Güney Azərbaycanın və Təbrizin
tarixi abidələri
(Əvvəli
ötən sayımızda)
Bəzz qalası Güney Azərbaycanın Qaradağ
mahalının Kəleybər qəsəbəsindən 3 km cənub-qərbdə
yerləşir. Xürrəmilər hərəkatının
rəhbəri xırda feodal Cavidanın, onun ölümündən
sonra isə Babəkin əsas sığınacaqlarından
biri olduğu üçün xalq arasında daha çox Babək
qalası kimi tanınır. Qala strateji cəhətdən
mükəmməl ərazidə, dəniz səviyyəsindən
2300-2600 metr yüksəklikdə yerləşir. Qalanın ətrafını 400-600 metr dərinlikdə
dərələr əhatə edir. Ərəb
coğrafiyaşünası Əbu Duləf (X əsr) yazır
ki, "Bəzz qalası Babək Xürrəminin əsas
sığınacağıdır. Qalada
qırmızı geyimli adamlar dolaşır və qalaya
qırmızı bayraqlar sancılıb..." Qala
divarlarının hər dörd küncündə
yarımdairəvi gözətçi məntəqələri
var.
Bəzz
qalası ərazisində aparılan arxeoloji qazıntılar
zamanı Bizans və Azərbaycan Atabəy Eldəgizlər
dövlətlərinə aid sikkələr, həmçinin təndirlər,
çıraqlar, gil qablar, silahlar və digər
əşyalar tapılıb. Hazırda hər il
Babəkin doğum günündə Güney Azərbaycan Milli
Oyanış Hərəkatı təşkilatının rəhbərliyi
ilə Güney Azərbaycan türkləri qalaya
yürüş keçirərək xalq qəhrəmanını
yad edirlər.
Ərk qalası da Təbriz ərazisində yerləşir. XIII əsrdə
Hülakülər (Elxanilər) zamanında vəzir Tacəddin
Əlişah tərəfindən ucaldıldığı məlumdur.
"Mədain
sarayı"na bərabər tutulan Təbriz
Əlişah qəsri-Ərk qalası öz dövründə
dünyanın ən böyük tikilisi olub. Günümüzdə
şəhərin mərkəzində parkın üzərində
yerdən 26 metr yüksəkliyə ucalan Ərk-i
Əlişah qalası və ya köhnə adı ilə Məscid-i
Əlişah Elxanilər dövrü
memarlığının bir nümunəsidir. Son Elxani hökmdarı Əbu Səid Xanın
(1316-1335) vəziri Əli şah tərəfindən tikdirilən
abidə ilk tikildiyi zaman məscid olub və müsəlmanların
namaz qılması üçün uzun müddət bu şəkildə
istifadə edilib. Sonralar ehtimal ki, Təbrizdə
tez-tez baş verən şiddətli zəlzələlər səbəbindən
bina dağılıb və bəzi əlavələrlə
(divarlar, zirzəmilər, anbarlar və s.) qalaya çevrilib.
Bundan sonra abidə Ərk-i Əlişah
adlandırılıb. Qala sadəliyi,
ölçüləri və kərpic hörgüsü ilə
diqqət çəkir. Ərk qalasının eni 30 metr,
hündürlüyü 26 metr, divar qalınlığı isə
10 metrdir. Təəssüf ki,
günümüzədək onun yalnız qurbangahı və
yan divarları salamat qalıb.
Abidənin üzərində isə
heç bir yazı qalmayıb. 1931-ci ildə
Ərk qalası Milli İrs siyahısında qeydə
alınıb.
Abidə bir neçə dəfə bərpa edilsə də,
hazırda məhv olmaq təhlükəsi
qarşısındadır. Səbəb isə
qalanın düz qarşısında tikilən böyük
bir məsciddir. Yeni tikilən bu məscid
Ərk qalasını, demək olar ki, görünməz edib.
Təxminən üç tərəfdən
baxanda Ərk qalası görünmür, yalnız
dördüncü tərəfdən baxanda Təbrizin simvolu olan
bu məşhur qala görünür.
Təbrizin çoxlu sayda bənzərsiz tarixi abidələr
sırasına daxil olan tarixi evləri də memarlıq
üslubları, arxitekturası ilə diqqət çəkir. Qeyd edək
ki, tarixin hər bir dövrü özünəməxsus
memarlıq üslubları ilə fərqlənir. Bu dəyişiklik zövqlər və dəblər,
eləcə də yeni tikinti üsulları və
materiallarında əks olunur. Qacar hakimiyyətinin
- Abbas Mirzənin dövründə Təbriz şah
sarayına çevrilir və şəhərdə tarixi
memarlıq üslubunda çoxlu sayda evlərin tikilməsinə
səbəb olur. 1814-cü ildə Təbrizdə
baş verən böyük zəlzələdən sonra və
Qacarların hakimiyyəti dövrünün ilk illərində
Təbrizdə tikinti sahəsində böyük canlanma
yaranır, şəhərsalma çiçəklənir.
