Qələmsiz yazılanlar

 status-esselər

 

Jurnalist adını ironiya mənbəyinə, istehza hədəfinə çevirənlərə qarşı ilk növbədə peşəkar jurnalistlər mübarizə aparmalıdırlar.

lll

Nankorluq və naşükürlük gec-tez cəzalandırılır.

lll

Sevgiyə can verən, onu körükləyən yeknəsəklikdən qaçmaq həyatı yeniləmək və dəyişdirmək arzusudur.

lll

İlk dəfə futbol üzrə dünya çempionatını 1974-cü ildə izlədiyim, finalda Niderlandın Almaniyaya uduzmağına məyus olmağım yadıma gəlir.

 

Bəs sizin yaddaşınız nə deyir?

lll

Kütlə öz primitivliyini diktə edir...

lll

Jurnalistin işi həm də dilimizin saflığını qorumaqdır...

lll

Ciddi media adına iddialı qurumlar gərək tiktokvari, lağlağı xəbərlər verməyələr.

Pis nümunə qeyri-peşəkarlar üçün tutalğac olur.

lll

Texnologiyaların inkişafı ədaləti bərpa edir, yoxsa haqsızlıqlara yol açır? Bu qədər qolun hesaba alınmaması düzgündürmü?

Bu VAR-ı keçmişə tətbiq etmək mümkün olsaydı, aləm qarışar, tarix çalpaşıq düşərdi. Həm də təkcə futbol tariximi?

lll

İnsanların özünüifadə və özünütəsdiq arzusu yenilməzdir.

lll

İnsanların inanc və tutqularına lağ etmək olmaz, həmçinin, futbol heyranlarına. Ona qalsa, futbolun sehrini duya bilməmək də qüsurdur.

lll

Tıxacları görüb kəndə qayıtdı.

lll

Millət vəkili Erkin Qədirliyə

Hörmətli Erkin bəy.

Bu gün cəmiyyətin böyük bir kəsimi Sizi peşəkar və intellektual hüquqşünas kimi qəbul edir və tanıyır. Son illər Siz Azərbaycanı Avropa Şurası Parlament Assambleyasında və digər beynəlxalq qurumlarda da uğurla təmsil edirsiniz. Bundan əlavə, Sizin hüquqi biliklərinizdən ayrı-ayrı peşə adamları, o cümlədən, jurnalistlərimiz əhəmiyyətli dərəcədə faydalanırlar.

Sizin xüsusilə ən fərqli mövzular, o cümlədən, hüquqi məsələlərlə bağlı feysbuk sosial şəbəkəsindəki şəxsi profiliniz vasitəsilə etdiyiniz maarifləndirici paylaşımlarınız daima ciddi maraq doğurub, əksəriyyət tərəfindən böyük rəğbətlə qarşılanıb. Cəmiyyətin informasiya ilə təmin olunmasında, ictimai rəyin formalaşdırılmasında sərhədsiz imkanlara malik sosial şəbəkələrin müstəsna rol oynadığı, eyni zamanda, öz məkrli niyyətlərini təbliğ və təşviq etmək məqsədilə bu sonsuz imkanlardan bəhrələnməyə çalışan müxtəlif qrupların və güc mərkəzlərinin hər gün daha da fəallaşdığı indiki dövrdə Sizin və Sizin kimi savadlı, təcrübəli, müasir düşüncəli insanların sosial şəbəkələrdə fəallığına, öz fikir və mülahizələri ilə maarifçilik fəaliyyətinə ciddi ehtiyac var. Deyilənləri nəzərə alaraq bu yaxınlarda Azərbaycan Mətbuat Şurası adından sosial şəbəkə istifadəçilərinə və vətəndaş mediası fəallarına müraciət edərək biz onları bu platformanı öz məkrli niyyətlərinə alət etmək istəyənlərə qarşı barışmaz olmağa çağırmışdıq.

Hörmətli Erkin bəy.

Azərbaycan cəmiyyəti üçün belə bir həssas məqamda sosial şəbəkələrdən uzaqlaşmağınızı və feysbuk səhifənizi bağlamağınızı Sizi tanıyanlar və izləyiciləriniz təəssüf və məyusluqla qarşıladılar. Sizin və sizin kimi düşüncə adamlarının hansısa qaragüruhçunun haqsız və məkrli münasibətindən incik düşüb sosial şəbəkəni tərk etməsi əslində, səviyyəli və intellektual insanların bu meydanda olmasını arzulamayan həmin girəvəçil qrup və şəbəkələrin öz çirkin niyyətlərini daha rahat şəkildə həyata keçirmələrinə münbit şərait yaradır, onlara qol-qanad verir. Məhz bu baxımdan Mətbuat Şurasının sədri kimi mən Sizin yenidən sosial şəbəkələrə qayıtmağınızı və öz feysbuk profilinizi bərpa etməyinizi arzulayardım. Hesab edirəm ki, bu, təkcə mənim yox, eləcə də Sizin çoxsaylı izləyicilərinizin ürəyincə olardı. Ona görə də inanıram ki, bizim bu istəyimizə diqqətlə yanaşacaq və təklifimizi müsbət qiymətləndirəcəksiniz.

lll

Tanınmış hüquqşünas Aslan İsmayılova

Hörmətli Aslan müəllim.

