"Əsas elmi istiqamətimiz Qərbi Azərbaycan
tarixinin bütün problemlərinin öyrənilməsidir"
CƏBİ
BƏHRAMOV: "AMEA-nın TARİX İNSTİTUTUNUN YENİ
YARADILMIŞ QƏRBİ AZƏRBAYCAN TARİXİ
ŞÖBƏSİNDƏ KOMPLEKS ŞƏKİLDƏ
TƏDQİQATLAR APARILMASI NƏZƏRDƏ TUTULUR"
Azərbaycan
Prezidenti İlham Əliyev Qərbi Azərbaycana
qayıdışla bağlı səsləndirdiyi fikirlərdə
bu xarixi torpaqlarımızdan deportasiyaya olunmuş,
soyqırıma məruz qalmış Azərbaycan əhalisinin
taleyi ilə bağlı son 200 illik tarix üzrə tədqiqatların
aparılması və Qərbi Azərbaycana qayıdış
konsepsiyasının hazırlanması barədə göstəriş
verib. Artıq bu istiqamətdə
genişmiqyaslı tədbirlərə, fundamental tədqiqatların
aparılmasına başlanılıb. Bununla əlaqədar
olaraq, AMEA Rəyasət Heyətinin qərarı ilə
akademiyada Qərbi Azərbaycanla bağlı üç
şöbə yaradılıb: AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda Qərbi Azərbaycan
tarixi şöbəsi, Folklor İnstitutunda Qərbi Azərbaycan
folkloru şöbəsi və Nəsimi adına Dilçilik
İnstitutunda Toponimika şöbəsi təşkil olunub.
AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi
şöbəsinin müdiri, tarix üzrə fəlsəfə
doktoru Cəbi Bəhramovla söhbətimizdə onun rəhbərlik
etdiyi şöbədə görülən işlər və
aparılan tədqiqatlar haqqında
danışmışıq.
- Cəbi
müəllim, bugünədək Qərbi Azərbaycan tarixinin
öyrənilməsi, bu bölgənin tarixi
coğrafiyasının yazılması istiqamətində
hansı işlər görülüb? Gəlin
söhbətimizə bu barədə qısa məlumatla
başlayaq.
-
Tarixçi alimlərimiz istər Sovet, istərsə də
müstəqillik dövründə Azərbaycanın milli mənafeyinin
qorunması üçün əllərindən gələni
ediblər. Qərbi Azərbaycanla bağlı tarixi məsələlər
son 30 il ərzində A.A.Bakıxanov adına Tarix
İnstitutunun diqqət mərkəzində olub, monoqrafiyalar və
məqalələr yazılıb, fəlsəfə doktoru və
elmlər doktoru elmi dərəcələrini almaq
üçün dissertasiyalar müdafiə edilib. Tarix İnstitutunda Qərbi Azərbaycanla
bağlı əsaslı tədqiqatlara Azərbaycan
Respublikasının dövlət müstəqilliyi bərpa
edildikdən sonra başlanılıb. İrəvan
xanlığı haqqında geniş məlumat ilk dəfə
1993-cü ildə nəşr edilmiş bir cildlik "Azərbaycan
tarixi" kitabında öz əksini tapıb. 1998-2003-cü illərdə nəşr edilmiş 7
cildlik "Azərbaycan tarixi" kitabının 3, 4 və
5-ci cildlərində də bu barədə geniş məlumat
təqdim olunub.
Bu
kitablarda Çuxur-Səəd bəylərbəyliyi, İrəvan
xanlığı, XIX əsrdə bu ərazilərin
işğalı, ermənilərin bu ərazilərə
köçürülməsi və məskunlaşdırılması
tarixi, İrəvan quberniyası, Qərbi Azərbaycan ərazilərinin
- İrəvan şəhəri və Zəngəzurun qərb
ərazilərinin ermənilərə güzəştə
gedilməsi, erməni-daşnak respublikasının yaradılması,
İrəvan quberniyası və Zəngəzurda azərbaycanlı
əhaliyə qarşı törədilən
soyqırımı cinayətləri məsələləri
öz əksini tapıb, 1948-1953-cü illərdə azərbaycanlıların
Ermənistan SSRİ ərazisindən deportasiya olunması,
1988-1991-ci illərdə baş verən hadisələr
ümumiləşmiş şəkildə tədqiqata cəlb
edilib. Daha sonralar, 2007-ci ildən Tarix
İnstitutunda İrəvan xanlığının tarixi ilə
bağlı tədqiqatlara başlanılıb.
