Yaddaşıma yazılan gün
("Kişilərin ömür yolu"
silsiləsindən)
Unudulmaz
Gülağa müəllimin xatirəsinə
Payız yenicə girmişdi. Adətən ilin bu vədələrində
köhlən at misallı şahə qalxan dalğaları Lənkəran
ovalığının sahillərini döyəcləyən,
başı göy dənizdən Kömürgöy zirvəsinə
dirənən Talış dağlarının ətəklərində
binə bağlayan Dırıq, Ponəim elinin kənd-kəsəyi
boz dumana bürünür, sısqa payız
yağışı yeri-yurdu çamırda yoğurub
palçıqdan döşək salır, Zuvand, Piran elləri
ağ örpəyə bürünür, yol-iz keçilməz
olur. Builki payız isə hələ ki yay
ovqatındaydı, havalar mülayim keçir, təbiəti
qovuran quraqlıq davam edirdi.
İndi də
xatırlayanda öz-özümə düşünürəm
ki, birdən havalar yağmurlu, ya da qarlı, çovğunlu
keçsəydi, palçığı dizə
çıxan, küləyin-sazağın qarı şəpələyib
çökəklərə qaladığı ozamankı
çətin dağ yollarında bu get-gəldən halım,
görəsən, necə olardı?..
...Hələ
yaşımın məni atama görə tanıdan
zamanıydı. Ali məktəbdə qiyabi təhsil
alırdım, məktəbdə, pedaqoji sahədə
çalışmaq, müəllim olmaq arzusundaydım.
Qonşu kəndimizdəki orta məktəbdə təşkilatçı
vəzifəsi boşalmışdı, məktəbin
direktoruna müraciət etdim, səmimi yanaşdı, işə
düzəlməyimlə bağlı lazımi istiqamət verdi. Növbəti mərhələ
də çətin olmadı. Atamı yaxşı
tanıyıb ehtiram göstərən rayon gənclər təşkilatının
rəhbəri məni hörmətlə qəbul edib ətraflı
sorğu-sualdan sonra Şirinqum kənd orta məktəbinə
yeniyetmə və gənclərlə iş üzrə təşkilatçı
təyin olunmaq üçün o zamanın belə vəzifəyə
təyinat qaydalarına uyğun olaraq qərar verilmişdi. Qalırdı sonuncu mərhələ - həmin qərar
əsasında Rayon Xalq Maarif şöbəsi müdirinin
işə təyin olunmağımla bağlı əmr
imzalamağı.
...Atam bizim
yerlərin halal tikəsindən pay alıb, məğrurluq
çeşməsindən su içən sadə kənd
kişisi idi. Yurd eşqi, el-oba sevgisini həmişə uca
tutanlardan, evdən-eşikdən, ailədən-uşaqdan
aralı düşüb aranda, yaylaqda min bir əziyyətlə
qazandıqları halal çörəklərini ata-baba
ocağının hənirtisinə, yurd havasına
"yavanlıq" edib o dağların əzəmətinə
sığınıb oralarda yaşayan kişilərdən
idi.
O
kişi, yəni atam işə təyin olunmağımın əsas
hissəsinin belə əlbəəl nizamlanandan sonra, növbəti
mərhələsinin də rahatlıqla başa çatacağına
əmin olub ailə qayğıları ilə bağlı,
dolanışıq, çörək dalınca arana, bol-bərəkətli
Muğan tərəfə, bir neçə yığcam
dağ kəndini birləşdirən kolxozumuz
üçün hər il olduğu kimi, bu il də
payızlıq taxıl, buğda əkini üçün
getmişdi.
lll
Bir həftə idi ki, günaşırı kəndimizdən
rayon mərkəzinə get-gəldəydim. Sübhün
gözü açılmamış evdən
çıxır, dərəni-təpəni,
enişi-yoxuşu yorğun sala-sala göy atımı
dırnağından yalınacan selləndirib otuz yeddi
kilometrlik dağ yolunu keçib gedir, fəqət bu get-gəlimimdən
bir nəticə hasil olmurdu. Hər gün
sübh tezdən evdən çıxıb bu qədər yolu
həvəslə gedir, ancaq di gəl əli-qolu sallana-sallana,
məyus geri dönürdüm. Hər
gedişimdə anamın, bacılarımın ardımca
atdıqları neçə cam su hayıf olurdu, bada gedirdi.
