Vətənin dəli sevdalısı

 

DÖYÜŞÇÜ-HƏKİM ƏKBƏR MƏMMƏDOVUN HƏYAT YOLU

 

Ya səfərdə, ya bir məclisdə olanda məqam gəlir, olur ki, başını qaldırıb adamlara ümumi nəzər salırsan. Baxırsan, biri fərqlidir. Kimsəyə bənzəmir. Həm də sanki uzun zamandır, tanıdığındır. Hiss edirsən ki, bu adamın hardasa səninlə ortaq cəhətləri var. Sənin bədənində qərar tutmayan partdama ruhun bu adamla, bəlkə, nə zamansa, hardasa rastlaşıb: ya eramızdan əvvəl, ya da sonra. Bəlkə də, əvvəlki həyatda eyni rüşeymdən törəyən əkiz bacı-qardaş olub. Yoxsa hardan tanıyardın ilk dəfə gördüyün adamı? Məsələn, vətəni hamı sevir, amma hamı vətənin dəli sevdalısı olmur. Yaxud çox adam qorxmazdır, amma hamı lap yeniyetmə yaşında Mansır dağında heyvanların yanında təkcənə qalmır. Ya da altıncı sinifdə oxuyanda, arıqca qız olan vaxtı anasını qorumaq üçün böyük bir ilanı gecəyarı təkbaşına öldürmür. Aha, bu oldu  ikinci ortaq cəhət. İndi çoxu haram yeyir, amma hamı haram pul qazanmaqdan qorxmur. Bu da üç... Və s. və s.

- VƏTƏN SİZİN ÜÇÜN NƏ DEMƏKDİR? - soruşdum.

Sualı gözləmirdi. Anidən fikrə getdi. Daxili dünyasına etdiyi səfər bir neçə saniyə çəkdi. Dalğın nəzərlərini stolun üstündəki külqabına zilləyib köksünü ötürdü. Üzündə  elə bir ifadə yarandı ki: hüzn, kədər, milli qürur, böyük bir sevgi və şəfqət - hamısı birdən sıralandı. Bu ifadəni kənardan baxan adam da tuta bilərdi ki, müsahibim vətən, torpaq haqda düşünür. Çünki yalnız vətəni düşünəndə adamın ruhunun tufanı üzündə bu cür təzahür edir. Sakit-sakit, təmkinlə danışmağa başladı:

- Mən Qərbi Azərbaycandanam. Vətən ondan uzaq düşdükdə daha qiymətli, özəl olur. Biz orda din içində din, millət içində millət, yad mədəniyyət içində doğma mədəniyyəti saxladıq, yaşatdıq. Milli mentalitetimizi, ailə-vətən namusunu ciddi-cəhdlə qoruduq. Onu ucuzlaşmağa, dağılıb assimilyasiya olmağa qoymadıq, bəlkə də, doğma vətəndən ayrı düşdüyümüz üçün bunları qoruyub saxlamağın vacibliyini  daha çox hiss edirdik. Vətən mənim üçün, bizim üçün hər şeydir. Orda keçirdiyim uşaqlıq illərimin bir anını da unutmamışam. Xatirimdə elə hey vərəqlənir. Novruz bayramlarında papaq atmağımız, köhnə maşın təkərlərini yala qaldırıb odlamağımız,  aşura mərasimləri, kəndimiz, yoldaşlarım, məktəbimiz, müəllimlərim, qohum-qardaşlar  - zaman keçdikcə onlarla bağlı hər şeyi ən kiçik detallarınacan xatırlayıram.

- Oralarla bağlı ən çox yadda qalan xatirənizi danışa bilərsinizmi? Qərbi Azərbaycan mənə də doğmadır. Anam qız vaxtı hər il bütün yayı ailəsi ilə Sisyanın Bazarçayında - yaylaqda keçirib. Özüm uşaqlarla Laçından Naxçıvana gələndə Gorus, Sisyan, Əngəlöyütdən keçir, Batabatdan aşırdıq üzü o yana - doğma Naxçıvana. Bir dəfə Batabat aşırımında qar yolu elə bağlamışdı, geri qayıdıb Zəngəzur dağlarından - Əzizbəyov tərəfdən sallandıq İrəvan yoluna. Sonra Sədərəkdən  Naxçıvana üz tutduq. O dağlar yadımdan çıxmır. Dosdoğma gəlirdi. Elə bil min ildi, yaşamışdım o dağlarda, min ildi,  ayrılmışdım, indi görürdüm. Oralardan danışın bir az.

