Şəhid Mirmöhsümün
dəyişməyən yaşı
Azərbaycanımızın son 200 illik tarixinə möhtəşəm qələbəylə
həkk olan Vətən müharibəmizin
ən gənc şəhidlərindən biridir
Mirmöhsüm Əhmədov. Cəmi 18 yaşı
vardı, üç ayın əsgəri idi torpaqlarımız uğrunda düşmənlə
üz-üzə dayananda,
mərdcə, cəsurca
vuruşanda. 18 il idi dünyaya
gəlişi, amma dünyanı tanımağa
gənc ömrü yetməmiş gülləylə
tanış oldu sinəsi, torpaqla bütünləşdi vücudu.
Yanvarın 21-də isə 21 yaşı oldu əziz şəhidimizin. Onsuz keçəcək saysız-hesabsız
doğum günlərindən
üçüncüsü idi bu. O qədər erkən, o qədər körpə ayrılıb
ki, aramızdan üç ildir şəkil olmasına baxmayaraq, yaşasaydı hələ də doğmaları onun haqqında "uşaqdır"
deyə bəhs edəcəkdilər.
O isə uşaq yaşına uyuşmayan kişilik dastanı yazdı qeyrətiylə, cəsarətiylə, ucaldığı
şəhidlik zirvəsiylə...
lll
Mirmöhsüm Əhmədov 2002-ci il yanvarın 21-də
Neftçala rayonunda anadan olub. Babası, nənəsi,
dayısı və dayısının ailəsi,
anası və qardaşı ilə birlikdə yaşayırdı.
Orta təhsilini Neftçala rayonu Elton Həbibov adına
4 saylı tam orta məktəbdə başa
vurub. Sonra Bakı Biznes
və Kooperasiya kollecində təhsilini davam etdirib.
Təhsilini başa vurduqdan
sonra 2020-ci il
ilin
iyulun 13-də həqiqi
hərbi xidmətə
yollanıb. Səhhətinə görə dörd
dəfə əməliyyat
olunan Mirmöhsüm Vətən müharibəsi
başlanan gündən,
yəni həmin ilin 27 sentyabrından müharibəyə qatılıb.
O, Füzuli, Xocavənd
və Qubadlı istiqamətində gedən
döyüşlərdə fəal iştirak edib. Sonuncu dəfə
ailəsi ilə oktyabrn 26-da günorta saat 12:45-də danışıb
və hər şeyin yaxşı olduğunu deyib, narahat olmamağı tapşırıb. Oktyabrın 28-də isə Qubadlı uğrunda gedən döyüşlərdə yaralı
yoldaşını çiynində
ərazidən çıxaran
zaman erməni tərəfindən açılan
güllə Mirmöhsümə
dəyir və qəhrəman əsgərimiz
şəhidlik zirvəsinə
yüksəlir. O, doğulub
boya-başa çatdığı
Neftçala rayonunda torpağa tapşırılıb.
Prezident
İlham Əliyevin sərəncamları ilə
Mirmöhsüm Əhmədov
şəhadətindən sonra
"Vətən uğrunda",
"Füzulinin azad olunmasına görə",
"Xocavəndin azad olunmasına görə"
və "Qubadlının
azad olunmasına görə" medalları
ilə təltif edilib.
lll
Onun yoxluğu,
sözsüz ki, ən çox anası Arzu xanım Əliyevanı yandırıb yaxır. Cəmi
38 yaşında "şəhid
anası" statusuna yiyələnən, şəvə
kimi qara saçlarını bala dərdiylə bircə gecədə ağardan, həyat eşqiylə dolu gözlərinə balasının həsrətini
sığdırıb, o həsrəti
hər gün göz yaşlarıyla
"suvaran" Arzu ana yoxluğuna dözə bilmədiyi oğlunun şəhadətiylə
fəxr edir.