Maarif şöbəsinə gəlişimin elə
ilk günündə sənədlərimi təqdim edən
kimi də kadrlar üzrə inspektor işə təyin
olunmağım barədə əmr hazırlamışdı.
Di gəl müdir o əmri imzalamırdı ki
imzalamırdı. Həm də bir səbəb
göstərib "yox" da demirdi ki, işimi biləm, nə
hə deyirdi, nə də yox. Şəxsən
özümü də qəbul da eləmirdi ki, fikrini bilib
şəkdən düşəm, bu get-gəldən canım
qurtarsın.
Beləcə səhərlər sübh tezdən evdən
çıxır, at belində otuz yeddi kilometrlik yol qət
edib hələ idarələrin qapısı
açılmamış rayon mərkəzinə yetişirdim. Atımı
tez-tələsik yerbəyer edib özümü rayon xalq maarif
şöbəsinin binasına çatdırırdım.
Bütün günü binanın gah dəhlizində, gah da həyətdə
qapının girişinə yaxın yerdə vurnuxur, iş
gününün sonunda, maarif şöbəsinin
axırıncı işçisi də qapıdan
çıxanda, mən də atımı
bağladığım yerə tələsir, elə
qaçaraq da ayağımı üzəngiyə atıb
göy atı kəndimizə tərəf dəhmərləyirdim.
İçimdəki hiddəti, qəzəbi,
acığı sanki göy atın nalının altından
qopan tozanaqda havaya sovurub yox etmək, yüngülləşmək
istəyirdim.
lll
...Ehh,
kişilər görmüşəm ee kişilər!..
Bir kişi də var idi, həmkəndlimiz,
qonşumuz, həm də uzaq əqrəbamız
sayılırdı. Adını çəkməyimin
indi elə bir əhəmiyyəti yoxdu. Yada salmaq da niyyətin
"xalisliyi"dir. Və elə bil bu kişi
də mənimlə vədələşibmiş kimi hər
geridönüşümdə, payız gününün
qüruba enən vaxtında sanki durub yolumu gözləyirdi.
Uzaq yolu gəlib evimizə çataçatda iki çəpərin
arası ilə üzü yuxarı aparan yolda atım da yedəyimdə
qalxarkən (evə yaxınlaşanda atdan enməyim də
anama bir sayğı idi, həm də pərt gəlirdim,
axı işim baş tutmurdu, "məğlub" kimi həyət-bacaya
at belində girmək də mənə ar gəlirdi), həə,
artıq bükülməkdə olan beli çiyinlərini
üzüaşağı çəkən, yeridikcə yellənən
əlləri dizlərini döyəcləyən bu ixtiyar
kişi üzüaşağı, cığırın
düz ortası ilə gəlib mənə çatır və
elə eyni ahənglə, sanki əvvəlcədən əzbərlədiyi
sözləri eyni ifadələrlə səsləndirib:
- Nə
oldu, ay bala, işin düzəlmədi? - deyə
dirənib durur, gözlərini qəribə bir maraqla
üzümə dikib cavab gözləyir, yolumu rahatca
keçib getməyimi əngəlləyirdi.
Mən isə
sanki günahkar özümmüşəm kimi
başımı aşağı salıb pərtliklə:
- Yox,
düzəlmədi, əmican, yenə düzəlmədi, -
deyə kişinin "intizarına" birtəhər, müvəqqəti
son qoyurdum.
Kişi də
bu cavabımdan halıma çox
acıyırmış kimi təəssüflənib: - Ay bala,
sən bu gedib-gəlməkdən əldən
düşdün ki, işin nə yaman tərs gətirib... -
deyir, sonra da, halıma yanırmış kimi, - bəlkə
bir gün düzəldi, - cümləsini əlavə edib
üzüenişə tələsir, sanki bu xəbəri dərhal
kiməsə çatdıracaqmış kimi tez
uzaqlaşırdı.
Səhərdən yolumu intizarla gözləyən
anamın isə verəcəyim izahata ehtiyacı yox idi. Elə uzaqdan
qırımımdan hər şeyi özlüyündə dəyərləndirirdi.
İçindən məyus olsa da, halını
büruzə verib sezdirmirdi, zahirən nə təəssüflənir,
nə də gileylənirdi.
Elə mən
həyətə çatan kimi:
- Hər
səfərdən xətərsiz, oğlum, - deyirdi. - Hələ
bir atını yerbəyer elə, tez keç evə,
yorulmusan, bəlkə bütün günü dilinə
heç nə dəyməyib, acsan. Haydı, oğlum, gəl,
sən keç evə!
