Yerəbatan Sarnıcının hekayəsi

 

YUSTİNİANDAN DEN BRAUNUN "CƏHƏNNƏM"İNƏ UZANAN YOL

 

 

Bəzən mənə elə gəlir ki, Qədim Yunanıstan, yunan mədəniyyəti, mifologiyası, filosofları olmasaydılar, yer üzü alayarımçıq görünərdi. Dərin, mənalı, düşündürən, düşünməyə sövq edən, araşdırmağa yönəldən, göz oxşayan, heyran qoyan mədəniyyətlərin cəmində Qədim Yunanıstanın izi var. Minillərdən üzü bəri mövcud olan, bu ərəfələrdə insan selinə məruz qalan, ən müxtəlif yerlərdən ziyarətçisi olan, içəri keçmək üçün istidə divar kölgələrinə sığınan, yağışda çətir altlarında qorunan, soyuq havalarda kürkünə bürünən insanların saatlarla növbəyə dayandığı yerlərdəndir Yerəbatan Sarnıcı muzeyi.

Kimi Bizans üçün gəlir, kimi sonuncu restavrasiyadan sonra mistik bir görkəm alan memarlığı görmək üçün. Ən çoxları isə əfsanəvi Meduza ilə göz-gözə gəlməyə can atanlardır.

Bəs mən? Dara Antik şəhərində yerləşən Su Sarnıcının əsrarəngizliyi qarşısında elə ovsunlandım ki, növbəti gün İstanbula dönüb ilk növbədə Yerəbatan Sarnıcına yollandım. Deyəsən, məqsədim həzzi-həzzə calamaq idi. Yanılmadım! Hələ aşağı enmədən pilləkənin başında insan donub qalır. Gözlərin önünə sərilən mənzərə bir anlıq qarmaqarışıq İstanbulda, izdiham dolu muzeydə olduğunu unutdurur. Sanki bir əl səni götürürüb min illər öncəyə atır. Bu hiss insanı anlıq da olsa, ürküdür. Bəzən sənə elə gəlir ki, indicə nəfəsin kəsiləcək, bəzən içində olduğun ziyarətçi selinin bir-birinə qarışan səslərinin uğultusu, bəzən isə gah qaranlıq, gah aydınlıq ortam sanki beynini keyidir. Arada yuxarıdan üzünə-başına düşən su damcıları ilə diksinib özünə gəlir, harada olduğunun fərqinə varırsan.

Yer altında nəhəng saray

Dara su sarnıcından dəfələrlə böyükdür Yerəbatan Sarnıcı. Bura yüz min ton su tutur, 9800 kvadratmetrlik ərazini əhatə edir. az-nə çox, düz 336 sütunu var. Şimal tərəfində yerləşən 41 sütun isə görünmür, çünki həmin yer Sultan Abdulhəmidin göstərişi ilə qapadılıb. Sarnıc yerin 9 metr dərinliyindədir. Nəfəsalma problemi, dərinlik qapalı yer fobiyası olanlar bunu mütləq nəzərə alsınlar gərək.

Yerebatan Sarnıcı Ayasofya məscidinin düz sağında yerləşən qapalı su anbarıdır. Restavrasiyadan sonra ziyarətçilərin axınla gəldiyi məkana çevrilib. Necə deyərlər, iynə atsan, yerə düşməz. Mistik hesab edilən bu yerin hekayəsi, Meduzanın niyə baş üstə olduğu, suya üçün dəmir pullar atıldığı insanlara maraqlıdır. Ucu-bucağı görünməyən sıralar ən çox bu suallara görədir. Maraq belədir, əgər bu, bir insanın içində baş qaldırırsa, Mariana çökəkliyinə enər, Everest zirvəsinə çıxar. Yetər ki bu hissi oyadan iynə ucu boyda səbəb olsun...

Yerəbatan Sarnıcı

Yerəbatan Sarnıcının tarixi çox qədimdir. Konstantinopolun su ehtiyacını aradan qaldırmaq üçün 526-527-ci illərdə Bizans imperatoru I Yustinianın göstərişilə inşa edilib. Suyun içərisində ucalan nəhəng sütunlara görə xalq arasında Yerəbatan Sarnıcı adını alıb. Əvvəllər üzərində bazilika olduğuna görə bir müddət buraya Bazilika Sarnıcı deyiblər. Bəzi dönəmlərdə isə sarnıc Yerəbatan Sarayı adı ilə anılıb. Həqiqətən yeraltında yerləşən saraya bənzəyir.

1453-cü ildə  - İstanbulun fəth edilməsindən sonra bir müddət buradan istifadə edilib,  sultanların yaşadığı Topqapı sarayına su buradan verilib. Axıntısı olmayan sudan xeyir gəlməyəcəyini düşünən osmanlılar, tezliklə şəhərdə yeni su təchizatı qurublar bununla da sarnıc yararlılığını itirib. Aradan illər keçib, sarnıc tamamilə unudulub. 1544-1550-ci illərdə Bizans qalıqlarını araşdırmaq üçün İstanbulda fəaliyyət göstərən fransalı təbiət alimi topoqrafiya mütəxəssisi Petrus Gyllius tərəfindən bu yer yenidən kəşf edilib. Sarnıc günümüzə qədər xeyli bərpa mərhələlərindən keçib. Osmanlı dönəmində iki dəfə restavrasiya edilib - bir dəfə III Əhmədin hakimiyyəti illərində, ikinci dəfə isə II Abdulhəmid zamanında.

