsullarını
dünyadakı bazar qiymətlərindən aşağı
qiymətə sata bilərdik. Məlumdur ki, indi biz həmin
məhsulları sadəcə müftə veririk, lakin gələcəkdə...
Bakı - Vilnüs - Bakı, 1990-2023-cü illər.
Rasa
KARMAZAYTE
Litva
Müsahibəni Litva dilindən Mahir Həmzəyev tərcümə
edib.
525-ci
qəzet.- 2023.- 20 yanvar.- S.8.