Aləmi sellər, zülmlər, təcavüzlər
götürən bir vaxtda mərhəmət?!
(III məqalə)
Ömər
Faiq "Ümidvaram ki..." ("İrşad"
qəzeti, 1906) adlı məqaləsində sünnü-şiə
oyununu müsəlmanlar üçün istənilən vaxt hərəkətə
gətirib aranı qarışdıran düşmənlərin
xislətini açır. Amma ilk olaraq bu
oyunda əsrlərlə aldadılan məzlum müsəlmana
üzünü tutur. Müəllif nəyə ağladığını,
niyə ağladığını anlamayacaq qədər cahil
və məzlum oxucusuna əvvəlcə ritorik suallar verir, istehzalı
cavablarla məsələnin mahiyyətini də özü
anladır. Daha sonra isə siyasi xarakterli problemlərə
diqqət yönəldir.
"Ey həmiyyətli oxucu! Bir neçə
gündür niyə belə bikefsən?
"İrşad"ın 38-ci nömrəsini oxuyandan bəri
nə çox məyus görünürsən! Nə var, nə oldu? "Əsrin Yezid ibn
Müaviyələri" adındakı hürriyyətəngiz
məqaləmi qanını xarab etdi?..
Ağla, əzizim, ağla! Ağla ki, ən
ziyadə birlik və köməyə möhtac olduğumuz belə
müsibətli günlərimizdə belə aramızda
köhnə yırtıcı qurdların, hiyləgər
tülkülərin kəskin dişlərinə qurban
olacaq-olur mənziləsində bulunuruq".
Erməni-azərbaycanlı
düşmənliyi, sünnü-şiə
qarşıdurması və s. bu kimi "Qafqaz konfliktləri"ndən
XX əsrin əvvəllərində demək olar ki,
bütün mütərəqqi düşüncəli
ziyalılarımız (Ü.Hacıbəyli, Y.V.Çəmənzəminli,
C.Məmmədquluzadə, Ə.Ağaoğlu, Ö.F.Nemanzadə,
M.Hadi, M.Ə.Sabir, N.Nərimanov və b.) müxtəlif janr və
formalarda yazılar yazıblar. Az qala
bütün hallarda da müxtəlif müəlliflər eyni qənaətlə
çıxış ediblər. Məsələn,
Ü.Hacıbəylinin "Bakı müsəlmanlarına və
"Daşnaksütyun" firqəsinə məlum olsun
ki..." ("Həyat" qəzeti, 1905), "Erməni-müsəlman
sülh məclisinə dair" ("İrşad", 1906),
"Yenə erməni-müsəlman sülh komisyonu
xüsusunda" ("İrşad", 1906), "Andranik məsələsi"
("Azərbaycan", 1918), "31 mart" ("Azərbaycan,
1919), "Fitnələr qarşısında" ("Azərbaycan",
1919), "Naxçıvan və Qarabağ" ("Azərbaycan,
1919) və s. bu kimi məqalələrindəki ideya və
tezislər, mülahizələr Ömər Faiqin də təxminən
o illərdə həmin mövzularda yazdığı məqalələrin
mahiyyəti ilə üst-üstə düşürdü.
Ömər
Faiq hələ 1906-cı ildə "Ümidvaram ki"
adlı məqaləsində yazırdı: "Qonşumuz ermənilər
Amerika kimi ən iraq məmləkətlərdəki din
qardaşlarından hər cür müavinət və ürək
təsəllisi ala-ala bizlər yanı
başımızdakı müsəlman şəhərlərindən
elə xəbərlər duyuruq ki, o xəbərlərə səbəb
olan müsəlmanlara müşəriklər belə lənət
və nifrət oxuyurlar. Mən təəccüb
edirəm ki, belə bir vaxtda hər cür şəkil və
surətə girməkdən həya etməyən dəni təbiətli
bəzi ermənilərin hiylələrinə inanıb aldanan
müsəlmanlar harda batıblar, nə cür müsəlmandırlar?"