- Şöbədə Qərbi Azərbaycanla
bağlı aparılan tədqiqat işləri əsasən
hansı istiqamətlərdədir?
- Azərbaycan
Prezidenti cənab İlham Əliyev ötən il
dekabrın 24-də Qərbi Azərbaycan İcmasının
inzibati binasında həmin bölgədən olan bir qrup
ziyalı ilə görüşündə Qərbi Azərbaycana
qayıdışla bağlı fəaliyyətin bu
torpaqların tarixi üzərində qurulmasının gərəkliliyini
bildirdi. Görüşdə həmin ərazilərin Azərbaycan
xalqına qaytarılması, pozulmuş hüquqların bərpa
edilməsi, ərazinin tarixinin yazılması və milli
atlasın tərtibi, bu ərazilərlə bağlı
bütün dövrlərə aid mənbələrin
toplanılması və onların çeşidlənərək
sistemləşdirilməsi, o cümlədən, bu problemin
dünya ictimaiyyətinə çatdırılması ilə
bağlı fikirlər səsləndirildi. Biz
artıq bu istiqamətdə işlərə artıq
başlamışıq. Dövlət
başçısının
çağırışlarına müvafiq olaraq, AMEA Rəyasət
Heyəti akademiyanın üç institutunda bu istiqamətdə
fəaliyyət göstərəcək üç şöbənin
yaradılmasına dair qərar qəbul edib. Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi
şöbəsinə rəhbərliyin mənə həvalə
olunması qürurvericidir. Bu şöbəyə
cəlb etdiyimiz mütəxəssislər müxtəlif
dövrlər üzrə tədqiqatlar aparmış yüksəkixtisaslı
kadrlardır. Şöbəmiz həm də
digər şöbələrlə birbaşa əlaqəli
şəkildə fəaliyyət göstərir.
Şöbədə aparılan tədqiqatların əsas
istiqamətlərini ən qədim dövrdən bugünədək
Qərbi Azərbaycanın tarixinin araşdırılması,
tarixi atlasın tərtib edilməsi təşkil edir. Bu iki məsələnin
həlli üçün dünyanın müxtəlif ölkələrində
ayrı-ayrı dillərdə yazılmış elmi ədəbiyyatın
toplanması işləri həyata keçirilir. Həmçinin, kütləvi informasiya vasitələrində
bu istiqamətdə çıxışlar, sənədli
filmlərin çəkilişi istiqamətində tədbirlərin
görülməsi nəzərdə tutulur. Əminəm ki, həmkarlarımızla birgə bu
işlərin öhdəsindən layiqincə gələcəyik.
- Tədqiqatlar
zamanı ictimaiyyətə məlum olmayan hansısa yeni faktlar
üzə çıxıbmı?
- Bəli,
İrəvan şəhərinin ermənilərə verilməsi
ilə bağlı müxtəlif fikirlərə rast gəlmək
mümkündür. Bəzi yazı və
çıxışlarda şəhərin guya 99 illik icarəyə
verildiyini, bəziləri isə həmin dövrdə beynəlxalq
vəziyyətin indiki kimi olmadığını qeyd edirlər.
Lakin ilk növbədə, tarixi faktlar
araşdırılarkən arxiv sənədlərinə
istinad olunmalıdır.
Birinci məqam ondan ibarətdir ki, İrəvan şəhəri
ermənilərə verilərkən Azərbaycan xalqına
müraciət olunmamış, razılıq
alınmamışdı. Digər tərəfdən, Sovet
Rusiyası Azərbaycanı işğal etdikdən sonra
ölkəmizin 20.8 min kv. km
ərazisini Ermənistana vermişdi. 1988-ci il
noyabr ayının 23-dən dekabrın 7-dək Sovet ordusunun
iştirakı ilə bütün Qərbi Azərbaycan ərazisindən,
22 rayondan azərbaycanılılar deportasiya edilmişdi. Bu məsələnin bir çox məqamları tədqiqatlar
zamanı aşkara çıxarılacaq.
