Vətən və istiqlal mücahidi

 

BÖYÜK TÜRK ŞAİRİ MEHMET AKİF ƏRSOYUN 150 İLLİYİNƏ

 

Onun həyatı, ictimai-siyasi fəaliyyəti, fəlsəfi-dini görüşləri, şəxsiyyət tamlığı və nüfuzu sonrakı nəsillər üçün möhtəşəm tərbiyə məktəbi oldu. Vətən sevgisi, torpağa, millətə bağlılıq, vətən torpağına göz dikmiş yağılara nifrət, xalqı səfərbər edib ayağa qaldırmaq, həm xarici müdaxiləçilərə, həm milli zülmə, istismara qarşı mübarizə aparmaq, millətini azad, xoşbəxt və sivil dünyaya qovuşdurmaq arzusu onun həyat kredosu idi.

Mehmet Akif 1873-cü il şəvval (fevral) ayında Tahir Əfəndinin evində dünyaya göz açmış, ilk təhsilini də atasından almışdı. Anası Əminə Şərifə xanım buxaralı tacir Mehmet Əfəndinin qızı idi. Əvvəl Toqatda şirvanlı Dərviş Əfəndi ilə nigaha girmiş, o, dünyasını dəyişəndən sonra Tahir Əfəndi ilə ikinci dəfə ailə qurmuşdu. Atası dövrün ziyalı insanlarından biri idi. O, islami elmlərlə yanaşı, aparıcı Qərb dillərini yaxşı bilir, dünya ədəbiyyatının klassik nümunələrinə dərindən bələd idi. Sonralar bu amil Mehmet Akifin də dünya ədəbiyyatı ilə yaxından tanış olmasına, İstanbul və Qahirə universitetlərində mühazirə oxumasına, şöhrətlənməsinə, ədəbi yaradıcılığının inkişaf etməsinə səbəb olacaqdı. Mehmet Akif əvvəlcə mülkiyyə məktəbində oxumuş, sonra isə baytarlıq məktəbində təhsil alaraq 11 may 1913-cü ilədək baytar kimi fəaliyyət göstərmişdi. Hələ təhsil aldığı müddətdə evləri yanmış, onsuz da ağır güzəran keçirən ailənin vəziyyəti daha da pisləşmişdi... Mehmet Akif 1913-cü ildə İpək şəhərindəki uzaq qohumlarından olan Həmid Əfəndinin qızı İsmət xanımla ailə qurur və dörd övladı dünyaya gəlir.

1908-ci ildə yeni Konstitusiya elan edilənədək Türkiyənin müxtəlif vilayətlərini gəzmiş, müxtəlif məktəb və mədrəsələrdə dərs demiş, Misirə gedəndən sonra (1926) türk dili və ədəbiyyatından, "Quran"dan dərs demiş, tərcüməçiliklə məşğul olmuşdu. "Qurana müraciət" adlı ilk şeiri hicri 2 mart 1311-ci ildə "Məcmuə" qəzetində çıxan Mehmet Akifin həmin illərdə 1500 misradan çox şeiri çap olunub. Konstitusiya elan olunandan sonra onun "Siratül müstəqim" jurnalında xeyli şeiri çap olunur ki, sonralar şair onları "Səfahət" adlı birinci kitabında (3000 misradan ibarət olan 43 şeiri) nəşr etdirir.

"Süleymaniyyə kürsüsündə" adlı ikinci kitabı (1000 misradan ibarət olan) 15 avqust 1909-cu ildə çap olunub.

"Haqqın səsi" sonuncu dəfə 1928-ci ildə nəşr olunmuşdu ki, burada şairin 500 misralıq 10 şeiri yer alıb.

Şairin  dördüncü "Fatih kürsüsündə" adlı kitabı sonuncu dəfə yenə 1928-ci ildə nəşr olunaraq 800 misradan ibarətdir.

"Xatirələr" kitabı sayca beşinci olub şairin on şeirini (600 misra) əhatə edir. Bu kitab da dördüncü dəfə 1928-ci ildə nəşr olunub.

"Asim" kitabı da 1928-ci ildə nəşr olunaraq 2500 misra həcmində şeirlərini əhatə edir.

Nəhayət, sonuncu - yeddinci kitabı olan "Kölgələr" 1933-cü ildə Misirdə köhnə əlifba ilə nəşr edilib. "Səfahətə" daxil olan şeir misralarının sayı 12 minə yaxındır, baxmayaraq şairin vaxtilə "Siratül Müstəqim" və "Sebilür Rəşad" dərgi-lərində işıq üzü görən bəzi şeirləri buraya daxil  edilməyib.

Şeirlərinin əksəriyyətində vətən və islam dininə böyük məhəbbət və sevgi ifadə olunur. O, poeziyanın üstünə qara dini pərdə çəkməmiş, ürəkdən gələn səsinin tələbi ilə onları qələmə almış, ağlın və hissiyyatın vəhdətinə uyğun yazmışdı.

