"Şəhid zabitin
xanımı olmaq çox
böyük şərəf və məsuliyyətdir"
Tariximizə qızıl hərflərlə
yazılan, Böyük
Zəfərlə bitən
Vətən müharibəsində
ömrünü bu yurd üçün fəda edən qəhrəmanlar Qarabağın
azadlığını, vətənin
firavanlığını, Azərbaycanımızın ərazi
bütövlüyünü təkcə canlarından deyil, həm də canları qədər sevdikləri ailələrindən, ana-atalarından,
yarlarından, balalarından
artıq bildilər. Həm də onların daha azad, daha
firavan bir yurdda başıdik, alnıaçıq yaşamaları
üçün qurban
getdilər bu müqəddəs yolda.
Həmin
qəhrəmanlarımızdan biri də şəhid
mayor Natiq İsmayılovdur.
O, 1980-ci il martın 5-də Qəbələ
rayonunun Bunud kəndində anadan olub. C.Naxçıvanski adına hərbi
liseyin və Hərbi Akademiyanın məzunu idi. Ali təhsilini bitirdikdən
sonra N.İsmayılov
"leytenant" rütbəsi
ilə hərbi vəzifəsinə başlayıb.
Naxçıvanda, Qusarda və
Murovdağda yerləşən
"N" saylı hərbi
hissədə xidmətini
davam etdirib.
N.İsmayılov 2016-cı ildə "Aprel döyüşləri"ndə vuruşub. Ömrünü hərb sənətinə
həsr edən zabit 2020-ci ilin iyun ayında ehtiyata buraxılmışdı.
Nəhayət, həyatını
bütün bu illəri onun yolunu gözləyən, bir gün görəndə,
beş gün
həsrət qalan, atalarını vətənlə
bölüşmək məcburiyyətində
olan dörd övladına həsr edəcəkdi. Lakin o, dar məqamda
yenə də vətənin köməyinə
tələsdi. Ehtiyatda olmasına
baxmayaraq, müharibə
başlar-başlamaz döyüşlərə
qatıldı və oktyabrın 17-də Füzuli
rayonu istiqamətində
gedən döyüşlərdə
şəhidlik zirvəsinə
ucaldı. Qəbələ
rayonunun Bunud kəndində dəfn olunan Natiq İsmayılov
şəhadətindən sonra
3-cü dərəcəli "Rəşadət" ordeni,
"Vətən uğrunda"
və "Xocavəndin
azad olunmasına görə" medalları
ilə təltif edilib.
Müsahibimiz Nigar İsmayılova əziz şəhidimizin həyat yoldaşıdır. Nigar xanımla həmsöhbət
oldub qəhrəmanımızı
bir də ondan dinlədik:
- Nigar xanım, Natiq İsmayılovla necə tanış
olub evlənmişdiniz?
- Əvvəla deyim
ki, elə ilk sualınız məni bir daha həm
xoş xatirələrimə
apardı, həm də kövrəltdi. Biz bir çox aşiqlər kimi, illərlə sevgi yaşayıb sonra evlənməmişik. Qrup yoldaşımın
qohumu idi. Onlar məni yoldaşıma məsləhət bilmişdi.
Ancaq hərbi həyatı bizi daha çox
bir-birimizə bağladı.
Doğmalarımızdan uzaqda bir-birimizə
ən doğma kəs olduq. Sanki Allah hər bir
uyğunluğumuzu əvvəldən
yaradıb, qəlbimizə
sevgimizi doldurub uyğun zamanı gözləyirmiş ki, bizi bir-birimizə rast sala.
- Necə həyat yoldaşı idi?
- Danışsam, inanın ki, saatlar bəs
etməz. Ancaq onun sevgisini belə ifadə edim ki, 12 illik
ailə həyatımızda
Natiq necə sadiq, diqqətcil (təbii ki, ağır iş rejimiylə yanaşı),
qayğıkeş həyat
yoldaşı oldusa, bu 12 il
12 əsrə yetəcək
qədər unudulmazdır.
Elə bir həyat yoldaşı olub ki, qocalıb adım yadımdan çıxsa belə, kimsə "Natiq gəlir" desə, gözlərim axtaracaq, əllərim titrəyəcək.
- Bəs necə ata idi? Övladlarıyla bağlı hansı arzuları vardı?
- Çox gözəl ata idi. Vaxt tapan
kimi uşaqları gəzintiyə çıxarırdı,
evdə uşaq kimi onlarla oynayırdı.
Onlara idman öyrədirdi.
Övladlarıyla bağlı
ən böyük arzusu o idi ki,
ali təhsil
alsınlar, cəmiyyətdə
lazımi mövqe tutsunlar.
- Hərbçi həyat yoldaşı olmağın
nə kimi çətinlikləri vardı?
- Çətinliklərimiz o qədər
çox olurdu ki. İstər-istəməz işinə görə
təyinatı dəyişirdi.
Müxtəlif bölgələr, hər dəfə yad evlər, yad insanlar. Kirayələdiyimiz evin şəraiti
baxımından çətinliklər
olurdu. Elə olurdu sular donurdu, çox uzaqdan gedib su
gətirirdik. Körpə uşaqlarla
daha çətin olurdu. Ancaq əvvəl də
dediyim kimi, sevgimiz, sadiqliyimiz bu çətinliklərin
öhdəsindən gəlməyə
bizə güc verirdi.
- Heç yorulduğunuz, usandığınız olurdumu?
- Hə, gizlətməyəcəm,
olurdu. Gündüz öz-özümə danışırdım:
"Evə gəlsin,
bunu deyəcəm, onu deyəcəm". İnanın,
axşam evə gələndə xoş üzlə içəri girib, sevgidən parıldayan gözlərlə
ki üzümə baxırdı, baxışıyla
sanki deyirdi "dincəlməyə gəldim".