Ömər
Faiqdən düz 13 il sonra, 1919-cu ildə isə eyni məsələlər
haqqında eyni cür düşünən Üzeyir Hacıbəyli
"Naxçıvan və Qarabağ" məqaləsində
göstərirdi ki, Amerikaya, ingilislərə bel
bağlayıb Azərbaycan hökumətinə qarşı
çıxan Qarabağ erməniləri gələcək
üçün də təhlükə mənbəyidir. Sayca ermənilərdən xeyli çox olan müsəlmanların
fəaliyyətsizliyi, haqlarını tələb edə bilməməsi
fəlakətdir. Müəllif xüsusən
Naxçıvanın general Revinin vasitəsilə Ararat
hökumətinə təslim edilməsinə və bu məsələyə
yeni yaranmış Azərbaycan hökumətinin də
qeyri-ciddi yanaşmasına etiraz edərək yazırdı:
"Bizi yandıran ingilislərin tərəfgirliyi və ya
ingilis generalının bacarığı və ingilis
miralayının bişüurluğu degildir.
Özümüzün rəftarıdır ki, onun adına bacarıqsızlıq deməkdən
başqa özgə bir ad qoymaq olmaz".
Ömər
Faiq "Ümidvaram ki" məqaləsində oxucusuna
müraciət edərək, "Ağla, əzizim,
ağla" ifadəsini tez-tez, demək olar ki, hər abzasda
işlədir. Bu ifadənin məğzində
istehza, qəzəb olsa da, səslənişi həzin və kədərlidir.
Çünki o müraciətin ardınca
çox ciddi və ürəksıxan mətləblər
aşkar olur. Müəllif bildirir ki,
alçaq düşmənlərimiz bizi o dərəcədə
binamus və dinsiz hesab edir ki, aramıza şiə-sünni
konflikti atıb özümüzü özümüzə
qırdırırlar. Dürüstlük, mərdliklə qalib gələ
bilmədikləri üçün bizim
avamlığımızdan, cahilliyimizdən istifadə edib
fitnə ilə bizi dünyanın gözü
qarşısında alçaldırlar. Müsəlmanlar
arasında yayılan "ermənilərin sünnülərlə
işi yoxdur" riyakarlığına Ömər Faiq ürək
ağrısı ilə fikir bildirir: "Mən məəttələm
ki, ermənilərin "bizim sünnilərlə işimiz
yox" yalan və fitnələrinə inanan müsəlmanlar
nə cür camaat arasında qalırlar. Nə
üçün "məcnunxana"lara
getmirlər... Kimdir deyən ki, ermənilərin
sünnilərlə işi yoxdur? Bu nə səfi
söz, bu nə həmaqət! Ayə, Zəngəzur, Qazax
mahalında ermənilərin viran etdikləri kəndlərin,
şəhid etdikləri canların çoxu sünni deyillərmi
idi? Ayə, Tiflisdə şəhid edilən
qalayçı ləzgilər sünni deyilmidilər? Aya, Tiflisdə talan edilən və yanan
dükanların, evlərin bir xeylisi dağıstanlı,
şəkili sünnilərin deyilmi? Mən
qanmıram ki, ermənilər harada şiə ilə sünniyə
təfavüt qoydular".
Ömər Faiq bir jurnalist, ictimai-siyasi, sosial proseslərin
mahiyyətini dərk edən ziyalı kimi sadəcə baş
verən hadisələri işıqlandırıb, ona
münasibət bildirmir. Bəlkə bütün məqalələrində
uzaqgörənliklə qarşıdakı təhlükələri
operativ şəkildə analiz edir və gözlənilən
ictimai bəlalardan can qurtarmaq yollarını göstərirdi.
Bu məqaləsində də ermənilərin "müsəlmanların
Qafqazdan kökünü qazacayıq!" ?
bəyanatını oxucusuna tez-tez
xatırladaraq onu ayıq-sayıq olmağa, fitnələrə
uymamağa çağırır. Ruhaniləri,
ziyalıları bu mövzuda xalqı maarifləndirmə
işinə yardımçı olaraq səsləyir. Məhərrəmlik
meydanında baş yarıb, qan tökən,
sünnü-şiə qovğasında müsəlman
qardaşının başına qılınc endirən
"məzlum, gözüyaşlı müsəlman"a
müəllif həm də oxucusu kimi müraciət edir:
"Ey zəif
ürəkli oxucu, doğrusu, mən sənin göz
yaşlarına şərik ola bilməyəcəyəm.