İnsan ağlına gəlməyən qafiyələr işlədərək şeirlərində məna və ahəngin qovuşmasına nail olub. Əruz vəzinli poeziya onun üçün musiqi aləti kimi idi. Sadəlik, aydınlıq və genişlik onun şeirlərinin hüdudsuz sərhədi idi...

Onda qəribə psixoloji hallar müşahidə olunurdu: şeiri yazıb qurtaranda üzündə razılıq əlaməti görünürdü, nəşr olunmuş şeirlərinə bir daha baxmaq istəməzdi. Onun üçün hələ yazılmamış şeirləri daha gözəl idi...

O, sənəti, sənətkarı xoşbəxtlik təcəssümü kimi qəbul edirdi. Gözəlliyi mövzuda deyil, incəsənətdə axtarırdı Mehmet Akif.

Şeirdə səsin gözəlliyini daha əsas götürürdü, əruzla musiqinin vəhdətinə nail olmuşdu, bilmədiyi, qəbul etmədiklərindən yazmazdı. Akifin satiraları, ironiyaları güllədən daha  kəsərli və öldürücü idi.

Yeni qurulan Türkiyə Respublikasının rəhbəri Mustafa Kamal paşa M.Akifin xalq içindəki nüfuz və hörmətini nəzərə alaraq onu qəbul edib Burdur vilayətindən (Əskişəhər, Afyon, Kastamonu, Antalya, Konya) Böyük Millət Məclisinə deputat seçilməsinə köməklik edir. Həmin vaxtlarda Türkiyə maarif naziri Həmdulla Sübhi Əfəndi Milli Marşın yazılması üçün müsabiqə başladır. Müsabiqədə pul mükafatı təsis edildiyindən Mehmet Akif onda iştirak etməkdən imtina edir. Belə olduqda Həmdulla Sübhi bəy özü Mehmet Akifdən müsabiqədə iştirak etməyi xahiş edir.

Onunla bir otaqda yaşayan digər millət vəkili "Azadlıq Himni"nin yazılmasını belə xatırlayır. "Bir gün gecə yarı ikən ustad (Mehmet Akif - M.Ə.) yuxudan durdu, kağız axtardı, lakin tapa bilmədiyi üçün şeiri divarda yazmağı başladı..."

Həmin şeir 1921-ci ilin 17 fevralında "Hakimiyyəti-milliyə" qəzetində, "Sebilür-reşad" dərgisində "Qəhrəman orduya" başlığı ilə nəşr olunur. Mart ayının 1-də Böyük Millət Məclisində dinlənilir, 12 martda isə Milli Marş kimi qəbul olunur. M.Akifin şeiri müsabiqəyə təqdim edilən 724 şeir içindən seçildiyindən 500 lirə mükafata layiq görülür. Mehmet Akif mükafatdan imtina edir və onu ianə kimi "Darül-Məsayi" xeyriyə cəmiyyətinə bağışlayır.

M.Akifin bu şeiri bir azadlıq mücahidi kimi ona böyük şöhrət gətirir. Hər şeydən əvvəl müəllif özünün vətən sevgisini, vətəndaşlıq borcunu, mübarizlik, vətən yolunda fəda olmaq, torpağı gələcək türk övladı üçün qoruyub saxlamaq düşüncələrini şeirində əks etdirib.

Birinci Dünya müharibəsi illərində Antanta qüvvələrinin Türkiyəni didib-parçalamaq, yox etmək kimi planlarını ifşa edən şair-vətəndaş kimi M.Akif ayağı yer tuta biləcək, əlinə silah alıb döyüşlərə atılmaq iqtidarında olan hər kəsi mübarizəyə səsləyirdi. O, həmin ölüm-dirim savaşında türkün qalib gələcəyinə, onun Haqq işinə inanır, "Doğduğumdan bəridir aşiqəm istiqlala", - deyə millətinin qələbəsinə inanırdı.

Mehmet Akifin yaradıcılığında azadlıq, milli mücadilə ideayaları bir qırmızı xətt kimi oxucunun gözü önündən keçir. Onun Qərb dövlətlərinə, rus imperializminə müraciəti ölüm-dirim savaşı aparan türkün hayqırtısıdır.

Vətənin azad, əsarətdən uzaq görmək arzusu, insanlarının xoşbəxt yaşayışı M.Akifin ən ümdə arzularından biri kimi şeirlərində öz əksini tapır.

 

Zülmü alqışlayamam,

zalımı əsla sevəməm,

Gələnin keyfi üçün keçmişə

qalxıb söyəməm!..

 

Şairin "Canaqqala şəhidlərinə", "Bülbül" və digər şeirlərində vətən mövzusu çox parlaq və geniş əks olunur. Əsərlərindən genişmiqyaslı ictimai-siyasi fəaliyyətini, bütün mənalı ömrünü xalqına həsr etdiyini görmək olardı. O, ictimai xadim, milli azadlıq mücahidi kimi eqoizmin, istismar və zülmün düşməni idi, qəti və cəsarətli qərarlar qəbul etməyi bacarırdı, özünün qəti və kəsərli mövqeyi vardı.