- Çox şey danışa bilərəm, çox. Seçə bilmirəm. Adi kənd həyatıydı. Camaat kimi mal nobatına gedirdim, evdə atamla çalışır, məktəbdə oxuyurdum. Dağ yeriydi. Bir də görürdün, yayın ortasında qar yağdı. Sel gəlirdi, iri dolu yağırdı... Adi baxırdıq hər şeyə. Öyrəşmişdik axı. Mən Zəngəzurun Qızıl Şəfəq (keçmiş Şıxlar) kəndində doğulmuşam. Orta məktəbə də orda getmişəm. 1983-cü ildə səkkizinci sinfi bitirib Bakıya gəldim - kimya-biologiya təmüyülü məktəbinə imtahan verdim. 85-ci ilədək burda təhsil aldım. Həmin ilin yayında Tibb Universitetinə imtahan verdim, amma qəbul ola bilmədim. Kəndə qayıtdım, rəhmətlik atam məni yol idarəsində fəhlə kimi işə düzəltdi. İşlədiyim kollektivin yarısı erməni, yarısı azərbaycanlı idi. O cür kollektivdə işləməyin nə demək olduğunu, yəqin ki, başa düşərsiz. Yeddi bacının bir qardaşı idim. Bunu deyəndə çox adam sizin kimi elə düşünür ki, məni əzizləyiblər. Amma əksinə, məni heç vaxt  evin tək oğlu kimi əzizləməyiblər. Yeddi bacının bir qardaşı olmaq məsuliyyətini həmişə hiss etmişəm. Lap uşaq vaxtımdan ev işlərində, kişi işlərində atama köməkçi olurdum. Onun tək işləməsini ürəyim götürmürdü, hər işdə köməyə qoşmağa,  özünü tək hiss etməməsinə çalışırdım.  1986-cı ildə yenidən imtahan verib Tibb univetsitetinə qəbul oldum. İkinci kursda oxuyanda getdim kəndə, atam qonaqlıq verib məni hərbi xidmətə yola saldı. Əvvəl Pskovda, sonra Litvada iki il hərbi xidmətdə oldum. Hərbi hava qüvvələrində müdafiə sistemini yaxşı öyrəndim. Əsgərlikdən hərbi mütəxəssis kimi qayıtdım. 1989-cu ildə hərbi xidmətdən tərxis olunanda artıq kənd camaatı doğma yurddan qaçaq düşmüşdü. Tibb universitetində təhsilimi davam etdirməyə başladım. 1992-ci ildə - IV kursda oxuyanda bizi universitetdən - hərbi kafedradan 45 günlük hərbi təlimə aparacaqlarını dedilər. Burada normativləri yerinə yetirdikdən sonra ehtiyatda olan zabit kimi qeydiyyata götürür, hərbi rütbə verirdilər. Tibb Universitetinin hərbi təlim məntəqəsi Lənkəranda idi. Biz bir qrup tələbə ərizə yazıb döyüş bölgəsinə getmək istədiyimizi bildirdik. Anama dedim, gedirik döyüş bölgəsinə. Çox həyəcanlandı. Ağlamsınıb atama dedi. Atam çağırıb soruşdu:

- Hara gedirsən?

- Döyüş bölgəsinə gedirəm, - dedim.

- Məcburidir, çağırıblar, ya könüllü gedirsən?

- Könüllü gedirəm, - dedim.

Anam atamı razı salmaq üçün danışır, hər vəchlə onu məcbur etmək istəyirdi ki, məni qoymasın getməyə. Özümdə qüvvə tapıb həmişə pərdə saxladığımız, zəhmindən çəkindiyimiz atamın yanında anama:

- Səni, mənim yeddi bacımı kim qorumalıdır? Başqa kişilərin oğlanları gəlib qorumalıdır? - deyib atamın üzünə baxdım. Üzündə razılıq əlaməti vardı. Anama dedi:

- Arvad, xeyir-duanı ver, uşağı yola salaq. Vətən hamınındır: həm tək oğulların, həm də çox.

