"Pah"
nə deməkdir?
Esse
Sənət daim etinasızlıqla üz-üzə dayanıb. Bu etinasızlıq onun həm güzgüsü, həm də keçə bilmədiyi sədd olub. Bəzən güzgüdə gördüklərinin
üstünə hücum
çəkib, bəzən
də o ağır səddə çırpılıb
parça-parça olub.
Həmin
səddin altında neçə uğursuz
tale, neçə bilinməzlik,
neçə intihar
var. Güzgüdəkilərsə, təəssüf ki, dəyişmir.
Yazılıb, çəkilib sonra da pozulan nə
qədər sənət
əsəri min illərin
etinasızlığından süzülüb günümüzə
çatıb.
Sağlığında kitabları satılmayanlar,
rəsm əsərləri
sərgilənməyənlər, musiqiləri dinlənilməyənlər,
yaratdıqları yandırılan,
basdırılan, pərəm-pərəm
düşənlər var.
Ən dəhşətli
etinasızlıq isə
sənətçinin güvəndiyi,
inandığı instansiyaların
etdikləridir. Günümüzün reallıqlarını üzümüzə şillə
kimi çəkib kənarda ayılmağımızı
gözləyirlər. Evdə, küçədə,
işdə... Hər kəs
sənətin xilas etmək istədiyi çatışmazlıqların insan həyatına əngəllərini fəxrlə
bağırır.
Sənət isə, əlbəttə,
heç nə yolunda getmir deyə yaranır. Onun missiyası
yoxdur. O, cavab vermir. O, bütün deyil. O, büt də deyil. O, mühakimə edəcək
bir yol deyil.
Yol axtaran da deyil.
Sənət aydınlığın
qaranlıqla müharibəsində
gah o tərəfdən,
gah da bu
tərəfdən meydana
atılan ağ
bayraqdır. Və çoxlu suallardır.
Cavabını versələr, onu
əbədi yox edəcək suallar.
Raymon Ceus
"Tənqidi teorem"
kitabında sənətçinin
yaşadıqlarını mətndə
çatdıra biləcəyinin
bir çox üsullarını yazır. Bu üsullardan biri sənətçinin (burda
yazıçının) gerçək
olanları təxəyyülündəkindən
arındırıb real simvollarla
işarələyib yazmasıdır.
Təbii
ki, yazıçı
üçün bütün
gerçəkləri bədii
təsvirlərdən qoparıb
ona qeyri-estetik don geyindirməsi lüzumsuzdur.
Ancaq bədii atmosferin qatlarında gəzişib
metafizik auranı pozmadan rasional olanı yazmaq da kifayət qədər çətindir.
Məsələn, memuar ədəbiyyatı
yaradanlar bu üslubun öncülləridir.
Bədii-publisistik mətnlər üzərində
işləyənlər isə
yuxarıdakı amili görməzdən gələnlərdir.
Sənətə etinasızlıq mövzusu
rasional olanı yazmaqdan başlayır. Burada yazıçının
qarşısına çıxan
əngəlləri soyuqqanlılıqla,
qəbullanmış halda
yazması vacibdir.
Etinasızlıq onu artıq
narahat etməməlidir.
Çünki etinasızlığın mənbəyi taledir.
Tale isə heç
bir şəkildə mühakimə olunmur.
Onu sadəcə yaşayırıq.
Taleyin zəncirini
qoparmaq onun bütün tünd həqiqətlərini qəbul
etmək qədər çətindir. Əgər qəbul edib
soyuq başla yaza bilirsənsə, deməli, sənətin əsas tərifinə çata bilmisən.
Mədəniyyətin sentimentallıqdan qopması onun özü üzərində
qələbəsidir. Eyni zamanda ədəbiyyatın
melanxoliyadan təmizlənib
oxucuda oxşar hissləri yaratmasına baxmayaraq, onu həqiqətlərlə üz-üzə
qoyması kimi, üç-dörd cümləlik
hadisə ilə faniliyi bağıran bir sualı verib kənara çəkilirsən və
nə olacağına
tamaşa etməyə
həvəs göstərmirsən.