Siz ölkəmizdə kifayət qədər tanınmış, nüfuzlu hüquqşünassınız. Azərbaycan mediası ilə hər zaman sıx əlaqələriniz olub. İstər peşəniz müstəvisində, həm də ziyalı kimi mövqeyinizlə zaman-zaman müstəqil medianın inkişafına, onun hüquqi bazasının təkmilləşməsinə töhfələr vermisiniz, jurnalistlərin həvəslə üz tutduqları müsahiblərdənsiniz.

Ayrı-ayrı kütləvi informasiya vasitələrindəki çıxışlarınız, yazılarınız, müxtəlif məsələlərlə bağlı sosial şəbəkələrdəki paylaşımlarınız ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dərinləşməsinə müstəsna dəstək xarakteri daşıyıb. Təəssüf ki, bir sıra hallarda bu mövqeyiniz müəyyən şəxslərin qısqanclığı ilə qarşılanıb, Sizə qarşı xoşagəlməz düşüncə və mülahizələrin şahidi olmuşuq.

Uzun müddətdir "Aznews.az" saytının rəhbəri, həmkarımız Taleh Şahsuvarlı ilə davam edən məhkəmə çəkişməsinin təfərrüatları da diqqətimizdədir. Qeyd edim ki, T.Şahsuvarlı Azərbaycan Mətbuat Şurasının sədri kimi mənə müraciət edərək Sizinlə arasında yaranmış problemin mövcudluğuna görə dərin təəssüf hissi keçirdiyini, yazılarının sizdə yaratdığı narahatlığa görə üzrxahlığını bildirib, məhkəmə çəkişməsinə yol açan məqalələrin və Sizinlə bağlı sosial şəbəkələrdəki paylaşımlarının silinməsinə hazır olduğunu vurğulayıb. Aydın görünür ki, jurnalist cəmiyyətdə yetərincə səs-küy yaratmış bu insidentin uzanmasını istəmir, münasibətlərin normal məcrada qurulmasını, barışıq əldə edilməsini arzulayır.

Hörmətli Aslan müəllim.

Sizdən Taleh Şahsuvarlının barışıq təklifini, dərin təəssüf hissi keçirməsini və üzrxahlığını müsbət dəyərləndirməyinizi xahiş edirəm. Əminəm ki, uzun illərə və xoş təəssüratlara söykənmiş münasibətlərimizi, həmçinin, jurnalistin səmimi üzrxahlığını nəzərə alıb xahişimi yerə salmayacaq və məhkəmə çəkişməsinə son qoymaq istəyimizi müsbət dəyərləndirəcəksiniz.

Sizə təşəkkürümü bildirir, gələcək fəaliyyətinizdə uğurlar və mənəvi dinclik arzulayıram.

lll

Vətəndaş cəmiyyəti nümayəndələrinin ciddi-cəhdlə, aramsız, təkidlə Şuşaya, etiraz aksiyasına can atmaları əsl vətənpərvərlik nümunəsidir və qürur doğurur.

lll

Xanım həkimdir. Əslən Xankəndindəndir. Evinə dönmək istəyir. Vətəndaş cəmiyyəti nümayəndələrinin Şuşadakı aksiyasında yaxşı təşəbbüs göstərib. Bu təşəbbüs genişlənməli, Xankəndindən, Xocalıdan, Ağdərədən, Malıbəylidən və digər bölgələrimizdən olan minlərlə vətəndaşlarımız da bu təşəbbüsə qoşulmalıdırlar. Dünya onsuz da kor və kardır. Amma yenə də görmələri lazımdır.

lll

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") İşçilərinin Peşə Bayramı Günü və ilk "ASAN xidmət" mərkəzinin fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə təltif olunan əməkdaşlarını təbrik edirəm.

Bu illər ərzində "Asan xidmət"in üstünlüyü və rahatlığını hər bir vətəndaşımız hiss edib və məmnun qalıb. Bu sahədə əməyi olan hər bir əməkdaş tərifə və təşəkkürə layiqdir.