Universitetin nə cavab verəcəyini gözləmədik. Yoldaşlarımla ərizə verib Qarabağın müdafiəsi üçün döyüş bölgəsinə getmək istədiyimizi bildirdik. "Gözləyin!" - dedilər. Amma o zaman necə gözləmək olardı? Heç nəyi gözləmədən bir qrup yoldaşımla Ağdamın Abdal Gülablı kəndinə səmt Dördyol deyilən ərazi vardı, ora getdik. Xocalı hadisəsindən sonra burada vaqon-hospital düzəldilmişdi. Allahverdi Bağırov könüllülərdən təşkil olunmuş dəstənin komandiri idi. Dedilər, Ağdamda Xramort təpəsində bir neçə gün əvvəl şəhid olmuşlar var, onların meyitlərini çıxarmaq lazımdır.  Yay idi, vəziyyət çox pis idi, yaxınlaşmaq olmurdu. Yoldaşların çoxu dözmədi, qayıtdı.  Axırda təkcə mən qalmışdım, heç nəyə baxmayaraq, o uşaqların meyitlərini yiyələrinə təhvil vermək lazımdı. Səhərəcən 17-18 meyit çıxara bildim. Sonra uşaqları bölüb müxtəlif yerlərə göndərdilər. Bölgüdə Naxçıvana düşmüşdüm. Təyyarə biletimi Müdafiə Nazirliyi aldı. Həmin illərdə Naxçıvanda Müdafiə Komitəsinin sədri Elman Abbasov idi. Naxçıvanda xidmət üçün təyin olunan yerlərin bölgüsündə hamıdan sona qalmışdım. Yerdə qalan yalnız Culfa rayonunun Ərəfsə kəndi idi. Qəbul etdim və xidmət yerimə yollandım. O vaxt Culfa Rayon Müdafiə Komitəsinin başçısı Mamed adlı bir nəfər idi (təəssüf, soyadını unutmuşam). Təlimat verib Ərəfsəyə yolladı. Həmin vaxt Culfada Ermənistan qatarını saxlamış, qatarda olan malları blokadada qalan əhali üçün müsadirə etmişdilər. Elşən adlı yaxın dostum vardı, UAZ markalı maşını vaqondan endirmişdi,  həmin maşından sonra hərbi xidmətimdə istifadə edirdim. Elşən elə indi də sürücü işləyir. Yollandım posta. Bir biabırçı vəziyyət idi ki. Əsgərlər bitin içində, çirk-pas, qayda-qanun yox. Komandir hərbi qayda-qanuna əməl etmir, hər gün içir, əsgərlərlə pis rəftar edirdi. Onu postdan qovdum. Vəziyyəti yuxarılara xəbər verdim. Məni həmin posta komandir təyin etdilər. Ərəfsə Zəngəzur tərəfə ən yaxın kənddi.  Düşmən qızıl mədəni tərəfdə, biz isə dağın təpəsində üz-üzə dayanmışdıq. Burada ilk işim hamam təşkil etmək oldu. Postdan aşağı primitiv şəkildə də olsa, hamam düzəltdik. Əsgərlərin təmizlik işlərini sərt şəkildə qaydaya saldım. Səngərdə atəşdən qorunmaq üçün, müdafiə üçün yığılan qum kisələri çox primitiv şəkildə, demək olar ki, tam yararsız idi. Endik, aşağı kəndlərdən çimlər yığıb kisələrə doldurduq, presləyib möhkəmləndirdik və səngərdə təlimata uyğun düzdük. Ərəfsədə ermənilərin hücumunu uğurla dəf etdik. Ulu öndər Heydər Əliyev o zaman Naxçıvanda Ali Məclisin sədri idi, telefonla zəng edib mənə növbədənkənar hərbi rütbə verdiyini və təşəkkürünü bildirdi. Qış düşəndə dağda qalmaq mümkün olmadı. Düşmən tərəf də mövqeyini tərk edib getmişdi. Böyrəklərim  xəstəlik tapmışdı, bərk ağrıyırdı.

Mənimlə birgə döyüşlərdə olan yoldaşlarımın çoxu "Müharibə veteranı" vəsiqəsi və müavinət almağa başladı. Mən imtina etdim. Necə ala bilərdim o müavinəti: Nə etmişdik axı? Torpaqlar əsarətdə, qız-gəlinlərimiz əsirlikdə, Xocalı kimi qan verən yaramız var. Nə o vəsiqəni, nə də müavinəti aldım, imtina etdim.

Universitetə qayıdıb təhsilimi davam etdirməyə başladım. Tələbə vaxtından evdə işləyir, qohum-qonşuları, yaxınları müalicə edir, təcrübə toplayırdım. Əslində bu sənət bizdə nəsildən-nəslə irsən keçib, yəni yad deyil. Nəhayət, 1993-cü ildə universiteti bitirdim, bir il də interna.

4 nömrəli poliklinikada ixtisasıma uyğun işə düzəldim. Bir müddət işləyəndən sonra ərizə yazıb işdən çıxdım: biznes işi çox cəlb edirdi. Biznesdə də sonacan  qalmadım, ixtisasımdan tam uzaqlaşmaq istəmirdim. Sonra özəl stomatoloji klinika açıb yenidən işimi davam etdirdim. Bakıda özəl stomatoloji klinika açan ilk adamlardandım.

Qulağım səsdə, döyüşün başlanmasını gözləyə-gözləyə işimə davam edir, fəaliyyətimi genişləndirirdim.

General Polad Həşimovun cəbhədə vurulması xəbərini eşidəndə Bakıda idim.  Şəhidlər xiyabanında generalın dəfnində iştirak edən mülki vətəndaşlardan biri də mən idim.

 

(Ardı var)

HƏCƏR

525-ci qəzet.- 2023.- 24 yanvar.- S.13.