Firidun bəy Köçərlinin fəaliyyəti arxiv sənədlərində...

 

BÖYÜK ALİM VƏ MAARİFÇİ-PEDAQOQUN 160 İLLİYİ TAMAM OLUR

 

 

Firidun bəy Köçərlini mən 11 yaşımdan tanıyıram. 1976-cı ildə Səməd Vurğunun təntənəli 70 illiyi qeyd ediləndə şair haqqında danışılan xatirələrdən biri onun nənəsi ilə birgə Qazax seminariyasına gedib oxumaq arzusunu Firidun bəyə bildirməsi idi. Həmin xatirəni mətbuatdan oxuduğum vaxtdan bəri onun adı xalqın görkəmli ziyalılarından, məşhur müəllimlərindən biri kimi yaddaşıma həmişəlik həkk olunub.

Pedaqoji fikrin böyük nümayəndəsi, Azərbaycan dilinin öyrənilməsinə dəyərli töhfə vermiş pedaqoq alim, ədəbiyyatşünas, publisist, bir çox dərsliklərin müəllifi, Azərbaycan ədəbiyyatı tarixinin banisi 160 il əvvəl - 26 yanvar 1863-cü ildə mədəniyyət incimiz Şuşa şəhərində dünyaya gəlib. On beş yaşınadək dörd il mədrəsədə, iki il Şuşadakı rus məktəbində ilk təhsilini alıb. 1878-ci ildə Zaqafqaziya müəllimlər seminariyasına tələbə toplayan Aleksey Çernyayevski onu özü ilə Qoriyə aparır. O, daha yeddi il ərzində buradakı seminariyada təhsilini təkmilləşdirir.

1885-ci ildə seminariyanı bitirib İrəvan gimnaziyasına təyinat alır. Gimnaziyada ana dili, hüsnxətt fənlərini tədris edərkən əldə etdiyi müvəffəqiyyətlərə görə dəfələrlə mükafatlandırılır. On ildən sonra İrəvanı tərk edib yenidən Qoriyə qayıdır. Qoridə Zaqafqaziya müəllimlər seminariyasının "tatar dili" şöbəsinin Azərbaycan dili şəriət müəllimi təyin olunur. İyirmi üç ilə yaxın müddətdə - 1918-ci ilə qədər burada pedaqoji fəaliyyətini davam etdirir.

Azərbaycan Dövlət Tarix Arxivində qorunan "Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan şöbəsi" fonduna aid saxlama vahidlərinin birində, 1913-1922-ci illər üçün Zaqafqaziya müəllimlər seminariyasının kanduit jurnalında Firidun bəyin seminariyada növbətçi müəllim xidmətini aparan zaman 1917-ci ilədək yazdığı qeydlər onun bacarıqlı pedaqoqluq qabiliyyətini hərtərəfli əks etdirir (f.797, siy1, sax.vah.10, səh.4-34).

Seminariyada Firidun bəyin ana dili ilə yanaşı, şəriətdən dərs deməsi onun həm yaşadığı ərazidə müsəlman əhalisi içərisində nüfuz hörmətə nail olmasına səbəb olmuşdu. Tarix Arxivində mühafizə edilən "Zaqafqaziya şiə ruhaniyyə idarəsi" fondunun "Zaqafqaziya şiə ruhani idarəsinə Köçərlinin üzv təyin edilməsi haqqında Zaqafqaziya Komitəsinin münasibəti" adlı saxlama vahidindəki bir sənəd bu yöndə diqqəti cəlb edir (f.290, siy.2, sax.vah.3845, səh.1). Xüsusi Zaqafqaziya Komitəsi sədrinin Zaqafqaziya Şeyxülislamı Zaqafqaziya Şiə İdarəsinə göndərdiyi məktubda Firidun bəy Köçərlinin idarə heyətinin üzvlüyünə seçilməsində hiss ediləcək məmnunluq ifadə edilir: "Müsəlman ruhaniləri vəzifələrinə seçkilər başlayana qədər Zaqafqaziya müəllimlər seminariyasının şəriət tatar dili müəllimi Firidun bəy Köçərli tərəfimdən Zaqafaqziya Şiə Ruhani İdarəsinin üzvlüyünə dəvət edilib".

Firidun bəy Köçərli hələ 1916-1917-ci illərdə müstəqil Azərbaycan seminariyasının yaradılmasına təşəbbüs göstərmiş, təkliflər vermişdi. Nəhayət 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin qurulması ilə arzusuna çatmış, Qori seminariyasının Azərbaycan şöbəsinin Qazax şəhərinə köçürülməsinə nail olmuşdu.

