"Heykəltaraş əlinin
altındakı palçıqla dil tapmayıbsa, ən
yaxşısı o palçığı incitməməkdir"
XALQ
RƏSSAMI, AKADEMİK ÖMƏR ELDAROV: "İLK
HEYKƏLTARAŞ ALLAHDIR -
ADƏMİ PALÇIQDAN, HƏVVANI ADƏMİN
QABIRĞASINDAN YARADAN ODUR"
Çox sevirəm onları - uşaqları, bir də
ahılları. Hər ikisinin çöhrəsində
eyni bənzərlik var - məsumluq. Və
o məsumluğu heç nə əvəz edə bilmir bu
dünyada.
Yaranışdan hamımız bərabər doğulsaq
da, zaman sanki bir ələk kimi hamını öz xırda
gözlü süzgəcindən keçirir. Sona o xırda
gözlərdən keçməyənlər qalır və məhz
onlar Tanrının seçilmişlərinə çevrilərək
zaman-zaman şəxsiyyət olmaq məqamına çata
bilir. Yaradıcılığım ərzində
şəxsiyyət hesab etdiyim iki müsahibim olub. Lakin bu gün sizlərə təqdim edəcəyim
müsahibin görüşünə gedəndə içimdə
özümün belə, anlaya bilmədiyim nələrsə
var idi. Və bu nələrsə ilə
birlikdə görüş məkanına daxil olanda,
rastlaşdığım mühitin abu-havası içimə
bir balaca sərinlik gətirdi. Divarlardan
asılan müxtəlif səpkili tablolar, bir dəhliz boyu
özündə Azərbaycan milli elementlərini əks etdirən
sıralanmış kiçik xalçalar sənət
adlı dünyanın başlanğıcından soraq verirdi.
Amma daxilimdəki o nələrsə hələ
də işini görməkdə idi. Görüşünə
gəldiyim müsahibi yalnız ekranlarda
görmüşdüm, yaradıcılığına nisbətən
bələd idim. Və bilirdim ki, ecazkar, bənzərsiz,
dahi bir sənətkar, ən əsas isə zirvəyə
ucalmağı bacaran şəxsiyyətdir. Çox
geniş iş otağına daxil olanda, baxışlarım
yalnız bir şey görə bildi - böyük masa
arxasında əyləşən ahıl bir çöhrənin
üzündəki məsumluq qarışıq ilıq təbəssüm.
O təbəssüm ki, içimdə olanları öz yerinə
qoya bildi.
Onun titulları çoxdur. Layiq olduğu
bütün fəxri adları, mükafatları alıb və
onu tanımayan belə, yoxdur. Mən onu
oxuculara sadəcə olaraq belə təqdim etmək istərdim.
Bu günün müsahibi Azərbaycan heykəltaraşı,
"Heydər Əliyev" ordenli, Xalq rəssamı, Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik
Ömər Eldarovdur.
- Gedək
lap əvvələ...
- Lap əvvəl çox uzaqda
qalıb - doğulduğum Dərbənddə. Düzü,
orda nə vaxt olmuşam onu belə, xatırlamıram. Amma ora gedən yollara baxdıqda görürsən
ki, nə qədər də hər şey dəyişib.
- Amma əvvəl
tək bu deyil axı...
- Atam Həsən Eldarov torpaqşünaslıq üzrə mütəxəssis olub. Əvvəl Saratovda yaşayıb. Anam Yelizaveta Solomonovna ilə də elə orada tanış olaraq, ailə qurublar. Anamgilin ailəsi Belorusiyadan qaçqın düşən yəhudilərdən olub. Atamla birlikdə əvvəl Volqoqrada, oradan isə Dərbəndə köçüblər. Burada qardaşım Rəşid, yeddi ildən sonra isə mən anadan olmuşam. Təqribən 30-cu illərdə atam partiyanın tapşırığı ilə Bakıya köçüb, onda mən kiçik idim. Rəşid çox mərd və cəsarətli oğlan idi. Həmişə mənim müdafiəmdə durardı. Heç kimə imkan verməzdi ki, məni incidib xətrimə dəysin. Həmişə qürrələnərdim onunla. Evin kiçiyi kimi, ailədə də mənə xüsusi münasibət vardı. Daha çox əzizlənərdim, qayğı, nəvaziş görürdüm. Əlbəttə ki, bunlar mənə xoş idi, lakin sərhəd deyilən həddi heç vaxt keçməzdim. Evdar xanım olan anam bizim tərbiyəmizlə məşğul olub. Və indi 96 yaşın astanasından baxanda, dediyiniz o əvvəl həqiqətən də çox uzaqda qalıb.
