Güney Azərbaycanın tarixi abidələri:
Təbrizdəki daş yaddaşımız
Dünyanın ən uzunömürlü paytaxt şəhərlərindən
biri kimi tarixə düşən Təbriz Şərqi Azərbaycan
vilayətinin inzibati mərkəzidir. Sahəsinə görə
Tehran və Məşhəddən sonra üçüncü
ən böyük şəhərdir. 2021-ci
ildə əhalisinin 1627304 nəfər olduğu müəyyənləşən
qədim Təbriz 1890-cı ildə İranda ən
böyük şəhər sayılıb. Tarix boyu Yaxın Şərqin ən önəmli elm
və mədəniyyət mərkəzlərindən biri kimi
tanınan və əhalisinin böyük əksəriyyəti
Azərbaycan türklərindən ibarət olan şəhərin
meri İrəc Şəhin Baherdir. Eynalı//Eynəli,
yaxud Eynal-Zeynal, Səhənd və Surxab dağlarının ətəkləri
ilə əhatələnən və dəniz səviyyəsindən
1350-1410 m. yüksəklikdə yerləşən çox qədim
tarixə malik ecazkar Təbriz Rəvvadilər, Azərbaycan
Atabəyləri-Eldənizlər, Xarəzmşahlar, Elxanilər,
Çobanilər, Cəlirilər-Elxanilər, Qaraqoyunlular,
Ağqoyunlular, Qacarlar (İkinci paytaxt), Azadistan və Azərbaycan
Milli Hökuməti dövrlərində paytaxt olub. Səfəvilərin paytaxt şəhəri
olduğu dövrdə Təbriz dünyanın ən çox əhalisi
olan 5-ci şəhəri idi. Hətta şəhər
əhalisinin sayı Osmanlı İmperiyasının
paytaxtı İstanbulun əhalisinə bərabər idi.
17-ci əsr ünlü tarixçi alimi Oruc bəy
Bayat Təbrizi "Şərqin paytaxtı"
adlandırıb. Tehran və Məşhəddən
sonra İranda üçüncü böyük şəhər
hesab olunan Təbrizə tutduğu əhəmiyyətli
coğrafi mövqeyə görə, "İranın
Günbatan qapısı" da deyirlər.
Bəzi tarixçilər Tarui sözünün qədim
türk dilində ikiqat qala mənasını verdiyini deyirlər. Tədqiqatçılar
qeyd edirlər ki, bu ikiqat qala indiki Təbriz şəhərinin
yerində olub. Bir sıra mənbələrdə adı
Tarui, Tarmakis, Turi, Taris, Tavrez, Tavriz, Toris, Təvreş, Tarbiz,
Tabriz, Terbiz və sair kimi qeyd olunan "Təbriz"
sözünün etimologiyası və şəhərin
salınma tarixi haqqında müxtəlif fikirlər
mövcuddur. Bəzi tədqiqatçılar bu adın Surxab
dağının qədim adı "Tori" ilə əlaqədar
olduğunu, digərləri isə Təbriz kəlməsinin Təbriz-Tavris-Tavaris,
yəni (tav)+(aris)
"dağ+arası" mənasını verdiyini göstərirlər.
İ.M.Dyakonov yazır ki, "Təbriz" sözünün
ilkin forması olan "Tarui-Tarmakis" qədim assur dilində "ikiqat qala" deməkdir. "Təbriz" sözünü "Günəş
saçan" mənasında izah edənlər isə onun əsasının
qoyulmasını daha qədim dövrlərlə bağlayaraq
atəşpərəstliklə də əlaqələndirirlər.
