Detektiv də ədəbiyyatdır
VƏ YA VAHİD
MƏMMƏDLİNİN "TUNC MƏLƏK" ROMANI
HAQQINDA QEYDLƏR
Kitab bazarında
detektiv, kriminal, triller, döyüş romanlarının at oynatdığı,
bestseller olduğu heç
kimə sirr deyil. Bu da insanın
təbiət etibarilə
macəraçılığa meyilli olmasından irəli gəlir. Bizdə belə bir fikir
hökm sürür ki, detektiv detallar
əsərə yalnız
cəlbedicilik, oxunaqlılıq
qatmaq üçün
əlavə olunsa, məqbuldur, əks halda, ondan ədəbiyyat
faktı kimi bəhs oluna bilməz. Dünya ədəbiyyatında isə bu sərhədlər
çoxdan silinib və istənilən bədii mətn öz fakturası etibarilə ondan ədəbiyyat materialı
olaraq söz açmağa imkan yaradır.
Bu günlərdə yazıçı
Vahid Məmmədlinin
"Tunc mələk"
romanının mütaliəsi
bizim mühitdəki detektiv janrına münasibətlə bağlı
çoxdandır yazmaq
istədiyim məqalə
üçün stimul
oldu. "TEAS PRESS" nəşriyyatında
çap olunan əsərdə (2018) hadisələr
Rusiya - İraq - İtaliya məkan üçbucağı koordinasiyası
üzrə cərəyan
edir. Realistik elementlər, dinamik təhkiyə, ictimai konfliktin kəskinliyi, əsas qəhrəmanın
xarakteristikasındakı romantik
çalarlar, qanunun aliliyinin sosial şər üzərində
qələbəsi və
bütün bunların
bir xəfiyyəçilik
xətti fonunda mövcudluğu "Tunc mələk" romanından
Azərbaycan detektivinin
nümunəsində bəhs
etməyə imkan verir.
Görkəmli alman sənətşünası,
jurnalisti, kino tənqidçisi Ziqfrid Krakauer nadir düşüncə
adamlarındandır ki,
hələ detektiv janrının çox da hörmətli sayılmadığı vaxtlarda
- XX əsrin əvvəllərində
"Detektiv roman: fəlsəfi
bir analiz" adlı kitab yazıb. Krakauer bu kitabda bu
gün də zaman-zaman səslənən,
təhlildən, analizdən
nəsibini almamış,
eləcə tutuquşu
kimi təkrarlanan, tiftiklənən bir fikrə ilk çıxdığı
vaxtlarda reaksiya verib: bütün detektiv əsərlər eləcə oxunub sonra başqasına hədiyyə ediləsi boş kitablardırmı?
Bizim kitab sorğularında, anketlərdə tez-tez təkrarlanan bu fikir janr məsələlərinə
XIX əsrin sonu - XX əsrin əvvəlindəki
yarımçıq yanaşmanın
təzahürüdür. Mən bu qənaətə
COVİD pandemiyasından əvvəl
iştirak etdiyim İstanbul Kitab Yarmarkasındakı bir neçə paneli və bir neçə
əhəmiyyətli nəşri
görəndən sonra
gəlmişəm. Ümumiləşdirib
deyəsi olsam, ədəbiyyatşünaslıqda pis janr, pis
növ anlayışı
ola bilməz,
bu, gülməlidir. İstanbuldakı panelin başlığı indiyəcən
yadımdadır: "Yaxşı
detektiv yaxşı ədəbiyyatdır!" Ümumiyyətlə,
İkinci Dünya müharibəsindən sonra,
lap dəqiqi, ötən
əsrin 70-ci illərindən
əvvəllər barmaqarası
baxılan janrlara münasibət dəyişdi.
Bunun bir səbəbi müharibənin yaratdığı
travmatik ovqatdırsa, digər səbəbi postmodernizmin kütləvi
ilə elitar arasındakı iyerarxiya uçurumunu aradan götürməsidir.
Edqar Podan Fernando Pessoaya, Çestertondan Borxesə,
Truman Kapotedən də
Patrisiya Haysmitə, Orxan Pamuka qədər
bir sıra ciddi müəllif detektivə biganə qalmayıb; ya qələmini bu sahədə də sınayıb, ya da onun imkanlarını
öz məqsədinə
xidmət etdirib. "Saqqallı planet" ləqəbli ustadlar ustadı Umberto Eko "Populyar roman qəhrəmanları"
kitabında Şerlok
Holms, Arsen Lüpen kimi detektiv qəhrəmanlara
yer ayırır və necə böyük həvəslə
populyar romanlar oxumağından danışır.