- Hər
yolun bir başlanğıcı olur...
- Başlanğıcı deyərdim
ki, daşyonan olan Hüseyn babam qoyub. Latın
dilində bu sözə "skulptura" deyirlər. Mən bu yolu uşaqlıqdan görməyə
başladım. Bakıda belə bir yer
vardı - "İstedadlı uşaqların studiyası"
adlanırdı və sonralar onun yerində "Pionerlər
evi" tikildı. 6 yaşımda anam əlimdən
tutub məni həmin studiyaya gətirdi. Xalq rəssamı
Kamil Xanlarov dedi ki, rəssamlığa olan yerlər bu il artıq dolub, gələn il gələrsiz. Bunu deyib getdi. Bu zaman bizə hündür boylu
bir xanım yaxınlaşaraq dedi ki, mənim sinfimdə yer
var, amma biz heykəltaraşlığı öyrədirik. Palçıqla, plastilinlə öyrənə-öyrənə
gələcəkdə məşhur heykəltaraş olarsan,
böyük abidələr düzəldərsən və sənin
yaratdıqların bir gün şəhərin bəzəyi
olar. İstərsənmi? Mən dərhal cavab verdim ki, əlbəttə, istəyirəm.
Və beləcə, yolum cızıldı, ilk əl
işim "Oğlan göyərçinlə" oldu.
O, indiyədək yadımdadır.
- Beləcə,
yolu davam etdiniz...
- Bəli, etdim, çünki bu, mənim
yolum idi. Yeddiillik orta təhsildən sonra Azərbaycan
Rəssamlıq Məktəbinin heykəltaraşlıq
şöbəsinə daxil oldum. Amma bununla da kifayətlənmək
istəmədim, içimdə böyük bir arzu vardı -
İ.Repin adına Leninqrad Dövlət Rəngkarlıq,
Heykəltaraşlıq və Memarlıq İnstitutuna qəbul
olunmaq. Lakin çox ağır və çətin
bir dövr idi, çünki müharibə
başlamışdı, ailədə vəziyyət çətin
idi. Buna baxmayaraq, arzum reallaşdı və həmin ali məktəbdə təhsil ala bildim. İlk uğurumu da elə orada qazandım. "Gənc qvardiyaçılar" adlı diplom
işim vardı. Diplom işimdə heykəltaraşlığın
çətin növlərindən biri olan qorelyefə
müraciət etməyə özümdə cəsarət
tapdım. Bununla da mütəxəssislər
diplom işimə müsfət rəy bildirdilər. Əslində, qorelyefə müraciət etməklə
mən zamanın nəbzini tutmağa
çalışmışdım, çünki qəhrəmanlıq
mövzusu dövrün ruhuna çox yaxın idi. İnstitutda məni aspiranturada saxlamaq istəsələr
də, qalmadım və diplomumu alıb mənə doğma
olan Bakıya qayıtdım.
- Və
bir heykəltaraş ömrünü yaşamağa
başladız...
- Heykəltaraş
ifadəsi ilə bağlı bir fikrimi söyləmək istəyirəm.
İlk heykəltaraş bilirsiz kimdir?
- Deyərsiz
bilərəm...
- Allahdır!
İlk olaraq Adəmi palçıqdan yaradan
odur. Ona nəfəsilə can verən odur. Həvvanı Adəmin qabırğasından yaradan
odur. Təbiətdə bütün gözəllikləri
yaradan odur. Ən gözəl rəssam da
elə Yaradanın özüdür. Bizləri
yaradanda da bu dünyadakı missiyamızı hər kəsə
uyğun ölçüb-biçərək alnımıza
yazıb. Yəni hər şeyin əzəli
onunla başlayıb.
-
Barmaqların sehrindən danışaq...
-
Orqanizmin bir üzvü olan əllər deyərdim ki, bir alətdir.
Və insan elə qurulub ki, alət
adlandırdığım bu əllər onun beyni və ürəyi
ilə sıx bağlıdır. Bu
bağlılığın da nəticəsində
ortalığa bir yaradıcılıq məhsulu
çıxır. Pianoçu ifa etdiyi bir
musiqi parçası ilə, rəssam əlindəki
fırça ilə, toxucu vurduğu ilmələrlə, cərrah
kəsdiyi skalpellə, kəndli torpağa vurduğu bellə nəsə
yaradır. Heykəltaraşın əlinin
altındakı gil onun qəlbi və beyni
ilə həmahəng deyilsə, hələ ümumi dil
tapmayıblarsa, ən yaxşısı o
palçığı incitməməkdir. Deyirlər
yaradıcı insanların ilham pərisi olur və onlar bəzən
yaratmaq istəyənləri tərk edir. Düzü,
mənim o pəridən heç vaxt xəbərim olmayıb.
