Şəhid anasının
duyğuları: həm ağrılı, həm qürurverici
Azərbaycan qəhrəmanlıq tarixinin
ən şanlı səhifəsinin yaradıcıları,
200 illik tariximizin ən böyük qələbəsinin memarı
oldu Vətən müharibəmizin şəhidləri.
Həmin
qəhrəman igidlərimizdən
biri də az yaşında
böyük bir ada sahib olan, yaşından artıq müddəti olan işğalla heç zaman barışmayan, canını bu yolda qurban verən
şəhid Pərvin
Təhməzovdur.
Təhməzov Pərvin İlqar oğlu 1997-ci ilin 22 yanvarında Sumqayıt şəhərində doğulub. 1 yaşından 7 yaşına
qədər Sumqayıt
şəhər 64 saylı
məktəbəqədər uşaq bağçasına
gedib. Orta təhsilini Sumqayıt şəhər V.İbrahimov
adına 35 saylı tam orta məktəbdə alıb.
İdmana marağı
olan Pərvin 9 yaşından 17 yaşına
kimi cüdo ilə məşğul olub, bu müddətdə
təşəkkürnamələr, fəxri fərmanlar, medallar və kuboklar qazanıb.
Məktəbi bitirdiyi il Qərbi Kaspi Universitetinin Filologiya üzrə ingilis dili fakültəsinə
qəbul olunub. Ali təhsilini başa
vurduqdan sonra 2020-ci ilin 13 iyulunda hərbi xidmətə gedib, Goranboy rayonunda, Aşağı Ağcakənddəki N saylı
hərbi hissədə
xidmətə başlayıb.
Pərvin Vətən müharibəsinin
ilk günündən döyüşlərə
qatılıb. Kəlbəcər,
Ağdərə, Suqovuşan,
Ağuçuq istiqamətində
gedən döyüşlərdə
mərdliklə vuruşub.
O, düşmən bölmələrinin
yerləşdiyi 1444.0 yüksəkliyində
düşmənin çoxlu
sayda canlı qüvvəsini məhv edib və oktyabrın
1-də Tapqaraqoyunlu kəndi,
Kəhrilər xarabalığı
istiqamətində şəhid
olmuş döyüş
yoldaşlarını ərazidən
çıxarmaq istəyərkən
düşmən tərəfindən
odlu silahla və digər silah növlərindən atılan mərminin partlayışı nəticəsində
özü də şəhidlik zirvəsinə
yüksəlib.
Pərvin
Təhməzov şəhadətindən
sonra "Vətən
uğrunda", "Suqovuşanın
azad edilməsinə görə" və
"Cəsur döyüşçü"
medalları, "Vətən
xidmətə görə"
ordeniylə təltif olunub.
Şəhidlərimiz ən böyük zirvəni fəth edirlər. Amma onlardan geriyə
elə böyük dağıntılar qalır
ki, təsviri mümkünsüzdür. Ən böyük yara isə sözsüz ki, şəhid anasının qəlbində
açılan yaradır.
Bu yara həm
övlad itirməyin, həm də itirdiyi övladıyla qürur duymağın arasındakı o adsız
duyğuyla pöhrələnir
hər gün. Cəmi 2 ay
10 günün əsgəri
olmuş qəhrəman
Pərvinin anası Əsli xanımı görəndə buna bir daha əmin
oldum. Pərvinlə şəkillərində gözləri gülən,
qayğısızca övladını
qucaqlayan Əsli ana üç ilə yaxındır ki, oğlunun yoxluğunun ağrısını
qəlbində gəzdirir.
Bu yoxluq onun
gözlərindəki gülüşü
alıb, yerinə həsrəti gətirib.
Oğlu haqqında danışanda
yenə də gözləri parıldayır
amma sinəsi dağlı ananın.
