Yaşamaq ayrılıqmış...

 

EL AĞSAQQALI, XEYİRXAH İNSAN, DƏYƏRLİ DOST AYDIN HEYDƏROVUN 75 İLLİYİNƏ

 

Bəzən elə məqam yetişir ki, illərlə tanıdığın, hörmət etdiyin, işığına uçunduğun bir insan haqqında ürək sözlərini başqalarına çatdırmağa ehtiyac duyursan. Belə məqamda ad günündən, yubileydən, hər hansı həyati uğurdan gözəl nə fürsət ola bilər axı?!

Bu qış günlərinin birində xəbər tutdum ki, yanvarın 25-də görkəmli Azərbaycan ziyalısı, el ağsaqqalı, xeyirxah insan, dostluğunu özümə fəxr bildiyim Aydın Heydərovun 75 yaşı tamam olur. Daha doğrusu, bir dostum zəng vurub bu xəbəri verəndə xeyli kövrəldim, göz yaşlarımı içimdə boğmağa çalışdım, ilıq nəfəsi ilə təbiəti təzəcə cana gətirən o, ağır yaz səhəri gözlərim önündə canlandı.

2021-ci ilin 3 aprel səhəri... O acı xəbər qulaqlarımı ilan kimi çaldı.., sanki yerimdə donub qaldım. Bir anlıq yuxuda olduğumu zənn etdim. Telefonun uzaq məsafəsindən gələn nisgil dolu səsi hələ də qulağımdan getmir. "Dünən gecə Aydın müəllim rəhmətə gedib..." Nə etmək olardı? Bu, acı həqiqət idi. Amansız ölüm onu "koronavirus" infeksiyasının girdabına salıb aramızdan vaxtsız apardı, ömür qapısı üzünə əbədi bağlandı.

Nə qədər ağır olsa da, gerçəkliyi qəbul etməli oldum və onu tanıdığım illər ərzində düşüncəmdə formalaşan portretini öz cizgilərim və rənglərimlə təqdim etmək qərarına gəldim.

İnsanların taleyi, bu dünyada onların payına düşən qisməti haqqında nə qədər kəsərli söz deyilib, fərqlənmək inadı bu variantlardan birinin təkrarından başqa bir şey olmaz.

Dünya fırlandıqca, taleyin təkəri döndükcə uşaqlıqdan qocalığa qədər keçən günlərimiz ani olaraq qarşımıza çıxır, yuxudan ayılmış kimi oluruq. Bəzən rəqəmlər, bəzən də hərflər gözəgörünməz bir qüvvənin əliylə ixtiyari yerdəyişmə edir, taleyin sərt oyunları qarşısında dayanmalı oluruq. Taleyin təkəri, bu çərxi-fələk irəli getdiyi kimi, eyni zamanda arxaya - keçmişimizə doğru "ləngər vurur", onda bir günün, bir saatın, bir dəqiqənin içində həm yaşlaşır, həm də uşaqlaşırıq. Biz anadan olanda göydə adımıza bir ulduz yanır, sönəcək kimi közərir, ancaq söndüyü andan güc alıb dirənir, dünyada bizə verilən yer işıqlaşır. Közərib sönmək istəyən ulduz artıq sönmüş, gözlərini qapamış, ulduzların qəhrini çəkir, içini çəkib ağladıqca vağam olmuş güllər dirilir, bir yerdə, bir ömürün içində ona yoldaşlıq edəcək ulduzların göz qapaqlarına şeh kimi düşür. Bunu şairlər bilər, hər kəs sevdiyi insanın yumulu gözlərinin içinə şeh kimi düşür. Doğum, ölüm... Rəqəmlərinin bəzən yan-yana olması elə buna görədir, böyük sevginin əzabı, yükü, ağrısı daha böyük olur.

Doğulanda hamımız nağılların içindən gəlirik, öləndə gözlərimizi qapayanda yenə o nağılların içinə dönürük. Bəzən sən gözləyirsən, bəzən səni gözləyirlər nağılların içində. Anadillər də bu nağılların içində yaşayan quşlardır. Səməd Vurğun demişkən, "Qarayazı meşəsində anadil adlı bir quş var, mənim sevdalı könlüm tək asılmışdır ayağından".

Alman materialist filosofu Lyudviq Feyerbax düşüncələrinin birində qeyd edir ki, "insanı tanımaq və dərk etmək üçün onu sevmək lazımdır". Həqiqətən də sevgi qəlblərdə yaranır, insanı arzularla yaşadır. Arzuların tükəndiyi andan sevgi dünyanı tərk edir, həyat mənasızlaşır.

Elə adamlar, elə hadisələr var ki, onlar haqqında düşünəndə qəlbimiz işıqla dolur və bu işığın şölələri üzümüzə çıxır, istər-istəməz gülümsünürük. Aydın müəllim haqqında düşünəndə işıqlanırsan, sifətinə qeyri-ixtiyari təbəssüm çökür, ilıq hisslər keçirirsən, onu şəxsən tanıyanlar bu xoş ovqatı daha iti duyurlar.