Bildiyim odur ki, beş yaşından
özümü heykəltaraş kimi görmüşəm və
indəyədək də bu, davam edir.
- Ömər
Eldarovun yaradıcılığında iki qadın monumenti
var. Başlayaq birincidən, yəni Xurşidbanu Natəvandan...
- Xurşidbanu Natəvanın şəklini görən
kimi həmin anda bu obrazı abidəyə çevirmək
arzusu yarandı məndə. Şəkildə
gördüyüm qadın gözəlliyi ilə güc və
qürurun vəhdəti məni o qədər cəlb etdi ki,
bunu bir monumentə çevirməmək qeyri-mümkün idi.
Mən böyük məhəbbətlə, səylə,
dəqiqliklə hər detalı, bütün incəlikləri
yaşayaraq, içimdən keçirərək bu obrazın
üzərində işlədim. Çox
istədim ki, abidə həm gözəl, həm də
monumental olsun, çünki Qarabağ xanının
qızı artıq mənim qəhrəmanıma
çevrilmişdi. Və bu qəhrəmanı sabah mən kütlə qarşısına
çıxarmalı idim. İstəyirdim ki, onu
seyr edən hər tamaşaçı Xurşidbanunun həm
kübarlığını, həm zənginliyini, həm
gözəlliyini, həm intelektual səviyyəsini görə
bilsin. 60-cı illərdə bir xan
qızına abidə qoymaq heç də asan deyildi.
Lakin həm Moskvadan, həm Leninqraddan (indiki Sankt-Peterburq) gələn
təşkilat komitəsi işə yüksək qiymət verdi. Ümumiyyətlə, insan həyatda
ilklərə daha çox bağlı olur. İlk böyük monumentim olan Xurşidbanu Natəvanın
əsərlərimin arasında xüsusi yeri var.
- İkinci qadın monumentini uzun illər sonra yaratdız. Və bu, ilk obrazdan çox
fərqli idi - akademik Zərifə Əliyeva...
- Bu, məzarüstü
abidə olsa da, fərqliliyi ilə seçilən bir monument
oldu. O zaman həmin abidəni hazırlamaq üçün bir
çox məşhur heykəltaraşlar müraciət etdi,
lakin Heydər Əliyevin seçimi mən oldum. Üç ilə tamamlanan kompleksin adını
"Elegiya" qoydum. İş hazır oldu, lakin H.Əliyev
abidənin Moskvaya aparılmağını istəmədi və
onun emalatxanada qalması arzusunu bildirdi. Təbii ki,
razılığımı verdim və "Elegiya" düz
səkkiz il emalatxanamda yaşadı. Bu illər ərzində onun qarşısında
dayanıb söhbətləşdiyim vaxtlar çox olub.
Maraqlısı odur ki, hər dəfə də
bir obrazda cəmlənən müxtəlif xarakter sahibi ilə
həmsöhbət idim. Birində
insanların qaranlıq dünyasına nur bəxş edən
həkim idi, o birində ən çətin məqamda dayaq
olmağı bacaran, sevgisi tükənmək bilməyən
ömür-gün yoldaşı. Birində
övladlarına bağlı ana idi, digərində nəvələr
arasında sevgisini paylaşan nənə. Və
səkkiz ildən sonra bu abidə aid olduğu yerə gedəndə,
uzun zaman emalatxanada bir boşluq yaşandı. Yeri gəlmişkən bir məsələni
vurğulamaq istəyirəm. Əliyevlər
ailəsi mənə həmişə doğma və yaxın
olub. Bunun da səbəbini
açıqlayım. Görkəmli
ziyalı, torpaqşünas alim, akademik Həsən Əliyev
atamın tələbəsi olub. O, müəllimini həmişə
yad edib. Tale elə gətirdi ki, 1998-ci ildə Həsən
Əliyevin məzarüstü abidəsini işləməli
oldum və çox çalışdım ki, burada torpağa
bağlı olan bir insan obrazı yarada bilim. Bilmirəm buna nal olmuşam, ya yox.
- Ulu
öndərin məzarüstü monumenti də sizə
aiddir...