Böyük vətənpərvər idi, insanlarla ünsiyyət saxlamağı, dostluq etməyi çox sevər, Allah və Peyğəmbərinə böyük imanı və inamı vardı. Gözə soxulmağa, yaltaqlığa nifrət edir, tərifi xoşlamazdı. Biri onu tərif edəndə üzünü yana çevirər və qızarardı, təkliyə çəkilib fikirləşməyi sevərdi. Xalqın zülm və istismar edilməsinə, yoxsulların halına biganə qala bilmirdi, onunla dost olmaq çox çətin idi. Dostla dost, düşmənlə düşmən olurdu. Yoxsul və sadə yaşamağı daha üstün tuturdu, cahilliyə, fanatizmə qarşı çıxırdı. O, böyük şair, alim və vətəndaş idi, gəncliyi sevir, ona məsləhətlər, tövsiyələr verər, onların gələcəyinə inamla baxırdı. Xalq şeiri nümunələri toplayır, onlara musiqi bəstələyir, neydə ilahi nəğmələri ifa edirdi.

Misirə ikinci səsfəri zamanı ağır serroz xəstəliyinə tutulan şair, İstanbula qayıdır. Ömrünün qalan hissəsini yalnız şeirə, musiqiyə həsr edir və uzunmüddətli xəstəlikdən sonra 28 dekabr 1936-cı ildə dünyasını dəyişir, özünün ikinci, əbədi ömrünə qovuşur.

İstiqlal şairimiz Əhməd Cavad da həyatı   ictimai fəaliyyəti baxımından Mehmet Akifin taleyinin daşıyıcısı olmuş, oxşar ömür yolu keçmişdi. O da ruhani ailəsində dünyaya göz açmış, ilk təhsilini evlərində atasından almış, kənd molla məktəbində oxuduqdan sonra Gəncədə Hüseyn Cavid, Şeyxülislam Pişnamazzadə və tanınmış jurnalist-tənqidçi Abdulla Tofiqin dərs dedikləri ruhani seminariyasında təhsil almış, diplom aldıqdan sonra Azərbaycanın müxtəlif vilayətlərində erməni daşnaklarına qarşı mübarizə aparmışdı. Azərbaycan Xeyriyyə Cəmiyyətinin katibi kimi Türkiyənin Qars, Ərzurum və Batum əyalətlərini gəzmiş, müharibədən zərər çəkmiş ailələrə, ailə başçısını itirənlərə maddi yardım göstərmiş, Batumda Şükriyyə xanımla tanış olub ailə qurmuşdu.

Bu dövrlərdə Türkiyədə gedən milli azadlıq mücadiləsinə, onun vətənsevər ziyalı   şairlərinin mübarizəsinə böyük rəğbətlə yanaşan, ona ümid bəsləyən şair mütərəqqi türk ədib və şairlərinin həyat və fəaliyyətini dərindən izləyir, türkçülük, islamçılıq, müasirlik düşüncələrinin vurğunu kimi mübarizələrin önündə olur.

Beynəlxalq imperializmi, onun müstəmləkə siyasətini ifşa edən şeirlər yazır. Əhməd Cavad sələfi saydığı, yaradıcılığını diqqətlə izlədiyi azadlıq mücahidi Mehmet Akif Ərsoy kimi, xilaskarlıq missiyasını yerinə yetirmək üçün Nuri Paşanın komandanlığı altında Azərbaycana gəlmiş türk ordusuna şeirlər həsr edir.

Ə.Cavad bütün varlığı ilə demokratik ruhlu, mübariz, qələmini süngüyə çevirmiş türk tərəqqipərvər ziyalılarından Namiq Kamal, Əbdülhəqq Hamid, Tofiq Fikrət, Mahmud Əkrəm, Mehmet Akif kimi insanların həyat və fəaliyyətinə bağlı idi, onlardan öyrənirdi.

Əhməd Cavad azadlığı, milli təəssübkeşliyi, Vətən torpağına sevgini tərənnüm edən şairlərində Mehmet Akifə daha çox bağlı olduğunu göstərirdi. O, azadlıq mücahidlərinin şeirlərindəki məzmun və  mündəricədən, mövzu və ideyalardan ilham alaraq azadlığı qorumaq ideyasını ilhamla şeir dilinə çevirirdi.

Milli dövlətimizin himnini yazmış şair bolşeviklər tərəfindən "Xalq düşməni" elan edilərək 1937-ci il oktyabr ayının 12-də 45 yaşında qətlə yetirildi. O da istiqlal mücahidi kimi əbədiyaşarlıq qazandı.

 

Məmməd ƏLİYEV

Professor

525-ci qəzet.- 2023.- 27 yanvar.- S.12.