Yolunuz və yolumuz asan olsun!

lll

Elbrus Erud yaddaşındakı, unutmadığı manşetlər barədə "Qafqazinfo"da maraqlı yazı yazıb. Uzun illərin qəzetçilərinin ara-sıra belə manşetləri xiffətlə xatırladıqlarının şahidi olmuşam. Köhnə dostlar yaddaşlarını qurdalasalar, xeyli maraqlı manşetlər yada düşər, həm də gənc jurnalistlər üçün ustad dərsləri olar.

lll

İctimai Televiziya ilə yayımlanan "Əqrəb mövsümü" serialı barədə zövqünə və mütaliəsinə güvəndiyim bir neçə nəfərin sosial şəbəkədə paylaşdığı müsbət fikirlər diqqətimi çəkdiyindən ilk imkanda bu seriala baxmaq fikrinə düşdüm. Əvvəl-əvvəl filmin son seriyalarından birini ötəri izlədim və dərhal diqqətimi cəlb elədi. Uzun illərdən bəri seriallarımızda tamaşaçını diksindirən süni, qurama dil burada yox idi. Personajlar təbii, normal dildə - bizim bir-birimizlə danışdığımız kimi danışırdılar. Təkcə bu nüansdan hiss olunurdu ki, iş peşəkarların əlindən keçib.

Bu xoş təəssüratın ovqatında 2-3 gün müddətində əvvəlcə "Əqrəb mövsümü"nün yutuba yüklənmiş 8 seriyasını, sonra isə yenə İctimai TV-də efirə gedən və eyni rejissorun çəkdiyi "Körpü" serialını böyük zövq və məmnunluqla izlədim.

"Əqrəb mövsümü" serialında aktyor oyununun peşəkar səviyyəsinə söz ola bilməzdi. Hikmət Rəhimovla Abbas Qəhrəmanovun oyununu əvvəllər müxtəlif tamaşalarda görmüşdüm. Hər ikisi bu serialda da olduqca peşəkar oynayırdı. Azər Aydəmir də rolunun öhdəsində məharətlə gəlmişdi. Filmdəki o biri aktyorların oyununda da hansısa sünilik, çatışmazlıq hiss olunmurdu. "Körpü" serialında isə Nofəl Şahlaroğlu, Elnur Hüseynov, eləcə də digər aktyorların oyunları zövq verirdi. Bundan əlavə, "Körpü"nün detektiv süjeti arasında çatdırılan müxtəlif səpkili sətiraltı fikirlər və sosial mesajlar da diqqəti çəkirdi. Hər iki serialın operator işi isə yüksək səviyyədə idi.

Filmlərə baxandan sonra aktyorlar Azər Aydəmir və Hikmət Rəhimovun "Əqrəb mövsümü" serialı başlayan gün İTV kanalındakı söhbətlərinin yutubdakı videoyazısını və hər iki filmin quruluşçu rejissoru olan Emil Quliyevin "3D" verilişindəki müsahibəsini izlədim. Emil Quliyevin ehtiraslı və enerjili aurası, təvazökar davranışı, Azərbaycan kinosu barədə sevgi, təəssüb və can yanğısı ilə səsləndirdiyi fikirlər tamaşaçını əvvəldən axıracan öz təsirində saxlayır, fərqli yanaşma və düşüncəyə sahib, standartlardan uzaq bu gənc kino adamının kinomuzun tərəqqisini səmimi qəlbdən istədiyi zərrə qədər də şübhə oyatmırdı. Hiss olunurdu ki, kinonu intuitiv səviyyədə, iliyinəcən duyan rejissor aktyorlarla da bu inersiya ilə işləyir və ona görə də maksimum nəticə əldə etməyi bacarır.

Bu ilk tanışlıqdan sonra Emil Quliyevlə bağlı kiçik bir araşdırma apardım, bu seriallara qədər onun "Pərdə" adlı film-trilogiya çəkdiyini və mental problemə toxunulan bu filmin kino ictimaiyyətinin böyük marağına səbəb olduğunu öyrəndim.

Sosial şəbəkələrdə bu seriallarla bağlı müxtəlif fikirlərə rast gəldim. Kiməsə irad tutmağa, mız qoymağa hazır olanlar həmişə olub və indi də var, amma bununla belə, əksəriyyətin mövqeyi kifayət qədər müsbət idi. Bu rəylərin böyük qismində hər iki serialın rejissoru, aktyorları və bütövlükdə yaradıcı heyəti haqqında yüksək fikirlər səsləndirilirdi. Mən də hesab edirəm ki, bu serialların yaradıcı heyətini, onlara bu şəraiti yaradan İctimai TV rəhbərliyini, rejissor Emil Quliyevi, operatoru, bütün peşəkar aktyorları yalnız təbrik və təqdir etmək lazımdır. İnanıram ki, onların ortaya qoyduqları bu nümunələr Azərbaycanın serial sektorunun yeni mərhələyə qədəm qoymasına və gələcək inkişafına ciddi təkan verəcək, bütövlükdə Azərbaycanın müasir kino industriyasına yeni nəfəs və yeni enerji gətirəcək.

 

Rəşad MƏCİD

"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini

525-ci qəzet.- 2023.- 25 yanvar.- S.9.