1918-ci ilin iyununda Osmanlı Türkiyəsi hökuməti
ilə erməni-daşnak Respublikasının üzvləri
arasında imzalanmış məxfi müqavilənin 6-cı
maddəsində 4 bənd yer alıb. Bu bəndlərdə
Azərbaycan əhalisinin hüquqlarının qorunmasından
söhbət gedir. Lakin bu müqavilənin
şərtlərinə indiyədək əməl
olunmayıb. Bu faktların dünya ictimaiyyətinə
çatdırılması olduqca zəruri məsələlərdəndir.
1918-ci il may ayının 29-dək həmin ərazidə
Ermənistan adlanan beynəlxalq hüququn bir subyekti də
mövcud olmayıb. Ermənilər və
onların havadarları iddia edirlər ki, ermənilər bu ərazilərin
yerli əhalisidir və bununla saxtakarlığa əl
atırlar. Əminəm ki, yaxın zamanda
apardığımız tədqiqatların nəticələri
olaraq ermənilərin bu ərazilərdə törətdikləri
genişmiqyaslı cinayətlərlə bağlı yeni
sübutlar üzə çıxacaq.
- Şöbədə Qərbi Azərbaycanın
atlasının hazırlanması nəzərdə tutulur. Atlasda
hansı məlumatlar öz əksini tapacaq?
-
Hazırlanması nəzərdə tutulan "Qərbi Azərbaycan
tarixi atlası"nda qədim dövrdən bugünədək
Qərbi Azərbaycan ərazisində baş verən
ictimai-siyasi proseslər, ərazinin sərhədlərinin
müəyyən edilməsi və bir çox digər faktlar
öz əksini tapacaq. Çalışacağıq
ki, əlimizdən gələn bütün imkanlardan istifadə
edərək, mənbələrin toplanmasını tam şəkildə
həyata keçirək. Bu işə
şöbəmizin əməkdaşları ilə
yanaşı, Azərbaycanın müxtəlif dövrlərdəki
tarixini tədqiq edən digər şöbələrin əməkdaşları
da cəlb olunub. Alimlərimiz tərəfindən
aparılan tədqiqatlar nəticəsində məlum olub ki,
ermənilər bu ərazilərə XIX əsrin birinci
yarısında, daha dəqiq desək, 1830-cu illərdən
başlayaraq 1982-ci ilədək köçürülüb.
Fransız əsilli rus məmuru İvan
Şopenin, S.Qlinkanın, N.Şavrovun və başqa məmurların
hazırladıqları sənədlərdə, o cümlədən,
SSRİ hökumətinin qəbul etdiyi qərarlarda bu faktlar
açıq şəkildə öz əksini tapıb.
XX əsrin əvvəlində, 1911-ci ildə rus məmuru
N.Şavrov öz qeydlərində bildirib ki, bu ərazilərdə
yaşayan 1 milyon 300 min erməninin bir milyonunu ruslar Qərbi Azərbaycan
torpaqlarına köçürüb. Ermənilərə
neft sənayesində təmsil olunan bir sıra şirkətlər
dəstək verib. Fransa və onun müttəfiqi
olan dövlətlər bu gün də BMT, Avropa Şurası
səviyyəsində antiazərbaycan fəaliyyəti ilə məşğuldurlar.
Bir məsələni də qeyd edim ki, AMEA Tarix
İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsinin
yaradılması kampaniya xarakteri daşıyan məsələ
deyil. Bu şöbənin yaradılmasında əsas məqsəd
Qərbi Azərbaycan torpaqlarının Azərbaycan xalqına
məxsus olduğu faktını bir daha sübut etmək,
doğma vətənlərindən məhrum edilmiş həmyerlilərimizin
hüquqlarını bərpa etməkdən ibarətdir.