Maarifçilikdən başlayan,
XIX-XX əsrlərdə öz
zirvəsinə çatan
"qatı olanın
buxarlaşması", sirrin
sirr olmaqdan çıxması, möcüzəyə
inamın itməsi, ağlın, rasionalizmin ön plana keçməsi
detektiv kimi bir janrın yaranmasını və yayılmasını şərtləndirdi.
Bu gün həmin proses özünün nirvanasına çatıb,
məsələ təkcə
detektivlə bağlı
deyil; məsələn,
artıq 2000-ci illərdən
bəri sehrbazların
tryukları yox, bu tryukların sirrini deşifrə edən videolar daha çox maraq doğurur. Realiti-şouların, Tik-Tokun bu qədər dəbə minməsinin bir səbəbi də budur - kadrarxasının kadrönünə keçməsi,
"ismi pünhan"ın
cismi aşkara çevrilməsi, könül
gözünün yerini
instrumental ağlın tutması.
Krakauer deyir ki, detektiv əsərlər
sekulyar teologiyadır. Detektivin cinayətkarı
tutması müəyyən
mənada ayindir, formasını dəyişmiş
cinçıxarma ritualıdır,
eksorsizmdir, ancaq tanrısız və duasız şəkildə.
Detektiv göylərin yox, yerin janrıdır. Xəfiyyə sekulyar keşişdir,
könüllü münzəvidir.
Bəlkə də bu qarşıdurmanı, əksliyi
bir qabda birləşdirməyə çalışan
yeganə müəllif
Çesterton olub, bilərəkdən göy
adamı keşişlə
yer adamı detektivi birləşdirərək
bir xəfiyyə yaratmışdı - keşiş
Braun.
Krakauerin sxemində kilsənin sükutunu otelin sükutu əvəz edir. Əvvəllər günahkar olan,
indi cinayətkarla əvəzlənir. Doğrudan da,
əksər detektivlərdə,
trillerlərdə məkan
kimi otel xüsusi yer tutur. Tanışlıqlar, təsadüfi rastlaşmalar,
gözləntilər, düyünlərin
açılması - çox
vaxt oteldə baş tutur. Elə Vahid Məmmədlinin
"Tunc mələk"
romanında da qəhrəmanın əksər
müşahidələri, düyünlər,
vacib tanışlıqlar
oteldə baş verir. Rusiyanın "Altunneft" şirkətinin İraqdakı
nümayəndəliyinin rəhbəri
Kiselyov çoxdankı
tanışı italyan
jurnalist Mikele Antonari ilə nahara gedərkən yolda naməlum şəxslər tərəfindən
oğurlanır. Müharibənin ortasındakı ölkədə
bu qəliz vəziyyəti çözəcək
detektiv-analitik işə
cəlb edilir. Müəllif qəhrəmanı Rusiya vətəndaşı
azərbaycanlı kimi
təqdim edir, ancaq onun adını
bilmirik, çünki
o, daim fiktiv adlar altında gizlənir.
Vahid Məmmədli
romanı zamanda irəli-geri sıçrayışlarla,
fleşbeklərlə, hətta
deyərdim ki, kinomontaj texnikası ilə yazıb. Belə ki,
əsas xətt qəfildən kəsilir və müəllifin gözü (kamerası) kəskin sujetli Hollivud filmlərindəki kimi paralel xətdəki
əhvalata yönəlir.
Məhz bu cəhətinə görə, məncə, nəşriyyat, əslində,
kitabı sırf detektiv kimi təqdim
etməkdə tələsib,
çünki janr xüsusiyyətlərinə baxanda
əsər təkcə
detektiv yox, həm də ekşndır (action). Romanın birinci
hissəsi, belə demək mümkünsə,
dinc fikir mühakiməsi şəraitində,
daha çox dialoqlarla müşayiət
olunursa, ikinci hissədə temp artır,
əsərin əvvəlində
uzaqlardan güllə səsləri yaxınlaşır,
hətta qəhrəmanı
yaralayır, bombalar atılır, qaçaqaç
başlayır. Ancaq
Vahid Məmmədli bütün bu çevik təhkiyənin,
kəskin şəkildə
cərəyan edən
hadisələrin içində
arabir əyləci basıb maraqlı bədii lövhələr
təqdim edir: "İkimərtəbəli ofis
və mağaza binaları sıra və zövqlə tikilsə də, sanki bir qədər
uzaqdan ara-sıra eşidilən atəş
və partlayış
səslərindən vahimələnib
bir-birinə daha da sıxlaşmışdılar".