Bacılarım
da nə az-nə çox - beşcə yerdən zanbaq kolu kimi
qaynaşıb pərvanə kimi ətrafımı
sarırdılar...
Beləcə günlər bir-birini əvəzləyir, mən
də get-gəlimdə davam edirdim. Maarif şöbə
müdiri isə insafa gəlib işə qəbulla
bağlı əmrimi imzalamırdı. Beli donqar, uzun
qolları dizlərini döyəcləyən yol üstəki
"qayğıkeş" qonşunun da hər dəfə elə
o həmişəki yerdə məni qarşılayıb
"dil-ağız" eləməkdən
dodağı-damağı yağır olmuşdu (Kişinin
donqarını da, qollarının dizlərini ötüb necə
yöndəmsiz sallandığını da niyyətinin mənə
qarşı nə qədər "xalis" olduğunu
anlayandan sonra duymuşdum).
Kəndimizdən rayon mərkəzinə get-gəlimin,
necə deyərlər, üçü ötüb
dördü adlayandan sonra daha yolu yorğun, göy atı da
arğın edib arzusunda olduğum bu işin dalınca getməkdən
vaz keçmək niyyətindəydim. İki gün idi ki, yola
çıxmağa ara vermişdim, oyunda
"taym-aut" götürmüş kimiydim. İşimin
ardınca getməyimə beləcə son vermək qərarındaydım
ki, anam məsələyə qarışdı:
-
Oğlum, darıxma, ruhdan düşmə, get bu işin
dalınca, - dedi, - evdə oturmaqdan bir şey çıxmaz.
Günü sabah yenə get, bu dəfə
düzələr, inşallah, məqsədindən belə
asanlıqla ayrı düşüb uzaqlaşma. Atan da bir neçə günə geri dönəcək.
Beləcə yerində oturub qalsan, o da qəhr olub üzülər,
bəlkə Allah eləməmiş, səni də
acılayar...
Ertəsi gün yenə səhər tezdən yuxudan
qalxanda qotazlı xalıdan toxunmuş içi yeyəcək
dolu heybəm anamın qolunda, yəhərli göy atım da
böyük bacımın yedəyində dayanıb,
qapının ağzından məni yola rəvan etməyə
hazır halda gözləyirdilər. Elə busağanın
dibindən sıçrayıb möhür misallı
xalları enli sinəsinə əzəmət verən dəmir-göy
atın üstünə qalxdım, qırmacı havada yellədib,
göy atımı çumxurdum, çaparaq yola düzəldim.
lll
Rayon mərkəzinə çatanda atımı
bazarın ayağına sürdüm. "Raypo"nun
(istehlak cəmiyyətinin) qəsəbənin mərkəzindəki
yığcam bazarın aşağısındakı
anbarlarının güney tərəfindəki dirəyə
bağladım atımı. Arpa
torbasını da başına keçirib, yeyəcək dolu
heybəmi də yəhərin qaşının altında
daldaladım, yenə həmin ünvana - maarif şöbəsinə
yollandım.
Qabağı şüşəbəndli, darısqal dəhlizdə
gözlərimi müdirin kabinetinə,
giriş-çıxışının ardı-arası kəsilməyən
qapısına dikib sakitcə oturmuşdum. Müdir isə,
görünür, yenə məni qəbul etmək fikrində
deyildi. Neçə gündən bəri gəlib-getdiyim,
səhər erkəndən iş gününün sonunadək
içəri çağrılacağımı gözlədiyim
bu qapıdan keçib içəri girmək ümidimi
artıq tamam itirmək üzrəydim. Bir daha
buraya dönməmək şərti ilə çıxıb
getməyə hazırlaşırdım ki,
qarşıdakı otağın qapısı aralandı.
Qarabuğdayı, saçlarını yana
daramış, ortaboylu, sinəsi enli, görkəmi əzəmətli
bir kişi ləngərlə otaqdan çıxıb
qapının kilidini bağladı. Elə o ləngərli,
ağayana addımlarla da çıxışa tərəf
yeridi. Dəhlizdən
çıxhaçıxda nə düşündüsə,
çiyni üstdən çevrilib mənə tərəf
baxdı, sonra da geri döndü. İsti və məhrəm
baxışlarla, diqqətlə üzümə baxıb:
- Ay bala! Kimsən, hansı kənddənsən, neçə
gündür səni bu dəhlizdə duran görürəm.