Daha bir faktı da qeyd etmək istərdim. Apardığım tədqiqatlar nəticəsində
müəyyən olunub ki, 1918-1920-ci illərdə Nobel
qardaşları erməni cinayətkar qruplaşmaları ilə
əlbir olub, vəsait ayıraraq silahlar alıb və erməni-daşnak
partiyasına göndəriblər və Azərbaycan
xalqına qarşı cinayət törədilib. Bu barədə Rusiya və Avropa alimləri də
öz əsərlərində qeyd ediblər. Yəni bu ərazilərə qayıdış tarixi
ədalətin bərpası baxımından çox önəmlidir.
Ermənilərin törətdikləri
ağılasığmaz və dəhşətli cinayətlərdən
biri də Qərbi Azərbaycanın tarixi ilə
bağlıdır. Bu ərazidə bütün toponimlərin
adları ermənilər tərəfindən dəyişdirilib.
Təbii ki, həmin ərazilər erməni
torpaqları olsaydı, bu addıma ehtiyac duyulmazdı.
1918-ci il may ayının 30-dan 1920-ci il ilin
noyabrınadək 17 ərazinin, dağların,
çayların, göllərin adı dəyişdirilib. 1920-ci ilin noyabrından 1936-cı ilədək 11,
1936-cı ildən 1991-ci ilədək 850-dən çox ərazi
adı dəyişdirilib. Hazırda bu məsələlərin
aşkara çıxarılması üçün geniş
Fəaliyyət Proqramı tərtib olunub.
Bu gün Azərbaycan xalqına Prezident İlham
Əliyev kimi bir liderin rəhbərlik etməsi xalqımız
üçün böyük xoşbəxtlikdir. İnanıram
ki, dövlət başçımızın rəhbərliyi
ilə Qərbi Azərbaycan problemi də tez bir zamanda öz həllini
tapacaq. Vətən müharibəsində
Müzəffər Ali Baş Komandanın rəhbərliyi
altında dəmir iradə və qətiyyətlə Zəfər
qazandığımız kimi, Qərbi Azərbaycan uğrunda
mübarizədə də eyni milli birlik sayəsində öz
doğma torpaqlarımıza geri qayıdacağımıza əminik.
Mən əminəm ki, Qərbi Azərbaycana
qayıdış mütləq baş tutacaq, Vətən
müharibəsindəki tarixi Zəfərin davamı olaraq bu
tarixi vətənimizə də dönüş mümkün
olacaq.
- Gələcəkdə Qərbi Azərbaycanla
bağlı tədqiqatların genişləndirilməsi məqsədilə
hansı tədbirlərin görülməsi nəzərdə
tutulur?
- Qərbi Azərbaycan ərazilərinin arxeologiyası,
etnoqrafiyası, coğrafiyası, təbii sərvətləri,
folkloru, dil məsələləri, sənətkarlıq
tarixi, ümumilikdə mədəniyyət tarixi, o cümlədən,
əhalinin adət-ənənələri, mətbəxi və
digər məsələlər geniş tədqiqatlara cəlb
ediləcək. Tədqiqatların kompleks şəkildə
aparılması nəzərdə tutulur. İlk
addım olaraq şöbə təşkil olunub. Güman edirəm ki, gələcəkdə tədqiqat
dairəsinin genişlənməsi, bu məsələnin
strateji və ümummilli məsələ olması ilə əlaqədar
olaraq maddi-texniki bazanın genişləndirilməsinə
böyük ehtiyac duyulması nəzərə alınaraq bu
istiqamətdə elmi mərkəz yaradılacaq. Hazırda şöbədə 9 nəfər əməkdaş
fəaliyyət göstərir, həmçinin, kənardan
mütəxəssislər bu işə cəlb olunur. Biz bu tədqiqatları əsaslı şəkildə
aparacağıq və nəticələri təqdim edəcəyik.
Nərgiz QƏHRƏMANOVA
AMEA Rəyasət Heyəti Aparatının
Media və informasiya şöbəsinin sektor müdiri
525-ci qəzet.- 2023.- 26 yanvar.- S.8.