Çünki o, özünün də dediyi kimi, vətənə, millətə yararlı, faydalı övlad böyütdü. Onun övladı
ən uca zirvəni fəth etdi. Özünə "şəhid", Əsli xanıma isə "şəhid anası" kimi şərəfli bir status
qazanıb getdi. Yanvarın 22-də 26 yaşı
tamam olan Pərvin Təhməzovu anası Əsli xanımdan dinlədik bu dəfə:
- Əsli xanım,
yanvarın 22-si Pərvinin
doğum günü idi. Onun doğulduğu günü
necə xatırlayırsınız?
- Pərvin əməliyyatla
dünyaya gəlib. O,
doğulan günə
kimi aylarla xəstəxanada yatmışam.
Çox
çətin günlərdən
keçmişdik, amma
çox şükür
ki, Pərvin sağ-salamat doğuldu.
Onun doğulduğu gün ömrümüzün ən
sevincli günlərindən
idi.
- Necə uşaq idi Pərvin?
- Sakit təbiətli, intizamlı, səbrli, ağılla düşünən,
mədəniyyətiylə seçilən... Öz mehribanlığı, gözəl
xarakteriylə istər
orta məktəbdə,
istər ali
məktəbdə, istərsə
də cəmiyyətdə
özünü sevdirməyi
bacarmışdı, yoldaşlarının,
müəllimlərinin hörmətini
qazanmışdı. Bir
az özünəqapalı
uşaq idi, amma ədəb-ərkanı
gözləyən idi.
Bişirdiyim yeməkləri çox
sevirdi. Bacısıyla çox yaxın
idi. Qardaşı
Elvin bir az
çılğın uşaqdır.
Pərvin hara getsə,
onunla bir gedərdi, onu tək qoymazdı və tez-tez də "qaqaş, səbrli ol" deyərdi. 24 illik ömründə Pərvin
bircə dəfə də valideynlərini, bacı-qardaşını, məktəbdə
müəllimlərini incitmədi,
böyüyün üzünə
ağ olmadı.
Hər şeyin yerini bilən övlad idi. İdmana çox həvəsliydi.
Bu sahədə çox uğurları, diplomları, kubokları, təltifləri vardı.
Dövlətimizə yararlı övlad
böyütmüşdüm. Çox vətənpərvər oğul
idi. Həmişə vətənpərvərlik yönümlü, müharibəylə,
şəhidlərlə bağlı
kinolara, seriallara baxırdı. Deyirdi ki,
ana, mən də əsgər gedəndə vətən
yolunda şəhid olacam. Dedi də, sözünün üstündə durdu da...
Pərvin haqqında çox danışmaq olar. Onun həddindən
artıq müsbət
cəhətləri var. Bir
qarışqanı belə
tapdalamağa qıymazdı,
deyərdi, Allah ona da can verib, əzmək
olmaz.
- Onu sonuncu dəfə
nə vaxt görmüşdünüz?
- Ali məktəbi bitirəndən
sonra 2020-ci ilin 13 iyulunda hərbi xidmətə yola düşdü. Son dəfə onu hərbi xidmətə yola salanda gördüm.
Çünki pandemiya səbəbindən
"Andiçmə"sinə də gedə bilmədik. Cəmi 2 ay yarım xidmət
etməsinə baxmayaraq,
artıq komandirlərinin,
əsgər yoldaşlarının
xüsusi hörmətini
qazanmışdı.
- Pərvinin ən böyük arzusu nə idi?
- Cəmiyyədə hörmət
qazanmaq, ali
təhsil alıb dövlətinə, xalqına
faydalı kadr kimi yetişmək, rəhbər işdə işləmək. Dövlət Təhlükəsizliyi Xidmətinə
işə girməyi arzulayırdı. Onun ən
çox yaxın olduğu bacısı Naibə idi. Mən işlədiyim üçün
bacısı ona ikinci ana əvəzi
olub. Pərvin də bacısının
ailə qurmağını,
özünün dayı
olmağını çox
arzulayırdı. Təəssüf ki, arzuları ürəyində nakam getdi. Dörd il universitet
oxudu, amma diplomunun üzünü də görə bilmədi.
