Savaşın od-alovundan keçən
yazıçılar
Böyük mənada ədəbiyyat və sənət
hər zaman xalqlara, insanlığa, bəşəriyyətə
qarşı məsuliyyətlə yanaşır,
coğrafiyanın, torpağın, mədəniyyətlərin
qarşılaşdığı problemlərə
reaksiyasız qalmır. Ədəbiyyatçılar müharibənin,
qanlı savaşların insanlığı məhv etdiyini
bilir, bütün bunlar qarşısında mənəvi
iztirab duyurlar. Bəli, sənətin və
ədəbiyyatın sərhədi yoxdur. Yaxşı
ədəbiyyat və sənət nümunəsi hətta
müharibələri, savaşları dayandırmaq,
xalqları dostlaşdırmaq gücünə də malikdir.
Çünki ədəbiyyat hər zaman
sülhdən yanadır. Bilir ki, hər
cür pislik, savaş ədəbiyyatla, sənətlə yox
olmağa qadirdir. Yazıçı
müharibə, qarışıqlıq dövründə
bütünləşdirici rol oynayır.
Lakin tarix boyunca bir sıra yazıçılar təkcə
yazmaqla kifayətlənməyib, yaşadıqları dövrə
və coğrafiyaya rast olan müharibələrdə,
savaşlarda, müqavimət hərəkatlarında aktiv
iştirak edərək, təkcə qələmləriylə
deyil, silahlarıyla da fərqli cəbhələrdə xidmət
göstərərək inandıqları amallar və vətənləri
üçün savaşıblar. Bu yazıda dünya və
Azərbaycan ədəbiyyatında müharibələrdə
iştirak etmiş, qələmləriylə bərabər,
silahlarıyla da öz vətənlərinə, xalqlarına
xidmət göstərmiş ədiblərdən
danışacağıq.
lll
Dünya ədəbiyyatının ən böyük
yazıçılarından Lev Tolstoy 1854-cü ildə
Krım müharibəsinə zabit olaraq qatılıb. Sonra əsgərliyi
başa vurub Peterburqa gedib. Onun "Hərb
və Sülh" romanı dünya ədəbiyyatında
müharibəyə həsr olunmuş ən möhtəşəm
əsərlərdən biridir.
Böyük rus yazıçısı, şairi Mixail
Lermontov 1832-ci ildə universiteti tərk edərək Hərbi
Məktəbə daxil olur. 1834-cü ildə
leytenant rütbəsi ilə məzun olub hərbi
karyerasına Sankt-Peterburqda süvari kimi başlayır.
Ədəbiyyat və sənət də daxil olmaqla,
bütün dünyaya ən çox təsir etmiş, təsirləri
hətta bu günə kimi davam etmiş ən böyük
müharibələr XX əsrdə yaşanmış Birinci və
İkinci Dünya müharibələridir. Dünya və
yerli ədəbiyyatımızda hər iki müharibəyə
həsr olunmuş əsərlər kifayət qədərdir.
Bu əsərlərin bir çoxunun əsas
özəlliyi odur ki, müəllifləri sözügedən
müharibələrdə iştirak edib,
yazdıqlarının şəxsən
iştirakçısı və şahidi olublar.
I Dünya müharibəsinə qatılan məşhur ədiblərdən
biri amerikalı yazıçı Ernest Heminqueydir. O, orta təhsilini başa
vurduqdan sonra cəbhəyə getmək istəsə də,
gözlərində problem yarandığından arzusuna
çatmamışdı. Bir müddət Kanzasda
çıxan "Star" qəzetində
çalışdıqdan sonra könüllü dəstənin
tərkibində Avropaya, Birinci Dünya müharibəsi cəbhələrinə
yollana bilmişdi. Amerika Qırmızı
Xaçının sürücüsü kimi hərbi əməliyyatlarda
iştirak etmiş, ayağından yaralanmışdı.
İgidliyinə görə İtaliyanın iki
hərbi medalı ilə təltif olunmuşdu. On il sonra yazacağı "Əlvida, silah"
(1929) romanındakı bir sıra hadisə və
personajları şəxsən görüb müşahidə
etmişdi.
Alman yazıçısı Henrix Böllün yeniyetməlik
və ilk gənclik illəri vətənində nasizmin
tüğyan etdiyi dövrə düşmüşdü. Gimnaziyada
hitleryugend təşkilatına qoşulmaqdan boyun
qaçırsa da, Köln Universitetində oxuduğu 1939-cu ildə
səfərbərlikdən yayına bilməmişdi.
Kapral Henrix Böll 6 il Fransa, Rumıniya,
Macarıstan və SSRİ ərazisində döyüşlərdə
iştirak etmiş, bir neçə dəfə
yaralanmışdı. 1945-ci ildə
amerikalılara əsir düşmüşdü. Bir müddət Fransanın cənubundakı həbs
düşərgələrində saxlanıldıqdan sonra Qərbi
Almaniyaya qayıtmışdı.