J.Şarden də Təbrizdə olarkən şəhərin
maliyyə idarəsində xəzinədar işləmiş
Mirzə Tahirin söylədiklərinə istinad edərək
"Təbriz" sözünü atəşpərəstliklə
əlaqələndirib və tab-işıq, riz-saçan, yəni
"işıq saçan" mənasında izah edib. Səid
Nəfisi də "Təbriz" sözünün ilk şəklinin
"tab" olduğunu bildirib və bu adın məhz Səhənd
dağlarında bir vaxtlar atəş püskürən vulkanlarla
bağlı yarandığını qeyd edib. "Təbriz"
sözünü dağ adı ilə əlaqələndirən
Kontarini isə yazır ki, "Bu şəhərin
yaxınlığında bir neçə qırmızı rəngli
dağ müşahidə olunur. Deyirlər ki, onlar Tori
dağları adlanır..."
Təbriz bu gün Güney Azərbaycanın ən
böyük şəhəri, iqtisadi və mədəniyyət
mərkəzi, Şərqi Azərbaycan əyalətinin
inzibati mərkəzidir. Şəhərin 1597319 nəfərlik əhali
kontingentinin böyük əksəriyyəti Azərbaycan
türkləridir.
Tarix boyu
Qaraqoyunlular (1375-1468), Ağqoyunlular (1469-1501), Səfəvilər
(1501-1514; 1514-1534; 1535-1548; 1548-1585; 1603-1610; 1611-1724; 1730-1736),
Osmanlılar (1514; 1534-1535; 1548; 1585-1603; 1610-1611; 1724-1730),
Əfşarlar (1736-1747), Təbriz xanlığı (1747-1802),
Qacarlar (1802-1827; 1828-1905; 1912-1925), Rusiya imperiyası (1827-1828),
İran Konstitusiya İnqilabı (1905-1911); Rusiya imperiyası
(1911-1912), Pəhləvilər (1925-1945; 1946-1979), Azərbaycan
Milli Hökuməti (1945-1946), Müvəqqəti hökumət
(1919-1979); İran İslam Respublikası (1979) kimi
çoxsaylı dövlətlərin tərkibində olan Təbriz
şəhəri, göründüyü kimi, əldən-ələ
keçib, bu çarpışmalar, əldən-ələ
keçmələr zamanı şəhər əhalisi min bir
zülmə qatlaşmalı, yağmalanmalara dözməli,
boyun əyməli olub.
Seysmik zonada yerləşən Təbriz bəzi tarixi mərhələrdə
- 858, 1041 və 1721-ci illərdə baş verən dəhşətli
zəlzələlər zamanı dağılıb, viran
qalıb, tarixi abidələrin də bir çoxu
dağılaraq məhv olub. Zəlzələlərdən
salamat çıxan ən önəmli abidələr Ərk
qalası və Göy məsciddir.
Təbriz qədim dövrlərdən Azərbaycanın
paytaxtı olmaqla yanaşı, həm də atəşpərəstliyin
mərkəzlərindən biri olub. Hazırda Təbriz-Baba
dağı yaxınlığındakı Allahu-əkbər
dağı üstündə möhkəm daş divarlara malik
olan atəşgah binasının qalıqları saxlanır.
Bu atəşgah xalq arasında Zərdüşt
peyğəmbər atəşgahı adı ilə məşhurdur.
Tarixi abidələri
sırasında Ərk qalası, Göy məscid, Təbriz
Örtülü bazarı, Əmir Nizam evi, Həriri evi, Behnam
evi, Kəmal parkı (Şeyx Kəmal məzarı), Şairlər
məzarlığı, Xaqani parkı, Gülüstan
bağı, Bağlar bağı, Qarı körpüsü,
Aci çay körpüsü, Mənsur körpüsü,
Cümə məscidi, Nobar hamamı, Eynəli (Aynalı)
dağ silsiləsi önəmli yer tutur.
