"Mənim bu dünyaya qaynamaz
qanım..."
Mənim arxivimdəki bir çox məktublar arasında
Hüseyn Kürdoğlunun indiyə qədər çap
olunmamış bir şeiri də var və o şeiri oxuculara təqdim
etməzdən əvvəl, Hüseyn haqqında bir neçə
söz demək istəyirəm.
Bu
kiçik yazını başlayarkən "60-cılar"
deyilən ədəbi nəsldən əvvəlki nəslin -
1950-ci illərin ikinci yarısında ədəbiyyata gəlmiş
yalnız Hüseyn yox, onun həmnəsli olan Əli Kərim,
Məmməd Araz, Cabir Novruz, Tofiq Bayram, Xəlil Rza, Famil Mehdi,
Sərdar Əsəd... bir-bir xatirəmdə
canlandı və doğrusunu deyim ki, bu rəhmətliklərin
canlı surətləri bir tərəfdən dünyanın
faniliyindən deyirdisə, o biri tərəfdən də onlar
mənim nəzərimdə sırf insani hiss-həyəcanlar
baxımından, elə bil, bir ailənin mənəvi
saflığı içindəydilər.
Mənəvi saflıq isə, bildiyimiz kimi, poeziyanın əsas
tərəf-müqabili, həm də süzgəcidir.
Hüseyn o şairlərdən biri idi ki, şəxsiyyəti
ilə poeziyası arasında üzvi eynilik var idi - o, nə qədər
sadə, səmimi, mehriban və xeyirxah idisə, poeziyası da
o dərəcədə iddiasız, bəzək-düzəksiz,
istiqanlı idi və yalanı yox, doğrunu yazırdı. Onun tərənnümü
ide-oloji (yalançı, saxta) tərənnümdən uzaq idi
və o, bu tərənnüm ilhamı dağlardan, meşələrdən,
bulaqlardan alırdı.
Mən 1965-ci ildə aspiranturaya daxil oldum və o zaman rəhmətlik
Yaşar Qarayev Nizami ad. Ədəbiyyat və Dil İnstitunda ədəbiyyat nəzəriyyəsi
şöbəsində (Məmməd Cəfər müəllimin
şöbəsində!) kiçik elmi işçi idi və
Hüseynlə də məni o, tanış
etmişdi. Yaşarla Hüseyn universitetdə bir yerdə
oxumuşdular, yaxın dost idilər və elə yeri
düşmüşkən deyim ki, Yaşar da ürəyi tərtəmiz
bir insan idi, onların dostuqlarının da təməlində,
elə bilirəm ki, elə həmin təmizlik dururdu.
Bizim
Hüseynlə tanışlığımız sonrakı illərdə
səmimi və isti bir münasibətə çevrildi və
mən deyə bilmərəm ki, biz tez-tez
görüşürdük, danışırdıq, ancaq bu
gün mən onun haqqında dediklərimi bir dost hisslərinin
ifadəsi kimi yazıram. Elə bilirəm ki, onun
"Yaralı torpağım, yaralı sevgim" kitabına
yazdığı belə bir avtoqraf bizim münasibətlərimiz
barədə az söz demir: "Gözəl
yazıçı, nəcib insan, ədəbiyyatımızın
şah zirvələrindən biri dədə İlyas yadigarı
əziz Elçinə şair töhfəsi. Hüseyn
Kürdoğlu. 15. 6. 98."
Bu cəhəti
də qeyd etmək istəyirəm ki, indicə adlarını
çəkdiyim qələm sahibləri ilə bərabər,
Hüseyn Kürdoğluyla da İlyas Əfəndiyev
arasında böyük-kiçikliyə, hörmətə,
etibara söykənən səmimi bir münasibət var idi və
1984-cü ildə İlyas Əfəndiyevin 70 illik yubileyi
zamanı ona həsr olunmuş şeirlərdən birini də
Hüseyn yazmışdı.
"Yüz
il yaşamağa haqqın var sənin" adlı həmin
böyük və doğma koloritli şeir belə bir bəndlə
başlayırdı:
Bələyə
bükəndə səni Qarabağ,
Bir qartal lələyi taxdı qundağa.
