"Musiqiçilər"
XVI əsrin sonu - XVII əsrin
əvvəllərində məşhurlaşan italyan
rəssam Mikelancelo Merisi
adı ilə tanınan Karavaccio 29 sentyabr 1571-ci ildə Cremona
yeparxiyasının kiçik Karavaccio şəhərində anadan olub. Karavaccio rəsm çəkməyi
Simone Peterzano və
Titian kimi rəssamlardan
öyrənib. O, əsərlərində
realistik üslubdan daha çox istifadə edib.
Karavaccio keşməkeşli bir həyat sürüb. Bir çox
mübahisə, cinayət
və davalarda adı hallanıb, bir müddət həbsxanada yatıb.
Daha sonra qaçaq həyat tərzi yaşayıb və 1610-cu il
iyulun 18-də vəfat
edib.
"Bir rəsmin
dedikləri" rubrikasının
budəfəki qonağı
sənətşünas Güləbətin
Əhmədovadır. Güləbətin xanımla məşhur italyan rəssam Karavvaconun "Musiqiçilər"
əsərindən danışmışıq.
- Rəsmin yaranma tarixçəsi haqqında
nə bilirik?
- "Gənclərin konserti" kimi də tanınan bu əsəri Karavaccio 1595-ci ildə çəkib. Karavaccio 24 yaşında italyan kardinal, diplomat Francesko
Maria del Montenin evində çalışmağa
başlayır. Del Monte Romanın ən böyük əsər kolleksiyasına malik bir diplomat idi. O dövrdə kilsə müxtəlif musiqi janrlarını dəstəklədiyi
üçün musiqi
səhnələrinin populyar
olmasından ilhamlanan və musiqiyə də böyük marağı olan Kardinal Del Monte Karavacciodan öz sarayı üçün müxtəlif
rəsmlər çəkməyini
istəmişdi. Bu əsərlərdən biri
də "Musiqiçilər"
əsəridir. Amma Karavaccionun
bu əsərində səslənən musiqilər
qeyri-dini hesab olunur. Bu əsər
rəssamın kətan
üzərində yağlı
boya ilə çəkdiyi, müasir musiqi səhnəsindən
ibarət alleqorik bir təsvirdir.
- Əsərin rəng
koloriti necədir?
- Karavaccio bu əsərdə
işıq-kölgədən istifadə edib və təsviri aranjimanlara dramatik yanaşıb. O, əsərdə
ağ və
qızılı tonlara
üstünlük verib
və bir qədər dramatik görüntü yaradıb.
- Bəs kompozisiya?
- Karavaccionun bu rəsmini əsasən alleqorik rəsm əsəri kimi qəbul edə bilərik. Burada musiqi alətləri,
notlardan ibarət yazılar, ifaçıların
bədən quruluşu
ilə bağlı yüksək realistik detallar var. Həmçinin,
fiqurlar kətanın çox hissəsini doldurur. Oğlanlardan üçü musiqi
ifa edir. Mərkəzi (ortadaki) fiqurun
əlində ud (musiqi aləti) var. Diqqətli baxsaq, fiqurun gözləri yaşlı və qəmgin ifadəsini görə bilərik.
Onun Karavaccionun dostu Mario Minniti olduğu düşünülür. Kornet (17-ci əsrdə, skripka oyununun yayılmasından sonra tədricən yerini itirən bir musiqi aləti)
çalan sağdan ikinci oğlan isə Karavaccionun avtoportretidir. Diqqətli baxsaq,
rəsmin sağ üst hissəsində musiqi alətinin ucunu görə bilərik. Sağdakı oğlan musiqi
partiturası öyrənir.
Soldakı oğlan isə
Eşq Tanrısı Erosu təmsil edir. Ön planda musiqi partituraları olan iki açıq kitab və skripka
var. Karavaccio sanki bu rəsmdə tamaşaçını musiqiçilərə
qatılmağa dəvət
edir.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Karavaccionun bu əsərində muqisi və eşqin harmoniyasını görürük. Həmçinin, eşq ilə birlikdə hüzn və kədər də təsvir olunub. Rəsmdəki əsas fiqurun gözləri dolmuş, qəmgin bir şəkildə musiqi alətini çalmasına və Erosun küt uclu oxlarına diqqət yetirsək, burada ağrılı bir eşqin təsvir edildiyini görə bilərik. Onların səsləndirdikləri mahnı sevginin dərdlərindən bəhs edir.
Aytac SAHƏD
525-ci qəzet.- 2023.- 25 yanvar.- S.11.