Təbriz
şəhərində tikilmiş və orta əsrin tarixi abidələri
sırasında diqqət çəkən mükəmməl
memarlıq nümunələrindən biri "T" şəkilli
planlanmasına görə, Türkiyənin Bursa şəhərindəki
Yaşıl camini xatırladan Göy məscid, yaxud da onu
ucaldan Qaraqoyunlu dövlətinin banisi Qara Yusifin
üçüncü oğlu, "Həqiqi" təxəllüsü
ilə Azərbaycan ədəbiyyatında özünəməxsus
yeri olan şair, hürufi fəlsəfəsinin
tanınmış nümayəndəsi Müzəffərəddin
Cahanşah Həqiqinin adı ilə "Cahan şah məscidi"
adlandırılan abidədir. Deməli, Göy məscid
Qaraqoyunlular dövlətinin yadigarıdır. Vaxtilə böyük və əzəmətli
memarlıq kompleksi kimi tanınıb. Lakin feodal ara müharibələri zamanı
dağıntılara məruz qalıb.
Qeyd edək ki, "XV əsrdə Təbriz
özünün memarlıq - planlaşdırma
inkişafının çiçəklənmə
dövrünü yaşayıb. Qaraqoyunlu və Ağqoyunlu
hökmdarları - Cahanşah Həqiqi, Uzun Həsən və
Sultan Yaqub bu dövrdə Azərbaycanın paytaxt şəhərində
önəmli şəhərsalma tədbirləri həyata
keçiriblər. Bir sıra iri memarlıq kompleksləri -
Müzəffəriyyə, Qeysəriyyə, Nəsriyyə,
Maqsudiyyə, Həşt Behişt saray kompleksi və Azərbaycan
memarlığının digər maraqlı və dəyərli
nümunələri meydana gəlib. Cahan şah
Həqiqinin hökmdarlığı dövründə Təbrizdə
xeyli sayda gözəl binalar tikilir". Bu
abidələrin çoxunun adı türk alim-səyyah
Övliya Çələbinin (XVII əsr) "Səyahətnamə"
kitabında bəlli olur. O, kitabda Təbrizin ən
gözəl tikililərini sadalayır və bir neçəsinin
də adını çəkir. Onlar məhz
sifarişçinin - incə zövqlü, sənət bilicisi
Cahan şah Həqiqinin adı ilə tanınan "Cahan
şah imarəti", "Cahan şah hamamı",
"Cahan şah karvansarası", "Cahan şah
binası" və Təbrizdə ən böyük mədrəsə
kimi məşhur olan "Cahan şah mədrəsəsidir"dir.
Nəhayət, az.wikipedia.org/wiki/Göy_mesciddə qeyd edildiyinə
görə, Cahan şah dövrünün ən görkəmli
abidə-tikinti kompleksi 1467-ci ildə tamamlanmış Müzəffəriyyə
memarlıq kompleksidir ki, onun tərkibinə cümə məscidi,
xanəgah, kitabxana, mədrəsə, türbə və b.
tikililər daxil olub. Kompleksin qərb hissəsində
isə Cahan şah hamamı yerləşir. Bu nəhəng memarlıq kompleksindən
dövrümüzə qədər yalnız kompleksin baş
tikilisi - memarlıq tarixinə Göy məscid adı ilə
daxil olan və Cahan şah Həqiqinin dəfn olunduğu əzəmətli
Cümə məscidi qalıb.
XX əsrin 70-ci illərində Göy məscidin "təmizlənməsi"
və "bərpası" zamanı üstü
yazılı kvadrat kaşı lövhə tapılır. Üstündə qabarıq
hərflərlə və nəsx xətti ilə
yazılmış yazı oxunur: "Be sərkareye İzzətdin
Qapuçi ibn Məlik". Beləliklə, Göy məscidin
inşasına başçılıq edən mütəxəssislərin
kimliyi müəyyənləşir: baş memar - Xacə
Əli Küçəçi, monumentalist xəttat -
Mövlanə Nemətullah Bəvvab və baş iş
icraçısı - İzzətdin Qapuçi. Bu yüksək ixtisaslı yerli ustalar Təbriz
memarlıq məktəbinin zəngin ənənələri
mühitində, təsiri Azərbaycanın hüdudlarından
kənara çıxan nadir memarlıq əsəri
yaradıblar. Mütəxəssislər
bildirirlər ki, mühəndis-konstruktiv cəhətdən
Göy məscid Təbriz memarlıq məktəbinin ən
böyük nailiyyətlərindəndir. Abidənin
bugünkü görünüşü onun həcm-məkan
quruluşu haqqında dolğun təsəvvür yaratmır.