Qəlbinə
od verdi halal bir ocaq,
Bir gün iməkləyib qalxdın ayağa.
Baxtını
yazmışdır o dağlar sənin,
Yüz il yaşamağa haqqın var sənin!
Mən "doğma kolorit" ifadəsini ona görə
işlətdim ki, Qarabağ dağlarının ab-havası həmişə
İlyas Əfəndiyevlə birlikdə idi və Hüseynin də
o şeiri elə bu ab-hava ilə yazılmışdı. O da yaxşı
yadımdadır ki, İlyas Əfəndiyev 1996-cı il oktyabrın 3-də vəfat etdikdən sonra
Hüseyn sidq-ürəkdən gələn bir kədərlə
başsağlığı verəndə necə doluxdu və
tələsik üzünü çevirib, uzaqlaşdı.
"Mənim
bu dünyayla yoxdu aram" - deyən Hüseyn
Kürdoğlunun öz dünyası var idi və həmin
dünyada o, çox həssas idi, bircə yarpağın belə
onun qəlbində öz yeri var idi:
Səhər-səhər
şeh düzümü boynunu əyən
Göy otların yarpağı da titrədir məni.
O, "Mənim
bu dünyaya qaynamaz qanım" - deyirdi və onun bir şair
kimi "fikrə daldığı" yer, məskən də
"dağ döşü" idi. Onun üçün
kainata aparıb çıxaran yol belə, təbiətdən,
daha konkret desəm, Qarabağdan, indiki halda Şuşadan
keçirdi:
Şuşa
yoxuşunun yeddi qat yolu,
Bəlkə elə budur kainat yolu?
O, ən
yaxşı şeirlərində təbiəti fotoqraf kimi yox,
həmin "dağ döşündə fikrə dalan" rəssam
kimi görürdü:
Bulud
dağ çiynində yapıncı kimi,
Hər təpə
bir çoban balıncı kimi...
Dünya ilə arası olmayan, dünyaya qanı
qaynamayan Hüseyn Kürdoğlu bu dünya-dakı ədalətsizliyi,
rəzaləti, xəyanəti görürdü və
özünü görməməzliyə vurmurdu. O:
Çiçəyə
həmdəm an,
Sızıldar dəm-dəm an.
Mənim
bağrımdan keçir
Dünyanın
qəm damarı...
- deyirdi və buna görə də dəruni
hisslərlə vətəninə, xalqına, dilinə
bağlı bir şair kimi milli problemlərə biganə
deyildi, əksinə, bu problemlərə də o, eyni həssaslıqla
yanaşırdı.
1987-ci ilin sonlarında Xarici Ölkələrdə
Yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr
Cəmiyyəti - Vətən Cəmiyyəti yarandı (Ermənistanda
belə bir Cəmiyyət 1940-cı illərdən fəaliyyət
göstərirdi, sonralar nazirliyə çevrildi) və mən
də sədr seçildim. Biz qısa bir zamanda Cəmiyyətin
mətbu orqanı "Odlar yurdu" qəzetinin
tirajını 300000-ə (üç yüz minə) qaldırdıq
və mühüm cəhətlərdən biri də o idi ki,
dünyaya səpələnmiş azərbaycanlıların
oxuya bilməsi üçün, "Odlar yurdu"nu
üç qrafika - kiril, latın, ərəb - ilə nəşr
edirdik, hər gün də Avstraliyadan tutmuş Latın
Amerikasınacan müxtəlif ölkələrdən onlarla məktub
alırdıq.