Hərçəndi erməninin yoluna səcdə edən,
dinini bir qəpiyə satan müsəlman
adındakı bir-iki dinsizin, namussuzun aramızda tapıla biləcəyinə
inanıram. Lakin heç vaxt inana bilmirəm ki,
adını gerçəkdən müsəlman qoyan,
Allahın birliyinə, Quranın haqlığına, Məhəmmədin
peyğəmbərliyinə ürəkdən inanan şiə
və sünni müsəlman qardaşlarım elə bir-iki
nanəcib, haramzada, bidin bir məlunun fitnə-fəsadına
qulaq asalar".
"İdareyi-ruhaniyyələrimiz nə vaxt düzələcək?"
adlı məqaləsində ("İrşad", 1906)
çox maraqlı bir problem-situasiya yaradır. Müsəlmanlar öz dini əqidələrini
hansı istiqamətə yönəldir, din kitablarından,
dini təhsil proqramlarından, mədrəsə və məscidlərindən
necə istifadə edir, xristianlar, xüsusən də ermənilər
necə istifadə edir? ? sualı
çözülür. Göstərir ki, ermənilər
kilsələrindən, ruhani məktəblərindən siyasi
məqsədlərlə istifadə etməyi əla
bacarırlar. Milli cəmiyyətlərini
formalaşdırmaq, siyasi məqsədlərini inkişaf
etdirmək üçün ilk növbədə savadlı, cəsarətli
və fədakar ruhanilər yetişdirirlər. Onlar bizim kimi adamların şərəfinə vəzifə
yox, vəzifəni yarıda biləcək adamlar
hazırlayırlar. O adamlar isə ali
məqsəd üçün canından və malından
keçir.
"Odur ki, hər yana baxsan, üç kilsə
mülkü-erməni vəqfi, erməni əsəri
görülür. Şüurlu qonşularımız hər
şeydən qabaq qandılar ki, bu hərcmərcli yerlərin,
bu qalmaqallı aləmin arasında itməmək
üçün kilsələrin divarlarından, həqiqi
üləmaların ətəklərindən bərk
yapışmaq lazımdır. Odur ki, hər
cür milli, siyasi işlərini kilsə maskası, pərdəsi
altında görürlər".
Ömər Faiqin publisistik üslubunda problemin mahiyyətindən
doğan narahatlıqları hərdən istehza, hərdən
yumoristik tərz, hərdən də əsəbi intonasiya ilə
ifadə etdiyini görürük. Hətta bəzən
qarğış xarakterli ifadələrlə oxucunu
qıcıqlandırma metodundan istifadə edir. Məsələn,
erməni fitnəsinə və xəyanətinə
qarşı yumşaqlıq, biganəlik göstərib
özünü humanist kimi təqdim edən müsəlmanlara
üz tutub deyir: "Bu zamanada hər kim
qarşısındakına baxmayıb tədbir və
gücü əldən buraxırsa, vay gününə! Dava
vaxtı ürək yumşaqlığı edib bitədarük
yatan tayfanın kül başına! Aləmi
sellər, zülmlər, təcavüzlər götürən
bir vaxtda mərhəmət, insanlıq gözləyib əlini
bağlayanın torpaq ağzına!"
Ümumiyyətlə, Ömər Faiqin oxucusuna münasibətində
maraqlı yanaşma üsulları axtarıb tapması cəhdini
aydınca görürük. Qəzet oxumayan cəmiyyətdə
reaksiya yaratmaq, düşüncəni hərəkətə gətirmək
üçün çox zaman məqalələrinin
adını sual cümləsi şəklində yazır.
Problemi başlıqda emosional tərzdə səsləndirib
"niyə?" - sualını
oxucuya ötürür. Təbii ki, təhlil,
analiz və cavablar müəllifin özündən gələcək.
Lakin üz tutduğu auditoriyanı canlandırmaq, ictimai,
sosial-siyasi, elmi-mədəni sahələrin dərdləri ilə
onları tanış etmək
üçün bu üsula üstünlük verir. "Müəllimlərimiz nə üçün
Bakıya qaçırlar?" ("İrşad"
qəzeti, 1906) məqaləsini də bu məqsədlə
yazır. Müəllif haqqımızda
"məlumatsız millət" ifadəsini tez-tez işlədir.
Əslində savadsız, elm və təhsilsiz
millət anlamını ifadə edən bu anlayışın
məğzində çox mətləblər yatır.