- Müharibəyə necə
qatıldı? Əlaqə saxlaya
bilirdinizmi? Nələr danışırdı?
- O, ilk gündən müharibəyə
qatılıb. Ağdərənin,
Suqovuşanın, Kəlbəcərin
azadlığı uğrunda
vuruşub. Neçə-neçə döyüş yoldaşını
qaynar nöqtədən
çıxarıb, neytral
zonaya gətirib.
Övladım həddindən artıq
vətəninə bağlı
uşaq idi. Müharibədən öncə tez-tez
əlaqə saxlayırdı.
Döyüşlər vaxtı isə
daha gec-gec əlaqə saxlayırdı.
Müharibə şəraitilə əlaqədar rabitənin
olmadığına görə
idi bu da.
Ancaq hal-əhval tuturdu. Başqa heç bir şey danışmırdı.
"Dövlət sirridir, məxfidir" deyib dururdu. Harda döyüşdüyünü, harda olduğunu belə demirdi.
- Şəhid xəbərini
necə aldınız?
- Hardasa beş gün bizimlə əlaqə saxlamadı. Şəhid olduğunu hərbi
hissədə bizi bu xəbərə alışdıra-alışdıra dedilər. Pərvin neytral zonada
qalmışdı. Düz 67 gün
balamdan xəbər gözlədim, 67 gün Pərvin deyib axtardım. 67 gündən sonra balamın nəşini bizə verdilər.
- Pərvin və onun kimi üç min oğul şəhid oldu, amma onların sayəsində Azərbaycan qələbə qazanıb torpaqlarını azad etdi. Qələbə xəbərini necə qarşıladınız?
- Qələbə xəbərini həm sevinc hissiylə, həm də kədərlə, göz yaşıyla qarşıladım. Sevinirdim ona görə ki, 30 ildir düşmən tərəfindən işğal olunmuş torpaqlarımız, vətənimiz azad oldu, zəfər qazandıq. Kədərlənirdim ona görə ki, bu qələbədə mənim Pərvinimin də qəhrəmanlığı oldu, öz şücaətilə qanını, canını bu vətənə fəda etdi, amma uğruna qurban getdiyi qələbəni görə bilmədi. Bizim övladlarımız vətən yolunda gediblər.
- Pərvin yuxularınıza gəlirmi?
- Yox, heyif ki, oğlum yuxularıma çox gəlmir. Hər gün ziyarətinə gedəndə qulağına pıçıldayıram ki, ay Pərvin, həsrətin məni yandırıb-yaxır, kül edir axı, ay bala, nə olar yuxularıma gəl. Amma gəlmir.
- Şəhid anası olmaq... Bunu necə təsvir edərdiniz? Kimdir şəhid anası?
- Bir ana üçün şəhid olmuş övladı barədə danışmaq çox çətindir. Bir onu bilirəm ki, cəmiyyətə yararlı övlad böyütdüm. Pərvin seçildi. Pərvin və onun kimi şəhidlərimiz tarixlərə tarix yazdılar, iz qoydular. Onsuzluq nə qədər çətin, dözülməz olsa da, bilirəm ki, Pərvin və bütün şəhidlərimiz heç vaxt unudulmayacaqlar. Şəhid anası olmaq həm acıdır, həm də qürurvericidir. Şəhidlik əlçatmaz bir zirvədir. Şəhid anası olmaq hər ananın qismətinə düşmür. Mən hər zaman oğlumla fəxr edirəm!
- Bir şəhid anası kimi oğlunuzun adının yaşadılması ilə bağlı nə kimi arzularınız var?
- Şəhid anası kimi övladımın adının yaşadılmasını, əbədiləşdirilməsini istərdim. Arzu edərdim ki, bununçün onun adı orta məktəbə, küçəyə verilsin, onun əşyalarından ibarət muzey olsun və abidəsi qoyulsun.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2023.- 27 yanvar.- S.16.