"NÜVƏ BAŞLIĞI" VƏ YA FAİTES-EN BON USAGE  

 

 

Yazının nüvəsi - onun başlığıdı. Odur ki, sərlövhəyə "nüvə başlığı" da  demək olar. Mən deyirəm...

 

lll

 

Yer Göyə göndərir:

 - Raket,

   Tüstü,

   Zəhər...

Göy Yerə göndərir:

- Ay işığı,

Günəş şüası,

Bərəkət yağışı,

kasıb daxmasını evə döndərən Bəyaz qar...

Yerin Göyə göndərdiyinə bax!

Göyün Yerə göndərdyinə bax!

Yerlə Göy arasında Yerlə Göy qədər fərq var!

Bunu yazandan 2 gün sonra şəhərə qar yağdı...

 

lll

 

2 gün demişkən. Fikir vermisizsə, adamlar cəmi 2 gün sevinir həyatda. 1 yanvar 31 dekabr günləri. Cəmi 2 gün! 5 günlük dünyada 2 gün şadlanmaq pis göstərici sayılmamalıdı, məncə...

Yanvar - təqvimin "ətli" yeridi, dekabr - "cecəyi". İlin son günlərini çoxu "cecəyinə" kimi sümürür. Dekabrdan yanvara təkcə 1 yaş yekəlmirik, həm , ən azı, 1 kilo kökəlirik. Həkimlər bayram süfrəsindən sonra idman eləməyi məsləhət görür. İngilis Çörçill deyib ki, "mən bu yaşa çatdığıma görə idmana borcluyam, çünki ömrümdə onunla məşğul olmamışam". Bizim Oqtay Rza deyirdi ki, "tay-tuşlarım səhər durub qaçanda mən oturub xaş yeyirdim. Onlar qaçmaqdan yorulub öldülər, mən hələ öz yerimdə oturmuşam..." Bəlkə heç biri belə söz deməyib, amma bu yazıda yerinə düşdü. Hər ikisinə rəhmət oxuyuram. Onlar da həkimə qulaq asmayıblar. Bizimki dietoloqdu. Hər evdə var. Bizdə bir dənədi. Adam var, 3 dietoloq saxlayır: birini mətbəxdə, birini qonaq, birini yataq otağında. Televizoru deyirəm. bax, ondan sonra qədər yesən , çəkin artmayacaq! Teleşirkət rəhbərləri, maşallah, hamısı formadadı. Birinin forması normanı da keçib, deyəsən, çox baxır televizora. Proqramların hamısının adı Bazardı. Aparıcıların hamısının adı Ayzardı. O gün birini mən izlədim. Tamaşaçılar hamısı gülürdü. Məndən başqa. Axırda şougöstərənin biri çıxdı irəli, başladı milli mentalitetdən məruzə oxumağa. Onda hamı ciddiləşdi. Mən güldüm...

 

lll

 

Gülmək demişkən. Uşaq doğulanda ağlayar. Adəmdən bəri belə görünüb. Bəşər övladının bircəciyi anadan olanda gülüb - Zərdüşt peyğəmbər! Deyilənə görə, əslən azərbaycanlıdı. Zərdüşt peyğəmbər dünyaya gələndə gülməklə inqilab eləyib, ilahi qaydanı pozub. Görünür, biz ona çəkmişik gülməkdə. Amma bizim gülüşümüz, qaydanı bilmirəm, kefimizi pozur. Təkcə şou pozsaydı, nə vardı...

Adam var:

yay tətilini Skandinaviya meşələrində marallarla keçirir,

qış tətilini Cənubi Amerika karnavallarında ceyranlarla,

sonra da TV- çıxıb deyir:

Azərbaycanın yayına da qurban olum, qışına da,

tamaşaçılar da onun vətənpərvərliyinə baxıb kövrəlirlər...

Hətta eləsini sənə nümunə göstərmək istəyənlər tapılır.

Onlara qızıl qaydanı xatırladıram:

imkan ver, sənə hörmət eləməsinlər,

amma imkan vermə ki, sənə hörmətsizlik eləsinlər!..

 

lll

 

Sərlövhə - manşet - başlıq demişkən. Son vaxtlar erməni lobbisinin verdiyi "başlıq" Fransa mətbuatında Azərbaycanı "ittiham manşetinə" çevirib. Mənsə Parisə (ah, Paris, Paris!) burdan havayı başlıq yollayıram:

BİR AYDAN ÇOXDUR Kİ, LAÇIN-ŞUŞA YOLUNDAKI AZƏRBAYCAN SÜLHMƏRAMLILARI RUSİYA ƏSGƏRLƏRİNİ ERMƏNİ SEPARATÇILARINDAN QORUYUR!

Faites-enbon usage. Yəni sağlıqla işlədin...

 

Qulu AĞSƏS

525-ci qəzet.- 2023.- 24 yanvar.- S.9.