Görkəmli maarifçinin tərəqqipərvər fəaliyyətini "Seminariyanın Azərbaycan şöbəsinin müstəqil müəllimlər seminariyasına çevrilməsi haqqında" vahidində görmək mümkündür. Buradakı xidməti yazışma xarakterli dörd sənəd bilavasitə onun adı ilə bağlıdır. Birinci sənəd seminariya köçürülərkən sərf edilən xərclər haqqında 28 dekabr 1918-ci ildə yazılan "Zaqafqaziya müəllimlər seminariyasının tatar şöbəsinin əmlakının Qoridən Qazax şəhərinə köçürülməsinə xərclənən pulun F.Köçərliyə göndərilmiş qəbzlərə Gəncə xəzinədarlığının xəzinə mühasibinin münasibəti" adlanır (f.797, siy.1, sax.vah.19, səh.1).

İkinci sənəd 02 mart 1919-cu ildə yazılmış, bir daha köçürülmədə xərclənən vəsaitlərə dair maarif nazirinin Firidun bəyə məktubudur (f.797, siy.1, sax.vah.19, səh.2). Məktubda seminariyanın köçürülməsinə ayrılmış beş min rublun xərclənmə məsələləri barədə nazirin göstərişləri çatdırılır.

19 mart 1919-cu il tarixli üçüncü sənəd isə Qazax müəllimlər seminariyasının direktoru F.Köçərlinin Dövlət nəzarəti idarəsinin direktoruna Zaqafqaziya müəllimlər seminariyasının keçmiş tatar şöbəsinin müstəqil müəllimlər seminariyasına çevrilməsi ilə bağlı görülmüş işlərlə əlaqədar yığcam məlumatıdır (f.797, siy.1, sax.vah.19, səh.3).

Elə həmin ayda, 27 mart 1919-cu ildə maarif nazirinin seminariyanın gələcək vəzifələri haqqında Firidun bəyə ünvanlanan məktubu (f.797,siy.1, sax.vah.19, səh.4) bu cümlələr ilə bitir: "Yetişən çətinlikləri tam hazırlıqlı qarşılamanız arzuolunandır. Ona görə , sizdən sizin seminariyanın pedaqoji heyətindən xahişim qarşınızdakı ciddi işlərə tələsmədən düşünərək hazırlaşmağınızdır".

Üstündən bir əsrdən çox vaxt keçsə , qeyd edilən sənədlər möhtəşəm çalışmaların dəyərli sübutları kimi saxlanılmaqdadır.

Bütün ömrünü xalqının savadlanmasına həsr edən böyük pedaqoq yazırdı: "Hər bir xalqın maddi yoxsulluğu, iqtisadi düşkünlüyü onun zehni yoxsulluğunun, mənəvi düşkünlüyünün nəticəsində meydana çıxır".

F.Köçərli seminariyadan sonra Qazaxda ilk uşaq evi açır. 1918-ci il 28 May tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, İstiqlal bəyannaməsini imzalayanlardan biri olmaqla tanınmış ictimai xadim Firidun bəy 1919-cu ilin 1 fevralından Müsavat partiyasının Qazax şöbəsinə sədr seçilir.

Müsavatçı olması səbəbindən, Gəncə üsyanı yatırıldıqdan sonra, 1920-ci ilin mayında mənfur erməni daşnaklarının təşəbbüsü və Qazax İnqilab Komitəsinin təqdimatı ilə F.Köçərli həbs edilir, ardınca məhkəməsiz haqqında güllələnmə qərarı çıxarılıb əvəzsiz alimin həyatına son qoyulur. Onun öldürülməsindən kədərlənən və elmi-ictimai fəaliyyətini yüksək qiymətləndirən Məhəmməd Əmin Rəsulzadə yazırdı: "Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatının tədqiqiylə yeganə məşğul bulunan qiymətli bir mühərir, alim və müəllim idi".

Ədibin ölümündən sonra kitabları dəfələrlə nəşr edilib, həyat və fəaliyyətinə dair çoxlu məqalələr, kitablar, dissertasiyalar yazılıb. 1967-ci ildən Respublika Uşaq Kitabxanası onun adını daşıyır.

Şübhəsiz ki, maarif və mədəniyyət tariximizdə silinməz iz buraxan Firidun bəy Köçərlinin xidmətlərini və xatirəsini Azərbaycan xalqı heç zaman unutmayacaq.

 

Rövşən YERFİ

525-ci qəzet.- 2023.- 26 yanvar.- S.13.