- Mən Heydər Əliyevin heykəlini
sağlığında da hazırlamışdım. Sizə bir məqamı
açıqlayım. Heydər Əliyev
sağ ikən heykəl qoyulmasının qəti tərəfdarı
deyildi və bunu sevmirdi. Lakin ondan
asılı olmayan səbəblərə qarşı
çıxa bilmirdi. O zaman SSRİ Ali Sovetinin qərarı
vardı ki, iki dəfə Sovet İttifaqı Qəhrəmanı,
ya da Sosialist Əməyi Qəhrəmanı adı alanların
büstü qoyulmalı idi. Və bizim onunla
işbirliyimiz o vaxtdan yaranıb. Məzarüstü
abidəyə gəldikdə isə, bu, bütün
yaradıcılığım boyu işlədiyim ən
çətin monumental kompleks oldu. Mənim bir il vaxtım var idi. Nəhəng bir kompleks
yaratmaq üçün bir il sanki bir an qədərdir.
Eskizlər hazırlamaq, onların üzərində
işləmək, özü də hansının qəbul
olunacağını bilmədən, üstəlik də, vaxt
darlığı. Bu, dayanmadan çox gərgin,
ağır ən əsas məsuliyyətli bir iş idi. Sonda bu işi vaxtına qədər tamamlaya bildim və
bir gün əvvəl monument öz yerində
quraşdırıldı.
- Kifayət
qədər məzarüstü abidələrin müəllifisiniz...
- İlk böyük abidənin elə böyük də
adı var - Üzeyir bəy. O zaman Bakıda heykəltaraşları
barmaqla saymaq olardı. Həmin dövrdə Mirzə
İbrahimov Ali Sovetin sədri idi və onun verdiyi qərarla
dahi Üzeyir bəyin məzarüstü abidəsini mən
hazırladım. I Fəxri xiyabandakı
abidələrin əksəriyyəti mənim işlərimdir.
Bura təkcə dövlət sifarişləri
daxil deyil. Mərhumların
doğmalarının istəyi ilə də abidələr
hazrlamışam. Sonuncu məzarüstü
işim Lütfi Zadənin abidəsidir.
- Heykəllər
və məkan...
- Heykəl
elə-belədən yarana bilməz. Əgər
o, yaranırsa, ucalacağı şəhərin
abu-havasını, tarixini, keçmişini və ya bu
gününü, onunla bağlılığını
özündə yaşatmalıdı. İstər heykəl
olsun, istər monument, lap elə bir büst olsun qoyulacağı məkanla
mütləq uzlaşmalıdı, öz
görünüşü ilə cəzb etməlidi. Bu
daşlaşmış abidələrin hər birinin
yaşamış olduğu şəhərlə bağlı
bilmədiyimiz çox məqamları ola
bilər. Ona görə də onlar
üçün seçilən məkan elə
olmalıdır ki, şəhərin arxitekturası ilə bir
vəhdət təşkil edə bilsin. Onlara elə
qaynayıb-qarışmalıdı ki, sabah
biri digəri olmadan təsəvvürə belə gəlməsin.
- Çətin
işinizə rəğmən, ölkənin ictimai və mədəni
həyatında da fəal olmusuz...
- Bu, yəqin
ki, mənim deputat olmağıma işarədir. Sovet dönəmində Bakı Sovetinin deputatı,
müstəqil Azərbaycanın Milli Məclisində millət
vəkili olmuşam. Sovet dönəmini
qoyaq kənara, çünki hamıya məlum dövr olub o
illər. Təəssüf ki, müstəqil
Azərbaycanın millət vəkili olduğum illərdən
məndə xoş təəssürat qalmadı. Milli Məclisin bütün üzvlərinin
hamısı demək olar bilib ki, onun seçicisi kimdir, ona
hansı məqsədlə müraciət edir, niyyəti nədir,
hansı yolun adamıdır. Mən isə
hər şeydən bixəbər olmuşam. Binadan çıxan kimi dəstə ilə
qarşıma yürüyən adamların biri deyir xəstəyəm,
biri deyir oğlum həbsdədir, o biri deyir yaşamaq
üçün şəraitim yoxdur və hamısı da qan
ağlayır. Mən də həm ürəkağrısı,
həm də seçicilərimdi deyib qabaqlarına
düşüb gedirdim. İstəyirdim
hamısına köməklik göstərim, problemlərini həll
edim. Amma heç demə, onların əksəriyyəti
çox mahircəsinə rola girərək məni
aldadıblarmış. İnamın
müqabilində aldadılmaq hissi yaşamaq mənə əzab
verirdi. Lakin bununla belə, bir millət vəkili
kimi iclaslarda, bütün instansiyalarda sözümü deyə
bilib fikir yürütmüşəm və buna qarşı
heç bir maneə ilə rastlaşmamışam.