O göstərir ki, biz heç bir işdə heç zaman
birinci, ilk olmadıq, həmişə təkrarçı, təqlidçi
olduq. Halbuki fərasəti olan kəs ortaya yeni nəsə
qoymalıdır. "Bizdə, yəni məlumatsız
millətdə adətdir, deyilməmiş, suyu
çıxmamış bir sözü deməzlər. Başlanmamış bir işə, bir sənətə
başlamazlar. Amma vaxta ki, biri
başladı, zahirən qara pulca xeyri göründü, gerisi
corab söküyü kimi gedir. Hər kəs
o işin, sənətin üstə tökülür".
Bu mövzuda C.Məmmədquluzadənin "Xoşbəxtlik"
məqaləsində ("Molla Nəsrəddin", 1917) də
eyni yanaşmanı görürük. Yəni müsəlmanların
nəyisə icad etmək, nədəsə ilk olmaq cəhdi
heç ağıllarına da gəlmir. Biz
kəşf edən yox, sadəcə istifadə edənik.
C.Məmmədquluzadə yazırdı: "Allah taala biz
müsəlmanları xoşbəxt yaradıb. Bir
fikir elə və gör ki, heç zəhmət çəkməyə-çəkməyə
hər nə ki dünyada var, - hər bir şey bizim
ixtiyarımızdadır. Götür dəmir yolu,
teleqrafı, telefonu və bunun kimi qeyri şeytan işlərini,
bunların ixtiyarında nə ki zəhmət çəkmişik,
bəlkə bunları avropalılar sümük
sındırıb icad edəndə biz ayaqlarımızı
soyuq suya uzadıb, on səkkiz saat iftarın intizarında
olurduq, amma axırda Allah-Təala bizi bu dünya nemətlərinin
heç birindən məhrum qılmadı; çünki həqiqətdə
də biz xoşbəxtik".
Ömər Faiq bu xüsusiyyəti də millətin
"naxoşluğu" kimi qəbul edir. Həm də
ona kədərlənir ki, bu xəstəlik təkcə
savadsızlara deyil, artıq savadı olanlara da şamil edilə
bilər.
Həmin zamanda Firudin bəy Köçərlinin də
qaldırdığı məsələyə (müəllimlərin
Bakıya qaçması, bir çox hallarda missionerlik fəaliyyəti
və s.) bir çox ziyalılar kimi Ömər Faiq də
münasibət bildirir. "Doğrusu, çox-çox
şükür ki, bəradərimiz Firudin bəy meydana
çıxardığı lazımlı bir məsələ
havayı oxunub keçilmədi. Dərdlərimiz
barəsində yazılan zahiri acı yazılara qarşı
dodaq bükülüb ötürülmədi. Dərdlərimizin, naxoşluqlarımızın
gizli səbəbləri axtarılmağa üz qoyuldu".
Ömər
Faiq elə həmin məqaləsində müsəlmanların
"qulhuvallah" duasından daha çox təkrarladığı
"nəyimə lazım, aləmin dərdi sənəmi
qalıb, kefinə bax" - fikrini də ayrıca bir xəstəlik,
bəla növü kimi diqqətə çatdırır. Həm də ona sevinir ki, "nəyimə
lazım..." dövrlərimiz tədriclə keçməkdədir.
Çünki tək-tək də olsa, milli məktəblər
açılır, hətta bəzi yerlərdə mövcud
olan milli məktəbləri böyütmək istəyənlər
də var. Müəllif sual qoyur. O halda problem nədədir?
Yenə müəllimsizlik məsələsi
ortaya gəlir. "Lakin müəllimsizlikdən,
mürəbbisizlikdən aciz qalıb hümmət əllərini
acizə qoltuqlarına soxurlar. Bəli,
müəllimsizlikdən məktəblərimiz viran, işlərimiz
pərişan, halımız yamandır".
XX əsrin
əvvəllərində bütün milli ziyalılar Ömər
Faiqin də dediyi kimi, "Maarif baharı"nın
açılan ilk çiçəklərini
alqışlayır, həqiqi maarif baharının tam və
mükəmməl şəkildə gəlməsini gözləyirdi.
Onların hamısı bu barədə dayanmadan
və faydalı şəkildə yazmağa cəhd edirdi.
