Məmməd Cəfər Cəfərovun bədii
irsinin təbliğinə töhfə
Akademik Məmməd Cəfər Cəfərovun "Bədii
əsərləri" çapdan çıxıb. Kitabın tərtibçisi
və ön sözün müəllifi akademik İsa Həbibbəyli,
redaktoru professor Tahirə Məmməddir.
Annotasiyada qeyd edilir ki, "kitabda ilk dəfə görkəmli
elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun
müxtəlif janrlarda bədii əsərləri oxuculara təqdim
olunub.
Toplunun nəsr
əsərləri, memuarlar, dram əsərləri, səhnəciklər,
poeziya və publisistika bölmələrində 10 hekayə,
"Molla Nəsrəddin" guşəsi (yumoristik
miniatürlər) adı altında 9 miniatür, 4 novella, 2
povest, "Xatirələr" adlı memuar, 2 dram əsəri,
"Bəhlul və Nəsrəddinin söhbəti"
adı ilə 10 səhnəcik, 5 şeir, 1 poema və 4
publisistik yazı verilib.
Akademik İsa Həbibbəyli "Görkəmli elm
xadiminin bədii yaradıcılığı" adlı
geniş ön sözündə Məmməd Cəfər Cəfərovu
humanitar və ictimai elmlərin universal bilicisi, görkəmli ədəbiyyatşünas-alim
və şəxsiyyət kimi təqdim edib. Onun ədəbi
irsini xüsusi bölmələr üzrə səciyyələndirib.
Məmməd Cəfər bədii
yaradıcılığa məktublarla başlayıb. "Xatirələr"
memuarından məlum olur ki, 17 yaşında "İlhamla
yazılmış məktublar" (1926) adlı ilk
yazısını yazıb. 1928-ci ildə
Ruhulla Axundova yazdığı ərizəsində təhsil
almaq arzusunu şeirlə ifadə edib. İstəyi
müsbət qarşılanıb, o, pedaqoji texnikuma, sonra
Pedaqoji İnstituta qəbul edilib.
Məmməd Cəfər "Kündəgir"
imzası ilə şeirlər yazıb, ilk dəfə
"İşçi-kəndli müxbiri" məcmuəsində
çap etdirib. Şeirlər, əsasən, məhəbbət
mövzusunda yazılıb, lirik, romantik mətnlər olub,
onlar süjetlidir ("Qız və atlı", "On
üç yaşlı gəlin"...).
Məmməd Cəfərin sevdiyi Ceyran adlı həkim
qıza (1936) yazdığı şeiri - mənzum məktubu
da olub. Şeirin mətni "Xatirələr"
memuarında verilib.
"Bir mənzum məktuba cavab" poemasını
İsa Həbibbəyli arxivindən üzə
çıxarıb. "Poema məzuniyyət vaxtı Yaltada
istirahətdə olan müəllifə
çalışdığı elmi tədqiqat institutundan
şeirlə yazılmış mənzum məktuba cavab şəklində
qələmə alınıb". Müəllif
bir institutdakı elmi mühitin real mənzərəsini bədiiləşdirib.
Poemanın əsas olan variantı natamamdır. Lakin əldə
olunan variant əsərin ideya-məzmunu haqqında ümumi təəssürat
yaradır. Müəllifin poemaya romantik
baxışı da ifadə olunub. Poema 30
avqust 1960-cı ildə yazılıb. M.C.Cəfərov,
əsasən, çalışdığı, bələd
olduğu elmi mühitdən, alimlərin həyatından
mövzular alıb. Əsərdə Ədəbiyyat
İnstitutu əməkdaşının portreti, onların səciyyəvi
cizgiləri canlandırılıb.
Məmməd Cəfər Cəfərov epik və dramatik
əsərlər müəllifidir. O, bu mətnlərində yeri gəldikcə
lirik şeir parçalarından da istifadə edib.