Hər şeyi unudurdum. Elə bil bütün gün öz-özünə
danışan mən deyildim.
- Onun işinə, sənətinə qarşı
münasibəti necə
idi?
- İşinə qarşı
son dərəcə ciddi
və məsuliyyətli
idi. Elə olurdu ki, işdən zəng gələndə boşqabda
yeməyini qoyub qalxırdı ayağa.
Deyirdim həmən çata bilməzsən ki. Bilirlər də, maşınla yol getməlisən, otur
yeməyini ye, get. Yenə də
razı olmazdı, süfrədən durub, iki dəqiqədə hazır olub gedirdi. O ikicə dəqiqədə, təsəvvür
edin forması ütülənməli idi,
üz təraşını
edib, botinkalarını
mazlayırdı. Heç sevməzdi
töhmət almağı.
Hər zaman da 13-cü maaşı məsuliyyətinə
görə yüksək
faizlə vurulurdu.
- Qarabağın işğalıyla
bağlı nə düşünürdü? Necə qarşılayırdı
bunu?
- Sözsüz ki, ürəyi, qanı, canı Vətənlə döyünən hər bir oğul kimi,
o da Ali Baş Komandanın verəcəyi
əmri gözləyirdi.
Gözləyirdi ki, öz vəzifəsini olduğundan
da artıq yerinə yetirsin. Elə də oldu.
- Müharibədən 3 ay öncə
təqaüdə çıxmışdı.
Bəs müharibəyə necə
çağırıldı və necə getdi?
- Bəli, üç ay idi təqaüddə idi. 4-cü ayda
müharibə başladı.
Oktyabrın 2-si saat 11-12 arasında
zəng gəldi.
Bilmədim kimlə danışdı,
nə danışdı.
Bir də baxdım ki, formasını geyinib, tam hazır vəziyyətdədir. Mənə
dedi ki, kəndə gedirəm. İnanmadım. Dedim kəndə
formayla gedirsən? Komissarlıqda çağırılan neçə zabitdən bircə Natiq tam hazır vəziyyətdə
komissarlığa gedibmiş.
Bunu sonradan komissarlıq özü də vurğulamışdı.
- Müharibə vaxtı danışa bilirdinizmi? Ən son nə vaxt danışmışdınız?
Nələr deyirdi?
- Hər gün ancaq "Necəsiniz? Uşaqlar dərsə gedirmi?"
- deyə soruşub, sağollaşırdı.
Çox
qısa danışırdı.
Nə qədər soruşsam da ki, hardasan, vəziyyət
necədir, deyirdi
"telefonun enerjisi bitir artıq, işim var, sağ ol". Oktyabrın
12-də gecə zəng
gəldi. Hiss etdim
ki, nə isə demək istəyir. Uşaqları soruşdu. Dedim
yaxşıyıq. Elə bildim
söndürəcək. Dedi: "Nigar, uşaq deyilsən, özün bilirsən hardayam. Uşaqlara yaxşı bax.
Haqqını mənə halal
elə!" O günə
qədər ona nə isə olar deyə düşünmürdüm. Fikirləşirdim ki, müharibə bitəcək, gələcək.
O gündən sonra isə hər dəqiqəm müharibə
oldu. Kiçik düyməli kamerasız
telefonu var idi. Oktyabrın 15-də mesajla bir
kəlmə "salamatçılıqdır"
yazdı. 16 oktyabr axşam 19:00-20:00 arası zəng elədi, danışdıq.
Texnikaların, əsgərlərin səs-küyündən anladım
ki, döyüşə
çıxırlar. Hər dəfə
bir dəqiqə ancaq danışardıq.
Amma bu dəfə
hiss elədim ki, özü uzadır danışığımızı. Səsi eşidib dedim "komandir, səni çağırırlar,
get". Güldü, dedi
özünüzə yaxşı
baxın.
- Şəhadət xəbərini necə aldınız?
- Oktyabrın 17-də şəhid xəbəri gəldi. Məlum oldu ki, Füzuli uğrunda döyüşdə şəhidliyə yüksəlib. 18 oktyabrda isə dəfn olundu.
- Bir şəhid xanımı olmaq, şəhidin övladlarını böyütmək nə deməkdir?
- 23 illik xidməti olan bir şəhid zabitin xanımı olmaq çox böyük şərəf və məsuliyyətdir. Bilmirsən necə təsəlli tapasan, gözlərini uşaqlardan necə gizlədəsən. Ən çox da onların sual dolu baxışları insanı təsirləndirir. Ancaq düşünəndə ki, necə bir oğulun, həyat yoldaşının, can dostunun əmanətləri səndədir, ürəyə bir hüzur çökür, gözdə yaş olsa da, üzdə təbəssüm yaranır. Övladlarını ona söz verdiyim kimi böyütmək hər gün onu yenidən sevməkdir, hər gün onu xatırlamaqdır bu məsuliyyət.
- Heç yuxularınıza girirmi? Necə görürsünüz yuxuda?
- Bəli, görürəm yuxularımda. Bəzən deyirəm ki, nə isə haqqında fikirləşirik, ona görə yuxuda görürük. Amma elə yuxular olub ki, ayılıb çarəsizcə göz yaşı tökmüşəm ki, bunları ki, sən bilirsən, görürsən, hiss edirsən, bəs niyə gözümə görünmürsən?
- Şəhidinizin adının yaşadılması üçün nələr edilməsini istərdiniz?
- Çox istərdim ki, həyat yoldaşım, şəhid mayor Natiq İsmayılovun adına ya orta məktəb, ya da lisey olsun. Onun adı daim yad edilsin.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2023.- 26 yanvar.- S.16.