Və yaxud: "Bəzən fikirləşirdi ki, insanlar böyük şəxsiyyətlərin vaxtında
qədrini bilməyib,
onlar həyatdan köçəndən sonra
heykəllərini ucaltdıqları
kimi, bəzən də ağacları kəsib yerində daşdan göydələnlər
tikir, qarşısında
isə süni ağaclar əkib işıqlandırırlar..."
Nə vaxtsa bir ədəbiyyat jurnalında detektivlə bağlı maraqlı bir məqalə oxumuşdum, orada deyilirdi ki, Şərqdə
yaxşı detektiv əsərlər yarana bilərmi? Suriyalı-alman yazıçı Rafiq Şamini bu suala belə
cavab verirdi ki, Şərqdə yaxşı detektiv əsərlər yarana bilməz, çünki yaxşı detektivlərdə
cinayət həmişə
iyerarxiyanın elə
məqamlarıyla bağlı
olur ki, Şərqdə bunlar tabudur. Məncə, mübahisəlidir.
Qərb detektivinin əsası Edqar Ponun 1841-ci ildə yazdığı
"Morq küçəsində
qətl" hekayəsi
ilə qoyulub, hekayənin qəhrəmanı
Ogust Dupin sonradan məşhur olacaq Şerlok Holmsun, Herkül Puaronun əcdadıdır. Əqli-analitik bir növün əsasını romantik bir şairin qoyması ədəbiyyat tarixinin maraqlı faktlarından biridir.
Edqar Podan Aqata Kristiyə
gedən istiqamətdə
detektiv daha çox riyazi problemdir, insan xislətindəki şər,
ekzistensiya haqqında deyil. Halbuki lap dərindən baxsaq, əslində, bütün
detektiv süjetlər
"Habil-Qabil" əhvalatının
genişləndirilmiş, fonu
dəyişdirilmiş variantlarıdır.
Bu gün bütün dünyada nordik nuar (skandinav detektivi) populyardır. Xüsusilə Stiq Larsonun "Millenium" seriyasından olan "Əjdaha tatulu qız" romanı, oradakı ekssentrik Lisbet Salander personajı və həmin əsərə çəkilən eyniadlı filmin geniş yayılması, son illərdə isə Yu Nesbonun Harri Hol personajı geniş oxucu kütləsinin sevimlisinə çevrilib. Çağdaş detektivin ən nəzərəçarpan xüsusiyyəti hər hansı milli personajın dünyanın müxtəlif ölkələrində baş verən cinayətləri çözmək üçün səyahətə çıxması, getdiyi ölkəni, bir növ, turistik reflekslə oxucuya tanıtmasıdır. Bu mənada, Vahid Məmmədli də "Tunc mələk"də öz ölkəsinin sərhədlərində baş erən hadisələri yox, ölkədən kənarda, uzaq şərqdə, ekstremal situasiyadakı hadisələri nəql edir.
"Tunc mələk" romanının ümumi ideyası, məncə, trans-milli korporasiyaların ətrafında formalaşan, osminoq kimi şaxələnən, vitrində bir cür görünüb, zirzəmidə başqa cür olan, yəni artıq təkcə hərbi görünüşdə, həm də şirkət libasında səlib yürüşü edən yeni növ müstəmləkəçilikdir. "Tunc mələk" romanının adsız detektiv-analitiki təkcə rasional mülahizələri, milli rembomuz kimi, qorxmazlıq, mərdlik kimi xüsusiyyətləri ilə təsvir edilmir, məsələn, onun Qərb detektivindəki xəfiyyə ilə başlıca fərqi var: çağdaş Qərb detektivindəki obrazların əksəriyyəti daxilən travmalı, çox vaxt içki düşkünü, narkotik maddə istifadəçisi, yəni şərlə əlləşə-əlləşə özləri də müəyyən qədər ona bənzəyən tiplərdir; "Tunc mələk"də isə baş qəhrəman zorakılıqdan, illeqal yollardan çox, insanların etibarını xeyirxahlıqla, yardımsevərlik və comərdliklə əldə edir. Bu da onu bir köynək də bizə yaxınlaşdırır. Başqa sözlə, Vahid Məmmədlinin qəhrəmanının detektivyönlü araşdırmaları onun mübarizəsi və mücadiləsi fonunda gerçəkləşir. Nəticə etibarilə, əxlaq və təfəkkürü, davranış və düşüncəsi etibarilə onu yalnız bir tapşırığı yerinə yetirməyə mükəlləf detektiv deyil, həmçinin, ədalətin bərpasına çalışan "mələk" obrazında görürük.
Qismət Rüstəmov
525-ci qəzet.- 2023.- 28 yanvar.- S.20.