- Bakı
əziz şəhər, mehriban diyar...
- Bakı
mənim evimdir. Ömrümün,
yaradıcılığımın şahidi, əvəzsiz
dostum, sirdaşım, doğmalarımın uyuduğu məkandır.
Adım-sanım, uğurlarım, sevincim, kədərim--
bir sözlə, nəyim varsa, nələrə nail
olmuşamsa, onun adı ilə bağlıdır. Bu
şəhərin yalnız özünəməxsus,
dünyanın heç yerində görə bilmədiyim bir
şarmı var. Maraqlısı odur ki, bunu Bakıya ilk dəfə
gələnlər belə, hiss edir. Tanrı bu
şəhərə özü kimi gözəl insanlar da bəxş
edib. Mənəviyyata, adət-ənənəyə
bağlılıq, böyük-kiçik anlayışı,
mentalitetə hörmət kimi xüsusiyyətlər cəsarətlə
deyə bilərəm ki, yalnız Bakıda var. Təkcə
İçərişəhərlə öyünmək yetərlidir.
Açıq səma altında muzey şəhər
başdan-başa bir tarixdir. Bakı bu
gün gözəlləşir, inkişaf edir, artıq turizm mərkəzinə
çevrilib, yeni tikililər artır, insanların rifahı
yaxşılaşır. Bununla
yanaşı, Bakının keçmişdən bu günə
qədər gəlib çatan köhnə məhəllələr
adlı bir siması var. Yaxşı olardı ki, o simanı mümkün
qədər qoruyub, bərpa edib saxlaya bilək. Yerli-yersiz ucdantutma onları söküb yerində
göydələnlər ucaltmadan əvvəl yüz
ölçüb, bir biçmək lazımdır. Bu gün məni Sabunçu vağzalından
üzü Akademik Milli Dram Teatrına qədər uzanan park
çox sevindirir. Amma burada bir şeyi
mütləq vurğulamaq istəyirəm. Sabunçu
vağzalı özlüyündə dünyada bərabəri
olmayan unikal bir tikintidir. Və mənim səlahiyyətim
olsaydı, onun qarşısındakı binanı sökərdim.
Bu, bilirsiz nə deməkdir? Həmin
yerdən bulvara tərəf açılmış nəhəng
bir mənzərə deməkdir. Amma təəssüf
ki, bunu edə bilmərəm. Bir şəhərin
dəniz sahilində yerləşməsi özü bir gözəllikdir.
Gəzib dolanmaq yaxşıdır, amma evində
olmaq daha yaxşıdır. Bakı
adlı evimi dünyanın heç bir əzəməti,
möhtəşəmliyi, ecazkarlığı əvəz edə
bilməz, çünki ondan qat-qat artığı mənim
şəhərimdədir.
- Bir az geri boylanaq...
- Geridə
qazandıqlarım da var, itirdiklərim də. İtirmək
əlbəttə, çətindir, lakin
qaçılmazdır. Əsas odu ki, itki
vaxtsız olmasın. Geridə zamanında
buraxdığım səhvlər var, amma nə etməli ki, insan günahlardan
sığortalı deyil. Geridə indiyə qədər
bir bayram kimi xatirimdə qalan uşaqlıq illərim var. Həyatımın
ən xoş, alabəzək günləridi
uşaqlığım. Daha sonra dərslərini
yaxşı oxuyan, sinifdə qalmayan, böyük
qardaşının himayəsindən ləzzət alan bir oğlan var. Gerisi isə göz
önündədi. Uğur heç zaman məni
yolumdan azdırmayıb, mənəm-mənəmlik yanımdan
belə, keçməyib. Sənətinə vurğun
biri kimi həyatımı yaşamaq, xalqıma xidmət etmək
istəmişəm və bir də alayarımçıq
iş görməkdən uzaq olmuşam. Bax, belə...
-
Ömrümüzdən keçən 44 gün...
- Bu
gün əvvəl-axır ömrümüzdən keçməli
idi. Biz illərlə sanki sözə qulaq asan
bir uşaq olmuşuq. Bir addım irəli
deyiblər, getmişik. İki addım geri çəkil
deyiblər, çəkilmişik, yerində dayan
deyiblər, dayanmışıq. İllərlə
yığılan bu sözəbaxanlıq günlərin birində
bezdi və yerinə dəcəl, öz istədiyini edən gəldi.