"Kim, nə, harda" yazıçı
üçün təfərrüatdan
başqa bir şeyə çevrilmir.
Onun verdiyi sual çox
konkretdir. Oxucu isə
həmin sualın tonları arasında girinc qalır. Devid Damroş "Dünya ədəbiyyatını necə
oxumalı?" əsərində
buna "Oxucunun mütləq vəzifəsi"
adını verir.
Oxucu suallara bezmədən cavab verə bilirsə və yazıçını anlamaq
üçün kitab
(mətn) boyunca yorulmadan çabalayırsa,
bu, artıq həzdir, həm də faydalı həzz.
"Yadımdan çıxmamış
deyim, hekayəmin ilk abzasını oxuyanda arvadımın mızıldandığı
bircə kəlmə çox da matah
bir söz deyildi, "pah" demişdi..."
"Pah", yəni yenə başladı dünyanı xilas eləməyə. Yəni yenə
o qədər də vacib olmayan bir
işlə məşğul
olur. Yəni indi yazacağı
kimə lazımdır
ki? Yəni bunlarsız da
keçinmək olar.
Sadə, amma sənətin bütün müstəviləri
üçün analtik
problem olan həmin etinasızlıq. Etinasızlıq olmasaydı, çox
şey dəyişərdi,
yəqin. Günəbaxanlar Van Qoqun çəkdiyi kimi qoxuyardı, həyat Vivaldinin skripkası kimi sakit olardı, həqiqətlər Tolstoyun
yazdıqları qədər
daha önəmli görünərdi. Amma kiminsə
"pah" kəlməsi,
ya da artıq
nidası hər şeyi əvvələ qaytarır.
Sərdar Aminin "Pah" hekayəsi balaca həyat həqiqətlərini
pazl parçaları kimi oxucunun önünə
düzür. Burada oxucunun vəzifəsi
həmin dağınıq
pazl hissəciklərindən
bir mənzərə düzəltməkdir. Rənglər, ölçülər yerində.
Sadəcə lazım olan
hissəcikləri "pah"
demədən bir-bir yerinə qoymaqdır.
Bu işin əyləncəli
tərəfi isə mətn boyu qarşımıza çıxan
təsvirlərdir.
"Baş barmağımı cibimə saldım, çöldə qalan dörd barmağımı budumun üstündəki, "Moon group"un arvadıma hədiyyə elədiyi kitabçanın sərt cildinə ardıcıl tıqqıldatdım... Sonra kitabçanı üç barmağımla ardıcıl tıqqıldatdım... Görən, çapılan atların səs eləyən ayağı hansıdır?"
Və ya
"Divana yayxanıb göbəyimə yığılan pambığı barmağımın ucuyla yumruladım".
Sonra
"Bibim oğlunun altı yaşım olar-olmaz başıma vurduğu daşın yeri zoqquldadı, ancaq bu ağrı o qədər qardaşdı ki, otuz beş yaşımda onu hələ də hiss eləməyim pisimə gəldi".
Və bunlar kimi həyatın içindən nə qədər təbii təsvir.
Hekayənin canlılığı müəllifin özünün də bu mətnin harasındasa (?) "pah" deməyidir. Yazmaq bütün həqiqətləri dərk etməkdisə, əlbəttə, təhkiyəçi özünün (ya da bir başqasının) bu işlə "dünyanı xilas etməyəcəyini" anlayıb. Bəzi hekayələrin əvvəli və axırı beləcə görməzdən gəlib inandığımız xırda yalanların quyusunda azmağımızdan yaranır. Qısa, qaranlıq, bir o qədər də dar qapıdan gözlərimizi kor edən işıq kimi doğruların hiss etdirdiyi minnət və peşmanlıq duyğusundan.
Hekayə bütövlükdə (oxucunun yığdığı pazlda) sənət və onun
qarşısında duran səddi yox, elə özünə də həyat və
onun ehtiyaclarını göstərən
güzgütək dayanır. Etinasız, vecsiz,
amma həqiqi.
Rəvan
CAVİD
525-ci qəzet.- 2023.- 28 yanvar.- S.21.