Tarixinə dəyər verən insanlar, memar və
arxitektorlar Təbrizin xarabalıqları üzərində
bir-birindən gözəl arxitekturalı evlər ucaldaraq
şəhəri yenidən qururlar.
Statistik məlumatlara
görə, Təbrizdə hazırda memarlıq
üslubları baxımından böyük əhəmiyyət
daşıyan, əksəriyyəti Qacar dövründə
tikilmiş beş yüzdən çox
qiymətli tarixi ev mövcuddur. Bu gün bu evlərin az bir hissəsi alınır, təmir olunur və
qorunub saxlanır. Çünki rəsmi məlumatlara
görə, hazırkı kredit şərtləri ilə evlərin
bütövlükdə alınması prosesi, ən azı
yüz ildən çox çəkə bilər.
Əmir Nizam Gəruslu ev-muzeyi Qacar türk şahlıq
sülaləsi dövründə Təbrizin Şeşgilan məhəlləsində
tikilən çoxlu sayda görkəmli və tarixi binalardan
biridir. Hazırda Qacar muzeyi kimi istifadə olunan bu bina Nasirəddin
şah Qacar dövründə və Əmir Nizam Gərusinin
xidməti zamanı inşa edilib. Qaynaqlara əsasən
bu bina o tarixdən Qacar dövrünün sonunadək Azərbaycan
əyalətinin valilik binası kimi istifadə olunub. Bina 2006-2007-ci illərdə təmir edilib. Qacar
muzeyi kimi istifadəyə verilməsinin səbəbi isə Təbriz
şəhərinin Darülsəltənə-Sultanlıq
divanı, Qacar sülaləsinin başlanğıcından və
Abbas Mirza vəliəhd olan zamandan bəri Təbriz şəhəri
vəliəhdlərin iqamətgahı olması və Tehrandan
sonra ən böyük və önəmli şəhəri
olmasıdır.
Mükəmməl memarlıq-incəsənət
nümunəsi olan Əmir Nizam Gəruslu binası 1500 m? ərazidə
iki qatlı tikilib, içində hovuz və fəvvarələri
olan iki iç və xarici həyətə malikdir. Binanın eyvanını 16 sütun saxlayır.
Birinci qatda pul, tikiş, çini,
şüşə, metallar və musiqi sahəsinə aid,
yeraltı qatda isə daş, silah, sərkərdə və
paşalar, memarlıq və şəhərsalma qalereyalar
nümayiş edilir.
Təbrizin
lap mərkəzində yerləşməsinə baxmayaraq,
gözardı edilərək unudulan və dağılmaq
üzrə olan tarixi memarlıq üslublu tikililərdən
biri də Həriri evidir. Bu tarixi memarlıq abidəsi
Tərbiyət xiyabanının Nur-Haşimi küçəsində
yerləşir. Binanın memarı və
qurucusu məlum deyil, ancaq dağıntılardan salamat qalan bəzi
yerlərin görüntüləri onun Qacar dövrünə
aid olduğunu göstərir. 1999-cu il
27 yanvar tarixindən etibarən də Həriri evi
İİR-in milli abidələri siyahısına daxil edilib.
Həriri
evinin interyer və eksteryerində mövcud olan çoxlu sayda
mürəkkəb, müxtəlif dizayn təsvirləi, zəngin
naxış və rəngləri, otaqların divarlarında nəqş
olunan və özündə maraqlı mövzuları əks
etdirən bənzərsiz şəkilləri və Qacar
dövrünün rəsm üslubu-mural sənətinin tətbiqi
bu möhtəşəm tikilinin Təbrizdə, hətta
İranın tarixi evləri sırasında önəmli bir
yer tutmasına səbəb olub. Təbrizin ən gözəl
tarixi evi-abidəsi sayılan Həriri evi bütövlükdə
1500 m-dən çox əraziyə malikdir və 4000 kv.m-lik
üç tarixi evdən ibarətdir.
Qacar türk hökumətinin əvvəllərində
tikildiyi müəyyənləşdirilən, xarici və
daxili hissələrdən ibarət Həriri evi iki mərtəbəli,
ikiblokludur. Həm
xarici, həm də daxili hissəsinin üzü qibləyə
baxan iki həyəti var...
Kərpicdən tikilmiş binanın çölünü-eksteryerini
Qacar dövrü miniatür sənətinin təzahürü
olan orijinal rəsmlər bəzəyir. Evin
divarlarında isə Qurandan gələn bəzi ibrətamiz
hekayələr, "Yusif və Züleyxa", eləcə də
digər tarixi hekayələr, mifoloji mövzularda işlənən
və bənzərsiz gözəlliyi ilə
tamaşaçını valeh edən orijinal rəsmlər
çəkilib. Evin eksteryeri-xarici hissəsi
nisbətən bütövdür. İnteryeri
isə daha çox zərər görüb. Daxili hissə xarici binaya qoşularaq Pərvəriş
məktəbinin xiyabanı vasitəsilə Tərbiyət
xiyabanına bağlanır.