"O, həmişə 18 yaşında
mərd, məsum, igid bir oğul
olaraq qalacaq. Balamın arzuları çox idi... Amma oğlum elə bir zirvə fəth etdi ki, indi onunla
təkcə böyüdüyü
el-oba deyil, bütün Azərbaycan qürur duyur. Mənim oğlumun adı Vətən müharibəsində
qəhrəmanlığı ilə tarix yazan igidlərin sırasındadır" - deyir
Arzu ana.
Ta uşaqlığından polis olmağı arzulayan Mirmöhsüm Vətənin təəssübünü çəkən, vətənini anası, anasını da vətən qədər sevən oğul idi. O, üzünü görmədiyi, işğalından düz 10 yaş kiçik olduğu Qarabağın da dərdini çəkir, bu işğalla barışmaq istəmirdi. Elə buna görədir ki, 18 yaşı tamam olar-olmaz hərbi xidmətə getmək üçün həsrətlə vətənin çağırışını gözləyirdi. Bu çağırış gələndə isə böyük xoşbəxtliklə, sevinclə yollanmışdı Vətənin keşiyində durmağa. Cəmi 3 ayın əsgəri olsa da, müharibəyə də öz istəyiylə qatılmış, ailəsinin narazılığını, xahişini dinləməmişdi. Bu, onun uşaqlığından gözlədiyi gün idi. Axı ta uşaqlığından "Vətən bizim anamızdır, onun bir qarış torpağı düşmən əsarətində qalmamalıdır" deyən oğul idi Mirmöhsüm.
2021-ci ilin aprel ayında Neftçala səfərimizdə əziz şəhidimizin evini də ziyarət etmək, anası Arzu xanımın əllərindən öpmək, hətta yenicə qayıtdığım işğaldan azad olunmuş, oğlu Mirmöhsüm və onun kimi minlərlə şəhidimizin qanı qarışan Ağdam torpağını ona təqdim etmək şərəfinə nail olmuşduq. Cəmi 38 yaşlı şəhid anası bizi qəlbindəki sonsuz sevgi, gözlərindəki dərin hüznlə qarşıladı. Şəhid balanı anadan dinləmək nə qədər ağır olsa da, Arzu ana kədərini qürurunun kölgəsində gizlədib danışdı balasından. Yalnız 18 il bağrına sıxdığı, qoxusundan doymadan torpağa əmanət etdiyi, 3 ayın əsgəri olmuş balasından danışdıqca doymurdu. Dilindən çıxan hər kəlməni balası kimi əzizləyirdi sanki.
Arzu xanım yoxluğuyla barışmayıb qəhrəmanlığıyla fəxr etdiyi oğlundan danışarkən gənclərdəki vətənpərvlik hissinin önəmindən də söz açdı. Onun bu sözlərini isə heç unutmuram: "Siz gənclərə səslənirəm. Əgər bundan sonra bizim torpaqlarımızın bircə qarışını da düşmənə versəniz, biz şəhid anaları balalarımızın o torpağa qarışan qanını sizə halal etmərik!" O qədər haqlıdır ki... Bundan sonra bir məqsədimiz də şəhidlərimizin ruhuna layiq olmaq, onların əmanətinə sonunadək sahib çıxmaq olmalıdır deyə düşünürəm.
Doğuluşu Vətən üçün, xalq üçün mübarək olan Mirmöhsüm, sən 18 illik ömrünə böyük bir qəhrəman taleyi yazdın. İllər dəyişəcək, qərinələr, əsrlər ötəcək, amma sən, 18 yaşında igid kimi yaddaşlarda, ürəklərdə, tariximizin ən şanlı səhifəsində yaşayacaqsan! Ananın da dediyi kimi, uğrunda canını verdiyin torpaqlara sahib çıxa bilməsək, sənin qanın, ananın göz yaşları, ağ saçları bizə haram olsun!
Allah bütün
şəhidlərimizə rəhmət eləsin!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2023.- 24 yanvar.- S.14.