Yaradıcılığa müharibə mövzusu ilə
başlayan yazıçı ilk mətbu əsərində -
"Qatar vaxtında gəldi" (1949) povestində alman gənclərinin
müharibə illərində üzləşdikləri faciələri
öz acı həyat təcrübəsindən
çıxış edərək göstərməyə
çalışmışdı. Hərb illərinin faciələri və
müharibədən sonrakı dövrün çətinlikləri
Henrix Böllün "Yolçu, sən Spaya gələndə..."
(1950), "Harada idin, Adam?" (1951), "O illərin çörəyi" (1955)
kimi roman və povestlərinin də əsas mövzusu
olmuşdu.
Alber Kamü Əlcəzairdə (O vaxt Fransa müstəmləkəsi
idi) fransız ailəsində dünyaya gəlmişdi. O, Fransa vətəndaşı
idi. O, İkinci Dünya müharibəsində almanlar
Fransanı işğal edəndə Parisdə idi. Kamü qaçmağa çalışsa da, sonda
qeyri-qanuni fəaliyyət göstərən Kombatda baş
redaktor olaraq xidmət etdiyi Fransa Müqavimət Hərəkatına
qoşuldu. Müharibədən sonra o, məşhur
fiqura çevrildi və ardıcıl mühazirələr deməyə
başladı.
II Dünya müharibəsinin başlanmasını və
Fransanın işğalını bir çox həmvətənləri
kimi, Jan-Pol Sartr da şəxsi faciəsi kimi
yaşamışdı. Görmə qabiliyyəti zəif
olduğundan o, döyüşən orduda deyil, meteoroloji hərbi
hissədə xidmət edirdi. Alman hərbi
birlikləri Parisə daxil olarkən yazıçı əsir
alınmış, bir müddət Trier
yaxınlığındakı həbs düşərgəsində
saxlanmışdı. Yalnız 1941-ci ildə
həbsdən qurtulub Parisə qayıda bilmişdi. Təbii ki, müharibə dövründə siyasət
Jan-Pol Sartrın həyatında daha önəmli yer
tutmuşdu. O, birbaşa Müqavimət hərəkatı
sıralarına qatılmasa da, bu hərəkata yardım cəmiyyəti
təşkil etmişdi. Alber Kamyu ilə ilk
tanışlıqları da həmin cəmiyyətdə
olmuşdu. Müharibə illərində
müəllif özünün "Milçəklər"
(1943), "Bağlı qapı arxasında" (1944) pyeslərini,
habelə iri həcmli "Mövcudluq və heçlik"
(1943) fəlsəfi traktatını qələmə
almışdı.
Alman yazıçı Arno Şmidt 1939-cu ildə II
Dünya müharibəsində Vermaxa qatılıb. Ordudaykən
topçu kimi savaşıb. Öncə Alsasda, sonra Norveçdə
döyüşüb. 1945-ci ildə
Aşağı Saksoniyada ingilislərə təslim olub.
Başqa bir alman şair, dramaturq Volqanq Borxert II Dünya
müharibəsində iştirak edərək 1942-ci ildə
yaralanır. Qəsdən özünü yaraladığı
şübhəsiylə 3 ay həbs yatır, ancaq sonra bəraət
alır. Lakin məktublaşmalarına
görə xainliklə
günahlandırıldığından həbsi davam edir.
Cəbhəyə göndərilmək şərtiylə
6 həftə həbsdə olur. Yenidən
döyüşlərə qatılır və bu dəfə
ayaqlarının donmasına görə hərbi xəstəxanaya
düşür. Sarılıq və
difteriyaya yoluxur. Uzun və ağır macəralardan sonra
yalnız 1945-ci il mayın 10-da Hamburqa
qayıdır.
Şair Şocentsuk Aliy II Dünya müharibəsinə
qatılıb, əsir düşüb və Hitler tərəfindən
güllələnib.
Cord Oruell
faşizmə qarşı mübarizə əzmi nəticəsində
1937-ci ildə İspaniya vətəndaş müharibəsinə
qatıldı. İspaniyaya gəldikdən sonra
inqilabi partiyanı (Partido Obrero de Unificacion Marxista) dəstəkləməyə
başladı. Müharibə boyu bir
çox təhlükələrdən sağ çıxdı
və sonda boynuna dəyən güllə sol əlini iflic
etdi. Xəstəxanadan çıxandan
sonra həyat yoldaşı ilə birlikdə Fransaya göndərildi.
Orada o, müharibə təcrübələrini
və müşahidələrini təsvir etdiyi
"Kataloniyaya salam" kitabı üzərində işləməyə
başladı. O, kitabında yazırdı: "Bəzi
hallarda döyüşmək və məğlub olmaq heç
döyüşməməkdən yaxşıdır".