Həriri evinin xarici və daxili bəzəklərinin
çox hissəsi korroziyaya uğrayıb, ətraf mühitin
təsiri üzündən öz-özünə
dağılması prosesi gedib. Bu bənzərsiz
tarixi abidənin dağılmış hissələrini təmir
edib möhkəmləndirmək və mükəmməlləşdirmək
lazımdır. Təəssüf ki, tarixi abidələrə
laqeyd münasibət, biganəlik və
qayğısızlıq üzündən kolleksiyanın vacib
hissələri itib-batıb, tamamilə məhv olub...
1814-cü
il zəlzələsindən salamat
çıxmış Həriri evləri kimi köhnə
tikililər bu gün də Təbrizin mərkəzi hissələrini
bəzəməkdədir. Ancaq son onilliklərdə
bu evlər daha çox zərər gördüyündən
kompleks təmirinə böyük ehtiyac duyulur.
Behnam evi
də əsasən Qacar dövrünün ilk illərində Təbrizdə
tikilmiş tarixi
binadır. Binanın çox kiçik hissəsi
Zəndlər dövrünün sonunda inşa edilib. Nəsrəddin Şah Qacarın hakimiyyəti illərində
(1848-1896) isə bu bina əsaslı şəkildə təmir
edilib və ornamentli naxış və rəsmlərlə bəzədilib.
Daxili və xarici həyətlərə malik ev
qışlıq adlanan əsas böyük binadan və
yaylıq adlanan kiçik binadan ibarətdir. Qışlıq
binası iki mərtəbəli simmetrik tikilidir.
Behnam evi Təbrizin mərkəzində Təbriz bələdiyyə binasının arxasında Məqsudiyyə məhəlləsində yerləşir. 23 aprel 1997-ci ildən İran milli abidələri siyahısına daxil edilib. 2009-cu ildə binanı yenidən təmiri zamanı burada indiyədək görünməyən miniatür freskalar aşkarlanıb və yenidən mütəxəsislər tərəfindən restavrasiya edilib. Hazırda Behnam evi Təbriz İslam İncəsənəti Universitetinin balansındadır.
Təxminən 50 illik bir zaman kəsiyində Təbrizin bir çox abidələrinin dağıdıldığı, tarixi quruluşunun uçurulduğu, Göy Məscid, Ərk qalası, Həsən Padişah tarixi kompleksi (Sahib-ül Əmir), Tarixi Örtülü bazar və b. abidələrin çevrəsində YUNESJO-nun qaydalarına zidd olaraq bir sıra tikinti işlərinin aparılması üzündən abidələrə ciddi ziyan vurulduğu barədə də məlumatlar vardır....
Orta əsrlərdə meydana gəlmiş dükanları günbəz və tağtavanla örtülərək vahid bina şəklində əlaqələndirilmiş memarlıq-ticarət kompleksi-Örtülü bazarın Ərdəbil və Təbriz şəhərlərində nümunələri bu gün də fəaliyyət göstərir. Lakin Şərqdə örtülü bazarların ən məşhuru İstanbuldakı "Qapalı çarşı" sayılır...
Təbriz Örtülü bazar kompleksi də Güney Azərbaycanın tarixi abidələri sırasındadır və əsası 10-cu əsrdə qoyulub. Elxanilər dövləti dövründə, yəni 13-14-cü əsrlərdə bu bazar İpək yolunun üstündə yerləşdiyindən olduqca böyük əhəmiyyətə malik idi. Örtülü bazarı şəhərin tam mərkəzində yerləşir. Fətəli şah Qacarın dövründə vəliəhd Abbas Mirzənin iqamətgahının Təbrizdə yerləşməsi də şəhərin inkişafını daha da gücləndirir. Vəliəhd bazarın yaxınlığında, Şərq tərəfdə özü üçün bir saray tikdirir. Qərb tərəfdən isə bazarın bir ucu Cümə məscidinə gedib çıxır. Təbriz Örtülü bazar kompleksi İran bazarları arasında tam sosial quruluşa malikdir.
Özündə 2600-ə yaxın hücrə, dükan və mağaza, 2 növbəli iş rejimi, 1 qərargah, 2 məscid, 1 supermarket, 3 dəhliz, 2 hamam, 1 məktəb və neçə-neçə marketi birləşdirən Təbriz Örtülü bazar kompleksi 2008-ci ildə İranın Milli Mədəni İrs Siyahısına və avqust ayında YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilən Təbriz bazarının xarici görünüşü şəhərin ümumi görünüşünə uyğun olan adi binalara bənzəyir.
(Ardı var)
Esmira Fuad
525-ci qəzet.- 2023.- 27 yanvar.- S.15.