Bəri başdan onu qeyd edim ki, neçə illər əvvəl Aydın müəllimlə məni hazırda yuxarı instansiya məhkəmələrindən birində çalışan hakim dostum tanış edib. Əlbəttə, ilk ünsiyyətdə insanların qəlbində yer, həm də xüsusi yer tutmaq çox az adama nəsib olur. Bununla belə, birinci görüşümüzdə Aydın müəllimin ziyalı təbiəti, erudisiyası, həyata, insanlara və dövlətçiliyimizə özünəməxsus baxışları məni heyran etdi. Qarşımda insanın və hər cəhətdən yetkin, müdrik bir şəxsin dayandığını hiss etdim. Sonralar Aydın müəllimlə davamlı ünsiyyətimiz get-gedə böyüyüb dostluğa çevrildi, hətta bir masa arxasında oturub badə qaldırmaq ərkini də qazandım. Mən onu özümə həmişə dost bilmişəm və qəti fərqinə varmamışam ki, o da məni dost bilirmi?! Bu, mənim ona olan dostluq hisslərimi daha səmimi, daha da təmənnasız edir. Dostluğun da sevgi, məhəbbət kimi qarşılıqlı olması həmişə mümkün olmur və bəlkə də, heç lazım da deyil, təki sən dostluq hisslərini keçirəsən.

Aydın müəllimi mənə sevdirən və dost edən onun əqidəsi, əməlləri, gördüyü işləri idi... Dünyaya, həyata baxışı idi. Onun əqidəsi təmizlik, saflıq, paklıq üzərində qurulmuşdu, ona görə də o, heç vaxt əqidəsini dəyişmir, ona xəyanət etmirdi. Onu mənə dost edən onun özünəməxsus düşüncə tərzi, məntiqi, analitik ağlı, universallığı, qətiyyəti, vətəninə, dövlətinə, millətinə sonsuz sevgisi, mübarizliyi idi. O, hər şeyi düşünərək gündəliyə gətirir, bu səbəbdən də düşündüyündən heç vaxt geri çəkilmirdi.

...Onu tanımaq çətin deyildi, olduğu

kimi görünən adam idi. Çox səmimi idi, tanıdığı adamların sevincinə sevinər, kədərinə kədərlənərdi... Müdriklərdən kimsə deyib ki, yaxşı dost təkcə dar gündə deyil, yaxşı gündə də tanınır. O, məhz belə bir dost idi. Alman şairi Hölderlin mətnlərinin birində yazır ki, "İlahi olana özləri ilahi olanlar inanar". Aydın müəllim hər nəsnədə ilahi, tanrısal şeylər arayan ruh adamı idi. Çox maraqlı söhbətləri olardı, qulaq asmaqdan yorulmazdın. Sanki saflaşırdın. Kövrək idi. Kənardan zəhmli görünsə də, çox həssas və incə qəlbi vardı. Dərin fikirləri, tutarlı kəlmələri, maraqlı analizləri ona qulaq asmağa adamı vadar edirdi. Sakit görünüşü dənizin fırtınaqabağı mülayimliyinə bənzəyirdi.

Aydın müəllim həyatın çətin yollarından, sınaqlarından üzüağ çıxan, bütün nəcib insani keyfiyyətləri özündə cəm edən, qəlbində mərhəmət, ləyaqət, sonsuz sevgi gəzdirən, şərəfli ömür yaşayan, hər kəsin ürəyində özünə yer edə bilən adam idi.

Aydın müəllimin ömür yoluna nəzər salanda hər şeydən əvvəl halallıqla qazandığı uğurların bolluğu, bu yolda şəkilən zəhmət və onun yaxın dostlarından biri, Milli Məclisin Komitə sədri, tanınmış şair-publisist Musa Urudun onun ömür yollarından, ictimai-siyasi fəaliyyətindən bəhs edən "Adına yaraşan adam" adlı sanballı kitabında onun bədii-ictimai portretini son dərəcə ustalıqla təcəssüm edən mətnlər yada düşür: "Mənim qəhrəmanım iliyindən sümüyünədək yurda, elə, obaya, vətənə bağlı insandır. Vətənpərvərdir, müstəqil Azərbaycanı sevən, öz dövləti ilə qürur duyandır. Təpədən dırnağa millidir, soykökə bağlıdır, millipərəstdir. Mərddir, cəsurdur, cəsarətlidir, həyata öz baxışı, öz mövqeyi olan adamdır. Ədalətlidir, heç bir halda haqqı-nahaqqa verən deyil, haqq saydığı əməlin arxasında dayanan, uğrunda mübarizə aparandır". Nə qədər dolğun, nə qədər obyektiv bir mətndir, mən təkcə bu mətni bütün dünya ədəbiyyatı nümumələrinə dəyişmərəm.

Aydın müəllim müstəqilliyimizin yenicə əldə etmiş dövrdə respublikamızda ictimai-siyasi vəziyyətin olduqca mürəkkəb və gərgin olduğu vaxtda Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsində fəal mübarizəyə qoşulmuş və bu mübarizənin önündə gedənlərdən biri olmuşdur.