İlk dəfə
Fətəli xan Xoyskinin oğlu, ABŞ-da yaşayan Zahid xan
Xoyskidən tutmuş Bakı milyonçuları Musa
Nağıyevin və Şəmsi Əsədullayevin nəvəsi,
Fransada yaşayan yazıçı Baniyə (Ümməlbanuya),
yaxud Əli bəy Hüseynzadənin oğlu rəssam Səlim
Turana qədər onlarla, daha sonralar isə yüzlərlə
həmvətənimizlə, Fevzi Aküzüm, Məhəmməd
Gəngərli, Əhməd Qaraca, Cəmil Ünal, Yəhya
Daşdələn və bu kimi siyasi xadimlərlə, eləcə
də sırf siyasi təşkilatlar olan Azərbaycan Milli
Şurası və Azərbaycan Mədəniyyət Dərnəyi
ilə, müxtəlif ölkələrdəki başqa diaspor
dərnəkləri, təşkilatları ilə əlaqələr
yaratdıq - "Odlar yurdu" bütün bunlar barədə
materiallar dərc edir, sənədlər tapıb ortaya
çıxarırdı. Bir sözlə, sovet dönəmində
nəşr olunan "Odlar yurdu" qəzeti, əslində, gəmidə
oturub, gəmiçiylə dava edirdi və təfərrüata
varmadan, deyim ki, heç bir ideoloji-inzibati həmlə və
qorxu, müxtəlif qüvvələrin yaratdığı
şayiəçilik, dedi-qodu redaksiyamızın Ramiz Əsgər,
Abid Tahirli, Vaqif Bəhmənli, Rafiq Hacıyev kimi əməkdaşlarını
çəkindirmirdi, onlar eyni əzmlə
çalışırdılar.
Biz
dünya informasiya agentlikləri ilə, BBS,
"Azadlıq", "Amerikanın səsi" kimi
radioqovşaqlarının Azərbaycan redaksiyaları ilə əlaqələr
yaratdıq və 90-cı ilin yanvar qırğınından
sonra həm teleks, həm də "Odlar yurdu" vasitəsiylə
Azərbaycan həqiqətlərini xarici ölkələrə
çatdırdıq. Şeyxülislam Allahşükür
Paşazadənin bəyanatını teleks ilə yaydıq və
Pakistanın o zamankı Baş naziri Benəzir Buxutto bu bəyənata
əsaslanaraq 20 yanvar qırğınına etirazını
bildirdi, yaxud ABŞ konqresinin Con Mudi kimi məşhur və
nüfuzlu üzvünü Bakıya gətirə bildik və
konqresmen Mudi ilk sanballı xarici siyasi xadim oldu ki, yanvar şəhidlərinin
məzarlarını ziyarət etdi, ABŞ-da da öz
sözünü dedi.
Azərbaycan
Demokratik Respublikasının qurucularının fotosundan və
onların haqqında yazılardan, Parlamentin fəaliyyətindən
tutmuş Məhəmməd Əmin Rəsulzadənin Stalin
haqqında xatirələrinəcən bir çox
materialları ilk dəfə "Odar yurdu"nda dərc etdik
və bu qəzetin sayəsində yüzlərlə həmvətənimiz
bir-birini tapdı, bir-biri ilə yazışdı,
görüşdü. Adlarını çəkdiyim Məhəmməd
Gəngərli, Əhməd Qaraca və Cəmil Ünal kimi
siyasi-ictimai xadimləri, professor İren Məlikova (Fransa),
professor Turxan Gəncəyi (İngidtərə), professor
Şapur Ənsari (ABŞ) kimi məşhur elm xadimlərini, rəssamlardan
İbrahim Ehrari, Davud və Əyyub İmdadiyan
qardaşları, fotoqraf Rza Diqqəti (Fransa), müğənni
Yaqub Zurufçu (Almaniya) kimi sənət adamları və bir
çox başqa tanınmış həmvətənlərimizlə
ilk dəfə əlaqə yarada bildik, onları Azərbaycana
dəvət edik, birlikdə keçirdiyimiz tədbirlər,
görüşlər, konfranslar haqqında məlumatlar,
geniş reportajlar "Odlar yurdu"nda çap olundu.
Əli bəy
Hüseynzadə, Əhməd bəy Ağayev, Məhəmməd
Əmin Rəsulzadə, Ceyhun bəy Hacıbəyli, Mirzəbala
Məmmədzadə kimi bizim XX əsr ictimai fikir tariximizin
görkəmli simalarının, Qurban Səid (Əsəd bəy),
Banin (Ümmülbanu), Almas İldırım və
başqaları kimi qələm sahiblərinin irsinin
axtarılması və tapılması, tədqiqi və təbliği
sahəsində də "Vətən" Cəmiyyəti, o
cümlədən də, "Odlar yurdu" qəzeti ciddi rol
oynamışdı.