Bundan
başqa, Samuel Bekket, Giokonda Belli, Subhadra Kumari Cauhan, Agostinho
Neto, Rigas Feraios, Juana Manuela Gorriti, Patrik Fermor, Yaroslav Hasek,
Frantz Fanon, Alfred Andersc, Türkiyə ədəbiyyatçılarından
Orhan Seyfi, Celal Sahir, Hamdullah Suphi, Ömər Seyfəddin və
başqaları da müxtəlif müharibələrdə,
müqavimət hərəkatlarında iştirak etmiş qələm
adamlarıdır.
lll
Azərbaycan ədəbiyyatı və ədəbiyyatçıları
da dünyada başqa verən proseslərdən kənar
qalmayıb, xüsusən II Dünya savaşında bir qismi
birbaşa döyüşüb, digər qismi isə mütəmadi
olaraq cəbhələrə gedib əsgərlərin
yanında olublar.
Hüseyn Arif II Dünya müharibəsi dövründə döyüşən ordu tərkibində Ukrayna cəbhəsində Polşa, Çexoslovakiya və Almaniya ölkələrində olur və orada yaralanır. Müalicə olunandan sonra Moskva Hərbi mühəndislik məktəbinə göndərilir. 1943-1945-ci illərdə SSRİ Xalq Daxili İşlər Komissarlığı qoşunları tərkibində vzvod komandiri olur. 1946-cı ildə ordudan tərxis olunur.
Nəbi Xəzri 1942-43-cü illərdə II Dünya müharibəsində iştirak edir. Müharibədə çox ağır xəstələndiyi üçün tərxis edilir.
Ədəbi tənqidçilərin yazıçılıqdan əlavə, həm də qəhrəman döyüşçü kimi xatırladıqları Əbülhəsən müharibədə bir neçə dəfə ölümdən möcüzəli şəkildə xilas olub. Xalq yazıçısının "Dünya qopur", "Müharibə" və "Dostluq qalası" kitabları müharibədən bəhs edir.
Ənvər Məmmədxanlı müharibə dövründə cənub-qərb cəbhəsində "Qızıl Ordu" cəbhə qəzetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri olur. Sonra redaksiya ilə birlikdə Stalinqrada göndərilir. 1942-ci ilin axırlarında bir qrup Azərbaycan yazıçısı ilə Şimali Qafqaz cəbhəsində, 416-cı diviziyada olur. Sonra yenidən Zaqafqaziya cəbhəsinə, oradan İrana hərbi xidmətə göndərilir. Təbrizin "Vətən yolunda" ordu qəzetində xüsusi müxbir kimi çalışır. 1946-cı ildə ordudan tərxis olunan yazıçının bu qanlı müharibədən bəhs edən sarsıdıcı əsərləri var.
İsmayıl Şıxlı II Dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə - Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər olub. Onun müharibədə yazdığı "Cəbhə gündəlikləri" kitabı bu gün də sevilərək oxunur.
Bayram Bayramov müharibənin əvvəlindən Mozdok uğrunda döyüşlərdə iştirak edir və 1942-ci ildə ağır yaralanır. 1943-cü ilin aprelində yenidən Sovet Ordusu sıralarına qayıdır.
Hüseyn Abbaszadə II Dünya müharibəsinin ilk günlərindən cəbhəyə gedir və şücaətinə görə "Birinci dərəcəli Böyük Vətən Müharibəsi" ordeninə layiq görülür.
Qılman İlkin, Səməd Vurğun, Süleyman Rüstəm, Osman Sarıvəlli, Məmməd Rahim, Rəsul Rza, Əli Vəliyev və İlyas Əfəndiyev kimi xalq yazıçı və şairləri isə dəfələrlə 416-cı diviziyada, eləcə də cəbhənin ayrı-ayrı nöqtələrinə gedib döyüşçü əsgərlərlə görüşüblər.
Azərbaycan tarixinin qanlı səhifələrindən biri olan Qarabağ müharibəsi və böyük zəfərlə nəticələnən Vətən müharibəsində də şair və yazıçılarımız xüsusi canfəşanlıqla iştirak etmişlər.
Şair Emin Piri ilk gündən leytenant olaraq qatıldığı Vətən müharibəsində baş leytenant rütbəsi alıb. Son günə qədər qəhrəmancasına döyüşdüyü müharibədən qalib əsgər kimi qayıtdıqdan sonra qələmə aldığı müharibə xatirələri mətbu orqanlarda çap edilməkdədir.
Şairlər Oğuz Alparslan,
Toğrul Kərimli, Həsən Kür, Elvin Məmmədli, Səbuhi
Qurbanov, Orxan Səlifov, Nicat Ağayev, Cavid Əlioğlu,
Tamerlan Əsədov, Vüsal Hətəmov, Eyvaz Əyyub,
jurnalist İlham Tumas, yazıçı-jurnalist Taleh
Şahsuvarlı və başqaları da Vətən müharibəmizdə
şücaətlə döyüşüb,
Qarabağımızın 30 illik işğalına son qoyaraq
qələbəylə geri dönüblər. Müharibədə
gördükləri, yaşadıqları qələmlərinə
mövzu olan şairlərin vətənpərvərlik
mövzulu şeirləri bu gün ciddi maraqla
qarşılanır.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2023.- 28 yanvar.- S.18.