Nə məsələdir? - dedi. Cavab vermək
üçün udqunduğumu hiss edib, qayğıkeşliklə:
- Hansı kənddənsən, kimin oğlusan, ay bala? - deyə təkrar soruşdu.
Kişinin sakit, qayğılı, canayaxın səsi
dilimi açdı. Elə belə sakit-sakit, utana-utana: - Müəllim,
Göyəmlidənəm, - dedim. Atamın
adını söylədim. Neçə gündən bəri
gəlib-getməyimin səbəbini də demək istəyirdim
ki, kişi lap yaxın gəlib qolumdan
tutdu: - Hələ bir ardımca gəl, - deyə qabağa
düşüb məni də arxasınca çəkib
müdirin otağına tərəf apardı.
Kabinetin
qapısını açıb içəri, müdirin
otağına keçən kimi:
- Ay
müəllim, - dedi, - bu işlə bağlı qərarı
verənlə aranızda bir anlaşılmazlıq varsa, bu
cavan oğlana bunun nə dəxli?! (Heç demə,
tanımadığım bu diqqətli kişi
məsələdən hali imiş) Bu oğlan
gör neçə gündür ki, nə qədər yol gəlib-gedir.
Səhərdən axşama qədər də
gözləyə-gözləyə bu qapı-bacada
vurnuxa-vurnuxa durub qalır. - Sonra da üzünü mənə
tərəf çevirib, əli ilə işarə edərək,
- ay müdir, belə yaxşı oğlanı da heç
incidib get-gələ salmaq olarmı? Atasını
da mən yaxşı tanıyıram, elə sən də
tanımamış olmazsan. - Atamın adını
çəkib, namını nişa verdi. -
Mən xahiş edirəm, imzalayın əmrini, uşaq
çıxıb getsin, qaranlığa düşməsin, -
dedi.
Mən isə
bu məqamda altdan-altdan gah bu xeyirxah insanı, gah da irəlidəki
stolun arxasında təşəxxüslə yayxanıb oturan
şlyapalı müdiri süzürdüm...
lll
Vaxt ötdü, zaman keçdi, çox sular axıb
duruldu, dövran dəyişdi. Bir vaxt mənə
qarşı etdiyi o hərəkətini heç üzünə
vurmadığım həmin müdirə
yaxşılığım da, köməyim də keçdi.
Ancaq burasını da deyim ki, həmişə o
şlyapası müdirin başında oldu. Nəhayət,
bir dəfə papaqla oturmaq məqbul olmayan bir
yığıncaqda onu başıaçıq gördüm,
sən demə, keçəlmiş, həm də yamanca
keçəl...
lll
...Hə,
müdir artıq kəlmə belə kəsdirmədi. Zəngi çalıb kadrlar üzrə inspektoru
çağırdı. Əmrim, demə
hazır imiş, elə bir anda da imzaladı. Bircə kəlmə:
- Get, - dedi.
Qərəz, müdir təyinatımı, işə qəbul
olunmağımı təbrik eləməsə də, Müəllim
dediyim xeyirxah şəxs məni təbrik edib uğurlar
arzuladı.
Atama da salam söyləməyi
tapşırıb, yenə özü qabaqda, mən də
ardınca müdirin kabinetindən çıxdıq.
Minnətdarlığımı bayaqdan dönə-dönə
bildirmişdim.
Həyətə çıxanda özümü toparlayıb
irəli yeridim, kişinin əlini sıxıb, ürəkdən
bir də sağ ol dedim. O, öz kimliyini demədi, mən də,
əlbəttə, soruşmağı caiz bilmədim. Kişi məndən aralanıb uzaqlaşandan sonra
geri dönüb təkrar təhsil şöbəsinin
binasına girdim. Dəhlizdə bayaq
xeyirxah müəllimin çıxdığı
qapının önündə ayaq saxladım.
Qapının sağ küncündə dördkünc
şüşə lövhədə "Təhsil
İşçiləri Həmkarlar İttifaqı rayon Komitəsinin
sədri G.Rüstəmov" yazılmışdı. Əziz
insan, qiymətli şəxsiyyət, ən əsası,
mötəbər kişi Gülağa
müəllimlə mənim ilk tanışlığım bax
belə oldu.
lll
Kəndimizə,
evə tələsirdim: anamı tezcə sevindirmək, işə
təyin olunmağım, məktəbdə işə düzəlməyim
barədə şad xəbəri ona çatdırıb,
şadlandırmaq üçün. Bu gün
sanki mənimlə birgə nə vaxtdan bəri yolları
yorğun edən atım da yeldən qanad taxmışdı,
elə bil havalanıb uçurdu, özüm də havalı
kimiydim. Ac qalmayım deyə, məni yola
salanda anamın qablaşdırıb yığdığı
yeyəcək dolu heybəmin də qatmasının
düyününü açmağı unutmuşdum.