Həm interyer, həm də fasad bəzəyinin
rəng koloritində göy rəng üstünlük təşkil
etdiyindən abidə Göy məscid adını alıb.
Məscid heyrətləndirici mavi
parlaqlığına görə isə "İslamın
firuzəsi" adlandırılıb. Göy
məscid dekoru və incə üslubu ilə orta əsr Azərbaycan
memarlığında memarlıq bəzəyinin zəriflik, zənginlik
və gözəllik zirvəsi hesab olunur.
Göy məscid başlıca olaraq özünün fasad və interyerlərinin nəfis və ecazkar bəzəkləri ilə şöhrət tapmışdır. Bu memarlıq dekorasiyalarında tətbiq edilmiş bədii üsul və vasitələr olduqca çoxdur. Baş fasadda, kiçik salonun kürsülüyündə və oyma mərmər şəbəkələrdə tətbiq edilən daş hissələrlə yanaşı, binanın bəzəyində yüksək dərəcəli bədiiliyə malik keramik dekorlardan da geniş istifadə olunub. Burada keramik bəzəklərin iki növü var. Onlardan biri iri ölçülü kaşı lövhələrdən, ikincisi isə xırda, standart formada kəsilmiş, mozaika tipli kaşı bəzəyindən ibarətdir.
Əvvəlki dövrə nisbətən bu binada keramik bəzəyin rəng qamması xeyli genişləndirilib. Məscidin divarlarında yenə də əvvəlki kimi şirlə işlənmiş süd rəngli dümağ yazılar və firuzəyi rəngli, mürəkkəb formalı nəbati naxışlar tünd göy rəngli yerlikdə verilib. Ustalar göy rəngin bənövşəyidən başlamış firuzəyi rəngə qədər bütün çalarlarından məharətlə istifadə ediblər. Kaşı bəzəklərində göy şirdən başqa, açıq yaşıl, sarı şirlərdən də istifadə olunub. Göy və firuzəyi kaşı lövhələrin üzərində naxışlar cızmaqla bədii kompozisiyanın rəng qamması saxsının üzə çıxmış qırmızı rəngi hesabına daha da zənginləşdirilib. Məscidin böyük günbəzini bəzəmiş əlvan naxışlar isə çox orijinaldır. Kiçik salonun günbəzinin tünd göy rəngi üzərində ağ ulduzlar, böyük salonun günbəzinin yaşıl rəngi üzərində isə çiçəklər təsvir edilib.
XIV əsrdə Təbrizdə olmuş İbn Batuta bu şəhərdəki abidələrin bədii keramik dekorlarının Əndəluzun və Şimali Afrikanın kaşı bəzəklərindən üstün olduğunu qeyd edib.
Məscidin kufi və nəsx xəttləri ilə yazılmış yazıları onun memarlıq bəzəyinin mühüm cəhətlərindəndir. Dini məzmunlu yazılar ya medalyonların daxilində yerləşdirilib, ya da bordyur formasında nümayiş etdirilib. Göy məscidin kerammik dekorları ona dünya şöhrəti qazandırıb.
Təbriz qədim dövrlərdən Azərbaycanın paytaxtı olmaqla yanaşı, həm də atəşpərəstliyin mərkəzlərindən biri olmuşdur. Hazırda Təbriz-Baba dağı yaxınlığındakı Allahu-əkbər dağı üstündə möhkəm daş divarlara malik olan atəşgah binasının qalıqları var. Bu atəşgah xalq arasında Zərdüşt peyğəmbər atəşgahı adı ilə məşhurdur.
(Ardı var)
Esmira FUAD
525-ci qəzet.- 2023.- 26 yanvar.- S.14.