Dünyada
baş verən hərbi, siyasi, ictimai hadisələr
haqqında mətbuat vasitəsilə tanış
olan milli ziyalılarınız mütləq şəkildə
müqayisələr aparır və örnəklərlə
mahiyyəti təlqin edirdilər. Məsələn, XX əsrin
əvvəllərində (1905-1907) rus-yapon müharibəsi
gedişatında yayılan xəbərlər, süjet və
fraqmentlər bizə maraqlı və əhəmiyyətli ola biləcək rakursdan təhlil edilirdi. Ömər Faiq də "rus generallarına qalib gələn
yapon müəllimləri" ifadəsini təsadüfən
işlətmirdi. Çünki hər bir
yapon əskəri bir yapon müəlliminin yetirməsi,
silahıdır. Müəllif nə zamansa
mətbuatdan oxuduğu bir kiçik xəbərin siyasi, sosial
və maarif, təhsil yönümündən izahını təqdim
edir. "Yaponiyadakı rus səfiri bir
bağda qonaqlıq verir. Qonaqlıq
münasibətilə o bağa gələn yapon ibtidai məktəb
uşaqlarına da çay verirlər. Uşaqlar
çayı içən arada xəbərdar olurlar ki,
çay rus səfiri tərəfindən verilib, bunu duyan kimi
uşaqlar: "Biz, bizə düşmən olanların
çayını içmirik..." deyib çayları
buraxırlar. Halbuki bizim müəllimlərimiz ingilislərin
beş-on qızılına, fransızların şirin dillərinə,
yalançı dostluqlarına, rusların maladeslərinə,
iki şahılıq medallarına millətlərinin həyatlarını,
millətlərinin vətənlərini yağlı qoyun kimi
satırlar".
Bunun da səbəbini təhsilsizlik və müəllimsizlikdə
axtaran Ömər Faiq bu misala alternativ olaraq azərbaycanlı
və erməni münasibətini, bu münasibətdəki
sağlam düşüncə modelini şərh edir. Göstərir
ki, hətta erməni hamballarının belə
başlarını millət məhəbbətilə, vətən
sevgisi, azadlıq xəyalları ilə dolduran qoca erməni
keşişləri deyil. Rusiyanın vəziyyətindən,
dövrün siyasi gedişatından yararlanıb hökumət
içində hökumət yaradan
"daşnaksütyun"ların da ideya rəhbərləri,
başçıları, üzvləri avam qocalar, dualar və
ya lənətlər oxumaqla məşğul olan keşişlər
deyil. Məhz müəllimlərdir. "Demək ki, hər millətin tərəqqi dərəcəsi
müəllimlərinin dərəcəsi ilə bilinər.
Demək ki, müəllimlər millətlərinin
canlı "qradus"larıdır".
Sonra bizim
bəzi "xainanə öyrəndik
lərini
xainanə öyrətməyə çalışan"
müəllimlərimizin xarakteristikasını verir. Kəndlərdən qaçan, müsəlman məktəblərində
öz millətinin ziddinə fəaliyyət göstərən
müsəlman müəllimlərin yetişdirdiyi gələcək
nəsillərin aqibətinə acıdığını
bildirir. Bunu da konkret misalla isbatlayır.
Nəql edir ki, məktəblərin birində
rus dilində də təlim vermək üçün bir
müəllim axtarırlar. Bu barədə
direktora müraciət olunanda "Qospadin direktor da harda bir
ixlaslı, medal və "malades" dəlisi varsa, tezdən
seçib bura göndərir".
Beləcə, məktəbə müəllim yox,
missioner kimi gələn şəxs kənardan
aldığı gizli əmrləri yerinə yetirir. Az vaxtda
məktəbdə "milli" - deyilən bir şey
qalmır. divarlardan
türkcə xəritələr, rəflərdən türkcə
kitablar yığışdırılır. Divarları
keşiş ağaların, xristian "müqəddəslərin",
cənabların şəkilləri ilə doldururlar. Proqramlarda türk dili və tarixi ilə bağlı
dərslərin tədrisinə yenidən və antimilli
yönümdən baxılır. Daha sonra
uşaqların geyimləri ruslaşdırılır və s.
Daha sonra, Ömər Faiq bu müəllimləri həqiqi
müəllimlərə qatmadığını da bildirərək
keçir mövzunun ikinci hissəsinə. İkinci hissə əslində
məqalənin adındakı sualın cavabını ifadə
edir: Müəllimlərimiz niyə Bakıya qaçırlar?