Müəllif "Əntiqə adamlar"
kitabını 1981-ci ildə çap etdirib. Yazıçının
yaradıcılığında nəsr əsərləri
davamlı yer tutub. Bunlar, əsasən,
1946-1948-ci illərin yazılarıdır. "Ədəbiyyat
qəzeti"ndə işlədiyi illərin. Yazıçı qəzetin "Satira
süngüsü", "Molla Nəsrəddin" guşələrində
verdiyi satirik-yumoristik hekayələri, səhnəcikləri
bir kitaba yığıb. Bunlar müxtəlif
imzalarla olub, 1981-ci ilə qədərki yazıları əhatə
edir ("Etiraf", "Şalvar", "Qızdır, ya
oğlan", "Hörmət və artıqlaması ilə",
"Metronun əxlaqı" və s.). Kitabda
"Müəllifin bir neçə sözü" adlı
müqəddiməsi də verilib.
İsa Həbibbəyli
Məmməd Cəfərin nəsr əsərlərini janr
baxımından 5 qismə ayırıb: hekayələr,
novellalar, yumoristik miniatürlər, povestlər, xatirələr.
O,"Əntiqə adamlar"dakı
"Nigarançılıq", "Şalvar", "Dəvətnamə",
"Qızdır, ya oğlan" yazılarını novella
hesab edib. Hekayə və novellalarda köhnəliklə
yeniliyin müqayisəli təqdimi verilib.
M.C.Cəfərov
"Qayanın dibində", "Qeybalının dostuna məktubu",
"Metronun əxlaqı", "Sehrli palto", "Zənbillər",
"Bir yüngülvari səhv", "Dana əti",
"Hörmət və artıqlaması ilə",
"Şalvar", "Atıcı İlyas" və
başqaları, habelə, "Qurban və Mansurov" povestində
başlıca meyar düşündürmək, tərbiyə
etməkdir.
"Atıcı İlyas" sənədli-publisist hekayədir. İlyas
İsmayılovun İkinci Dünya müharibəsindəki qəhrəmanlığından
bəhs edir. Əsər oçerk təsiri
bağışlayır.
Məmməd Cəfərin hekayə və povestləri, əsasən,
yumoristik plandadır, bununla belə, bunların satirik-yumoristik
səciyyəli olanları da vardır. Bu hekayələr
üçün yumoristik gülüş əsasdır.
İ.Həbibbəyliyə görə, "Onun
"Əntiqə adamlar" kitabındakı "Molla Nəsrəddin"
guşəsində verilmiş hekayələr janr
baxımından yumoristik miniatürlərdən ibarətdir".
Kitabdakı yumoristik miniatürlər sırasında
"Molla Nəsrəddin məsləhətləri" adı
ilə mətnlər də verilib. Bu məsləhətlər
didaktik ruhlu yox, gülüş doğuran, yumoristik səciyyəli
olanlardır ("Zəlzələ", "Dostum Məstavərliyə",
"İki nəfər və yeddi nəfər" və s.).
Məmməd
Cəfər nəsr əsərlərində "Molla Nəsrəddin",
"M.Nəsrəddinov", "M.N"
"M.Zeynaloğlu", "Zurnaçı", "Zorən
təbib", "Dəmdəməki" imzalarından
istifadə edib.
M.C.Cəfərov uzun müddət xatirələrini
yazıb. Vaxtilə İsa müəllimə köhnə bir dəftər
göstərib, memuar yazdığını bildirib. İ.Həbibbəyli də görkəmli alimin
akademiyada, Naxçıvan universitetində keçirilmiş
70 və 80 illik yubileylərində ustadıyla bağlı xatirələrini
yada salıb. O, "Xatirələr"dən
seçilmiş parçaları "Azərbaycan",
"525-ci qəzet" və "Ədəbiyyat qəzeti"ndə,
habelə, 2010-cu ildə tam halda Bakıda
"Çaşıoğlu" mətbəəsində
çap etdirib.