Mən bu qısa yazıda "Odlar yurdu" və
ümumiyyətlə 1988-92-ci illərdə "Vətən"
Cəmiyyətinin fəaliyyəti, yeni dövrdə milli
şüurun formalaşmasındakı rolu barədə
söhbəti uzatmaq istəmirəm, sağlıq olsun, bu,
ayrıca bir kitabın mövzusudur və mən özüm bu
kitabı yaza bilməsəm, tamam əminəm ki, gələcəkdə
bu barədə tədqiqatlar aparılacaq, kitablar yazılacaq.
Hüseyn Kürdoğlu da bizim o görkəmli şairlərimizdən,
ziyalılarımızdan biri idi ki, "Vətən" Cəmiyyətinin
fəaliyyətini cani-dildən alqışlayır və
"Odlar yurdu" qəzetinin nəşrini yüksək qiymətləndirirdi.
Arxivimdəki indiyəcən çap olunmamış həmin
şeiri olduğu kimi oxuculara təqdim edirəm.
CANIM-GÖZÜM
ELÇİN
Canım-gözüm
Elçin, bu Yer üzündə
Bir
sönməz od olsun "Odlar yurdu"muz.
Vətənə
yön tutan didərginlərə
Polad qanad olsun "Odlar yuru"muz.
Səyirtsin
Qıratı, hər yana çapsın,
Ac qurdun ağzından Yusifi qapsın.
Doğmalar
harda var axtarsın, tapsın,
Əsil övlad olsun "Odlar yurdu"muz.
Mil
çəksin gözünə gözünə müxənnəslərin,
Duysun ağrısını qərib səslərin.
Qürbət
acısını görən kəslərin
Ağzında dad olsun "Odlar yurdu"muz.
Ağır
qəm yükündən yorulmuşlara,
Dilinə
kilidlər vurulmuşlara,
Həsrətdən
dodağı yarılmışlara
Əlac, imdad olsun "Odlar yurdu"muz.
Dönsün
bir soğulmaz el bulağına,
Axsın könüllərin ümid bağına.
Çalsın
külüngünü hicran dağına,
İgid Fərhad olsun, "Odlar yurdu"muz.
Sözü
alay-alay düzdükcə səfə,
Oxları ortadan dəysin hədəfə.
Əslinə
xor baxan hər naxələfə
Həmişə yad olsun "Odlar yurdu"muz.
Alnında
Vətənin müqəddəs adı,
Qəlbində kükrəsin bir yaz gürşadı.
Canım-gözüm
Elçin, sənsən ustadı,
Gərək ustad olsun "Odlar yurdu"muz.
Mən bu yazını Hüseyn Kürdoğlu ilə
başladım və elə onunla da bitirmək istəyirəm.
Qarabağın işğal olunması, "yaralı
torpaq", Laçının namərd tapdağı
altına düşməsi, camaatın min bir məşəqqətə
düçar olması, əlbəttə, Hüseynin
bağrından keçirdi və yazdıqlarından
açıq-aşkar görünür ki, onun həssas təbiəti
bu müsibətə dözə bilmirdi. Qarabağla
bağlı törədilən işğalçı cinayət
həmin səbəblərdən biri idi ki, Hüseynin
"dünyaya qanı qaynamırdı" və o, bu
misraları yazmaqdan başqa nə edə bilərdi?
Biçarə
Kürdoğlu, ah çəkib, inlə,
Bu qanlı dövranın hökmünü dinlə.
- deyən şairin arzuladığı da bu olurdu:
Gözlərim Laçını görəydi bir də...
Mən tamam əminəm ki, onun faciəli ölümünün bünövrəsindəki dözülməz ağrılardan bir mühümü də bu arzunun nisgili idi və bu yazını da o böyük təəssüf hissi ilə bitirirəm ki, Hüseyn Kürdoğlu 44 günlük Zəfəri görmədi, bu böyük Qələbənin şahidi olmadı.
27 dekabr 2022
Bakı
ELÇİN
525-ci qəzet.- 2023.- 24 yanvar.- S.11.