Onun
araşdırması bir neçə səbəb ortaya qoyur:
1. Ola bilər
ki, müəllimlər məktəblərdəki təlim-tərbiyə
üsullarını, bu üsulların əhəmiyyətsizliyini
qəbul etmədikləri üçün məktəblərdən
qaçırlar.
2. Bəlkə
onlar kəndlərdən şəhərlərə, şəhərlərdən
də Bakıya ("o üz ağardan qara şəhərə")
sadəcə dolanışıq, pul dalınca gəlirlər?
Ömər
Faiq də bilirdi ki, həmin zamanda üç-dörd nəfərdən
ibarət ailəni ayda iyirmi beş-otuz manat almaqla
dolandırmaq olmaz: "Amma müəllimlikdə, o da müsəlman
olasan, on ilə ömür tükətsən, axmaq aldadan
"malades"dən savayı bir şey görülməz".
Ömər Faiq daima müəllimlərdən millətin
savadlanması, irəliyə getməsi üçün
kömək istədiyi kimi, millət böyüklərindən,
"millət rəisləri"ndən də müəllimlərə
kömək etmələrini istəyirdi. Qeyd edirdi ki,
maddi çətinliklər və cahil cəmiyyət
sıxıntıları ilə yaşayan cavan müəllimlərə
sadəcə "millətin xatiri üçün hər
cür zəhmət və məşəqqətə səbr
edin" tövsiyəsini vermək asandır. Onların halını anlamaq isə millətin
halını anlamağa bərabərdir. "Arxasız,
ümidsiz, məişətinin, qarnının dərdinə
qalan bir müəllim, mücəssəm-həmiyyətdə
olsa, layiqilə bir iş görməz". O, həmin məqaləsində
tələb edirdi ki, kənd müəllimlərinin məvacibi
artırılsın. Başbilənlər, dumaya
vəkil seçilənlər indidən lazımi təşəbbüs
göstərsinlər və s.
Bu məqamda müəllifin çox məntiqli və
maraqlı mülahizəsi problemin mahiyyətini ortaya qoyur. O, bəzi yazarların "Müəllimlərimiz
şəhərlərə nə üçün
qaçırlar?" sualından bir şey
anlamadığını bildirir. Çünki
onların iddia etdikləri kimi, bu müəllimlər məkanı
dəyişməklə məktəbi dəyişmir. Onların pənah apardığı şəhərdə
də məktəblər çox deyil və adətən
müəllimlər bu şəhərə müəllimlik
üçün deyil, "qara pul" üçün gəlirlər.
O iş fəhləlik də ola bilərdi.
"Baxın, Şamaxıya, Şəkiyə,
Gəncəyə, İrəvana, Şişəyə,
Naxçıvana və hətta Tiflisə, əcəba
buralarda neçə müəllimimiz vardır? Halbuki bu şəhərlərdə olan tək-tük
müəllimlərimiz də yenə o qara pul məcmeyi olan
Bakıya qaçırlar. Hətta Tiflisin
gözəl havasını, lazımlı xidmətini
Bakının istisinə, tozuna tərcih edirlər. Çünki orada həm qara pul çox, həm də
irəlisi var".
Məqalənin sonunda isə Ömər Faiq özü də
şübhələndiyi bir faktı dolayısı ilə dilə
gətirir. Üstüörtülü şəkildə bildirir
ki, həmin zamanlarda müəllimlərdən bəzən
siyasi məqsədlər üçün, missioner kimi də
istifadə edənlər olurdu. O isə guya buna
inanmadığını yazır, əslində isə ehtimal
və şübhəsini bəyan edirdi: "Türk
balası, müsəlman oğlu, əksər müəllimlərimizin
missioner müəllimlərin iğva və şeytanətinə
aldanıb millətinə xəyanət edəcəklərinə
ümidim azdır. Arada əskik olmayan bir-iki biəhəmiyyətin
vücudu isə hesab deyil".
1906-cı ildə yenə də "Ümidvar"
imzası ilə "İrşad" qəzetində sual
intonasiyalı başlıqla ("Nə vaxta qədər?")
daha bir məqalə çap etdirir. İlk cümlə belədir:
"Qafil camaatın içində ciddi iş görmək,
xüsusilə politikaya - məmləkətin idarəsinə
aid iş görmək çox çətindir".