"Xatirələr" alimin tale romanıdır. İ.Həbibbəyli
yazır ki, "Xatirələr" memuarı adi əhvalatlar
və yaddaqalan xarakterlər romanıdır". "Xatirələr" memuarında M.C.Cəfərovun
uşaqlıq və gənclik illərinin çətin və
məşəqqətli hadisələrindən tutmuş, XX əsrin
50-ci illərinin sonlarına qədərki hadisələr
öz əksini tapıb. Sistemli kompozisiyası
olan bu əsərdə ailə-məhəllə,
bazar-dükan mühitindən məktəb-ali təhsil,
elmi-ictimai və ədəbi-mədəni həyat istiqamətlərinə
qədər bir çox mühüm hadisələr və mətləblər
özünə yer tapıb. Eyni zamanda
"Xatirələr"də XX əsrin 30-50-ci illərinin
elmi-ədəbi prosesləri də geniş şəkildə
işıqlandırılıb".
Əsər
M.C.Cəfərovun tərcümeyi-halı, mühiti və
müasirləri, həyata, ədəbiyyata baxışı
haqqında olub, dərzi, papaqçı, çörəkçi,
usta şagirdi, qonşular və qohumların obrazını
özündə ehtiva edib.
Əsərin I hissəsi "Naxçıvan xəbərləri"
adlandırılıb. XX əsrin əvvəllərindən
1931-ci ilə qədərki dövrün hadisələridir.
Bu hissədə XX əsrin əvvəllərindəki
Naxçıvanın real mənzərəsi
canlandırılıb.
II hissə "Bakı xatirələri" adlanır. Burada
memuaristin ADPİ-dəki təhsil illəri, müəllimləri,
tələbə yoldaşları, elm və maarifçilik sahəsində
xatirələri, müəllimlik və qəzetçilik fəaliyyəti,
"Ədəbiyyat qəzeti"nə verdiyi yüksək
qiymət ifadəsini tapıb.
"Xatirələr" alimin sağlığında
kitab halında çap edilməyib. İ.Həbibbəyli
səbəbini belə aydınlaşdırır ki, yazılar
"AXC-yə, 37-ci il hadisələrinə, repressiya prosesinə,
görkəmli alimin müasirləri olan bir sıra
tanınmış şəxsiyyətlərə dair bəzi
ciddi mətləbləri əhatə etdiyinə görə"
müəllif onları çap etdirməkdən
ehtiyatlanıb.
M.C.Cəfərov ilk pyesini 1926-1927-ci illərdə
yazıb. Yazıçının hər iki pyesi bizə gəlib
çatmayıb.
M.C.Cəfərovun yumoristik səhnəcikləri də
var ("Orası doğrudur", "Bəhlul və Nəsrəddinin
söhbəti", "Yuxu bişirənlərin yol söhbəti,
yaxud Tağı və Nağı" və s.).
İ.Həbibbəyliyə görə, 1965-1991-ci illər
M.C.Cəfərovun bədii
yaradıcılığının III mərhələsidir. "Get
dolangilən, xainsən hələ" tragikomediyası 1965-ci
ilin, "İnsanlar və talelər" kinodramı 1975-1991-ci
illərin bədii yaddaşıdır. Birinci
pyes 4 pərdəli, 7 şəkilli olmaqla "Molla Nəsrəddin
guşəsində" başlığı ilə verilib.
Əsərdə sovet cəmiyyətinin içəridən
çürümə prosesi göstərilib. İ.Həbibbəyli
vurğulayır ki, "M.C.Cəfərov "Get dolangilən,
xainsən hələ" əsərini komediya adlandırsa
da, pyesin ideya-məzmunu, konfliktin xarakteri, ictimai mühitin faciəvi
hallarının təqdimatına işıq salınması əsərin
tragikomediya janrında yazıldığını göstərir. "Get dolangilən, xainsən hələ"
pyesi elmi mühitin komediyasını, təsvir edilən
dövrün və haqqında danışılan cəmiyyətin
faciəsini əks etdirir".