Çox tələsirdim, çox...
Gəlib
artıq məlum olan həmin məkana, iki çəpərin
arası ilə evimizə qalxan yolun yarısına çatanda
(bu gün atımın belindəydim, həyətə elə
beləcə, yəhər üstə girəcəkdim,
doqqazımızı da, əhvalımın yaxşı
vaxtlarında olduğu kimi, üzəngidən
çıxardığım ayağımla itələyərək
açacaqdım) o kişi yenə
qarşımda bitdi.
Həmişəki,
guya canıyanan ahənglə:
- Ay bala,
nə oldu, yenə işin düzəlmədi? - deyərək bu dəfə də "şad xəbər"
eşitmək ümidi ilə nəzərlərini üzərimə
dikib intizarla cavabımı gözlədi.
Mən isə bu dəfə ona cavab verməyə tələsmirdim. Zəndlə
kişinin üzünə baxdım, dodaqları bir-birindən
aralıydı. Qalın qaşları da
alnına tərəf dartılmışdı. Eləcə üzündə gərgin ifadəylə,
lal-dinməz durmuşdu.
Amma mənim
əhvalım yaxşıydı, bu əhvalla da ucadan:
- Düzəldi,
əmi, işim düzəldi! - dedim. - Heç demə,
neçə gün əvvəldən əmrim hazır
imiş, təqdim oluması yubanırmış.
Daşdan-qayadan səs çıxdı, kişidən səs çıxmadı, sanki anadangəlmə lal imiş. Dil-dodağı təpmişdi. Diqqətlə ona baxırdım, bayaqdan aralı qalan dodaqları indi titrəyirdi. Yerindən tərpəndi, başıaşağı, sələ-sələ yeridi. Əslində kölgə kimi sürünürdü o, sanki qəflətən bir əzizi qabağında düşüb ölmüş, bu da bərk sarsılmışdı. Elə bil neçə gündən bəri yolumu gözləyirmiş kimi hər dəfə qarşıma çıxıb məni sorğu-suala tutan, işimi xəbər alan, "yox" cavabımı eşidəndə üzdə ah-vay edən adam bu deyildi.
Mən isə indi qarşılaşdığım bu mənzərədən, yerimdə yox, elə atın üstündə donub qalmışdım. Məəttəl qalmalı işdi: bugünəcən guya halıma yanan bu "xeyirxahım" indi bir "mübarəkdir, xeyirli olsun" belə deməyib, məğmun-məğmun məndən aralanıb arxasına belə baxmadan gedir, kölgə kimi uzaqlaşırdı....
lll
Qəfildən eşitdiyim qəhqəhə səsinə diksindim. Başımı qaldırıb eşiyə, həyətimizə tərəf boylandım. Anam evimizin şüşəbəndindən mənə sarı baxıb gülür, gülürdü. Həm də, elə-belədə, adi vaxtlarda gülüşü dodaqlarının arasından güclə süzülən, xəfif təbbəssümdən uzağa getməyən anam indi mənə sarı baxa-baxa şaqqanaq çəkərək gülürdü.
Göy atım fınxırıb yüyəni başı ilə əlimdən dartmasaydı, kim bilir, mən hələ nə qədər beləcə durduğum, anamın bu gülüşünə heyran-heyran baxdığım halda qalacaqdım. Atımı dəhmərlədim, evimizə sarı dikləndik. Anamın mənim vəzifəyə keçməyimə, işə düzəlməyinə sevindiyi üçünmü, yoxsa "qayğıkeş" qonşumuzdan aldığım və heç vaxt unutmayacağım "xeyirxahlıq dərsi"nəmi güldüyünü kəsdirə bilmirdim ki bilmirdim... Ancaq o gün həmişəlik yaddaşıma köçdü. Gördüyünüz kimi, hələ də yerbəyer xatırlayıram.
12 iyun 2019
Novruz
NƏCƏFOĞLU
525-ci qəzet.- 2023.- 26 yanvar.- S.12;13.