Bu dəfə mövzu fərqlidir. Bizim milli
deyil, daha böyük siyasi məsələlərdə
uzağı görə bilməməyimiz, cografi və siyasi
mövqeyimizi düzgün analiz qabiliyyətinə malik
olmamağımız tənqid olunur. Məlumdur
ki, Rusiyada baş verən siyasi prosesləri sadəcə kənar
tərəf kimi izləmək dünyadan xəbərsizlikdir.
Çünki orada nə baş versə, bizim
tarixi taleyimizə birbaşa təsir etmiş olacaq. İkincisi isə, köhnəlik, dəyişməzlik
arzusu ilə bağlıdır. Müəllif göstərir
ki, "Rusiyada bizdən çox döyülən,
söyülən, bizdən artıq zəlil və həqir
olan heç bir tayfa olmaya-olmaya yenə bizdən artıq
köhnə zülmləri xahiş edən qafil bir tayfa
görünməyir... Başlar və beyinlər
zülm və istibdadın verdiyi tərbiyə ilə
böyüyüb. Arxa dəriləri
köhnə idarənin vurduğu matraqlar (qamçılar) ilə
qalınlaşıb. Gözlər başa
döyülməkdə kor olmaq halına düşüb.
Budur ki, bu səbəblədir ki, bu zamanın - bu zamanın
ha! bəzi müsəlmanları yenə qədim
idareyi-hökuməti kor-koranə xahiş edirlər..."
Rusiya tərkibində azadlığa bizim qədər çox ehtiyacı olan ikinci bir millətin olmadığını vurğulayan müəllif ermənilərin, "piyan rus qulluqçularının" başımıza açdığı oyunları, bizə göstərdiyi həqarətləri xatırladır. Uzaqgörənliklə bildirir ki, ermənilər iyirmi ildən sonra özlərinə zərər gələcək deşikləri indidən qapayırlar, Rusiyada xalqların azadlıq və bərabərliyini isə ona görə istəmirlər ki, birdən biz də onlar ilə bərabər olarıq.
Ömər Faiqin 1906-cı ildə yazdığı bu fikirlərə adekvat olaraq C.Məmmədquluzadənin 1917-ci ildə (11 il sonra) çap olunan "Xoşbəxtlik" məqaləsində də rast gəlirik. O da Rusiyadakı xalqlar arasında ən ağır şərtlərə və ixtiyarsızlığa məruz qalan xalq olduğumuzu vurğulayır: "Və indiyədək hansı bir işdə, hansı bir xidmətdə, hansı bir idarədə və divanxanada, kim bunu bilmir ki, hər yanda biz müsəlmanların ixtiyarı qeyri millətlərə nisbətən yarımçıq və bəlkə yox olubdur?!"
Çox maraqlıdır ki, Ömər Faiq hələ o zamanlar ermənilərin hər yerdə, hər idarədə kök saldığını göstərir. Bizim isə hiyləgər ermənilərin fitnə və təpiklərindən xilas olmağımızın yeganə yolunu Rusiyadan azadlıq almaq hünərində görür.
Bütün bunlara göz yuman və öz mallarını salamat saxlamağa çalışan bəzi milli "tacirləri" isə qınayır. "Doğrusu, istəmirlər ki, onlarca tək özlərinin indi iki qəpikləri getməsin, tək indi özlərinin bir xırda başları ağrımasın, gələcəkdə istərsə millətin cümlə malı yox olsun, bütün övladi-millət qırılsın! Kimin nə işinə? Öz çulunu məskincə sudan çıxaran zəmanəmizdə əqilli igid hesab edilir?!"
Ömər Faiqin mövzu dairəsi geniş, düşüncələri dərin, ifadə üsulu təsiredici idi. Bütün bu keyfiyyətləri onda yaradan isə qəlbindəki sevgi və yanğı idi.
"Ey oxucu! Zənn
etmə ki, "Ümidvar" bu kimi sözləri düzəldib
tənbeh üçün yazır. Yox vallah! Dayana bilməyib
odlanıram. Hələ bir para oxumuşlarımızın
xeyir-şərini qanmayıb bəzi avama qatışıb
islamın əsası olan hürriyyət və müsavata lənət
oxuyub köhnə idareyi-zaliməyi arzu etdiklərini duyub
parçalanıram".
İradə
MUSAYEVA
525-ci qəzet.- 2023.- 26 yanvar.- S.10-11.