Akademik
İ.Həbibbəyli hesab edir ki, M.C.Cəfərovun
"İnsanlar və talelər" kinodramı C.Məmmədquluzadə
- "Molla Nəsrəddin" mövzusunda yeni mərhələdir,
Mirzə Cəlilin həyatı və mühiti haqqında ilk
kinodramdır. Bu əsərdə C.Məmmədquluzadə,
Ö.F.Nemanzadə, Ü.Hacıbəyli, Ə.Hüseynzadə,
F.Köçərli, Ə.Nəzmi, Ə.Qəmküsar, Həmidə
xanım Məmmədquluzadə, Əbülfətxan Ələvi
və başqalarının obrazı yaradılıb. Əsər Cəlil Məmmədquluzadənin 30 illik
həyatının ensiklopediyasıdır. Pyes yazıçının silahdaşı Həmidə
xanımın ağır və tənha həyatı, onun
yanıqlı taleyinin təsviri ilə başa çatıb.
Əsərin sonunda Hüseyn Cavidin "Xəyyam"
əsərindən 6 misralıq parça verilib. Pyesin yazılışı zamanı ədəbi-tarixi
mənbələrdən, dövri mətbuat materialları və
memuar ədəbiyyatından istifadə edilib.
Kinodram 2009-cu ildə Naxçıvanda, "Əcəmi"
nəşriyyatında çapdan çıxıb. 2012-ci ildə isə C.Məmmədquluzadə
adına Naxçıvan Dövlət
Musiqili Dram Teatrında tamaşaya qoyulub.
Məmməd Cəfər Cəfərov XX əsrin
40-cı illərində publisistik fəaliyyətə
başlayıb. Yazılarında, əsasən, İkinci
Dünya müharibəsi dövrünün hadisə və
insanlarını əks etdirib. Onun Həzi
Aslanova həsr etdiyi "Vətən qəhrəmanı"
(1944) oçerki də müharibə dövrünün
yazılarındandır. Həzi Aslanova
Sovet İttifaqı Qəhrəmanı adının verilməsi
münasibətilə yazılıb və "Vətən
uğrunda" jurnalında çap olunub. "Generalın
tabutu önündə" məqaləsi də qəhrəmana,
"Bəşəriyyətin ən qorxulu düşmənləri"
məqaləsi isə faşizmin ifşasına həsr edilib.
"Qələbə bizimdir", "Səlib
yürüşü baş tutmadı",
"Üçüncü imperiyanın səbəbləri",
"Almaniya, geriyə, Almaniya çəkil",
"Xalqların birləşmiş iradəsi" məqalələri
də müharibə mövzusundadır.
M.C.Cəfərov
elm, ədəbiyyat və incəsənət məsələlərinə
aid publisistik yazılarında müəllifidir ("Tənqidşünas
özünün yaradıcılıq planları
haqqında", "Söz ustalarının böyük vəzifələri",
"Müəllimlik mədəniyyəti",
"Mühüm vəzifələr", "Dissertasiya
yazanlara "Molla Nəsrəddin" nəsihəti",
"Bəstəkarın arzuları", "Yeni il
arzuları", "Qəzet də bir məktəbdir" və
s.).
Akademik İsa Həbibbəyli hesab edir ki, Məmməd Cəfər
Cəfərov ədəbiyyatımızda intellektual bədii nəsr
və dramaturgiyanın yaradıcısıdır. Alim bədii materialları
qoruyub ona çatdırdığına görə, alimin
bacısı qızı, professor Ulduz Həşimovaya
təşəkkür və minnətdarlığını
bildirib.
Məmməd Cəfər Cəfərovun yeni kitabı
xeyirxahlıq, qədirşünaslıq nümunəsidir. Akademik İsa
Həbibbəylinin ustadına sədaqəti və borcu, bədii
fikrin inkişaf tarixinə hörmət və
sayğısı, habelə, nüfuzlu Ədəbiyyat
İnstitutunun korifeyləri və onun şərəfli ənənələrinə
ehtiramının ifadəsidir.
Əlizadə ƏSGƏRLİ
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu baş direktorunun müşaviri, filologiya elmləri
doktoru
525-ci qəzet.- 2023.- 24 yanvar.- S.12.