...Pandemiya dövrünün düçar etdiyi vəziyyət ailələri, qohumları bir-birindən uzaqlaşdırmışdır. Buna baxmayaraq, tez-tez görüşə bilməsək də, bir-birimizdən hal-əhval tutardıq. Hər dəfə də "Hacı, özündən muğayat ol", - deyə mənə ürək qızdırardı. Doğrusu, özümüzdən muğayat olmağa çalışsaq da, heyif ki, onu qoruya bilmədik.

Onun yoxluğu  dostlarını, yaxınlarını yaman sarsıtdı. Nə yaxşı ki, onunla bağlı isti xatirələrimiz ürəyimizə bir qədər təskinlik verir.

Aydın müəllimin insanlarla ünsiyyət mədəniyyətini xüsusilə vurğulamaq istəyirəm. Dəfələrlə məclislərində olsam da, həmişə hiss etmişəm ki, növbəti görüş üçün darıxıram. O, həmsöhbətində güclü və silinməz təəssürat yaratmağı bacarırdı, bu da, məncə, ona Allahın bəxş etdiyi insani qabiliyyətlərdən biri idi. Onun bütün məsələlərə fərdi və fərqli baxışı var idi. Eyni zamanda, o, müəyyən məsələ barədə öz qənaətlərini həmsöhbətinə hökm şəklində təlqin etməyə çalışmırdı, dediklərini elə dəlil-sübutlarla əsaslandırırdı ki, qəbul etməyə bilmirdin. Düşüncə və təfəkküründəki nizam və ardıcıllığı insanlarla münasibətində göstərmək də onun gözəl xüsusiyyətlərindən biri idi.

İndi o yoxdur... Amma xatirələri dipdiridir. Maraqlıdır, insan ən çıxılmaz durumlara, ən cəsarətsiz vəziyyətlərə belə alışır, ən sağalmaz yarayla belə yaşamağı öyrənir... Sevdiklərimiz əlimizdən bir quş kimi uçub gedərkən arxasıyca nə qədər göz yaşı töksək, nə qədər ah-nalə çəksək də, yaşayırıq, yaşamağa davam edirik. Ya geridə qalanların, ya da elə o gedənin xatirələrinin xətrinə. Qəlbimizdə və varlığımızda itirdiklərimizi yaşatmaq missiyasına bürünürük acı çəkə-çəkə.

Həyatı tərk etmiş dostlar haqqında danışmaq, yazmaq nə qədər çətin olsa da, zamanın sərt və bəzən də çox amansız qanunları ilə razılaşmalı oluruq. Bu dünyaya gələnin bir gün dünyadan gedəcəyi yaranışdan üzü bəri insanlığa məlumdur və bu zaman kəsiyində heç bir bəşər övladı bu həqiqətlə barışa bilmir... Hər bir insanın itkisi ürəkləri göynədir, doğmalarına, yaxınlarına, dostlarına acı-ağrı, nisgil gətirir. Amma adamı bir çox hallarda korun-korun yandıran el, oba, cəmiyyət və millət üçün gərəkli adamların dünyadan köçməsidir.

Qəribədir, insan doğulur, yaşayır, ölür... Doğulmaq da, ölüm də heç kəsin iradəsindən asılı deyil. O, iki nöqtə - doğulmaqla ölmək arasındakı vaxt intervalını yaşamaq bizim alnımıza yazılıb.

Dəyərli dostumuz Aydın Heydərov bu taleyi yaşamaqla cismən öldükdən sonra da dünyada qalmağı bacardı. Ölümün bu gəlişi nə qədər vaxtsız, nə qədər sarsıntılı olsa da, Aydın müəllimin qəlblərdə və xatirələrdə yaşamasına mane ola bilmədi.

O, ölümüylə ölümdən uca olduğunu təsdiqlədi... Pislik isə elə ölümün özünə qaldı...

Nə demək istərdin bununla ölüm?

Onsuz da tanışdır cahana adın.

Sənə nə olardı, nə olardı de?..

Belə bir insana əl vurmasaydın.

Bəzən mənə elə gəlir ki, ömür deyilən şey itkilər məcmusundan ibarətdir. Zaman-zaman ruhuna yaxın, qəlbinə söykək olan kəsləri itirir, axırda da özün yoxluğa qovuşursan.

O, soyuq bir qış günü dünyaya gəlmişdi... Yox gəlməmişdi... Alın yazısı çəkib gətirmişdi onu bu dünyaya. Bəlkə elə həyatın özünə də dərs vermək üçün...

İllər keçəcək, nəsillər bir-birini əvəz edəcək. Ancaq Aydın Heydərov kimi gözəl, səmimi, xeyirxah, vətənpərvər bir insanın əziz xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaq. Yeri hər zaman görünəcək.

Həmişə tezlikdə görüşərik deyərdi. İndi isə nə vaxtsa görüşəcəyimiz Tanrının qismətinə qalıb.

Görüşənədək, Aydın müəllim! Rahat uyu, dəyərli dost, ruhun şad olsun!..

 

Hacı İBRAHİMOV

525-ci qəzet.- 2023.- 25 yanvar.- S.10.