Özünü göstərdi, sözünü dedi,
qanını axıtdı və nöqtəni qoydu. Vəssalam. Çox düz də
elədi. Təbii ki, itkilərimiz oldu, amma
bu da müharibənin qanla yazılmış qanunudur.
Üç min şəhid üç min ağlar ev deməkdir. Sayca bundan artıq
qazi əlil qalan ömür deməkdir. Amma
onlar bir çağırışla heç nə
düşünmədən getdilər, çünki artıq
sözə baxan uşaq kimi yaşamaq istəmədilər.
Əsrlər boyu torpaq bizlərdə namus, qeyrət
məsələsi olub. Nə yaxşı
ki, bu qələbəni görmək mənə nəsib oldu.
-
Böyük bir gənclər ordusuna rəhbərlik edirsiz...
- Onlardan çox razıyam. İstedadlı gənclərimiz çoxdur. Sənətə ürəklə bağlanan, hər an nəsə öyrənməyə çalışan, irəli getməyə can atan, ölkəsini xaricdə tanıtmaq üçün çarpışan gənclərlə öyünməyə dəyər. Tutduğu peşə sahəsindən asılı olmayaraq, istedadlı gənclər mənim üçün gələcəyin ümid qapısıdır. Və bu qapıların sayının çox olması, bir millətin, bir xalqın dünyada özünü tanıtması deməkdir. Bundan gözəl nə ola bilər? Bizim gənclər necə vətənpərvər olduqlarını əməldə bütün dünyaya sübut edə bildilərsə, deməli, onların nail ola bilməyəcəkləri heç nə yoxdur. Tutduqları yolda həmişə inamla, əzmlə, cəsarətlə irəliləmək üçün mən onlara ən əvvəl möhkəm sağlamlıq, daha sonra güclü iradə arzu edirəm, çünki gələcək həm onların əllərindədir, həm də onlarındır.
SÖZARDI: Bu haqda onunla danışmaq istəsəm də, eşitdiyim bir məqam həmin sualı verməkdən məni saxladı. Amma oxucuların marağını bildiyimdən onları da yarımçıq bir yazı ilə baş-başa buraxmaq istəmədim.
Ömər Eldarov ömür-gün
yoldaşı Erna xanımla birlikdə üç övlad yetişdirib
- bir oğlan, iki qız. Böyük bir sənət
dünyasının içində böyüyən bu
uşaqlar yollarını özü seçmədi. Artıq
bu yol onlar üçün yazılmış bir qədər
idi. Hər üçü sənətə,
yaradıcılığa tərəf üz tutdu. Ona görə
yox ki, bu, atanın getdiyi yol idi. Ona görə ki, onlarda
kökdən gələn istedad adlı bir
qığılcım vardı. Lakin bu qığılcım
sonda elə alovlandı ki, Eldarovlar ailəsini yaradıcı
bir dünyaya çevirdi. Oğlu Müslüm Eldarov
Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq
Məktəbini, daha sonra Sankt-Peterburqda Rusiya Rəssamlıq
Akademiyasını bitirib. SSRİ Xalq rəssamı, heykəltaraş
Anikuşinin aspiranturasında oxuyub. Heykəltaraş, rəssam
və qrafika ustası olan M.Eldarov Londonda Azərbaycan Mədəniyyət
Mərkəzi və onun tərkibində fəaliyyət
göstərən "Humay" qalereyasının təsisçisi
olub. Müxtəlif illərdə əsərləri Vətəndə
və xaricdə təşkil edilən sərgilərdə
nümayiş olunub. Təəssüf ki, əcəl bir
istedadın qapısını tez döyüb və onu
doğmalarından vaxtsız ayırıb. Hər iki
qızı Lalə və Kamilla Eldarovalar ataları kimi
İ.Repin adına Sankt-Peterburq Dövlət Rəngkarlıq,
Heykəltaraşlıq və Memarlıq İnstitutunu bitirib.
Bu gün də Ömər Eldarovu tək qoymayan qızlar
onunla çiyin-çiyinə gələcəyin sənətkar
ordusunun yetişdirilməsinə xidmət edir. Bu da bir ailənin hekayəsi...
Tamilla
M-zadə
525-ci qəzet.- 2023.- 28 yanvar.- S.16-17.