Ən əsaslı restavrasiya 1985-ci ildə İstanbul Bələdiyyəsi tərəfindən başladılıb. İçərisindən əlli min ton palçıq çıxardılıb yerimək üçün platforma salınıb. 1987-ci ildə isə tamamlanaraq muzey kimi istifadəyə açıq elan edilib. 1994-cü ildə yenidən ciddi bərpaetmə mərhələsindən keçib. 2016-cı ildə yenidən restevrasiyasına qərar verilib, lakin qərar qüvvədən düşüb işlər yarımçıq qalıb. 2020-ci ildə sarnıca baxış keçirilib zəlzələyə davamlı olmadığı müəyyənləşib, restevrasiya edilib 2022-ci ilin iyulunda yenidən ziyarətçilərə açıq elan olunub.

Meduzanın sirri

Yerəbatan Sarnıcı deyiləndə ağıla ilk gələnlərdən biri Meduzadır. Meduza qədim yunan mifologiyasında əcaib ilanvari saçları olan qadın, gözlərinə baxan hər kəsi daşa döndərən məxluq idi. Əfsanəyə görə, Qorqonun üç qızından biri yeganə ölümlü qorqona sayılırdı. Meduza dünyaya çox gözəl bir qız kimi gəlmişdi. Yunan tanriçası Afina onu gözəlliyinə, xüsusən saçlarına görə çox qısqanırmış. Bir gün dəniz tanrısı Poseydon Meduzanı görür onun gözəlliyindən ağlını itirəcək həddə çatır, quş cildinə girərək könlünü alır Afina məbədində ona təcavüz edir. Bundan qəzəblənən Afina qızı lənətləyir saçlarının hər telini ilana çevirir, göz-gözə gəldiyi insanların isə daşa dönməsinə səbəb olur.

Başqa bir rəvayətə görə, Meduza qara gözlü, uzun saçlı mükəmməl bir qadındır. O, Zevsin oğlu Perseyə aşiq olur. Eyni vaxtda Afina da Perseyə aşiq olur Meduzanı qısqanır, onu lənətləyir. Beləliklə, Meduzanın saçları ilan olur, baxdığı hər kəs daşa dönür. Zevsin oğlu Meduzanın bu vəziyyətindən bəhrələnərək onun daşa çevirmək gücünü düşmənlərinə qarşı istifadə edir. Axırda Meduza buna dözə bilmir aynaya baxaraq özünü daşa çevirir.

Tanrının da oğlu olsa, fürsətçi hər yerdə, hər dövrdə fürsətçidir. Hələ əgər bu aşiq olan kişidirsə, dərd daha da böyükdür. Əksəriyyət belədir, istifadəyə imkan yaranırsa, bunu fürsətə çevirirlər, duyğu ilə məntiq yan-yanadırsa, duyğunu tapdalayır, məntiqdən yapışırlar. Amma sonra peşman olmağına peşman da olurlar. Çünki məntiqi ilə duyğusu arasında qalıb məntiqi seçən hər kəs həmişə bunun dərin məyusluğunu yaşayır. Yarımçıqlıq hissi bu insanlara sakit yaşamaq imkanı vermir. Təbii ki, keçib gedir. Ancaq mərhələ bir az çətin olur.

Meduzanın sütuna yerləşdirilən başına gəldikdə isə, həmin dönəmdə nəhəng tikililəri və əhəmiyyətli yerləri qorumaq üçün Qorqon başlarından, rəsm və heykəllərdən istifadə edilirmiş, Meduzanın da bu yerə elə həmin düşüncə ilə qoyulduğu düşünülür. Başların tərs olmasının səbəbi də göz-gözə gələnlərin daşa çevrilməməsi niyyətilə izah edilir. Suya atılan dəmir pulların mənası isə istəklərlə bağlıdır. Guya, dilək tutub, sarnıcın suyuna qəpik atırsansa, diləklərin gerçək olur.

Ağlayan sütunlar

Burada diqqət çəkən bir məqam da göz yaşlarına bənzəyən şəkillərdir. Burada sütunlar xalq arasında "ağlayan sütun" və ya "göz yaşı sütunu" olaraq tanınır - sarnıcını inşa edərkən həyatını itirən kölələrin xatirəsini əbədiləşdirmək üçün digər kölələr tərəfindən ərsəyə gətirilib. İnşaatda yeddi mindən artıq insan çalışıb və çoxu burada canını tapşırıb. Sütunun üstündən axan su həqiqi göz yaşı effekti yaratmaq üçün tərtib edilib.

P.S. əvəzi

Bu heyrətamiz sarnıcıdan Den Braunun "Cəhənnəm" romanında bəhs edilir. Roman əsasında film çəkilməyə qərar verildikdən sonra bəzi səhnələri Yerəbatan Sarnıcıda çəkmək istəyirlər. Lakin memarlıq abidəsinin zərər görəcəyindən ehtiyatlandıqlarından bu, mümkün olmayıb. Nəticədə, Budapeştdə bu sarnıca bənzəyən bir yer tikilib və nəzərdə tutulan səhnələr orada çəkilib.

 

Türkan TURAN

525-ci qəzet.- 2023.- 28 yanvar.- S.19.